13.04.2023

Şərti sərhəddə davam edən toqquşma: Proses necə nəticələnəcək? - Səxavət Məmməd yazır

Azərbaycan ordusunun keçirdiyi son iki əməliyyatdan sonra Qarabağda və Ermənistanla Azərbaycan arasında gərginliyin, demək olar ki, səngidiyi bir vaxtda şərti sərhəddə baş verən toqquşma nəticəsində, ilkin məlumata görə, hər iki tərəfdən ölən və yaralananlar var.

Bəs bu toqquşmanın baş vermə səbəbi nədir? Gəlin poztiv notlardan başlayaq.

…Hər iki ölkə rəhbəri sülh müqaviləsi barədə açıqlamalar verməyə başlayıb. Hesab edirəm ki, sülh müqaviləsi üzərində yaxın zamanlarda danışıqlar sürətlənəcək. Maraqlı başqa bir məsələ də ortaya çıxıb. Rəsmi Bakının bundan əvvəl erməni icmasına ünvanladığı görüş təklifinə rədd cavabı verilmişdisə, indi separatçı rejim humanitar məsələlərlə bağlı görüşmək təklifi ilə çıxış edib. Rusiya sülhməramlıları bu məsələdə araçı missiyanı öz üzərinə götürüblər.

Qarabağ problemini yaxından incələyənlər bilirlər ki, nə zaman siyasi gərginlik pik həddə çatır, danışıqlar dalana dirənir, bir əməliyyatla proses yenidən başlayır. Əslində, indiki mərhələdə danışıqların başlaması, yaxud nisbətən sakitliyin yaranması məhz son iki əməliyyatın hesabınadır. Baş verən toqquşma da sakitlikdən narahatlıq duyanların danışıqlar prosesinin sürətlənməsinin qarşısını alma cəhdi kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi artıq nəzarət buraxılış məntəqələrini qurmaqda qərarlıdır. Hesab edirəm ki, nəzarət buraxılış mənətəqləri qurulub və tərəflər razılığa gəlsələr, ekofəalların aksiyası da yekunlaşa bilər. Sözdə məsələ ekologiya olsa da, proseslər göstərir ki, əsas məsələ dinc aksiya ilə Qarabağa silah-sursatın daşınmasının qarşısının alınması idi.

Digər tərəfdən, Azərbaycan ordusu da, öz növbəsində, işini davam etdirir. Mühəndis-istehkam işləri görülür və gecə-gündüz demədən dövlət sərhədi boyu səngərlər qazılır. Səngər qazmaq demişkən, hazırda baş verən səngər qazma işləri eynən 90-cı illərin sonu, 2000-ci illərin əvvəlini xatırladır. Bu, ordunun demarkasiyası delimitasiya işlərini də asanlaşdıra biləcək. Son toqquşma “qazma” işlərinin sürətlənəcəyindən xəbər verir. Sadəcə olaraq bu məsələdə diplomatların ağzının kəsərinə və qətiyyətinə ehtiyac olacaq.

Mövqe döyüşlərinin getdiyi istiqamətdə erməni tərəfi Azərbaycan ordusunun möhkəmlənmə işlərindən narahat idi. Hətta zamanında o istiqamətdə Ermənistanın sərhəd qoşunları xidmət aparırdısa, son əməliyyatdan sonra ordu bölmələri sərhəd xidmətini əvəz edib. Mövqe döyüşlərinin getməsinə səbəb də erməni tərəfinin postları önə çəkmək və mühəndis-istehkam işləri görməklə bağlıdır.

Ruslar da bilirlər ki, dövlət sərhədi məsələsində qatar gedib. Ona görə də Azərbaycana güzəştə gedir və gedəcək. Qarabağ məsələsi isə rusların regionda qalıb-qalmamasını təmin edəcək əsas faktordur.

Ruslar Qarabağda iki cür qala bilərlər: Birinci variant güc yoludur. Bu həm Qarabağdakı qüvvələr, həm Gümrüdəki 102-ci hərbi baza, həm də qanunsuz erməni silahlıları vasitəsilə həyata keçirilə bilər. Deyənlər olacaq ki, Azərbaycan ordusu Qarabağdakı gücün öhdəsindən gələ bilər. Ancaq həmin adamlar unudurlar ki, Azərbaycanla Rusiyanın həm quru, həm də su sərhədi var. Nəzərə alsaq ki, Rusiyanın Xəzərdəki hərbi donanması Suriya və Ukraynanı rahatlıqla vura bilir, məncə, əlavə şərhə ehtiyac qalmır. Rusiya sülhməramlılarına qarşı hər iki ölkənin ictimai rəyində formalaşan neqativ düşüncələr işığında bugünkü sərhəd toqquşmasında “rus barmağı” axtarmaq da olar.

Rusiyanın Qarabağda qalması üçün ikinci variant isə Azərbaycanın tələblərini yerinə yetirməsi, Azərbaycanla birgə nəzarət buraxılış məntəqələrinə nəzarət etməsidir. İki xalqın arasındakı qanı nəzərə alsaq, birgə yaşayışın uzun illər sonra baş verəcəyi aşkardır. Münaqişələrin qalıqları da qanlı, qadalı, ağrılı və vaxt aparan olur. Belə olan halda, iki xalqın arasında mütləq şəkildə hansısa missiya olmalıdır. Ruslar bu missiyanı öz üzərinə götürə bilərlər. Regionda böyük layihələrin həyata keçəcəyi ehtimalını nəzərə alsaq, Rusiya Ukraynada məğlub olsa belə, Cənubi Qafqazdan çıxmamaq üçün savaşacaq.

Cənubi Qafqazın ən böyük problemi burada 3 ölkənin olmasıdır. Azərbaycanın gələcək 50 il üçün qarşısına qoymalı olduğu əsas hədəflərdən biri digər iki respublikanı ya buxovlamaq, ya özündən aslı vəziyyətə salmaq, ya da hansısa formada bir mərkəzdən idarə olunmasını təmin etmək olmalıdır. Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Etiraf etmək lazımdır ki, Türkiyə də Cənubi Qafqazda əsas söz sahibi deyil. Türkiyənin Azərbaycanda dayaqları möhkəmlənməkdədir, Gürcüstana təsir gücü var, Ermənistanda isə rəsmi Ankaranın təsir rıçaqları yoxdur. Türkiyə qısa zamanda və sürətlə Ermənistana daxil olmalıdır. Digər iki rəqib – İran və Rusiyanın Cənubi Qafqazla bağlı heç bir problemi yoxdur. Rəqiblər Türkiyədən bir neçə addım öndədirlər. Hesab edirəm ki, İranla Rusiya üzdə tərəfdaş kimi görünsələr də, əslində, rəqibdirlər və tarix boyu da bu belə olub. İranın Cənubi Qafqazdakı aktivliyi hələ ki Rusiyanın strateji maraqlarına zidd deyil. Ona görə də rəsmi Moskva Tehrana göz yumur.

Azərbaycan tələsir, tələsmək üçün də səbəbləri var. Çünki məlum Çindən başlayıb Avropaya gedəcək marşrut açılana qədər problemlərini həll etməyə çalışır. Yeri gəlmişkən, bu yöndə transmilli şirkətlər çox ciddi yatırımlar həyata keçirir. Bu barədə növbəti yazılarda…

Hər nə qədər Ermənistanla Azərbaycan arasında məsələlərin həlli yönündə müsbət işartılar görünsə də, bu gün baş verən gərginliyin artacağı da istisna deyil. Nə qədər ki erməni silahlıları Qarabağdadır, hərbi əməliyyat daim gündəmdə öz yerini qoruyacaq.

Mövqe döyüşləri ilə bağlı daha ətraflı növbəti yazıda…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics