13.04.2023

Dünənki sərhəd toqquşmasının DETALLARI: Səngər qazmaq necə atışmaya çevrildi? - Səxavət Məmməd yazır

Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd istiqamətində atəşkəs pozulub.

Nəticədə hər iki tərəf itki verib.

Hadisədən sonra tərəflər həmişəki kimi təxribatı kimin törətdiyi üzərində baş sındırır. Ermənistan tərəfi bu məsələdə daha çox canfəşanlıq edir.

Gələk toqquşmanın baş verməsinə

Azərbaycan ordusu son əməliyyatla yeni mövqelərə çıxdı. Düzdür, Müdafiə Nazirliyi nədənsə yollar və yüksəkliklərə diqqət çəkdi, ancaq son əməliyyatın əsas nəticəsi, şərti də olsa, sərhədin bərpası ilə bağlı oldu. Azərbaycan ordusu yeni mövqelərə çıxandan sonra mühəndis-istehkam işləri görməyə başlamışdı. Bundan əlavə, Azərbaycan ordusu gecə-gündüz səngərlər qazır. Erməni tərəfi dünən baş vermiş hadisədən əvvəl bir neçə dəfə Azərbaycan ordusunun geri çəkilməsini tələb edib. Məsələ ondadır ki, ordu qarşı tərəfin bu təklifini geri çevirib. Ermənistan ordusu Azərbaycan ordusunun postunun düz önündə, təxminən 40-50 metrlik məsafədə (videodan da məsafənin yaxın olduğu görünür) post qurub, mühəndis-istehkam işləri görməyə başlayan zaman onlara xəbərdarlıq edilib. Kadrlardan görünür ki, Azərbaycan ordusunun 5 hərbçisi “Pikap” tipli maşınla danışıqlar üçün erməni hərbçilərinin yanına gedir. Erməni tərəfi iddia edir ki, “Pikap”la gələnlər təxribat törədib. 5 nəfər, bir “Pikap”la 30-dan çox əli silahlı hərbçinin üzərinə təxribat törətməyə necə gedə bilər? Bu heç bir məntiqə sığmır. Danışıq son dərəcə sərt keçib və nəticədə öncə havaya atəş açılıb və ardınca tərəflər arasında atışma baş verib.

Yeri gəlmişkən, ərazidə 2022-ci il fevral ayının 24-də Ermənistan Prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin əməliyyat idarə rəisi vəzifəsinə təyin edilmiş Armen Gözəlyan da olub və yaralanıb. Armenin həmin ərazidə peyda olmasının dəqiq səbəbini demək çətindir, ancaq bir maraqlı fakt var ki, Gözəlyan Dığ kəndində anadan olub. Yəni Armen həm də kəndinin qeyrətini çəkərkən yaralanıb. Ərazidəki xidmət edən hərbçilərdən aldığım məlumata görə, danışıqları gərginləşdirən və vəziyyətin əlbəyaxadan silaha əl atmaq səviyyəsinə gətirən elə əməliyyat idarəsinin rəisi olub.

Tərəflər arasında atışmadan dərhal sonra Ermənistan ordusu Azərbaycan ordusunun 6 postunu intensiv atəşə tutub. Atəşkəs bir müddət sonra atıcı silahlardan minaatanlara keçib. Atəşkəsin pozulması mövqe döyüşünə çevrilib. Məlum istiqamətdə postların bir-birinə çox yaxın olması sözlü atışmaların hər an silahlı atışmaya keçəcəyini göstərir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan dövləti məsələyə müdaxilə etməli, mövqelər arasındakı məsafə artırılmalıdır. Əgər qarşı tərəflə razılıq olmasa, Azərbaycan ordusu mütləq şəkildə yaxınlıqdakı mövqelərin hamısını sıradan çıxarmalı və orada yeni postların qurulmasının qarşısını almalıdır. Yoxsa həmin istiqamət qaynamağa ən münbit yerdir.

İnformasiyalar haqqında

Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı ki, şəhid və yaralılarımız var. Əvvəlki illərə baxmış ilk dəfə idi informasiya tez verilirdi. Məsələ ondadır ki, informasiyadakı qeyri-müəyyənlik əvvəlki illərdəki məlumatsızlıq qədər problemli idi. Belə ki, Laçın istiqamətində xidmətdə olan hər bir hərbi qulluqçunun ailəsi, yaxınları təşvişə düşdü. Deyə bilərlər ki, döyüşlər gedirdi, şəhid olanların kimlikləri barədə məlumat əldə edilməmişdi. Yaxşı, o zaman başqa bir sual çıxır ortaya: Şəhidin ad-soyadı bilinmir, ancaq hansısa saytlara İrana məxsus dronların hücum etməsi, zenit raket kompleksinin hazır vəziyyətə gətirilməsi barədə məlumat verilə bilir? Hətta Hindistan istehsalı olan toplardan atəş açılması da yazılır. Məsələ ondadır ki, bu cür informasiyalar etibarlı mənbələrə istinadən verilir. Sual çıxır, döyüşən hərbçi havadakı dronun, atılan topun kimə məxsus olmasını haradan və necə müəyyən edir?

Azərbaycan dövlət olaraq gərginlik içərisindədir. Bir tərəfdən Ermənistan və separatçı rejim, digər tərəfdən İranla münasibətlər tamamilə korlanıb. Vətandaşlar bir yandan problemlər, digər yandan pandemiya və müharibədən sonra aqressivləşib. Belə bir məqamda İran dronları, zenit raket kompleksləri, Hindistan topları barədə informasiyalar kimə nəyə xidmət edir? Azərbaycana qarşı həm informasiya, həm də psixoloji müharibə aparılır. Bunu aparanların vura bilmədiyi zərbəni, edə bilmədiyi təsiri Azərbaycanın bəzi media qurumları və sosial şəbəkədəki “dahiləri” edir. İran dronlarının Rusiya tərəfindən Ukraynada istifadəsi ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberq belə bir açıqlama vermişdi: “İran dronları psixoloji basqı yaradır”. Sözdə İranı hədəf alan məlumatların, əslində, psixoloji baxımdan özümüzə dəydiyini görmürlər? Niyyətim pis olsa, bilərəkdən etdiklərini də deyərdim. Nə isə…

Döyüş hələ başa çatmamış erməni mətbuatında hadisənin postlardakı müşahidə kameralarından çəkilmiş videosu yayılmışdı. Azərbaycan tərəfi nə edib? Həmişəki kimi, bəlli sayt, layihələr və şəxslərin reytinqini qaldırmaq üçün onlara sızdırılan yararsız informasiya, fotolardan başqa heç nə!

Hadisənin üstündən 24 saat keçməyib (Məqalə yazılan zaman) ərazidə vəziyyətin stabil olub-olmaması, yaralıların vəziyyəti barədə bir informasiya belə verilməyib. Erməni tərəfi isə az qalsın hər saatbaşı məlumat verir.

Yaxşı ki ordu ölkənin üzünü ağ edir, yoxsa bu informasiya siyasəti ilə çoxdan canımızı tapşırmışdıq…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics