6.03.2022

Rusiyaya lənət oxuyan "İMPERİALİSTLƏR": "Adamın içində yaranan ümid..." - Səxavət Məmməd yazır

Rusiya əleyhinə səslənən fikirlərə baxıram, adamın içində bir ümid yaranır. Ukraynaya dəstək mesajları da həmçinin.

Ölkədə imperializm lənətlənir, işğalçılıq pislənir. Adamın ürəyi dağa dönür. Ancaq bunun da bir əmması var.

Kimə sual verirsən ki, Rusiya ilə mübarizə etmək üçün nə etmisən? Hamısı ya söyür, ya da qarğış edir. Konkret əmələ gələndə isə hərəkətsizlik açıq şəkildə görünür.

Ukrayna məsələsində xalq olaraq safımızı seçmiş görünürük. Ən azı bunu sosial şəbəkədə görə bilirik. Bəs əməli olaraq imperializm, işğalçılar əleyhinə nə etmişik? Şəkil paylaşıb, status yazmaqdan başqa nə etdiyimizi soruşuram. Deyəcəklər ki, bunu dövlət etməlidir. Boş və mənasız cavabdır.

Şəxsi və virtual olaraq tanıdığım çoxlu sayda adam var ki, “Lənətə gəlsin imperializm“, “Lənətə gəlsin Rusiya” yazır. Oxuyub, gülürəm, əsəbiləşirəm, haldan-hala düşürəm. Çünki bilirəm ki, adam əslində bilərəkdən və ya bilməyərəkdən rus imperializminə xidmət edir.

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünə yəqin ki, baxdınız. Görüşdə Putin Azərbaycandakı rus məktəblərindən, rus dilindəki təhsildən danışdı. Rəqəmlər səsləndirdi.

Buyurun:

“Bizim üçün həssas və mənim fikrimcə, Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik”.

Bu önəmsiz bir şey olsa idi, o görüşdə sözü belə getməzdi. Putin açıq şəkildə deyir ki, dil Rusiya üçün həssas məsələdir“.

Yəni rus dili və rus dilində təhsil imperializmin prioritet məsələlərindəndir. Sosial şəbəkədə rus imperializminə lənət oxu, sonra da uşağının əlindən tut apar rus bölməsinə. Mütləq rus kəşfiyyatı ilə əlaqən olmalıdır ki, rusa, imperializmə xidmət edəsən?

Boykot deyilən bir şey var. Gəlib evindən, əlindən uşağını alıb rus bölməsinə aparacaqlar?

Tanıdığım bir məktəb direktoru ilə söhbət zamanı açıq dedi ki, valideynlərə uşaqlarını Azərbaycan bölməsinə qoyması üçün bəzən yalvarırıq. Rus bölmələrində yer tapmaq çox çətin məsələdir. Valideynlər rüşvət verib uşaqlarını rus bölməsinə qoyurlar.

Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur.

Yenə tanıdıqlarımdandır. Rusiyanı şər yuvası adlandırır. Səmimi olsa idi, “nə gözəl” yazardım. Oğlunun Rusiyada böyük biznesi var. Rusiya dövlətinə vergi verir, işçi saxlayır. Ən əsası Rusiyanı şər yuvası adlandıran və onun qohum-əqrabası Rusiyadan göndərilən pulla yaşayır. Rusiya şər yuvasıdır, şeytandır, oğluna de ki, mənə şər yuvasından gələn pul lazım deyil. Şor-çörəklə yaşayaram, o pulla yox. De ki, oğlun gəlsin biznesini Azərbaycana qoysun. Başlayacaq, “Burada sıxırlar, imkan vermirlər, səsimizi çıxarsaq da tutacaqlar”, – deməyə. Nə bu ölkənin düzəlməsi üçün əlini daşın altına qoy, nə də imperializmə qarşı şor-çörək yeməyə razı ol. Bu cür qeyri səmimi və dolayısı ilə imperializmə xidmət edən adamlar Rusiyaya lənət oxumağı da urvatsız ediblər.

Rusiyaya dirənmək üçün güclü altyapın olmalıdır. Güclü təhsilin, elmin, ordun və diri cəmiyyətin olmalıdır. Bunlardan hansı biri var?

Ordu demişkən. Əslində Azərbaycanda altyapı olaraq Rusiyadan təmizlənmiş yeganə sahə məhz ordudur. Generalların təxminən 20 faizi sovet təhsili görənlərdir. Sovetdən qalma zabitlər yalnız operativ-strateji postlarda oturublar, onların isə yaşları çoxdur və gedəcəklər. Arxalarından gələn var? Yoxdur. Ordu təxminən 30 ilə Azərbaycan hərb məktəblərində və Türkiyə hərb məktəblərində təhsil alanların sayəsində sovetdən qurtula bildi. Bu vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi üçün isə ən azı 30 il vaxt lazım olacaq. Bunu nümayişkəranə şəkildə etmişik? Yox!

Etdiyin şeyi mütləq nümayiş etdirməlisən? Yox! Azərbaycan TV kanallarını zərərli hesab edirəm, çox sadə mübarizə üsulum var – televizoru açmıram. Hansı dövlətin vətəndaşı olduğum ölkəyə zərər verdiyini düşünürəmsə, onun istehsalı olan heç bir məhsulu almıram. Pafosu kənara qoyub, əməli iş görmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics