“Gərginlik Gürcüstan prezidenti Salome Zurabişvilinin mübahisəli sayılan sərhəd ərazilərinə xəbərdarlıqsız səfəri ucbatından yaranıb”.
Son bir neçə həftə ərzində Gürcüstandan müxtəlif səviyyələrdə Azərbaycana yönəlik təxribatçı davranışlar, xüsusilə, Keşikçidağda yerləşən və geniş əraziləri əhatə edən VI-VII əsrə aid Alban xristian məbədinə iddiaların irəli sürülməsi gündəmin ən aktual mövzuları sırasında öndə gəlir. Rəsmi Bakının, həmçinin Azərbaycan ictimaiyyətinin nisbətən təmkinli tövrü ilə müqayisədə xeyli aqressiv görünən gürcülər ölkəmizə qarşı yolverilməz davranışlarını davam etdirməkdədirlər. Gürcü gənclərindən ibarət geniş qrupun Keşikçidağ yaxınlığında nümayişkar yürüş təşkil etməsi, həmin ərazilərin Gürcüstana məxsusluğu iddiasını yenidən ortaya qoyması vəziyyətin həqiqətən, ciddi məcraya yönəlməsindən xəbər verir.
Son günlərdə isə sosial şəbəkələrdə qeyd olunan ərazidə Azərbaycan prezidenti İlham Əliyevin adına verilmiş zirvənin Azərbaycan Sərhəd Qoşunları tərəfindən Gürcüstan Sərhəd Qoşunlarına təhvil verilməsinə dair xəbərlərin yayılması mövcud narahatlığı bir qədər də artıraraq, müxtəlif şayiələrin yayılmasına səbəb olub. Bu məlumatın doğruluğunu yoxlamaq və ümumiyyətlə, Azərbaycanın növbəti namus məsələsinə çevrilmiş Keşikçidağda yaranmış vəziyyəti yerində öyrənmək məqsədi ilə gürcü təxribatının hədəfinə gəlmiş ərazilərimizə yollandıq.
Ağstafa rayonunda da İlham Əliyev zirvəsinin gürcülərə verilməsi xəbərinin ciddi səs-küy doğurduğunun şahidi olduq. Yerli sakinlər bir-birilərindən həmin zirvənin həqiqətən, gürcülərə güzəştə gedilib-gedilmədiyini dəqiqləşdirməyə çalışırlar. Bu məlumat Ağstafa camaatında kəskin aqressiya yaradıb.
Yola davam edərək, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyevlə görüşürük. Ondan bu məsələnin həqiqətə uyğun olub-olmadığını soruşuruq. O isə cavabında son günlər iki ölkə arasında gərginliyə səbəb olmuş əraziyə baş çəkməyimizi tövsiyə edir.
Əraziyə yaxınlaşdıqda qarşımıza ilk olaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşları çıxırlar. Məlum olur ki, sərhədçilərimiz bizim hansısa aksiyanın təşkili üçün oraya gəldiyimizi zənn ediblər. Bu məsələyə aşağıda təkrar qayıdacağıq. Hələliksə yolumuz mövcud gərginliyin predmeti olan Alban məbədinədir…
Məbədin olduğu əraziyə yaxınlaşdıqda ərazinin necə zəngin tarixə malik olduğunu görməmək mümkün deyil. Hər tərəf kurqan, katokombalar, dağların yamaclarında isə saysız mağaralar…
İlham Əliyev zirvəsinə çatmamış Dövlət Sərhəd Xidmətinin zastavasından keçmək lazım gəlir. Artıq orada hərbçilərimizi görəndə anlaşılır ki, yayılmış xəbər həqiqətə uyğun deyil. Sərhədçilərimizlə qısa söhbətdən sonra dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən İlham Əliyev zirvəsinə qalxırıq. 2005-ci il 12 oktyabr tarixində – prezident İlham Əliyev Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə tanış olduqdan sonra həmin zirvəyə dövlət başçısının adı verilib. İlham Əliyev zirvəsində 20 mağara mövcuddur.
Mübahisəli ərazi
Ərazidəki Qatardağ silsiləsi 3 hissədən ibarətdir. Keşikçi qalası dağın zirvəsində yerləşir və orada Azərbaycan sərhədçiləri post quraraq, ərazilərə nəzarət edirlər. Həmin əraziyə nə Azərbaycan, nə də Gürcüstan tərəfdən buraxılış praktik olaraq, yoxdur. Hətta qoruğun əməkdaşları da o əraziyə çox çətinliklə keçə bilirlər. Azərbaycan tərəfdə olan və Gürcüstanın iddia etmədiyi İlham Əliyev zirvəsi sərhədçilərimizin tam nəzarətindədir.
Mübahisəli olan isə haqqında danışdığımız məbədin yerləşdiyi ərazinin mərkəzə yaxın hissəsidir. Məbədin bir hissəsinin yerləşdiyi dağlıq əraziyə Azərbaycan sərhədçiləri nəzarət etmirlər. Gürcüstan tərəfinin iddiası isə dağın zirvəsindəki məbədlə yanaşı, dağın Azərbaycan tərəfinə baxan hissəsi, yəni cənubundakı mağaralardır. Oradakı mağaraların sayı 40-dan çoxdur.
Əldə etdiyimiz məlumata görə, Keşikçi qalasına Azərbaycan, David Qareci məbədinə isə Gürcüstan sərhədçilərinin nəzarət etməsi ilə bağlı şifahi razılaşma mövcuddur.
Mühüm bir məqamı da qeyd etmək yerinə düşər ki, əraziyə gələn turistlər Gürcüstan tərəfdə hər hansı maneə ilə üzləşməsələr də, Azərbaycan tərəfdə ziyarətçilərə ciddi əngəllər yaradılır və buna görə müəyyən problemlər ortaya çıxır. Əldə etdiyimiz başqa məlumata əsasən, məbədin sağ hissəsində əvvəllər Gürcüstan bayrağı asılsa da, 2 gün öncə bayraq oradan çıxarılıb. Yeri gəlmişkən, ərazidə olduğumuz müddətdə məbədin Gürcüstan ərazisinə düşən hissəsinə turist axınını müşahidə edirik.
Gərginlik nədən qaynaqlanır?
Gürcüstan hökuməti onların “David Qareci” adlandırdıqları məbədi və oradakı mağaraları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil etmək istəsə də, Azərbaycan tərəfi abidələrin bir hissəsinin qoruq sayılması, digər hissəsinin statussuz qalması ilə razılaşmayıb.
Gələk əsas məsələyə. Son həftələrdə gündəmin əsas mövzularından biri sayılan və iki ölkə arasında münasibətləri hiss olunacaq dərəcədə gərginləşdirən yumşaq desək, bu anlaşılmazlıq nədən ortaya çıxdı? Əldə etdiyimiz dəqiq məlumata görə, ortadakı gərginliyin yaranmasının və böyüməsinin əsas səbəbkarı Gürcüstan prezidenti Salome Zurabaşvilidir.
Qeyd olunur ki, Gürcüstan prezidenti sözügedən məbədə gələrək, oranı ziyarət edib və mağaralara baş çəkib. Deyəcəksiniz, burada nə var? Ərazinin mübahisəli olduğunu hər iki dövlət qəbul edir və orada sərhədin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir. Bu barədə əlbəttə ki, məlumatlı olan Gürcüstan prezidentinin öz evinə gedirmiş kimi, Azərbaycan tərəfinə məlumat vermədən, mübahisəli əraziyə keçməsini Bakıya meydan oxumaqdan başqa necə qiymətləndirmək olar? Gerçəklik bundan ibarətdir ki, Gürcüstan prezidenti Salome Zurabaşvili mübahisəli əraziyə gedərkən, Azərbaycan tərəfini məlumatlandırmamaqla, hələ də səngiməyən gərginliyin səbəbkarına çevrilib.
Zurabişvilinin bu addımının məqsədli gediş olduğunu təsdiqləyən başqa informasiya da var. Öyrəndik ki, məlumata görə, həmin ərazidə olan tədqiqat aparan Azərbaycan alimləri bu hərəkətin qanunsuz olduğunu Zurabişvilini müşayiət edən heyətin üzvlərinin diqqətinə çatdırıblar. Gürcüstan prezidenti də bundan “nəticə” çıxarıb. O, bir neçə gün sonra gürcü mətbuatına açıqlama verərək, iki ölkə arasında sərhədlərin tezliklə müəyyənləşdirilməsinin vacibliyini bəyan edib.
Gürcüstan prezidentinin bu hərəkətindən sonra Azərbaycan sərhədçiləri mübahisəli əraziyə iki gün ərzində qarşı tərəfdən heç kimi buraxmayıblar. İki gün sonra həmin qadağa aradan qaldırılıb və gürcülərə yenidən əraziyə keçməyə icazə verilib. Ancaq “yolları açılan” gürcülər Azərbaycan sərhədçilərini təxribata çəkməyə cəhd etsələr də, nəticədə heç bir insident baş verməyib.
Ərazinin tarixi, oradakı əsrarəngiz mağaralar və freskalar haqqında, eyni zamanda, bölgənin turizm üçün böyük potensialından istifadə edilməməsinin səbəbləri barədə sonrakı yazıda məlumat verəcəyik.
Hiç yorum yok:
Yorum Gönder