14.05.2022

Şuşaya getmək davası: Bülbüloğlunun baxilinin bizə unutdurduqları - Səxavət Məmməd yazır

Hər şeyimiz saxtadır, etirazımız belə şəxsi mənafeyimizdən o yana keçmir.

İlyarımdır Şuşa döyüşləri bitib, ancaq Şuşaya getmək yolundakı döyüşlər səngimək bilmir: "Şuşaya onu niyə aparırlar?", "Şuşaya məni niyə aparmırlar?", "Polad Bülbüloğlu baxil geyinib, mən getsəm, torpağı alnıma sürtərdim"....

Polad Bülbüloğlunu tənqid edənlərin səmimiyyətinə o zaman inanaram ki, onun səfir kimi heç bir işə yaramadığından da bir beyt demiş olsun, heç bir azərbaycanlının yaralı barmağına yod tökmədiyini dilə gətirsin, müğənni səfirin Azərbaycandan daha çox Rusiyanın direktivləri ilə davrandığını bildirmiş olsun. Yoxsa baxil nəmənə şeydir? Polad Şuşada ayağına baxil geyinib, sən gedib ağnayacaqdın? Şuşa bu gün mədəniyyət mərkəzi olmayıb, dövri-qədimdən Şuşanın adı mədəniyyətlə qoşa çəkilib. Yəni şuşalılar ağnayanlara eşşək kimi baxıblar. Şuşa nə qədər mədəniyyət mərkəzi olsa da, nə qədər dahilər yetişdirsə də, ağızları heç yaxşı olmayıb. Söyüşləri və söyüşlü zarafatları dillər əzbəridir. Mən "eşşək" yazmışamsa, bilin ki, şuşalılar daha ağırını deyərlər. Etiraz edənlər deyir ki, orada şəhid vermişik, o torpağı bahalı ayaqqabısını batırmayanlar haqq etmir. Bu ölkənin hansı qarışı uğrunda şəhid verilməyib? Bakının kəndlərində yaşayanlar yağışlı havada şəhərə gəlmək üçün baxil nədir, ayaqqabılarına sellofan don geyindirirlər. Bakını da erməni və ruslardan azad etməmişik?

Görünən odur ki, Şuşaya, xüsusilə dövlət tədbirlərində getmək üçün şəhid və qaziləri alver predmetinə çevirirlər.

Torpaq onun üzərində yaşayan olursa, vətən olur. Şəxsi mənafeyi üçün Şuşa davası edənlər var ha, bax onlardır oranı vətən olmağa qoymayanlar. Bu ölkədə ən böyük bəlalardan biri də etirazın yönünün bilinməməsidir. "Şuşaya məni də aparsınlar", - demək o anlama gəlir ki, "ora getmək hələ də icazəli olsun, ora şuşalılar köçməsin" fikrini dəstəkləyirlər. Şuşaya getmək təkliflərinə etiraz etmişəm. Şuşaya getmək istəyirəm? Bəli! Qohum evinə, dost qapısına. Şuşaya getmək istəyirəm, icazəsiz, qrupsuz, təkbaşına. Mina? Gedin o yuxuları suya danışın.

Ən çox da qəribimə gələn insanların öz ölkəsini tanımaması, çarxın necə döndüyünü bilməməsidir. Deyirlər, gözəl yerləri götürüblər, kəndləri axmaq yerlərə salırlar. Nə gözləyirdiniz?

Ağdam işğaldan azad olunandan bir neçə gün sonra Qızılı Kəngərli kəndinə gəldim. Şahbulağın altı, Xaçın çayına bitişik balıqçılıq vardı. İndi də var. Əsgərlərlə ora getdik. Hovuzlarda müxtəlif sortlu və böyük balıqlar vardı. Düzdür, uşaqlar ara-sıra vurub bişirirdilər. Dedim, sabah siz nə buranı görəcəksiniz, nə də burada balıq yeməyə gücünüz çatacaq, böyüklərin hamısını vurub uşaqlara ziyafət vermək lazımdır. Elə də oldu, kənddəki bütün bölmələr balıq yedi. Ərazidən çıxandan iki gün sonra zəng elədilər ki, nəinki balıq tutmağa, heç çayda əlimizi yumağa belə qoymurlar. Mühafizəçilər töküblər. Mahiyyəti anlada bildim, fikrimcə...

Şəhid ailələri o statusdan ictimai dələduzlar, pafoslu xadim və xadimələr qədər yararlana bilmirlər.

Şuşaya səfərlər təşkil olunur. Dövlət qurumu guya bilet satır. Sosial şəbəkəyə baxırsan ki, tur şirkətləri 21-23 manata olan biletləri 45 manatdan satışa çıxarıb. Aparırlar, gəzdirirlər, gətirirlər. Rayonlarda var olan bağlar işlənilir, torpaqlar əkilir, biçilir. Məhsulu bol olsun. İnəklər, qoyunlar Qarabağda otlayır, şəfalı sularından içir, gövşəyir. Arılar güllərin üstündə hoqqa çıxarıb ballayır. İnəyə, qoyuna, keçiyə, ata, eşşəyə, arıya icazə almaq doğulduğun torpağa getməyə icazə almaqdan daha asandır.

Niyə?

Çünki Şuşaya tədbirə getmək istəyənlər var. Şuşaya kefi istəyəndə getmək istəyənlər yoxdur...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics