13.04.2023

Bölgədə artan gərginlik: Erməni silahlıları ilə son toqquşma prosesi necə istiqamətləndirəcək? -Səxavət Məmməd yazır

Qarabağ ətrafında və regionda gərginlik, göründüyü kimi, artan xətlə gedir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən dərhal sonra Xocalıda erməni icması ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirildi. Məlum görüş erməni icması ilə Azərbaycanın ortaq dil tapmağa çalışmasında daha çox Rusiyanın bölgədəki varlığını sübut etməsi üçün təşkil olunmuşa bənzəyirdi. Yeri gəlmişkən, Vardanyandan əvvəl də buna bənzər görüş keçirilmişdi. O vaxt hətta masa üzərində Azərbaycan bayrağı da var idi. Budəfəki görüşdə isə yalnız Rusiya bayrağı görünürdü. Yerin adı Xocalı olsa da, görüş sanki Moskvada keçirilirmiş kimi görünürdü.

Müharibənin aktiv fazası bitib, ancaq qalıqları baş ağrıtmağa davam edir, hesab edirəm ki, edəcək də. Müharibədən sonra Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altına verildi. O vaxt da bu barədə çox yazıldı ki, dəhlizin eninin 5 kilometr olması gələcəkdə yaxşı nəticələr verməyəcək. Çünki ərazilərə bələdçiliyi olan adamlar bilirdilər ki, həmin 5 kilometr enindəki ərazidə çoxlu sayda cığırlar, ara yollar var.

Ekofəalların aksiyası həmin yolları da gündəmə gətirdi. Həm də aktivləşdirdi. Əvvəl düz yolla silah daşınırdısa, indi məcburiyyətdən əyri yollarla daşınır. Bunlar barədə çox yazılıb, deyilib deyə bu məsələnin üzərində çox dayanmayaq.

Azərbaycan Müdafiə Nazirliyi açıqlama verdi ki, silah daşınan zaman atışma baş verib, hər iki tərəfdən həlak olanlar var. Üzr istəyirəm, bu məlumatı ilk Azərbaycan yox, yenə erməni mediasından oxumuşduq. Müdafiə Nazirliyinin açıqlaması isə yanlışlıqlarla dolu idi.

Hadisədən bir gün əvvəl sosial şəbəkədə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimin silahlılarına məxsus müşahidə kameralarını vurması videoları sosial şəbəkədə yayıldı. Bir prosesin baş verəcəyi aydın idi.

Həmişə olduğu kimi, erməni tərəfi informasiya baxımından Azərbaycan tərəfini üstələdi. Nəinki məlumatlar ard-arda verilir, hətta hadisənin görüntüləri də yayıldı.

Azərbaycan ordusunun mənsubları məlum maşına yaxınlaşır, güllələmə prosesi baş verir, geri çəkilmə zamanı vurulanlar olur. Əslində, bu tip əməliyyatları dünyanın bütün orduları həyata keçirir. Bu tip əməliyyatların adına min cür şey qoymaq olar, ancaq mahiyyət baxımından hamısı eynidir – Vur! Qaç!

Əməliyyatın planlanması necə həyata keçirilib, bilmirik. Ancaq videolardan görünən o oldu ki, kameraların hamısı sıradan çıxarılmayıb. Daha dəqiqi, ermənilərə məxsus olanların, bəlkə də, hamısı sıradan çıxarılıbsa da, ruslara məxsus olanlar qalıb. Bundan əlavə, unutmaq olmazdı ki, Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işi məhz havadan nəzarət və bunun hesabatının verilməsidir.

Hadisədən sonra Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı müxtəlif iddialar ortaya atıldı. Hətta iddia edənlər oldu ki, Azərbaycan hərbçilərini məhz ruslar vurub. Çünki ruslar əraziyə, demək olar, hadisə baş verər-verməz çatıb. Erməni yaralılarına da ilkin tibbi yardımı onlar göstərib. Məsələ ondadır ki, rusların birbaşa Azərbaycan əsgərinə güllə atması inandırıcı gəlmir. Kəşfiyyat məlumatlarının ruslar tərəfindən ermənilərə ötürülməsi barədə şəxsən məndə də şübhələr var.

Videolardan da görünür ki, Azərbaycan hərbçilərinə atəşlər yuxarı və aşağı istiqamətdən açılır. Yəni ya ermənilərin orada gizli postları olub, yaxud Azərbaycan ordusunun hərəkətini öncədən gürüb orada mövqe seçə biliblər.

Ruslar hadisədə birbaşa Azərbaycanı günahkar çıxardacaq informasiya yaydılar. Azərbaycan Müdafiə Nazirliyi isə sözə “təəssüf hissi” ilə başladı. Silahla məsələ həll edən qurumun təəssüf hissi ilə cavabı da şedevrdir.

Əgər Azərbaycan ordusu əməliyyatı qüsursuz icra etmiş olsaydı, yəni, sözün əsl mənasında, vur-qaç edə bilsəydi, bunun çox ciddi effekti olacaqdı. Onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərinin kəskinləşmə yolunda daha bir damla ola bilərdi. İndiki məqamda Azərbaycan tərəfini həm ermənilər, həm ruslar, ümumiyyətlə, bölgədə marağı olan hər kəs qınadı.

Azərbaycan Qarabağ məsələsinə görə saysız təzyiqlərlə üz-üzədir. Rəsmi Bakı hətta Rusiya sülhməramlılarının vaxtından əvvəl getməsini də istəyir. Növbəti dəfə üçün mandat verilməyəcəyinin də siqnallarını hiss etmək olur. Ancaq mərkəzin istəkləri ilə sahədəki icraçıların əməlləri adekvat olmayanda yeni problemlər çıxır. Hər qüsurlu əməliyyat Azərbaycanın zərərinədir. Bunu birdəfəlik anlamalıdır. Fərrux, Sarıbaba, Qırxqız qüsursuz həyata keçirildi, proses sürətləndi, ancaq qüsurlu olan hər şey yeni problemlər çıxarır. Misal üçün, sentyabr ayındakı sərhəd toqquşması prosesləri daha da qəlizləşdirdi.

Azərbaycanın səhv etmək kimi lüksu yoxdur. Ona görə də bütün əməliyyatlar incələnməli və qüsursuzluğu üzərində çalışılmalıdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics