28.11.2021

"Erməni görür"ün altında yatan QANUNSUZLUQLAR: Rüşvət, korrupsiya, bozlaşdırılan BAKI... - Səxavət Məmməd yazır

Artıq Müdafiə nazirliyi, onun trolları, özünü informasiya müharibəsi ustaları hesab edənlər dayandı, indi də ekoloqlar “erməni görür” çətiri altında gizlənməyə başlayıblar.

Əsəbiləşəndə ən çox ölkəyə ilk dəfə daş qoyanı axtarırıq. Ölkədə “erməni görür”ün təməlini kim atıb, onu da tapmaq lazımdır. Hansı məmur, hansı qurum törətdiyi cinayətini ört-basdır etmək istəyir, cinayətinin gündəmə gəlməsini arzulamırsa, ilk ağlına gələn “erməni görür” ifadəsini işlətmək olur.

Müdafiə Nazirliyini o zaman haradasa anlamaq olardı ki, hərbi sirr sayılan informasiylar mətbuatda, sosial şəbəkələrdə yayılsın. Ancaq Müdafiə Nazirliyi hərbi sirrdən daha çox korrupsiya, rüşvət, qanunsuzluqlara görə “erməni görür” ifadəsini işlədirdi. Səbəb çox sadə idi, bu əməllərdən heç kim xəbər tutmasın.

Son günlər gənclər, ictimai fəallar, jurnalistlər ölkədə meşə sahəsinin məhv edilməsini, ağacların kütləvi kəsilməsini ictimailəşdirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova isə bunu edən şəxslərə çağırış edir ki, ağac kəsintisi ilə bağlı məsələlərin erməni mediasının və bəzi ermənipərəst beynəlxalq mətbuatın gündəminə gətirilməsinə rəvac verməsinlər. Mələk Şükürova daha sonra bildirir ki, bəzən xırda hesab olunan neqativ məlumatların xarici mediaya çıxarılması Azərbaycanın milli maraqlarına, Ermənistanın Qarabağda insanlığa və təbiətə qarşı törətdiyi ekoloji terrorun beynəlxalq müstəvidə ifşa olunmasına maneə yaradar.

Mələk xanım, söhbət Qarabağdan, ordakı təbiətə vurulan ziyandan getmir. Xaçmazda meşə sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, icra hakimiyyəti və deputatların əlbir olub məhv etməsindən gedir. Söhbət Lənkərandakı 42 hektar meşənin illik 26 AZN-ə “Tam Xarici İnvestisiyalı Beta Firması”na verilib, həmin meşə sahəsinin məhv edilməsindən gedir. Söhbət məmurların qırdırıb, özünə villa tikdirdiyi meşələrdən, ağacları kəsib, məhv ediv, yerində kafe, hündürmərtəbəli binaların tikilməsindən gedir. Nə(?), erməni görür deyə, bunlara etiraz etməyəcəyik? Yaxın zamanda Bakının hündürdən çəkilmiş fotosu sosial şəbəkələri bəzəmişdi. Boz, ancaq daşlar… Abırsız-abırsız ETSN açıqlama vermişdi ki, Bakıda yaşıllıq olan yerlər də var. Deyir, utanmasan oynamağa nə var.

Şəhər elə bir günə düşüb ki, adam ağac görəndə təəccüblənir. Erməni görür deyə, bütün ölkənin meşə fondunu, ağaclarını kəsməyinizə göz yumulacaq? Əslində “erməni görür” ifadəsi qorxaqlıqdır. Açıq şəkildə, rəsmi dildə deyilir ki, erməni görür, cinayətlərimizi yaymayın. Ermənidən yox, öncə bu dövlətin vətəndaşlarından qorxmaq lazımdır. Əslində heç qorxmaq da lazım deyil, cinayət törətməyin, rüşvət almayın, korrupsiyaya yol verməyin, vətəndaşın sizinlə nə işi? Əgər ağac kəsilməsi ictimailəşirsə, ermənilər bunu dünya ilə bir edirsə və bu Azərbaycanın milli maraqlarına ziddirsə, niyə ağac kəsilməsinə, meşələrin məhv edilməsinə göz yumursunuz? Əslində göz də yummursunuz. Məhz xəbəriniz ola-ola bu addımı atırsınız.

Uşaq vaxtı Ağcəbədi rayonunun meşəçilik sahəsi ilə üzbəüz yaşayırdıq. Meşədən qurumuş ağac belə çıxaranda dərhal meşəbəyi, polis adamın başının üstünü alırdı. Ağac nədi, moruq yığmağa belə icazə verilmirdi ki, meşəni ayaqlayırsınız. Ancaq icra başçısı meşə ərazisində ferma saxlayırdı. Meşə ərazisində kafe, restoran işlədirdilər. Necə olurdu, bir quru odunu görənlər, o boyda fermanı görmürdü?

Misalı illər öncədən çəkdim. Ancaq heç nə dəyişməyib. Həmin dövlət, həmin məmur təfəkkürü, həmin cəmiyyətik. Mirzə Cəlil, Mirzə Ələkbər Sabir haqqında danışanda deyirik ki, adamlar dahidir, 100 il əvvəl bu günü görüblər. Əslində isə bu 100 ildir dəyişmədiyimizin göstəricisidir.

Yaxın günlərdə Laçında cüyür ovlayıb, kabab çəkənləri sosial şəbəkədə məzəmmət etdik. Ancaq Şamaxıda nazir böyük meşəni hasarlayıb, orada pullu dağ keçisi ovlamaq turizmi təşkil edir. Bəlkə bundan da xəbəriniz yoxdur?

“Erməni görür”ün arialı genişlənir. Bu gün Ekologiya, sabah “Azəryol”, o biri gün də, “Azərişıq”, “Azərsu”, “Azərqaz” deyəcək ki, yazmayın, çəkməyin, ermənilər görür.

Deyir, oğurluğun (ürəyində misalı olduğu kimi oxu) ömrü 40 gün olur. Məmurların cinayəti də eynən belədir. Gec tez bəlli olur. Sadəcə onlar hüquqdan, qanundan yox, məhz erməni adı altında xalqın məzəmmətindən qorxurlar.

Eynən misaldakıların əməlinin üstü açılanda camaatın məzəmmətindən qorxduqları kimi…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics