Bu ölkə şəhid ailələri, qazilər və əlillərin problemləri ilə böyüyüb. İndiyə qədər Azərbaycan ya özü təcrübə toplamalı idi, ya da xarici təcrübəyə müraciət edəcəkdisə, bu addımı çoxdan atmalıydı. Qısası, Azərbaycan ikinci müharibəyə və postmüharibə dövrünün problemlərinə çoxdan hazır olmalı idi. Hazırdırmı? Qətiyyən!
Aylar öncə ordu daxilindəki problemləri, şəhid ailələri, əlillər və veteranların problemlərini araşdırmaq üçün ictimai əsaslarla təşkilat yaratmağa cəhd etdik. Məqsəd araşdırmaq və təkliflərlə çıxış etmək idi. Bir toplantı gerçəkləşdirdik. İlk şərt bu olmuşdu ki, təşkilat öz üzvlərinin müstəqilliyinə mane olmayacaq. Hər kəs əvvəlki kimi fəaliyyətini davam etdirəcək.
Yığıncaqla bağlı informasiya yaydıq. Nəticə nə oldu? Bir neçə internet kanalları bunu müzakirəyə çıxardı və hamısı bir ağızdan bildirdi ki, satılıblar, pul alıblar, qrant almaq üçün yığılıblar. Deyir, xain xoflu olar. Bir təşkilat yarananda heç vaxt düşünmürəm ki, satılıblar və ya satılmaq üçün bu işə girişiblər. İzləyib, sonra qərar verirəm. Kimlər ki pul alıb iş görürsə və ya niyyəti pul qazanmaq üçün iş görməkdirsə, onlar məhz bu məqamdan yapışdılar.
Özünə hörmət edən şəxslər də yığıncaqda qərar verdilər ki, bir daş altdan, bir daş üstdən. Beləcə, o təşkilat heç ölü də doğulmadı. Sual yaranacaq ki, bunları niyə yazırsan? Ona görə ki, son günlər qazilərin intiharının artmasından sonra insanlar yazırlar, uyğun bir təşkilata ehtiyac olduğunu bildirirlər.
Həmin o adamlar bunu deyib, yazır ki, ictimai əsaslarla qurmaq istədiyimiz işə 50 damğa vurdular. Bəziləri var ki, prosesi qızışdırır, sonra qurumlara gedib deyir ki, biz onları sakitləşdirəcəyik və qarşılığında da yaxşıca qazanırlar. Veteranlarla bağlı hər dəfə yazanda bildirmişəm ki, onları bölmək olmaz, ikisi də bir torpaq uğrunda döyüşüb. Biri daha çox ərazilərimizin işğal olmasının qarşısını alıb, digəri isə gedib itirilmiş torpaqlarımızı geri qaytarıb.
Ancaq ikinci müharibənin veteranlarına daha çox diqqət ayrılanda, birinci müharibənin bəzi veteranları gileylənirdi. Anlamırdılar ki, təzədirlər. İndi həmin veteranlar deyirlər ki, bəs o vaxt bizi də sıxırdılar, bizim də çətinliklərimiz var idi, ancaq biz intihar etmirdik, siz niyə edirsiniz? Heç hənanın yeridir? Bu bilirsiniz nəyə oxşayır? Biri özünə yeni nəsə almaq istəyəndə, əslində, xain xislətli, loru dildə desək, qarnı qurdlu bir qohumu böyürdən çıxıb deyir ki, dədən-baban ondan işlədib, sən neynirsən?
“Birinci”lərin də bu cür məsləhəti eynilə o xain xislətli qohumun iradına bənzəyir. Son baş verənlərdən sonra qazilərə münasibətdə “sınanmış” üsula əl atılıb. Parçala və hökm et. Artıq qazilər bir-birinə qarşı qoyulur. Bir-birilərini “satılmaqda” ititham edən qruplaşmalar yaranır. Ortada bir problem var. Ondan çıxış yolu tapmaq lazımdır. Parçalamaq, üz-üzə qoymaq problemin həlli ola bilməz! Bu, sadəcə problemi dərinləşdirəcək.
Bunun üçün nə etmək lazımdır? İlk növbədə dərnəklər yaradılmalıdır. Hər rayonda, kəndlərdə qazilərin toplanması üçün bir yer ayrılmalıdır. Bu, çayxana da ola bilər. Əslində, bunun bir analogiyası var. Aprel döyüşlərindən sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) tərxis olmuş hərbçiləri hər gün bir çayxanada yığışırdılar, danışıb-dərdləşirdilər, bir-birilərinin problemlərinə birlikdə çarə tapmağa çalışırdılar.
Bildiyim qədər bu həmrəylik davam edir. Ümumiyyətlə, XTQ-də xidmət keçənlər demək olar, hər zaman eyni məkana toplaşırlar. Söhbət artıq xidmətdə olmayanlardan gedir. Çünki onları onlardan yaxşı heç kim başa düşə bilməz! Bunu digər qazilər niyə edə bilməsinlər? Çox çətindir? Halal xoşunuz olsun, gedin bu yazdıqlarımı həyata keçirin, hətta dövlət qurumlarından yaxşı pul da alıb yeyin, ancaq əməl edin.
Son günlər bir çox məmurlar da hərəkətə keçiblər. “Dejurnı” veteranları başlarına yığıb, özlərini təriflətməyə, qazilərə dəstək verdiklərini dilə gətirməyə başlayıblar. Kimsə deyəcək ki, niyə o veteranlara “dejurnı” deyirsən? Çünki başqa cür ifadə seçmək mümkün deyil. Hər zaman əl altındadırlar, hara çağırsalar, gedirlər, veteran yoldaşlarını məmurun bir təbəssümünə qurban verirlər.
Bir qrup şəhid ailəsini, qazini və əlili də “media ulduzu”na çeviriblər. Hər yerə eyni adamları dəvət edirlər, hər tədbirdə eyni adamlar çıxış edir və hər şeyin yaxşı olduğunu demək lazım olanda da o adamlara mikrafon uzadılır. Digərlərinə hörmət etmirsiniz, heç olmasa, özünüzə hörmət edin. Yazdıqlarımın yiyəsi çoxdur, kimin boynuna nə qədər yük düşər, düşər. Onu da mən bölməyəcəm ki…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder