Bir həftədən çoxdur, Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Şuşaya atılan “İsgəndər-M” raketinin qalıqlarının ictimailəşdirilməsi ilə başlayan gərginlik davam etməkdədir. Məsələ artıq təkcə Azərbaycanda yox, bütün dünyada müzakirə mövzusuna çevrilib.
Rusiya hər vəchlə raketin atılmasından xəbərsiz olduğunu iddia etsə də, faktlar, sübutlar rəsmi Moskvanın artıq küncə sıxışdığını göstərir. Təsəvvür edin, nüvə başlığını daşıya biləcək raket havalanacaq və Rusiyanın radiolokasiya sistemləri bunu qeydə almayacaq… Nüvə başlığı daşıyacaq raket ölkədən çıxacaq, bundan rəsmi Moskvanın xəbəri olmayacaq… Absurddur. Məgər bu, siqaret qaçaqmalçılığıdır?
Dünən Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng etdi. Heç şübhəsiz ki, telefon danışığının mövzusu rəsmi açıqlamada qeyd edilənlərlə məhdudlaşmayıb. Bəlkə də o mövzulara toxunulub, ancaq əsas söhbətin o məsələlər olduğuna kimsə şəxsən məni inandıra bilməz.
Daha sonra Rusiyanın baş prokuroru İqor Krasnov Bakıya rəsmi səfər etdi. Onun ardınca da (lap əvvəlincə olsun, yerdəyişmə heç nəyi dəyişmir) Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Bakıya gəldi. Telefon zəngi və iki rəsmi şəxsin Bakıya səfərinin ardınca Ermənistan mediasında əsirlərin bu gün geri qaytarılacağı iddia olundu.
Ermənistan tərəfi nə qədər “əsir” ifadəsindən yapışsa da, onlar konkret terrorçudur. Hətta erməni mediası və terrorçuların yaxınları “Erebuni” aeroportuna toplaşaraq qarşılanmaya hazırlanmışdılar. Təyyarə enəndən sonra məlum oldu ki, Rüstəm Muradov Ermənistana əli ətəyindən uzun dönüb. Ardınca nə baş verdi? Azərbaycanda saxlanılan erməni terrorçuların valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə aldılar.
Qayıdaq Azərbaycana. Dünən günorta saatlarında Prezident Administrasiyasının qarşısında müharibədə itkin düşən hərbçilərin valideynləri və yaxınları aksiya keçirdilər. Baş prokuror Kamran Əliyev hadisə yerinə gəldi, dövlətin adından onlara vəd verdi. Bir zəng, Rusiyadan iki rəsmi şəxsin Bakıya səfəri və bu aksiya. Bunlar hamısı rəsmi Bakıya təzyiq vasitəsi hesab oluna bilər.
İtkin düşənlərin valideynləri və yaxınlarının aksiya keçirməsinin arxasında başqa məqsəd axtarmıram. Əsla! Onların nələr çəkdiyini yaxşı anlayır, başa düşürəm. Hətta günahkarların cəzalandırılmalı olduğunu dəfələrlə yazmışam. Sadəcə, bəzi məsələlərin üst-üstə gəlməsi adamın beyninə qurd salır.
Terrorçuların qaytarılmadığını anlayan Ermənistan dərhal Azərbaycanı ittiham edib. Baş nazirin müavini Tiqran Avinyan rəsmi açıqlama yayaraq bildirib ki, “əsirlərin qaytarılması təəssüf ki, yenidən təxirə salınır, çünki düşmən 9 noyabr üçtərəfli bəyanatın 8-ci bəndini yerinə yetirmir, bu müharibədən sonrakı humanitar prosesin kobud şəkildə pozulmasıdır”. Növbəti erməni həyasızlığı!
9 noyabr bəyanatında Qazaxın 7 kəndinin azad edilməsi də nəzərdə tutulmuşdu. Onlardan nə xəbər? Bəyanatın yerinə yetirilməməsi ilə bağlı ən çox səs çıxarmalı, etiraz etməli olan tərəf Azərbaycandır. Rəsmi Bakı bundan sonra təzyiqləri daha da artırmalıdır. Təzyiqi artırmaqla paralel Rusiyanın təzyiqlərinə də sinə gərməyi bacarmalıdır.
Açığı, dünən baş verən ardıcıl hadisələr onu deməyə əsas verir ki, Azərbaycan Rusiyanın təzyiqlərinə davam gətirdi. Bu günə qədər Azərbaycan Ermənistana 70, Ermənistan isə Azərbaycana 12 əsir qaytarıb. Ermənistan 1-ci Qarabağ müharibəsində həlak olmuş 7 nəfərin cəsədini də Azərbaycana təhvil verib.
Terrorçuların Ermənistana qaytarılma ehtimalı varmı? Təbii ki, bu, baş verə bilər. Ancaq Azərbaycanın maraqları təmin olunduğu zaman bunu görmək mümkün olacaq. Çox güman ki, Ermənistanda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində bu addım atıla bilər. Məqsəd Azərbaycanın maraqlarına cavab verən namizədin mövqeyini möhkəmləndirmək olacaq.
Real baxsaq, Ermənistanın əlində Azərbaycana qarşı xüsusi bir təzyiq vasitəsi görünmür. Sadəcə, bəzi rəsmilərin mina xəritələrini tələb etməsi, bu kartı onların əlinə vermiş olur. Ermənistan o xəritələri versə də, verməsə də, hər nöqtədə mina axtarışı aparılmalıdır. Üstəgəl, xəritələrin etibarlılığı da böyük sual altındadır. Digər tərəfdən, ermənilər daha çox minanı qəbirstanlıqlara, mülki əhaliyə ziyan vura biləcək yerlərə basdırıblar. Bu isə hərbi cinayət sayılır. Həm də o tip minaları isə xəritələrə qeyd etməzlər.
Rusiya isə böyük ehtimalla Azərbaycana qarşı yeni təzyiq dalğası yaratmağa cəhd göstərəcək. Yeni bu təzyiqlər fonunda ictimaiyyətə “İsgəndər”dən başqa da sensasion informasiyalar açıqlana bilər…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder