28.11.2021

Rusiyanın himayəsindəki ERMƏNİ BANDALARI: Moskvanın üçtərəfli bəyanatı pozması və Azərbaycanın səssizliyi - Səxavət Məmməd yazır

Ermənistanla Azərbaycan sərhədində, xüsusilə Kəlbəcər-Laçın istiqamətində insidentlərə öyrəşmişik.

Dəfələrlə erməni tərəfi təxribat törədib, sillə-təpiklə qovulublar, təminat yollarına mina basdırıblar, saxlanılıblar, guya azaraq Azərbaycan tərəfinə keçiblər, saxlanılıb, təhvil veriliblər. Bir dəfə isə düzgün müdafiə xətti ilə təmin edilməməsi səbəbindən Azərbaycan əsgərlərinin döyülməsini də videolardan izləmişik. Əslində, bunlar normal hal olmasa da, o qədər yaşandı və videolar sosial şəbəkələrdə yayıldı ki, sərhəddə baş verən insidentlər nə erməni, nə də Azərbaycan ictimaiyyətini təəccübləndirir.

Sərhəddə baş verənlərlə yanaşı, Qarabağın işğaldan azad edilməmiş ərazilərindəki təmas xəttində də bir neçə insident baş verib. Məsələ ondadır ki, o insidentlər ciddiləşmədən, yerindəcə boğulub. Atəşkəs pozulan kimi Rusiya sülhməramlıları gəlib erməni hərbçilərinin içkili olduğunu deyərək məsələni bağlayıblar.

Dünən ordumuzun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Yol təkmilləşdirmə işlərinə cəlb olunan Azərbaycan hərbçisi yaralanıb. Bu artıq çox ciddi problemin xəbərçisidir.

Seçkidən sonra insidentlərin bitəcəyini, baş verən toqquşmaların seçkiyə görə olduğunu deyənlər, əslində, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaqla məşğul idilər. Ancaq proseslər onu göstərirdi ki, məsələ seçkidən sonra daha da kəskinləşəcək. Müharibə üçtərəfli bəyanatla yekunlaşdı. Bəyənatın 4-cü bəndində açıq şəkidlə yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”.

Artıq yazmaqdan barmaqlarımızda yara çıxdı ki, nə qədər erməni silahlıları Qarabağda olacaq, nə qədər ki bəyənatın şərtinə əməl olunmayacaq, o zamanadək problem dərinləşəcək. Rusiya Qarabağda sülhməramlı fəaliyyətini düzgün şəkildə yerinə yetirə bilmədiyi halda, Ermənistan-Azərbaycan sərhəddinə də gəlmək istəyir. Hətta hərbçilərin 102-ci bazadan dövlət sərhəddi istiqamətində hərəkət etdiyi də deyilir. Azərbaycan tərəfi niyə bu qədər ürkək davranır, anlamaqda çətinlik çəkirəm.

Müdafiə nazirliyinin yaydığı məlumatdakı ilk cümləni sizə təqdim edirəm:

“İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub”.

Bu cümlədə “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri” diqqətimi çəkdi.

Qanunsuz erməni silahlıları nə zamandan ərazidən çıxmışdı ki, Rusiya sülhməramlıları onları həmin əraziyə yerləşdirib? Rusiya sülhməramlılarının işi bəyənatın şərtlərini yerinə yetirməkdir. Üçtərəfli bəyanatın 4-cü bəndində açıq şəkidlə yazılıb ki, sülhməramlı kontingent erməni silahlı qüvvələrinin geri çəkilməsi ilə paralel olaraq yerləşdiriləcək. Çəkilmə və yerləşdirmə niyə baş tutmayıb? Bunun hesabını soruşan olub? Müdafiə nazirliyi açıq şəkildə qanunsuz erməni silahlı dəstəsinin atəşkəsi pozduğunu və nəticədə Azərbaycan hərbçisininin yaralandığını deyir. Ərazidə qanunsuz silahlı dəstə var və bununla bağlı tədbir görülmür. Niyə?

Gələk Ağdam rayon Əliağalı kəndinə və oradakı mövqelərə.

Əliağalı kəndi soldan Əsgəranla, sağdan Ağdərə ilə həmsərhəddir. Müharibədən sonra Əliağalı kəndinə getmək şansım oldu. Kəndin Əsgəran və Ağdərə ilə kəsişdiyi yerdə Ermənistanın iki alayı yerləşirdi. Erməni alayları yüksəklikdə, Azərbaycan hərbçiləri isə dərədə mövqe tutmuşdu. Əliağalıya aparan yol iki yerdən erməni silahlılarının bir neçə addımlığından keçirdi. Yadıma gəlir. Əraziyə gedərkən hərbi yük maşınının arxasında oturmuşdum. Əvvəlcədən xəbərdarlıq edilmişdi ki, erməni silahlıları yolun üzərində olurlar və əl hərəkəti etmək olmaz. Gecə hərbçilərimizlə bir yerdə olmuşduq. O zaman sərhəd bir odun parçası idi. Odunun o tərəfində erməni, bu tərəfində isə Azərbaycan əsgərləri xidmət aparırdı. Həmin vaxt erməni hərbçilərindən bir neçə şey də soruşmaq imkanı olmuşdu. Cavabları hər zamankı kimi idi. “Evimizə sağ getmək istəyirik”, “Ailəmiz bizi gözləyir”, “Müharibə etmək istəmirik”, “Əmr quluyuq” kimi sözlər işlətdilər.

Əldə etdiyim məlumata görə, həmin ərazilərdən nisbətən geri çəkiliblər, mövqelər dəyişib. Hər nə qədər dəyişsə də, Fərrux dağı və kəndin Ağdərə ilə qonşuluğundakı yüksəkliklər qanunsuz erməni silahlı dəstələrinin nəzarətindədir. Onların Qarabağda qaldığı hər gün problemin qalması deməkdir.

Azərbaycan tərəfi ya anti-terror əməliyyatları keçirməli, ya da Rusiyadan tələb edib, həmin silahlı dəstələri ərazidən çıxmasına nail olmalıdır. Yoxsa bu xəmir çox su aparacaq…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics