9.05.2021

Savaş ritorikası və səfərbərlik fəallığı... Bu, müharibənin yenidən başlayacağı deməkdir?

Son günlər cəmiyyətimizdə müharibə ritorikası artmaqdadır. Bunun müxtəlif səbəbləri var.

Qarabağın işğaldan tam azad edilməməsi, Qarabağın dağlıq hissəsində hələ də erməni silahlılarının qalması və Ermənistanda revanşistlərin fəallaşması insanların beynində müharibənin yenidən başlayacağı düşüncəsini qabardır.

Son günlər Ermənistanda hərbi çevriliş cəhdi, generalların baş nazir Nikol Paşinyanın istefasını tələb etmələri bu qənaəti gücləndirib. Müharibənin bitdiyini deyirik, ancaq hər birimiz yaxşı bilirik ki, müharibə sülh müqaviləsi ilə bitir. 44 günlük müharibədən sonra əlimzdə olan tək şey üçtərəfli bəyanatdır. O bəyanatın icrasının qarantı isə Rusiyadır.
1994-cü il mayın 12-dən qüvvəyə minən Bişkek protokoluna əsasən, atəşkəs elan edilmişdi. Ancaq 30 ilə yaxın müddətdə rəsmən atəşkəs olsa da, istər Azərbaycan, istərsə də Ermənistan tərəfindən kifayət qədər itkilər olub. Yəni protokol, ya bəyanat müharibənin tam bitdiyini təsdiq edən sənəd deyil. Ona görə də, sülh müqaviləsi imzalanana qədər müharibə ehtimalı qalmaqdadır.

Müharibə ilə bağlı söz-söhbəti artıran məsələlərdən biri də son günlər kimlərinsə Səfərbərlik Xidmətinə çağırılması haqda informasiyaların sosial şəbəkələrdə yayılmasıdır. Əldə etdiyim məlumata görə, belə bir məsələ yoxdur. Səfərbərlik prezidentin qərarı ilə elan edilir. Necə ki, müharibə dövründə qismən səfərbərlik elan edilmişdi.

Kimlərinsə ehtiyatdan Orduya çağırılması isə son dərəcə normal bir haldır. Əslində, çağrılmaların insanları narahat etməsinə səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin öz işini düzgün qura bilməməsindədir. O qurum davamlı olaraq ehtiyatda olanları toplanışlara çağırıb, onları təlimlərə cəlb etməlidir. Bu praktika təkcə müharibə şəraitində yaşayan ölkələrdə yox, ən dinc dövlətlərdə də yayılıb.

Banklar ölkəsi sayılan, bəlkə də dünyada müharibələrdən ən çox sığortalanan İsveçrədə də belə toplanışlar olur, təlimlər keçirilir. Bu səbəbdən də, əgər ehtiyatda olanların Orduya çağırılması halları varsa, bu, sözügedən qurumun öz funksiyasını yerinə yetirməsi deməkdir.

Azərbaycan Ordusunun döyüş vəziyyətinə gətirilməsi barədə informasiya yayılıb. Döyüş vəziyyətinə gətirilmə də müharibə etmək anlamına gələ bilməz. Ermənistanda məlum hadisələr baş verir. Azərbaycan dövlət təhlükəsizliyi üçün təbii ki, ordunu döyüş vəziyyətinə gətirməlidir.

Təsəvvür edin, Ermənistanda hərbi çevriliş baş verdi. Nəinki Azərbaycan, Ermənistanla qonu olan bütün dövlətlər sərhəddə yaxın qüvvələrini döyüş vəziyyətinə gətirəcək. Gətirməlidir. Səbəb qorxmaq, çəkinmək, müharibə olacaq məsələsi deyil. Məsələ dövlət təhlükəsizliyidir.

Bu, təkcə Ermənistanla bağlı məsələ də deyil. Bu cür hadisələr İranda, Rusiyada, Gürcüstanda, Türkiyədə olsa belə, eyni addım atılacaq. Bunu birdəfəlik qəbul etmək lazımdır. Belə deyək, bu bir prosedur qaydasıdır.

Gələk, müharibə ehtimalına. Təkrar edirəm, sülh müqaviləsi olmadığı üçün müharibə ehtimalı hər zaman var. Reallıq isə tamam fərqlidir. Ermənistan ordusu demək olar, darmadağın edilib, ciddi texnika və canlı qüvvə itkisi verib. Doğrudur, Rusiya texnika ilə Ermənistanı təmin etməkdədir.

Bu gün Təbrizdə yaşayan dostlar fotolar göndərdi ki, Ermənistana hərbi texnikalar aparılır. Ancaq başqa məsələləri də göz önünə almalıyıq. Əvvəla, bütün istiqamətlərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir. Buna yüksəkliklər və nəqliyyat yolları da daxildir. Üstəgəl, Ermənistan ordusunun qarşısında həmin ordu üzərində qələbə qazanmış bir Ordu dayanıb.

Ermənistan dövləti müharibənin təkrar başlamasında maraqlı deyil. Bunu həm siyasi, həm də hərbi gedişat göstərir. Səbəblərdən biri budur ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin çəkilməsinə heç bir maneçilik törətmir. Bəzi kiçik insidentlər olsa da, ümumilikdə sərhəd xətti haradan keçirsə, oranı boşaldır və təhvil verirlər.

Siyasi baxımdan isə rəsmi İrəvan Qarabağ yükünü üstündən atmaq üçün hər cür addımlar atır. Ermənistan əhalisi də bunda maraqlı görünür. Çünki müharibədə məğlub olmuş ölkə rəhbərini dəstəkləmək onun göstəricisidir ki, ermənilər də Qarabağ yükündən qurtulmaq istəyirlər. Qalır revanşistlər və separatçılar.

Sonunculara görə, Azərbaycan dövlətinin anti-terror əməliyyatları keçirəcəyi görünür və hətta deyərdim ki, bu, labüddür. Ermənistan üzərinə bəzi öhdəliklər götürüb və bunu verilən vaxta qədər yerinə yetirməlidir. Bu, yerinə yetirilməsə, Azərbaycan yenə anti-terror əməliyyatına başlaya bilər.

İndiki müharibə ritorikası iki cəmiyyəti də başqa problemlərdən uzaqlaşdırmağa hesablanıb. Yəni yaxın zamanda müharibə gözlənilmir deyə bilərik. Hər silahlı qarşıdurma da müharibə sayılmır. Bölgənin tarix boyu müharibə meydanına çevrildiyini nəzərə alsaq, hər zaman müharibəyə hazır olmalıyıq.

Əsas olan budur.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics