1.08.2022

Qarabağda müharibənin başlaması niyə real deyil? - Səxavət Məmməd yazır

Demək olar ki, hər gün “Müharibə başlayacaq” anonsları eşidirik.

Məsələ ondadır ki, müharibənin başlaması üçün müəyyən şərtlər lazımdır. Birbaşa gələk Qarabağ məsələsinə. Hesab edirəm ki, Qarabağda müharibənin başlaması üçün bütün hədlər keçilməyib. Birincisi, siyasi böhran pik həddə çatmayıb. Yəni tərəflərin XİN rəhbərləri yaxın zamanda ən son Gürcüstanda görüşə bilmişdilər. Həmin görüşdən sonra isə müsbət bəyanatlar verilmişdi. 44 günlük müharibədən öncəki dönəmə nəzər salsaq, tərəflər, demək olar, aylar idi ki, görüşmürdü. Siyasi böhran müharibənin olacağını açıq şəkildə deyirdi. Müharibədən əvvəl Azərbaycan tərəfinin Ermənistan tərəfinə göstərəcəyi yumşaq gücü belə yox idi. Əldə yalnız BMT-nin 4 qətnaməsi var idi. O qətnamələr yumşaq idi, ancaq heç bir gücü yox idi. Məsələ ondadır ki, hazırda Azərbaycan tərəfinin əlində yumşaq gücü var və bu tüknməyib. Məntiq və müharibə qanunauyğunları onu deməyə əsas verir ki, hazırkı gərginliyin süni çalarları çoxdur.

Rusiya-Ukrayna müharibəsini də misal çəkə bilərik. Rusiya 150 minə yaxın qoşunu Ukrayna sərhədinə yerləşdirdi. O qoşundan təhdid kimi istifadə etdi. Yumşaq güc göstərisini də artırdı. Ta o həddə kimi ki, siyasi böhran pik mərhələyə çatdı, yumşaq güc keçərsiz oldu və müharibəyə start verildi.

Daha bir misal: Fərrux əməliyyatı. Erməni tərəfi müxtəlif bəyanatlar səsləndirdi: Yol kəsmələr, səngər qazmalar, Azərbaycana qarşı müxtəlif təxribatlar. Azərbaycan tərəfi nə etdi? Yumşaq gücdən istifadə etməyə başladı. Səsgücləndiricilərlə qarşı tərəfə azan, uvertüra, himn səsləndi, psixoloji müharibə apardı. Görəndə ki, yumşaq güc işə yaramır, əməliyyat qərarı alındı və cəmi iki saata əməliyyat uğurla yekunlaşdı. Çünki Fərruxsuz Ağdama vəsait yatırmaq risk idi.

Hazırda biz bunların, demək olar ki, heç birini görmürük.

Əslində, müharibədən sonra və Rusiya-Ukrayna müharibəsinin gedişi zamanı yazılarımda qeyd edirdim ki, baş verənlər dünyanın bir neçə yerində münaqişə ocaqlarını yenidən alovlandıracaq. Bəziləri bunları ciddiyə almırdı. Ancaq son günlər baş verənlər onu deməyə əsas verir ki, münaqişə ocaqları alovlanmaqdadır. Hesab edirəm ki, hələ diqqətdən yayınmış münaqişə ocaqları da alovlana bilər: Kosovo-Serbiya, Çin-Tayvan, Moldovada qaqauzların ayağa qalxması, İran-Əfqanıstan, Suriyada yenidən hərəkətlilik.

Bütün bunların fonunda hesab edirəm ki, İran tərəfi əbəs yerə “Sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyik” bəyanatını səsləndirməyib. Yəni baş verən proseslərə həm də güclərin savaşı kimi də baxmaq lazımdır. İranın hər səsləndirdiyi bəyanat Azərbaycanda, xüsusilə sosial şəbəkədə lağ obyektinə çevrilsə də, unutmaq olmaz ki, İranın minimum min illik dövlətçilik tarixi var.

Yuxarıda qeyd etdim ki, Qarabağ ətrafındakı gərginlik məntiqə və müharibə qanunauyğunluqlarına əsaslanmır. Ancaq dünyada baş verən proseslərə diqqət edəndə məntiq və qanunauyğunluq yerinə oturmuş olur. Bəzən yeni dünya düzəni deyirlər. Yeni dünya düzəni heç vaxt dinc yolla yaranmayıb. Nəzərə alsaq ki, bir çox ölkələr siyasi xəritədən və ərazi bölgüsündən narazıdır, onda dünyada yaxın illərdə hələ bir neçə müharibə görmə ehtimalımız olacaq.

Bundan əlavə, dünyada baş verən proseslər bəzi ölkələrin də iştahasını qabardır. Güclü tərəflər problemlərini həll etmək üçün hərəkətə keçirlər. Bəzən buna böyük güclər də göz yumur. Serbiya ilə Kosovo arasındakı gərginlikdə hesab edirəm ki, Rusiya səbəbkar deyil, ancaq Avropanın mərkəzində belə bir münaqişənin olması Rusiya üçün göydəndüşmədir. Çünki özünə qarşı olan güclər parçalanacaq, ən azı diqqətlərini başqa istiqamətə ayıracaqlar. Həmçinin Çinlə Tayvan arasında baş verə biləcək münaqişə də. Ən azı ABŞ ilə Çin açıq qarşıdurmaya gedəcək. Silahlı olmasa da.

Dünyada baş verənlər fonunda Azərbaycanın vəziyyəti qəlizdir. Birincisi, Qarabağda iki yad hərbi qüvvə var. İkincisi isə İran faktorudur. Düzdür, ortada Türkiyə amili də var. Azərbaycanın arxalanacağı güc Türkiyədir. Ancaq İranla Rusiya bu məsələdə ortaq hərəkət edir. Bunu Tehran sammitindən də gördük. Digər bir faktor isə ABŞ-dir. ABŞ son vaxtlar Ermənistana xüsusi diqqət ayırır. Cənubi Qafqazda ABŞ əvvəlllər “işini” Gürcüstan üzrəindən görürdüsə, indi bu mərkəz Ermənistana köçürülməkdədir. Ona görə də məsələ görüldüyündən də qəlizdir.

Yuxarıda da qeyd etmişdim ki, Qarabağ ətrafındakı gərginlikdə sünilik çaları daha çoxdur. Sosial şəbəkədə, xüsusilə “TikTok” platformasında müharibə zamanı çəkilmiş kadrlar servis edilir. Bunun bir neçə faizi “qaza gəlmiş” adamların işi ola bilər. Ancaq burada görünməyən bir əlin olmasını da sezmək mümkündür.

Yenə də öz fikrimdə qalıram. Müharibə ehtimalı son dərəcə azdır, xüsusi əməliyyatın keçirilmə ehtimalı isə müharibədən sonra həmişə aktual olub və sülh müqaviləsi bağlanana qədər də aktuallığını qoruyub saxlayacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics