Məsələ ondadır ki, müharibənin başlaması üçün müəyyən şərtlər lazımdır. Birbaşa gələk Qarabağ məsələsinə. Hesab edirəm ki, Qarabağda müharibənin başlaması üçün bütün hədlər keçilməyib. Birincisi, siyasi böhran pik həddə çatmayıb. Yəni tərəflərin XİN rəhbərləri yaxın zamanda ən son Gürcüstanda görüşə bilmişdilər. Həmin görüşdən sonra isə müsbət bəyanatlar verilmişdi. 44 günlük müharibədən öncəki dönəmə nəzər salsaq, tərəflər, demək olar, aylar idi ki, görüşmürdü. Siyasi böhran müharibənin olacağını açıq şəkildə deyirdi. Müharibədən əvvəl Azərbaycan tərəfinin Ermənistan tərəfinə göstərəcəyi yumşaq gücü belə yox idi. Əldə yalnız BMT-nin 4 qətnaməsi var idi. O qətnamələr yumşaq idi, ancaq heç bir gücü yox idi. Məsələ ondadır ki, hazırda Azərbaycan tərəfinin əlində yumşaq gücü var və bu tüknməyib. Məntiq və müharibə qanunauyğunları onu deməyə əsas verir ki, hazırkı gərginliyin süni çalarları çoxdur.
