17.05.2019

Paşinyanın yallısı, Sərkisyanın Mərzili ziyarəti, gürcülərin Bakıda “David Qareci” plakatı

Və yaxud, güclü iqtisadiyyat, güclü ordu, regionun lideri.

Öncə Sərkisyandan başlayım. Sərkisyan Mərzili kəndinə gəlir, Monte Melkonyanın abidəsini ziyarət edir. Mərzili də Şuşa, Kəlbəcər deyil ki, deyəsən dağların arxasında idi, vura bilmədik, əyilə-əyilə oynayıb. Mərzili qonşu kəndlərdən əlini alnına qoyub, rahat görəcəyin bir yerdir. Üstəlik, Qarabağın dərinliklərinə qədər müşahidə edildiyini də bilirik. Hər halda o qədər cihaz elə-belə alınıb, quraşdırılmayıb. Yəni, Mərzili kəndi dərinliklərdə də deyil, dayazdadır, gözlə görülə biləcək qədər dayazdadır. O zaman sual çıxır: Sərkisyan necə sərbəst şəkildə gəlib oradakı abidəni ziyarət edir? Heçmi görmədilər onun gəlişini? Əslində, Müdafiə Nazirliyi rəsmən hərəkət edən hər şey vurulacaq deməsə idi, heç bu sual da çıxmazdı. “Əgər görülübsə, niyə vurulmayıb” demirəm, ona ürək lazımdır, “niyə mane olunmayıb?” İcazə verin şübhələnim…


Paşinyan baş nazir olandan Qarabağı su yoluna döndərib. Qarşılığında nə etmişik? Şuşanın işğal günü yallı getdi, biz hansı gediş etdik? Heç nə! Boş-boş bəyanat. Niyə boş? Çünki hərəkətə qarşı sözün heç bir mənası yoxdur.

Güclü ordu demək, həm də yaxşı silah-sursatla təchiz edilmək deməkdir. Bu qədər silah-sursat alınıb. Soruşmaq ayıb olmasın, o silahlar nə üçündür? Anbarda saxlamaq üçün? Silah qız deyil ki, qaldıqca qızıla dönsün, nə də çaxır deyil, keyfiyyəti artsın.

Çaxır demişkən, it zülmü ilə gedib “Keşikçidağ”a çıxdım, iki reportaj hazırladım, Gürcüstan tərəfdən çəkməyə cəhd elədim, imkan verilmədi. Ancaq iki gürcü əlin-qolun sallaya-salaya gəlib Bakının ortasında “David Qareci” bizimdir” plakatı açır. Yəni bunu görən olmadı? Kimi aldadırıq, kimə nömrə gəlirik ki, biz tolerantıq? Gürcü tərəfi konkret torpaq iddiasında olsun, sən tolerantlıq nümayiş etdir, kimi aldadırıq və yaxud nəyin çəkingənliyidir? Güclü iqtisadiyyatın? Kimsə deyəcək ki, güclü iqtisadiyyatın nə əlaqəsi var? Gürcüstanın ən yaxşı otelləri, restoranları, barları, nə bilim nələri bizimkilərə məxsudur. Yoxsa onun qorxusudur ki, birdən gürcülür də, iki rumka içib, deyər, bye.

Lider dediyinlə hesablaşarlar, ən azından adı gələndə digərləri özünə çəki düzən verər. Adi lağlağı obyektinə çevirdiyimiz (əslində özləri günahkardır) müxalif partiya liderləri belə qərargaha, nə bilim çayxanaya gələndə partiyadaşlar özünə çəki düzən verir. Necə olur ki, bölgənin lideriyik, ancaq alkaş gürcü ilə, acından bir-birinin qulağın yeyən erməni istədiyini edir? Niyə də?

Ciddən adam düşündükcə hər şeydən əli qolu soyuyur. “Tüpürüb getmək istəyir” demirəm, çünki hər şeyini itirməyə səbəbkar olan dövləti kiməsə qoyub getməyə əli gəlmir, qazanmaq inadkarlığı daha ağır basır, ancaq bezir, iyrənir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics