Rusiya sülhməramlıları Azərbaycan ordusunun yerdəyişməsindən sonra təminat yollarını bağlamağa cəhd etdi. Bununla zirvəyə çıxan bölmələri çarəsiz vəziyyətə salaraq oradan enməsinə nail olmağa cəhd göstərdi. Əslində, Rusiya Müdafiə Nazirliyinin verdiyi informasiya və sosial şəbəkədə gəzən söz-söhbətlər də buna hazırlıq mərhələsi idi. Məhz bu səbəbdən də “Ordu aşağı düşüb” tipli söhbətlər dolaşdı.
Əslində, nə baş verirdi? Telefonlarda belə hava proqnozuna baxsaq, görərdik ki, sözügedən yerdə hava son dərəcə soyuq və şaxtalı idi. Bundan əlavə, ərazidə kifayət qədər qar var. Yüksəkliyə çıxan bölmələr soyuqdan ciddi əziyyət çəkiblər. Rusların təminat çatdırmağa imkan verməməsi isə tamamilə başqa addım atmağa məcbur edib. Yüksəklikdə olan bölmələr aşağı endirilir, onun yerinə digər bölmələr qaldırılır və bununla da Rusiya sülhməramlılarının “Fərrux” planı boşa çıxır. Yəni aşağı düşmə yox, sadəcə olaraq yuxarıdakı bölmələrin aşağıdakı bölmələrlə əvəz edilməsi prosesi baş verib.
Ötən yazıda Fərruxun əhəmiyyəti barədə yazmışdım. Yenidən o mövzuya toxunmaq istəmirəm. Bir tək onu əlavə etmək istəyirəm ki, Fərrux dağındakı yüksəkliklərə nəzarət etməklə Azərbaycan ordusu həm də Ağdərə-Xankəndi yoluna da nəzarəti ələ almış olur.
Məsələ ondadır ki, bəzi şəxslər Fərrux dağına nəzarətdən sonra Xocalı rayonunun və Xankəndinin nəzarətə götürüldüyünü əminliklə səsləndirirlər. Bu şəxslər xəritəyə baxsalar, öz səhvlərini görmüş olarlar. Siyasətdə pafos, populizm keçərlidir, ancaq hərb sahəsində bu, sadəcə olaraq gülüş obyektinə çevrilmə deməkdir.
Fərrux dağındakı yüksəkliklərdə mövqe tutmaq adı gedən rayonlara vizual müşahidəyə belə tam imkan yaratmır. Çünki qarşıda o yüksəkliklərdən hündür yüksəkliklər mövcuddur. Xankəndiyə nəzarət və müşahidə üçün ən gözəl yer məhz Şuşadır. Şuşadan da vizual müşahidə aparılır. Hətta Fərrux dağına nəzarəti ümumi Qarabağa nəzarət kimi qiymətləndirənlər də var. Həmin şəxslərə Vəngi xatırlatmaq istərdim.
Fərrux Qarabağdakı ən vacib strateji yüksəkliklərdən biridir. Baş verənləri kiçiltmək üçün demirəm, ancaq sadəcə biridir. Qarabağda xeyli sayda strateji yüksəkliklər mövcuddur. Fərrux dağına nəzarət etməklə Ağdamın böyük hissəsinin təhlükəsizliyi təmin edilib. Bununla da rahat şəkildə Ağdamda quruculuq işlərinə start vermək olar. Azərbaycan Ağdam rayonunda ciddi investisiya layihələri həyata keçirməyi planlaşdırır. Xarici investorları da prosesə cəlb etmək niyyəti var. İstənilən investor Ağdama gəlib, Fərrux dağına qanunsuz silahlı dəstələrin nəzaeət etdiyini bilsə, qətiyyən vəsaitini ora yatırtmazdı. Məhz bu da Fərruxun önəmini artırır.
Rusiya sülhməramlılarının Azərbaycan ordusunun yerdəyişmə etməsinə mane olması absurddur. Buna təkcə “Azərbaycan öz torpaqlarında yerdəyişmə edir” kimi fikri əsas gərirərək cavab vermirəm. Rusiya sülhməramlıları Qarabağda 29 mövqedə yerləşib. 29 mövqeni ümumi Qarabağ ərazisinə vurduqda Rusiya sülhməramlılarının postları arasındakı məsafə ən azı 10-15 km edir. Bu o deməkdir ki, həmin məsafədə ciddi boşluqlar var və o boşluqları qanunsuz silahlı dəstələr doldurur. Təbii ki, Azərbaycan tərəfi haqlı olaraq həmin boşluqları və oradakı yüksəklikləri doldurmağa çalışır və çalışmalıdır. Azərbaycan həm də dolayısı ilə Rusiya sülhməramlılarının vəzifə borcunu yerinə yetirmiş olur.
Düşünürəm ki, Fərrux dağının nəzarətə götürülməsi, əslində, bir başlanğıcdır. Xüsusi bir mane törədilmədikcə Rusiya sülhməramlılarının yerləşmədiyi mövqelərdə Azərbaycan ordusu yerləşməyə davam edəcək.
Azərbaycan tərəfi yaşamaq istəyən ermənilərə maneçilik törətmir. Sadəcə olaraq vətəndaşlıq tələbi qoyulacaq.
Sahədə Rusiya və Azərbaycan hərbçilərinin davranışına gəldikdə isə azərbaycanlı zabitlər nəinki çəkinir, əksinə 10 noyabr bəyanatını və Moskva Bəyənnaməsini Rusiya sülhməramlılarına təqdim edərək tələb edirlər ki, şərtləri yerinə yetirsinlər.
Qarabağda bir realıqlar var, bir Rusiya Müdafiə Nazirliyinin açıqlamasına inanlar üçün “rusca” vəziyyət, bir də populistlər üçün Xankəndinin alınıb İrəvanın behinin verilməsi…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder