6.03.2022

Putin Zelenskinin ölüsünü yox, sınmış vəziyyətdə qarşısında dayanmasını istəyər - Səxavət Məmməd yazır

Artıq Rusiya-Ukrayna müharibəsinin səkkiz günü geridə qalır.

Bu günlər ərzində nə gördük?

Müharibələrdə, adətən, ilk iki-üç gün son dərəcə şiddətli və daha çox itkilərlə yadda qalır. İlk iki-üç günün nəticəsinə görə Rusiya ordusunun quru qoşunlarının çətinlik çəkdiyini gördük. Düşünürəm ki, bunun iki səbəbi ola bilər. Birinci səbəb Rusiya Silahlı Qüvvələrinin quru qoşunlarının döyüş hazırlığının aşağı səviyyədə olmasıdır. Rusiya ordusu son 10 ildə modernləşdirmə üzərində işləyirdi. Ancaq hiss olunur ki, bu, istənilən səviyyədə həyata keçirilməyib. İkicisi, Rusiya tərəfi Ukrayna ordusunu ciddiyə almayıb. Ötən yazıda da qeyd etmişdim ki, Rusiya bunu ön görsəydi, 150 min yox, ilk mərhələdə daha böyük qoşun yeridərdi.

Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini, aerodromları, yerdəki qırıcılarını, PUA-larını ilk mərhələdə sıradan çıxardı. Quru qoşunları tankların dəstəyi ilə hərəkətə keçdi və bir neçə istiqamətdə uğursuzluğa düçar oldu. Açıq şəkildə bu cür taktika ilə nəticə qazana bilmədiyini ruslar özləri də anladı. İlk vaxtlar Rusiya artilleriyası daha çox şəhər kənarlarını və hərbi obyektləri vururdu. Bunu qeyd edim ki, Rusiya ordusunda ən zəif görünən yerlərdən biri də logistikadadır.

Ukrayna xalqı silahlandırıb muzdluları orduya cəlb edəndən sonra şəhər döyüşlərinə üstünlük verdi. Xüsusən şəhərdə rus əsgərlərinin məhv edilməsi Rusiyanın aqressiyasını artırdı və bundan sonra yalnız hərbi obyektləri yox, bütün istiqamətləri vurmağa başladılar. Beləcə mülkilər arasında itki birə-beş artmağa başladı. Ukrayna ordusunun xalqa silah paylamasının üstün tərəfləri olsa da, mənfi tərəfləri də üzə çıxdı. Beləcə şəhərləri də vurmağa başlayan Rusiya mülkilərin ölmünə don geyindirməyə başladı. Putin çıxışında da bunu açıq şəkildə dedi ki, əsgərlər xalqın arxasında gizlənir və buna məcburdular. Düzdür, bu, bəhanədir. Buna hüquqi qiymət daha sonra veriləcək.

Zelenski çıxışında açıq şəkildə təyyarə istəyir. Bu o deməkdir ki, artıq təyyarələri yox həddinə gəlib çıxıb. Bundan əlavə, təyyarə gəlsə belə, haradan uçacağı da ciddi sual doğurur. Bundan başqa, Rusiya Ukraynanın “Bayraktar”larının da bir hissəsini havaya qalxmadan sıradan çıxarmışdı. Ancaq görünən bir şey var ki, Ukraynanın havada işə yarayan yeganə vasitəsi elə “Bayraktar”larıdır.

Qərb Rusiyaya, demək olar ki, bütün sanksiyaları tətbiq edib. Əslində, bunun da doğru addım olmadığını düşünürəm. Fikrimcə, bu, mərhələli şəkildə və uzun vədədə olsaydı, daha effektli ola bilərdi. Bütün sanksiyaların eyni anda tətbiq edilməsi həm də o deməkdir ki, Qərbin əlində təzyiq vasitəsi, Rusiyanın da gözləyəcəyi zərbə qalmayıb. Ona görə də Rusiya aqressiyasını artıranda tək görə biləcəkləri iş telefonla zəng etməkdir.

Qərbin əsas məqsədi Rusiyanı daxildən parçalamaq, iqtisadi problemlər nəticəsində əhalini ayağa qaldrımaq və siyasi hakimiyyətə təzyiq idi. Düşünürəm ki, müharibəni aylar öncədən planlaşdıran bir ölkə bunu da göz önünə alıb.

Rusiyada xalq ayağa qalxsa, müxtəlif bölgələrdə problemlər çıxacaq. İlk ağla gələn bölgələrdən biri də Çeçenistandır. Müharibənin ilk günləri Kadırovun dəstəsi döyüşlərə qoşuldu. Video və fotolardan açıq görünürdü ki, hərbi geyimli çeçenlərin hamısı günlərinin çoxunu idman salonlarında keçirənlərdir. Daha sonra məlum oldu ki, onların hamısı tələyə salınaraq məhv ediliblər. Bu barədə məlumat yayıldı ki, həmin çeçenlər Zelenskiyə sui-qəsd etmək üçün ərazidə olublar. Hazırda Putinin atacağı addımları proqnozlaşdırmaq olmasa da, onu demək olar ki, Putin Zelenskinin ölüsündən daha çox, sınmış vəziyyətdə qarşısında dayanmasını istəyər. Çeçenlər necə puskuya salınıb? Rusiya kəşfiyyatının içərisində müharibə istəməyənlərin informasiya ötürməsi nəticəsində. Mümkün olmayan şey yoxdur.

Daxildə çaxnaşma, gələcəkdə Qərbin əli ilə Rusiyada mərkəzi hakimiyyətə qarşı çıxma hallarının baş vermə ehtimalını düşünəndə ilk ağlıma gələn versiyanı bölüşüm. Hazır imkan varkən gələcəkdə mərkəzi hakimiyyətə silah çəkmə potensialı olan dəstəni Ukraynanın əli ilə qırdırmaq daha məqsədəuyğun deyil? Müharibə istəməyən Rusiya kəşfiyyatçıları çeçenlərin yerini demək əvəzinə Ukraynaya daha effektli məlumatlar ötürə bilərdilər. Ona görə də ötürülən məlumat Zelenski sevgisindən, müharibə istəməkdən irəli gəlmir. Bu informasiya hətta planlaşdırılmış da ola bilər.

İlk 4-5 gün ərzində Ukrayna xalqı daha diri görünürdü. Bunun səbəbləri də vardı. Elelktrik enerjisi gəlir, ərzaq problemi yox, istilik sistemləri işləyir və s. Ancaq bunlardan bəziləri kəsilib, bəziləri tükənəndə isə xalqın durumu ağırlaşmağa başlayır. Artıq məlumatlar gəlir ki, Rusiya ordusu əvvəlki kimi şəhərə daxil olub küçə döyüşünə girmir. Şəhərləri mühasirəyə alaraq raketlərlə zərbə endirir, təminatın çatmasına mane olur. Beləcə insanların dirənişini qırmaq istəyir.

Müharibə başlayanda yazılarımdan birində qeyd etmişdim ki, Rusiya dənizsiz Ukrayna yaratmaq istəyir. İndi xəritələr üzərinə baxanda və hücum istiqamətlərini izləyəndə bunu açıq şəkildə görmək olur.

Müharibənin necə və nə zaman bitəcəyi məlum deyil. Bu təkcə bu müharibəyə də aid deyil. Müharibələrin yalnız başlama tarixi məlum olur, bitmə tarixi isə hər zaman qeyri müəyyən olur…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics