6.03.2022

Moskva Bəyannaməsi Rusiya üçün bir şansdır... - Səxavət Məmməd yazır

Moskva Bəyannaməsi əslində, Rusiya üçün bir şansdır.

Azərbaycan əhalisinin böyük əksəriyyəti Rusiyaya qarşı aqressivdir və bütün bəlalarının səbabkarı kimi məhz Rusiyanı görür. Haqsız da deyillər. Niyə Azərbaycan xalqının hamısı yazmadım? “Roma papasından daha çox katolik” misalı Azərbaycanda da rusdan daha çox ruspərəst klounlar (5-ci kalon) var.

Açığı, aylar öncə yazıların birində belə bir fikir səsləndirmişdim: “Elə bir dönəm gəlib ki, balanslaşdırılmış siyasət keçərli olmayacaq, elə, ya da belə tərəfini seçmək məcburiyyətinə qalacaqsan. Xoşluqla olmasa da, buna məcbur edəcəklər”.

Azərbaycan müstəqil dövlətdir, içi Rusiya qarşı Azərbaycanın müstəqilliyini tanıyır. Rusiya isə xəritəyə baxanda Azərbaycanı özünə bufer dövlət kimi görür. Yəni Rusiya üçün təhlükə yaradacaq gücün Azərbaycana daxil olması rəsmi Moskvanın qırmızı xəttini keçmiş olur.

Rusiya xüsusilə qonşu dövlətlərini bir-bir yoxlayırdı. Hər dövləti bir formada dişinə vururdu.

Azərbaycan niyə qəfil belə bir müqavilə imzaladı deyənlərin bostanına bir neçə cümlə.

Rusiya Azərbaycanı birbaşa yox, dolayı yolla dişinə vururdu. Qarabağda atəşkəsin pozulması intensivləşdi. Ardınca Rusiya Müdafiə Nazirliyi Azərbaycanın maşın karvanının yoxlanılması videosunu yayımladı və bilərəkdən separatçı rejimin “polis”lərini də videoda göstərdi. Düşünürəm ki, o videonu məhz erməni polislər görünsün deyə yaymışdılar, ancaq əlimdə bunu sübut edəcək faktım yoxdur. Ardınca maşın karvanlarının qarşısı kəsildi və Kəlbəcərə getməsinin qarşısı alındı. Bunu ermənilər özləri sözü bir yerə qoyub edirdi? Elə düşünürsünüzsə çox safsınız deyib, başqa da bir şey demirəm.

Bu hələ bizim gördüklərimizdir. Daha da əvvələ gedib, heykəlləri, ev tikmələri, su daşımaları demirəm. Təbii ki, bizim görmədiyimiz məsələlər də olmamış deyil.

Rusiyanın siyasətini izləyənlər yaxşı bilir ki, haradasa separatçıları hərəkətə keçirir, sonra onlara pasport paylayıb, daha sonra əməli işə keçir. Gürcüstanda, Ukraynada məhz bunlar yaşandı. Prosesləri izləyənlər yaxşı bilir ki, Gürcüstan və Ukraynanın eynisi Qarabağda yaşana bilərdi.

Kim kömək edəcəkdi? BMT?

Hər televizoru açanda elə bilirəm 4 qənamə səslənəcək. BMT-nin 4 qətnaməsi belə bir travmadan başqa heç nəyə yaramadı.

Qərb, ABŞ, NATO?

Onlar ancaq narahatlıqlarını bildirəcəkdilər.

Bilirəm, oxuya-oxuya Türkiyə deyirsiniz. Bəli, Türkiyə. Türkiyə necə kömək edəcəkdi? Hər kəs Şuşa bəyannaməsinə görə deyir.

Şuşa Bəyannaməsində deyilir:

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

İnsanları düşündürən bir sual var. Türkiyə ilə Rusiya arasında müharibə olarsa, Azərbaycan hansı addımı atacaq? Şuşa bəyannaməsinə görə Azərbaycan Türkiyə ilə məsləhətləşmələr apardıqdan sonra əməli fəaliyyətə keçməlidir.

Moskva Bəyannaməsində isə üçüncü dövlət və dövlətlərin müdaxiləsinə qarşı birgə hərəkətlə bağlı hər hansısa bənd yoxdur. Ancaq Türkiyə ilə Rusiya müharibə edərsə, Azərbaycanın neytral qalmasına əsas sayılacaq belə bir bənd var:

“Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”.

Oturub Türkiyə ilə Rusiya arasında müharibənin olmamasını arzulamaqdan başqa rəsmi Azərbaycanın əlindən bir şey gəlməyəcək. Odla su arasında qalmağa ən gözəl misal örnəyidir.

Niyə birinci cümləni “Moskva Bəyannaməsi əslində, Rusiya üçün bir şansdır”la başlamışam?

Azərbaycanda Rusiyaya qarşı aqressiyanın, inamsızlığın, kinin, bəzilərində nifrətin səbəbkarı kimdir? Elə Rusiya özü. Rusiya əslində əməlləri ilə bunu qazanıb. Qarabağ müharibəsinin başlamasının səbəbkarı, torpaqların işğal edilməsinin günahkarı Rusiyadır. Bunun üzərinə 20 Yanvar faciəsini və Xocalı soyqırımını gələndə, Rusiya özü də anlamalıdır niyə bu qədər aqressiya var. Rusiya sənəd üzərində yazılmışları sahəyə yaysa, daha dəqiq ifadə etsək – Azərbaycanın ərazi bütövlüyü tam təmin olunsa, sərhədlərin delimitasiya və demarkasiyası baş tutsa, Zəngəzur dəhlizi açılsa, Ermənistanın dəymiş ziyana görə təzminat ödəməsi yönündə Azərbaycan tərəfdən addımlar atsa (siyahını uzatmaq olar), onda Moskva bəyannaməsinin səmimiyyətinə inanmaq olar. Əgər bunlar olmasa, Qərbdə deyildiyi kimi Rusiya ilə müqavilə suya yazılmış kimi olacaq. Rusiya üçün isə əslində, günahlarını yumaq üçün bir şans yaranıb.

Rusiyanın yanında olan dövlətlər təhlükəsiliyini qorumaq üçün yox, Rusiyadan qorunmaq üçün onun yanında olmağa məcbudurlar.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics