Bu həmin yollardır ki, Azərbaycan tərəfi təmir işləri aparıb, yeni körpü çəkmişdi. Həmin istiqamət Laçın rayonu ilə Gorus rayonunun şərti sərhədində yerləşir. Məsələ ondadır, Azərbaycan Ermənistan tərəfinə mart ayının sonuna kimi vaxt vermişdi ki, öz tərəflərindən gələcək yolu çəksinlər və ərazidə nəzarət buraxılış məntəqəsi qoyulsun.
Ermənistan tərəfi isə bu günə qədər həmin istiqamətdə daşı daş üstünə qoymamışdı. Azərbaycanın verdiyi vaxt yekunlaşdı və Azərbaycan ordusunun həmin istiqamətdəki komando briqadası qüsursuz əməliyyat keçirdi. Əməliyyat haqqında bir qədər sonra.
Məlum yol vasitəsi ilə Ermənistandan və İrandan Qarabağdakı separatçılara silah, sursat daşınması həyata keçirilirdi. Rusiya sülhməramlıları isə həmin yola demək olar ki, nəzarət etmirdi. Bunu həm şəxsi heyətlərinin say tərkibi imkan vermirdi kimi, həm də göz yummaq kimi də şərh etmək olar. Əslində, həmin yol Azərbaycan ordusu üçün təhlükə və təhdid mənbəyi, Qarabağdakı separatçı rejim üçün isə ciddi nəfəslik idi.
Dünən gecə Azərbaycan ordusunun Laçın rayonundakı komando briqadası əməliyyata start verir.
2054 yüksəkliyindəki kimi bu əməliyyatda da dəqiq kəşfiyyat məlumatları, ərazinin kəşfi və coğrafi mövqe dəqiq hesablanıb və beləcə öncə sızmalar həyata keçirilib. Qarşı tərəfin müqavimət göstərmək kimi şansı belə olmayıb. Beləliklə, ərazidəki yüksəkliklər, yollar və sərhədboyu ərazilər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçib. Keçirilmiş əməliyyat qüsursuz həyata keçirilib. Nəinki şəhid, yaralı belə olmayıb.
Məlum əməliyyat nəticəsində nəzarətsiz qalmış təxminən 5 km məsafədə şərti sərhəd bərpa edilib. Azərbaycan ordusu əldə etdiyi yüksəkliklərdə mühəndis istehkam işləri görməyə start verib. Hətta erməni tərəfi Azərbaycan ordusunun yolda şlaqbaum qurduğunu bildirib. Ehtimal edilir ki, həmin yolda nəzarət buraxılış məntəqəsi də qurulacaq. Bu həm də o anlama gəlir ki, Azərbaycanla Ermənistan arasında ilk nəzarət buraxılış məntəqəsinin yeri məlumdur.
Azərbaycan tərəfi bu əməliyyatla separatçı rejimin silahlılarını demək olar ki, dəstəksiz qoyur. Əgər Azərbaycan ordusu həmin istiqaməti nəzarəti altına götürməsə idi, Qarabağda ola biləcək hansısa əməliyyat zamanı separatçılara həm silah, sursat, həm də döyüşçü dəstəyi gələ bilərdi. Bundan əlavə, Ermənistan ordusu da həmin istiqamətdən asanlıqla hücum həyata keçirərdi. Artıq bu ehtimallar və təhlükə geridə qalmış oldu.
Yeri gəlmişkən, Ermənistan Baş naziri bildirib ki, həmin istiqamətdə Ermənistan sərhəd qoşunları xidmət aparacaq. Son baş verən hadisə sərhəd məsələsi ilə bağlı da ilk işartıdır. Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədində demarkasiyanı demək olar ki, yekunlaşdırmaq üzrədir. Bundan sonrakı mərhələ delimitasiyanın, yəni diplomatlarındır.
Hesab edirəm ki, son iki əməliyyat yekun deyil. Həlqə tamamilə daralandan, bütün yollara nəzarət həyata keçiriləndən sonra separatçı rejimin silahlılarının təmizlənməsi yönündə də işlər aparılmalıdır. Qarabağ daxilində aparılacaq əməliyyatlar silahlıların ərazidən çıxarılması, müqavimət göstərənlərin məhv edilməsi və yuristiksiyanın bərpası yönündə olacaq.
Azərbaycan ordusu istər son iki əməliyyatı, istərsə də bundan əvvəlki əməliyyatları ciddi şəkildə analiz etməli, Qarabağda aparılacaq əməliyyatların da qüsursuz olmasına çalışmalıdır. Çünki Qarabağ istiqamətində Azərbaycan ən azı mülkini və rusları digər silahlılardan ayırmalıdır. Bunu həyata keçirmək üçün Azərbaycan tərəfinin əlində texniki vasitələr, dronlar və hədəfi dəqiq vura biləcək raketlər və artileriya qurğuları mövcuddur.
Onu da qeyd etməkdə fayda var ki, Azərbaycanın komando briqadalarına qoyduğu sərmayə hədər getməyib. Artıq Xüsusi Təyinatlı qüvvələrsiz də komando briqadaları əməliyyat həyata keçirə bilir. Komando briqadalarındakı keyfiyyət artışı gələcək əməliyyatlar və regionda ola biləcək müharibələr üçün Azərbaycan tərəfinin əlini gücləndirmiş olur.
Komando briqadalarında neqativlər var mı? Var, həm də çox. Ancaq buna rəğmən uğurlu əməliyyatlar həyata keçirilirsə, demək ki, o neqativlər də aradan qaldırılsa, daha çox işlər görmək mümkündür.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder