10.05.2021

Qarabağ müharibəsində gah “bufer zona”ya, gah da cəbhə xəttinə çevrilən qəbiristanlıqlar

Ağdam işğal ediləndə cəmi 6 yaşım vardı. Ağdamla, kəndimiz Yusifcanlı ilə bağlı xatirələrim bir uşağın yaddaşına sığacaq qədər idi. Şəhərdəki Cümə məscidini, Çay evini, “İmarət” stadionunu, Qarağacı qəbirstanlığını çox az xatırlayırdım. Kəndimiz Yusifcanlını xəyalımda diri tutan xatirələri isə qoruyurdum. Onları tez-tez xatırlayırdım ki, nə zamansa kəndimizə qayıtsaq, o xatirələrin izini tapa bilim.
İşğal altındakı rayonlarımızın, kəndlərimizin necə dağıdıldığını yalnız müharibədən sonra görməmişdim. Müharibədən əvvəl də cəbhə bölgələrinə yolum düşəndə, müşahidə məntəqələrinə gedib, o əraziləri kameralarından izləyirdim. Təbii ki, hər yerdə təsviredilməz viranəlik görünürdü.

Ancaq kəndimizə baxmaq nisbətən daha asan idi. Qarqar çayının sağ sahilindəki yüksəkliklərdən baxanda kəndimiz sanki ovuc içində görünürdü. İlk dəfə oxumağa getdiyim kəndimizin məktəbini ermənilər hərbi qərargaha çevirmişdilər. Vətən müharibəsindən xeyli əvvəl Qarabağla bağlı araşdırmalara başlamışdım, savaş tarixini yazırdım. Müharibə tarixini təkcə döyüşçülərlə yox, həm də vaxtilə girov düşmüş şəxslər vasitəsilə də öyrənməyə çalışırdım.

Azərbaycan mətbuatında ermənilərin qəbiristanlıqları sökmələri, məzarları qazaraq meyitləri çıxarmaları, qəbirlərdə qızıl axtarmaları barədə çox sayda iddialarla qarşılaşırdım. Uzun axtarışdan sonra bu prosesdə itirak edən şəxslərdən biri olan Əli Sarıyevlə görüşdüm.

Əli Sarıyev yunan-roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi idi. O, 1993-cü il oktyabrın 31-də yolu azaraq ata-anası və əmisi qızı ilə birlikdə ermənilərin əlinə keçmişdi. Bundan sonra digər əsirlərimiz kimi ermənilər onları da işğal etdikləri ərazilərdə işlətməyə gətiriblər.

Qor adlı erməni onlara deyib ki, Ağdamdakı qəbiristanlıqlarda işləyəcəklər. Ermənilər qəbirləri qızılaxtaranla axtarır, qurğudan siqnal gəldikdə isə girovlara həmin qəbirləri qazdıraraq qızılları çıxartdırıblar. Beləcə, onlarla qəbir qazılıb, içərisindəki qızıllar götürülüb. Ağzında qızıl dişi olan cəsədlərin dişləri sökülüb, sümükləri təkrar qəbirlərə atılıb.

Əli Sarıyevin bu xatirələri, təbii ki, şüurumda çox dərin iz buraxmışdı. Ona görə də ərazilər işğaldan azad edildikdən dərhal sonra ilk imkan yaranan kimi qəbiristanlıqlara üz tutdum.

Ağdam rayonunun 10 noyabr üçtərəfli bəyanatının tələblərinə əsasən ermənilər tərəfindən boşaldılmasının ertəsi günü hərbçi dostumla Yusifcanlı kəndinin qəbiristanlığına getdik. Kənd qəbiristanlığı müharibədən bəlkə də ən çox nəsibini alan məkan idi. Qəbiristanlığın bir başında erməni postları hələ qalırdı, digər başında isə Azərbaycan əsgərləri xidmət aparırdı.

Hələ bu azmış kimi, qəbiristanlığın içərisindən də səngər keçirdi. Təsəvvür edin, kənd qəbiristanlığı bizimkilərlə ermənilər arasında “neytral zona” vəziyyətinə düşmüşdü. Atəşkəs hər dəfə pozulanda, ən çox “güllələnən” məhz qəbirlər olurdu. Qəbiristanlığın içərisindən keçən səngərin üstü ilə gedirik. Bir neçə baş daşı səngərin içərisində qalmışdı. Qəbiristanlığın ortasına çatdıqda, iki qəbrin arasından keçən səngərlə rastlaşıram.

Qəbirlərin ön tərəfinə gəldikdə məlum olur ki, bu qəbirlər iki bacıya məxsusdur. Bir qədər də diqqətlə baxdıqda səngərin iki yox, dörd bacının qəbrini bir-birindən ayırdığı görünür. İki bacı qucaq-qucağa (İslam dinində bir qəbrə iki nəfərin dəfn olunması qadağan edilməyib) əbədi yatıb, digər ikisi isə yan-yana. Taleyə baxın. Mürşüd kişinin qızları – Şayə, Səringül, Təyyarə, Elmura da müharibə qurbanlarıdır.

Mürşüd kişi İkinci Dünya Müharibəsinə yollananda evdə 5 qız övladı qoyub gedib. Onlardan 4-ü xəstəlik və aclıqdan dünyalarını dəyişiblər. İkinci Dünya Müharibəsi bacıları həyatdan, Qarabağ müharibəsi onların məzarını bir-birindən ayırıb. Əslində, o bacıların qəbirləri müharibələrin yaşatdığı dəhşətləri anlamaq üçün misilsiz “əyani vəsait”dir… Kənd qəbiristanlığındakı qara mərmərdən olan bütün qəbir daşları sökülüb aparılıb. Bir də qəbirlərin başdaşılarının arxa tərəfi oyulmuşdu…

Bunun səbəbini Birinci Qarabağ müharibəsində o istiqamətdə gedən döyüşlərdə iştirak etmiş ehtyatda olan zabit Soltan Mirzalıyevdən öyrənirik. Onun sözlərinə görə, ermənilər bütün qəbirlərin başdaşılarının arxasını oyub, xüsusi məftillə kəllə hissəsini çıxarıb qızıl dişləri sökürdülər. Azərbaycan hərbçiləri yeni mövqeləri hazır etdikdən sonra o məftillər də sübut kimi götürülüb.

Kəndimizə doğru hərəkət edirəm. Xəyalımda qoruyub saxladığım kənddən əsər-əlamət qalmayıb. Yolları dəyişdirilib, kəndin ortasından iki müdafiə xətti keçib. Evlər dağıdılıb, böyük ağacların hamısı kəsilib. Kəndin ətrafındakı palıd meşəsində, demək olar, bir dənə də ağac qalmamışdı. Daha sonra Əli Sarıyevin verdiyi koordinatlar üzrə Ağdamdakı digər qəbiristanlıqlara gedirik. Qəbirlərin böyük hissəsi qazılıb çıxarılıb. Bəzi qəbirlərdə mərhumların sümükləri qalsa da, bir çox qəbirlər tamamilə boşdur.

Tibdə insan sümüklərindən istifadə geniş yayıldığı üçün yoxa çıxmış skelet qalıqlarının taleyi barədə fikir yürütmək olar. Məlumdur ki, son illər stomatologiyada yeni implant texnologiyalarında emal edilmiş sümükdən geniş istifadə olunur. Araşdırmalar göstərir ki, bir neçə ölkədə implant üçün insan sümüyündən də istifadə edilir. 44 günlük müharibədən əvvəl də ermənilərin qəbirlərdən çıxardıqları sümükləri üyüdərək xaricdəki “qara bazar”a çıxardıqlarına dair məlumatları əldə edilmişdi. Yarımfabrikat insan sümüyünün “qara bazar”da 1 qramının təqribən 200 avroya satıldığını müxtəlif mənbələr də təsdiqləyir. Bundan əlavə, Almaniya, Avstraliya kimi ölkələrdə insanın bud sümüyündən hazırlanan vintlərdən istifadə edildiyi də çoxdan heç kimə sirr deyil. Heç şübhəsiz, qəbirlər təkcə qızıl axtarmaq üçün yox, həm də sümüklərin çıxarılıb satılması üçün qazılıb.

Ağdamın ən qədim qəbiristanlığı Qarağacı sayılırdı. Müharibədən sonra məlum oldu ki, həmin qəbiristanlıq yer üzündən silinib. Məzarlardakı sümüklər çıxarılıb, qəbiristanlığın yeri isə əkin sahəsinə çevrilib. Yüz illər boyunca mərhumların son ünvanı olan o qəbiristanlıq artıq tarixin yaddaşına köçüb… Ağdam rayonu Mollalar kəndindəki qəbiristanlıq da Qarağacı qəbiristanlığının taleyini yaşayıb. Oradakı qəbirlər də dağdılıb, mərhumların qalıqları yoxa çıxıb, yerində isə ermənilərə aid bir abidə ucaldılıb.

Qəbirlərlə yanaşı, saysız-hesabsız ev də dağıdılıb. Bir qədər araşdırma apardıqdan sonra məlum olur ki, dağıdılan evlərin daşları sökülüb Ermənistana aparılıb. Müharibə vaxtı səhra komandiri olan, sonradan isə Ermənistan prezidenti seçilən Serj Sərkisyan üçün Mısmana kəndində tikilən villanın inşasında da Ağdamdan aparılan daşlardan istifadə edilib. Erməni əsirliyində olmuş Anar Məmmədov, Amil Əhmədov və Afin Yəhyayaev o evlərin söküntüsündə iştirak ediblər. Əli Sarıyev bildirir ki, Sərkisyanın villasının tikintisində onları da fəhlə kimi işlədiblər. İrandakı mənbəmizdən aldığımız məlumata görə, 1995-ci ildən sonra ermənilər 100-200 dollar qarşılığında iranlıların Qarabağdakı azərbaycanlı evlərini söküb daşlarını aparmağa şərait yaradıblar.

Xocavənd rayonu Edilli kəndi dağların qoynunda yerləşir. Oraya gedərkən yollar diqqətimi çəkdi. Kəndin yollarına ev tikintisində istifadə edilən daşlar döşənmişdi. Həmin kənddə yaşayan bir erməni sosial şəbəkədə etiraf etmişdi ki, kəndin yollarını Füzuli rayonundan söküb gətirdikləri daşlardan çəkiblər.

İstənilən müharibənin dəhşətli olduğunu bilirik. Onu da eşidib-bilirik ki, müharibələr, adətən, ordular arasında aparılır. İşğaldan azad edilmiş ərazilərimizi dolaşdıqca aydın olur ki, Qarabağ müharibəsində sadəcə orduya deyil, flora, fauna, tarixi abidlər, evlər, hətta qəbirlərə qarşı da savaş aparılıb…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics