14.05.2022

Fərruxda tapılan insan qalıqları və qeyri-müəyyənliklər barədə - Səxavət Məmməd yazır

Fərrux dağında Azərbaycan ordusu mövqe tutandan sonra ərazidə insan qalıqları aşkar edilib. Azərbaycanda hər mövzuda olduğu kimi bunda da müxtəlif iddialar ortaya atıldı. Hətta, “Xocalıda qətlə yetirilmiş insanların cəsədlərini gətirib Fərruxda basdırıblar”, – deyənlər belə tapıldı.

Öncə qalıqların üzə çıxması barədə. Birinci Müharibəni arşadıran zaman şəxsən mənə aydın olmuşdu ki, əslində, Qarabağda döyüşlər, mövqelər 1918-ci ildəkinin üzərində qurulub. Yəni yeni səngərlər qazılmayıb. Zamanında var olan səngərlər yenilənib. Bu səngərlərin Mərzili kəndinin üst hissəsində şahidi olmuşam...

Zamanında orada xidmət etmiş zabitlə əraziyə getmişdim və o mənə 1918-ci ildəki səngərlərin üzərində necə işlər aparıldığını izah etmişdi. 1918-ci ildə Fərrux uğrunda da döyüşlərin getdiyini tarixdən bilirik. Təbii ki, orada da səngərlər olub və birinci müharibə zamanı həmin səngərlərdən istifadə olunub. Birinci müharibənin sonunda erməni tərəfinin Fərruxda mövqe qurması mənasız idi. Çünki təmas xətti Fərruxdan xeyli irəlidə idi. İkinci Qarabağ müharibəsindən sonra isə erməni tərəfi Fərrux dağında xidmət aparmağa meyilli deyildi. Kamera onlara kifayət edirdi.

Azərbaycan ordusu Fərrux dağına çıxdıqdan sonra orada mövqe qurmalı idi. Çox güman ki, köhnə səngərlərin doldurulmuş yerləri qazılmağa başlanılıb və nəticədə həmin cəsədlərin qalıqları üzə çıxıb. Niyə səngər? Ermənilər Fərruxda post qurmaq vacib olmadığı üçün cəsədləri, çox güman, elə hazır qazılmış yerlərə ataraq üzərini torpaqlayıblar. Əslində, bu təkcə Azərbaycan, erməni əsgərinin yox, bütün əsgərlərin xislətində var. İşi tez bitirmək üçün hazıra qaçılır.

Xocalıda qətlə yetirilmiş insanların Fərruxa gətirilməsi isə heç fantaziya belə deyil, hər nədirsə, başqa bir şeydir. Xocalı ilə Fərrux arasında kifayət qədər məsafə var. Üstəgəl, o qədər insanı harasa, özü də üzü yuxarı daşımağa nə gərək var? Basdırqlarını basdırıblar, basdırmadıqları isə vəhşi heyvanlara yem olub. İllər sonra meşələrdən insan sümüyü qarşımıza çıxdığı zaman bunun gerçək olduğunu anlayacağıq. Heç gələcəyə getməyə də ehtiyac yoxdur. İşğaldan azad edilmiş ərazilərin meşələrində insan sümükləri ilə qarşılaşmalar çox olub.

Fərruxa Azərbaycan ordusunun qalxmasının vaxtı ilə bağlı da iradlar və suallarla qarşılaşıram. Hava proqnozuna baxanda aydın olur ki, Azərbaycan ordusu ən şaxtalı günü seçib. Bunun səbəbini isə belə izah edə bilərəm ki, şaxta olduğu vaxt erməni tərəfi Fərruxda xidməti dayandırmışdı. Bu qənaətə haradan gəlmişəm? Hərbçilərlə söhbət zamanı bildirirdilər ki, hava soyuq olan vaxt onlar yuxarı qalxmırlar. Ancaq kamera ilə müşahidə aparırlar. Azərbaycan tərəfi, yəqin ki, bunu fürsət bilib və hərəkətə keçib. Çünki erməni silahlıları orada xidmət aparan zaman yuxarı qalxılsaydı, döyüş baş verə bilərdi. Bu isə xeyli sayda itki ilə nəticələnə bilərdi. Ancaq Azərbaycan ordusu soyuğu, şaxtanı, donvurmanı göz önünə alaraq yüksəkliyə çıxıb. Nəticədə itki sayı sıfır olub. Ərazidəki lokal toqquşma isə erməni silahlılarının bundan xəbər tutub yuxarı qalxmasına görə baş verib və bu da onların zərərinə olub.

Rusiya sülhməramlılarının Fərrux kəndinə gələrək kəndi nəzarətə götürməsinə gəldikdə isə bunun da səbəbləri var. Rusiya sülhməramlılarının onsuz da Azərbaycan ictimaiyyətində heç bir nüfuzu yox idi. Rusların Qarabağda tək dayağı erməni tərəfi idi. Bu hadisə ilə erməni tərəfi də ruslara qarşı aqressivləşdi. Rusiya sülhməramlıları öz imiclərini qorumaq üçün, təbii ki, belə bir addım atmalı idilər. Düşünürəm ki, qısa zamanda bu problem də öz həllini tapacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics