13.04.2023

Azərbaycan ordusunun hərəkətə keçdiyi istiqamətlər... - Son əməliyyat barədə Səxavət Məmməd yazır

Azərbaycan ordusunun əməliyyat keçirəcəyi bəlli idi. Düşündürücü tərəf əməliyyatın uğurlu, yoxsa uğursuz olacağı barədə idi.

Son iki əməliyyatdakı itkilər düşünməyə vadar edirdi. Bundan öncəki yazılarda da qeyd etmişdim ki, Azərbaycan ordusu itkisiz, hətta qarşı tərəfin iz tapması mümkün olmayacaq əməliyyatlar etməlidir. Hətta mövqe tutub qalmamaq da olardı. Əsas odur ki, vur-qaç qüsursuz icra olunsun.

Xəlifəli yolundakı əməliyyatla bağlı

Məlum olduğu kimi separatçı rejim ekofəalların Laçın yolundakı aksiyasından sonra dağ yolları ilə silah, sursat daşıyırdılar. Düzdür, bəziləri yazdıqları və efirdə dedikləri səhvi etiraf etməmək üçün dağ yollarının olmasını uzun zaman inkar edirdilər. Son əməliyyat həm də o “dahilərə” yerini göstərmiş oldu.

Azərbaycan ordusunun komando briqadalarından biri əməliyyata son dərəcə ciddi hazırlaşaraq 4 istiqamətdə hərəkətə keçdi.

Birinci istiqamətdə separatçı rejimin silahlıları bir qədər müqavimət göstərməyə cəhd etdi. Məsələ ondadır ki, “UAZ pusqusu”ndan fərqli olaraq bu dəfə atəş dəstəyi, kəşfiyyat məlumatı lazım olan səviyyədə idi. Birinci mövqe götürüləndən dərhal sonra digər 3 mövqedəki erməni silahlıları postları qoyaraq qaçıb. Beləliklə, Azərbaycan ordusu yüngül xəsarət xaric, heç bir döyüş itkisi vermədən 4 postu da işğaldan azad edərək, Xəlifəli yolundakı mövqelərə yiyələnir.

Məsələ ondadır ki, Azərbaycan ordusunun bu əməliyyatından dərhal sonra ərazidəki Rusiya sülhməramlıları Azərbaycan ordusundan götürülmüş mövqelərdən çıxmağı tələb edib.Azərbaycan ordusu müharibədən sonra bu günə qədər əldə etdiyi mövqelərin demək olar heç birindən geri çəkilməyib. Rusların tələblərinə baxmayaraq 4 postdan da geri çəkilmədi. Rusiya sülhməramlıları hətta Azərbaycan ordusunun daha çox irəliləməməsi üçün mövqelər qurmağa məcbur olub.

Bu lokal əməliyyat sayəsində erməni tərəfinin əli-qolu demək olar ki, bağlanmış oldu. Artıq dağ yolları ilə silah-sursat gətirmək ciddi problemə çevrilmiş oldu. Məsələ bununla da bitmir. Olası total əməliyyat zamanı Ermənistandan qüvvənin gətirilməsi də artıq mümkün olmayacaq.

Digər müsbət tərəf isə ermənilərlə ruslar arasındakı onsuzda gərgin olan münasibətlərin daha da kəskinləşməsinə səbəb olmasıdır. Əməliyyatlara başqa yöndən də baxmaq olar. Belə ki, Rusiya ilə Ermənistan arasında gərgin olan münasibət fonunda rəsmi Bakı ilə Moskva arasında müəyyən razılaşmanın olması da mümkündür. Yeri gəlmişkən, yaxın zamanda Türkiyə müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı baş vermişdi.

Ehtimal ki, rəsmi Moskva Azərbaycanın Ermənistana göz dağı verməsinə icazə verib. Sual oluna bilər ki, belə olan halda sülhməramlılar niyə ordunun geri çəkilməsini tələb edirlər? Birincisi, bu rusların missiyasıdır. İkincisi isə, yerdəki ermənilərə göstərmək üçün bu cür davranmağa məcburdurlar. Onsuzda ermənilər ruslara qarşı aqressivdilər. Bu cür addımlar atılmasa, bu aqressiya daha da arta bilər. Rusiya Ermənistanı ta 2016-cı ilin aprel döyüşlərindən bəri Azərbaycanın əli ilə cəzalandırır. Ancaq Azərbaycanın tam əl-qol açmaması üçün İran kartını işə salır.

Yeri gəlmişkən, Azərbaycan ordusu iki istiqamətə silah tuşlayırdı: Ermənistan və Qarabağdakı separatçı rejim…  Burada sərhəd xidmətini ayırıram. Ancaq İran istər Naxçıvan, istərsə də Zəngilan istiqamətinə qoşun cəmləşdirib. Əgər qonşu ölkə sənə silah tuşlayıbsa, sən də ona qarşı silah tuşlamalısan. Beləcə, Azərbaycan ordusu həm də İran istiqamətindən gələcək təhlükəni önləmək üçün cənub qonşusuna da silah tuşlamağa məcbur olub.

Azərbaycan kimi kiçik bir ölkənin üç istiqamətə silah doğrultması və ordunu daim gələcək təhlükəyə qarşı hazır saxlaması son dərəcə ağır, maliyyə yükü çox və yorucu prosesdir.

İran Əfqanıstandakı Taliban rejimindən qaçanlara qucaq açıb. Bu sivil bir əməl kimi görünə bilər. Əfqanıstndakı jurnalistlərlə söhbət zamanı məlum olur ki, İran öz ölkəsinə buraxdığı əfqanlardan başqa niyyətlər üçün istifadə edir. Adlarının çəkilməsini istəməyən əfqan jurnalistlər bildirir ki, İran əfqanları pul qarşılığında Suriya və İraqa göndərir. Məsələ bununla da bitmir. Ehtimal olunur ki, İran həmin əfqanlardan separatçı rejimə dəstək üçün Qarabağa da göndərə bilər. Bir müddət əvvəl İranın hərbi təlimatçıların Qarabağa gəlməsi barədə rəsmi Bakının məlumatını göz önünə alsaq, bu ehtimalın baş verməsində qeyri-adi heç nə olmayacaq.

Qarabağdakı gərginlik bu əməliyyatla bitə bilməz. Rəsmi Bakı erməni icmasına yenə görüş təklif edib. Bu o deməkdir ki, Azərbaycan yenə şans verir. Erməni icması ehtimal ki, yenə razı olmayacaq. Bu isə növbəti əməliyyatlar üçün fürsət anlamına gələcək. Hesab edirəm ki, növbəti əməliyyat lokal yox, total ola bilər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics