13.07.2022

Canından bezdirilən qazilər, “Xan” tövrü göstərən məmurlar və günahkar çıxarılan cəmiyyət - Səxavət Məmməd yazır

Müharibənin aktiv fazası bitdi, canı, qanı bahasına torpaqları işğaldan azad edənlərə, ölkənin ərazi bütövlüyünü bərpa edənlərə qarşı sanki bir səlib yürüşü aparılır. Bir çox qazilər baş verənlərə məntiqli cavab tapmadığı üçün belə deyirlər: “sanki düşmənə yox, bəzilərinin qohumlarına güllə atmışıq, ona görə bizə qarşı belə davranırlar”.

Açığı mən də baş verənlərə məntiqli cavab tapa bilmirəm. Hərdən düşünürəm ki, bəlkə “barıtını çox etmişik”. Müharibə vaxtı “Hər şeyə görə əsgərlərimizə borcluyuq”, – deyirdilər. Düşünürdük ki, o əsgərlər müharibə bitəndən sonra üstümüzə veteran, əlil kimi qayıdanda, onları əl üstündə saxlayacaqlar.

Əslində narazı olan qazilər haqlıdırlar. Biz bəzən məsələləri ya həddindən artıq çox şişirdirik, ya da çox kiçildirik. Məsələni düşmən üzərində qələbə çalmaq kimi təqdim etməklə kiçiltmə edirik. Çünki məsələ sadəcə, düşmən üzərində qələbə yox, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü idi. Müharibədən əvvəlki münasibətlə, müharibədən sonrakı münasibəti hər birimiz öz həyatımızda görürük.

Əgər sıravi bir vətəndaş bunu görürsə, təsəvvürə gətirin, dövlət qurumları və məmurlar bunu öz üzərlərində necə hiss edirlər. Bu qələbə necə, kimin hesabına qazanılıb? Politoloqlar, şərhçilər, rəsmilər şövqlə deyirlər ki, indi Azərbaycan diqtə edən tərəfdir. Diqtə edən tərəfə necə çevrildik? Həmin o qazilərin, şəhidlərin hesabına!

Yəni məsələ təkcə düşmən üzərində qələbə deyil və olmamalıdır! Qazi intihar məcburiyyətinə salınır, yaşayışından narazılıq edir, ancaq dövlət qurumları, bəzi “qələm fədailəri” isə təkidlə “üç meymun” moduna girirlər. Qazi özünü yandırır, son çıxışında qurban gedəcəyini deyir, ancaq onu heç kim dayandıra bilmir. Necə olur, ən adi bir yazıya, tənqidə görə adamı yerin deşiyindən də olsa, tapıb çıxarırlar, ancaq qazinin narazılığından vaxtında xəbər tutmurlar?

Buna qətiyyən inanmıram! Qazi özünü yandırır, əvəzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) qaziyə verilən pulu sayır. Sizə kim dedi ki, özlərinə qəsd edən qazilərin hamısı maddi çətinliyə görə intihara əl atır?

Sabirabadın icra başçısı deyir ki, özünü yandıran qazinin psixoloji problemləri var idi. İcra başçısı belə o diaqnozu qoya bilirsə (biz icra başçılarının çoxunu ancaq kalkulyatorda yaxşı işlədiyini bilirik, səhv anlaşılmasın), görün psixoloqlar onlarla işləsə, nələri ortaya çıxararlar.

Bəziləri isə bu məsələni böyütməməyə çağırırlar, qazinin başına gələnə görə etiraz edənləri hədəfə alırlar. Qarabağ üçün hər şeyə hazırıq, demişik! Ac-susuz qalarıq, təki Qarabağ işğaldan azad olunsun, demişik! Qarabağ üçün hər şeyə hazırıq deyəndə, əsla düşünmürdük ki, hansısa məmurlar kef çəkəcək, xalq zülm içində çabalayacaq, məmurlar villalarının sayını, vətəndaşlar isə əsəbdən tapdığı xəstəliklərin sayını artıracaqlar, düşmənə güllə atmayanlar milyonlar qazanacaq, xalq isə qəpiyə güllə atacaq, məmurlar dövlətin çətiri altında hər oyundan çıxacaqlar, vətəndaş da yerlərdə sürünəcək!

Biz məgər bunu demişdik? Azərbaycanda dövlət anlayışı ilə hakimiyyət anlayışı o qədər qarışıb ki, artıq bunları bir-birindən ayırmaq mümkün deyil. Deyirlər, bu cür halın baş verməsini gözləyənlər, fürsətdən istifadə etmək istəyənlər var. Lap deyək ki, fürsət gözləyənlər var. Bu “ötürmə”ni onlara verən kimdir? Əslində fürsət gözləyənlərin kimliyi məlumdur. Qrant almaq yanğısında olanlar! Qazi intiharlarını özlərinin gəlir yerinə çevirmək istəyənlər!

İcra başçısı deyir ki, məsələ ilə bağlı prokurorluq araşdırma aparır. Çox gözəl! Cinayət təkcə bu və ya başqa əməlin törədilməsi ilə baş vermir. Cinayət həm də lazımi vaxtda hərəkətsiz qalmaqla baş verir. Aylardır qazilərin vəziyyəti ilə bağlı SOS siqnalı çalınır, ancaq aidiyyatı qurumların heç birindən hərəkət bir yana, heç səs də çıxmır. Çox yaxşı olar ki, prokurorluq bunu da araşdırsın.

Eyni zamanda, cinayət yalnız bilərək deyil, həm də bilməyərəkdən törədilir. Dövlət qurumlarından dəstək görməyən, hətta o məkanlarda sındırılan qazilərin dərin psixoloji sarsıntı vəziyyətində intihara əl ata biləcəyini təxmin etmək çətindir? Ona görə də, prokurorluq orqanlarının bilməyərəkdən baş verən cinayətləri də araşdırması zəruridir. İntihar edənlər təkcə xəstəliyə görə (suisid- intihara meyillilik) canına qıymır. Onları özünü öldürmə həddinə çatdırmaq kimi ciddi səbəb də var. Prokurorluğun bu məqamlara diqqət yetirməsi həmin səbəbləri işığa çıxara bilər.

Maraqlıdır, bu araşdırmaların sonunda kimi cəzalandıracaqlar? Yəqin ki cəzalandırılanların biri intihar olayını kamera ilə çəkən şəxs olacaq. Çünki yanğına görə “JEK” müdirini həbs edənlər bu işə görə gedib naziri sorğu-suala çəkəcəklər, yoxsa özü üçün alibilər fikirləşən icra başçısını saxlayacaqlar? Bunu gözləməyin! Niyə? Çünki presedent yaranmasını istəmirlər. Bir qazi öz dili ilə desək, qurban getdi deyə, yüksək çinli məmuru qurban verərlər? Əsla!

Digər tərəfdən, hadisə qalıb kənarda, yenə də cəmiyyəti günahkar çıxarmaq cəhdləri ilə qarşılaşırıq. Sanki qazilərin problemlərini həll etməyən, onları intihara sürükləyən bu cəmiyyətdir. Geniş baxsaq, cəmiyyətin özü problemlər içində vurnuxur. O qazilərlə məşğul olan qurumlar var, işçiləri dövlət büdcəsindən yaxşı maaş alırlar. Cəmiyyətin o işə görə maaş alanların, amma vəzifəsinin öhdəsində gələ bilməyənlərin atasına borcu var? Təbii ki, yoxdur!

“Mauqli” ləqəbli qazinin son videosuna baxdım. Rəhmətlik deyir ki, icra başçısının uşaqlarına görə döyüşmüşük. Yəni icra başçısının övladları haqqında etikadan kənar heç nə demir. Psixoloji problemi olduğu iddia edilən qazinin də davranışına baxın, onun yas məclisində xan kimi oturan icra başçısının da…

Bu işdə əsla icra başçısını günahlandırmıram. Çünki günahkar yalnız o deyil. Əksəriyyət də belə düşünür ki, qazilərin pulunu sayan ƏƏSMN intiharlara görə əsas məsuliyyətin daşıyıcısıdır. Bu məsələdə ən kritik məqam qazinin “məni elə sındırmamalıydılar” ifadəsidir. Bəli, nə qədər deqradasiyaya uğratsanız da, bu xalq üçün deyilən söz çox önəmlidir.

Bir sözə görə od-alovun içinə də atılır, bir sözə görə özünü də atəşə verməkdən çəkinmir…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics