26.07.2022

AzTV-nin tənqid imitasiyası, AMEA-nın "demokratiyası" - Səxavət Məmməd yazır

Avropa ölkələri, xüsusilə Almaniyanı tənqid yönündə formalaşan AzTV-nin tənqid “maşını” bəlkə də ilk dəfədir ki, ölkəyə ayaq açıb.

AzTV ilk Azərbaycan Milli Elmlər Akademiyasını hədəf seçib. Əslində AzTV-nin AMEA-nı tənqid etməsi Almaniyanın dağılması qədər uğurlu alınıb.

Müxbirin stendapdan dövlət büdcəsindən ən çox pul ayrılan qurumlardan biri olan AzTV-nin işinə nə qədər peşəkar yanaşdığını ortaya qoyur. Müxbir deyir: “Saat 18:00-dır. Yəni iş saatı yekunlaşır. Biz hazırda AMEA-nın binasının qarşısındayıq. 15-20 dəqiqədir burda olmağımıza baxmayaraq bu böyük elm ocağından işçilərin çıxdığını müşahidə edə bilmirik. Bu da Azərbaycan elminin vəziyyəti ilə bağlı əsaslı şübhələr yaradır”.

Alimlərin saat 18:00-da çıxması və ya çıxmaması Azərbaycan elmini necə əsaslı şübhə altına alır onu biz bilmərik, “İsveç bilim insanları” bilər. Əslində AzTV məlum sujetin elə 50-ci saniyəsində özü-özünü təkzib edir. Mühafizənin rəisi bildirir ki, alimlərin 70-80 faizi məzuniyyətdədir. Ümumiyyətlə, ilin günün bu vaxtı dünyanın hər yerində məzuniyyət sezonu olduğunu bilməmək özü də süjeti hazırlayanların peşəkarlığını ortaya qoyur.

Yəni qaş düzəltdikləri yerdə göz çıxarıblar desək yanılmarıq. Yüzlərlə AMEA-nı tənqidi məqalələr və sujetlər içərisində yeganə bu sujet oldu ki, qurumu haqlı çıxardı. Almaniyanı necə dağıdırdılarsa, AMEA-nı da elə yerlə bir ediblər…

Əslində məlum sujetdən sonra AMEA rəsmi açıqlama verməsə də olardı. Çünki mühafizənin rəisi hər şeyi etdi. Tarixində AMEA-nı hələ elə müdafiə edən olmamışdır. Əslində o şəxsə yaxşı mükafat düşür. AMEA rəhbərliyi bunu mütləq nəzərə almalıdır.

AzTV-nin seçdiyi hədəf o qədər tənqid olunub ki, artıq qurumun tənqidə qarşı immun sistemi yaranıb. Nə olsun COVID-19-a qarşı şeir yazmaq tapşırığı almışdılar. Ancaq tənqid məsələsində qurum gələcək yüz il üçün belə immun yığıb. İmmun sistemi elə bir həddədir ki, AzTV-nin AMEA-nı tənqid edən sujetini belə qurum öz rəsmi saytına yerləşdirir. Hətta xəbərin başlığında belə “fəaliyyəti” sözünü dırnaq içərisində verə bilir. Özünü tənqidin bu qədəri Azərbaycanda görülməmiş işdir.

Bir çoxları yazır ki, AMEA-da o sujetə heç baxmayıblar, elə necə var sayta yerləşdiriblər. Şeytan adamın beyninə başqa fikirlər də gətirir. Bəlkə elə bilərəkdən rəsmi sayta həmin sujeti yerləşdiriblər və başlıqda da fəaliyyəti sözünü dırnaqda verib, AzTV-yə mesaj yollayırlar ki, “get Almaniyanı dağıt” biz nələr görmüşük, bu nədir, hətta o qədər boş tənqiddir ki, rəsmi sayta da veririk. Ola bilər mi? Burada hər şey olar.

AMEA-nın fəaliyyətinə gəldikdə isə, AzTV elm ocağının niyə ağsaqqallar yığıncağına döndüyünün səbəblərini də araşdıra bilərdi. AMEA son illər “vurulmuş” məmurların son sığınacağı olub.

Uzun illərdir ki, AMEA-nın fəaliyyətsizliyindən saysız hesabsız yazılar yazılıb. Hətta qurumun lazımsız olduğunu belə müdafiə edənlər var. Quruma ayrılan pulların necə mənimsənilməsini, gənc kadrların necə sıxışdırılmasını, müxtəlif layihələr adı altında pulların necə yeyilməsini, elmi işlərin hansı qiymətə yazılmasını, məmurların hansı yollarla müdafiə etməsini AzTV araşdıra bilər. Bu məndən AzTV-yə işləməsi üçün mövzu…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics