26.07.2022

Antiterror əməliyyatları harada keçirilməlidir? - “Yenidən müharibə ehtimalı”… - Səxavət Məmməd yazır

Qarabağ müharibəsinin aktiv fazası bitəndən sonra sayını itirmişəm, artıq neçənci dəfədir ki, yeni müharibənin başlayacağını deyirlər, yazırlar.

Konkret bir səbəb göstərilir mi? Yox!

Bu cür müharibə ehtimalının cəmiyyət arasında artması iki səbəbdən baş verir.

Birinci ehtimal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ehtiyatda olanları toplanışa çağıranda baş verir. Əslində məlum Xidmət öz işini düzgün görsə, bu heç kimi təəccübləndirməz, hamıya rutin kimi gələrdi. Müharibəyə qədər Xidmət demək olar ki, bu yöndə heç bir iş görmürdü. Xidmətin başı yalnız “neqodnıy” çıxarmağa qarışmışdı.

Müharibə zamanı isə xidmət sözün əsl mənasında təcrübəsizlikdən başını itirmişdi. Xidmətdə sistemsizlik öz sözünü deyirdi. Xidmətin üzünü ağ edən könüllü ərizə yazanlar olurdu. Xidmətə verilən “qulaqburmasından” sonra ehtiyatda olanların toplanışa cəlb edilməsi baş verdi. Artıq neçənci dəfədir ki, bu hal yaşanır. Yəni Azərbaycan cəmiyyəti birdəfəlik anlamalıdır ki, ehtiyatda olanların toplanışa çağırılması ancaq müharibə ilə bağlı deyil və olmamalıdır.

İkinci məsələ isə siyasi böhrandır. İstər erməni tərəfinin, istərsə də Azərbaycan tərəfinin sərt bəyanatları müharibə ehtimalını artırır. Hesab edirəm ki, müharibə ehtimalı sıfıra bərabərdir. Qarabağda olsa-olsa sülhə məcburetmə və ya anti-terror əməliyyatı baş verə bilər. Bunu aşağıda bir qədər açmağa çalışacam.

Gələk siyasi böhrana. Bütün müharibələr siyasi böhranın nəticəsində baş verir. Yəni məsələlər masada həll olunmursa, siyasi böhranın sonu hərbi böhranla nəticələnir. Son günlər açıq şəkildə Ermənistanla Azərbaycan arasında siyasi böhranın olması görünür və bu böhran pik həddə doğru inkişaf edir. Azərbaycan tərəfi bilir ki, Qarabağın işğaldan azad edilməmiş hissəsindən qanunsuz erməni silahlıları çıxmayana və orada Azərbaycanın rəsmi qurumları fəaliyyət göstərməyənə qədər problem açıq olaraq qalacaq.

Yeri gəlmişkən “Qarabağın işğaldan azad edilməmiş hissəsi” deyib, yazanda bəzilərinin xətrinə dəyir. Ancaq elə həmin adamlar müharibə məsələsi gündəmə gələndə dərhal deyirlər ki, Azərbaycan ordusu anti-terror əməliyyatı keçirməlidir. Azərbaycan ordusu harada keçirəcək bu əməliyyatı? Ermənistanda?

Qarabağda müharibə ehtimalı çox aşağıdır.

Birincisi, Azərbaycan ordusu ilə Ermənistan ordusu savaş meydanında qarşı-qarşıya gəlmək üçün mütləq Rusiya sülhməramlıları aradan götürülməlidir. Nəinki Azərbaycanın, dünyanın bir çox dövlətinin Rusiya ordusunun üzərinə getmək kimi bir lüksü yoxdur.

Deyəcəklər ki, Ukrayna gedir! Xeyr! Ukrayna sadəcə olaraq müdafiə olunur. Hətta işğala məruz qalsa da müharibə belə elan etmir, edə bilmir.

Azərbaycanın hansısa addım atması üçün təkcə özünün yox, həm də dəstəkçilərinin qərarı önəmlidir.

Türkiyədə prezident seçkiləri yaxınlaşır. Ərdoğan postunu qorumaq üçün mübarizəyə başlamalıdır, daha dəqiq desək, artıq başlayıb. İngiltərədə baş nazir istefa verib. Hökumət formalaşmayıb. ABŞ administirasiyası isə Qarabağ müharibəsindəki kimi boş deyil. Rusiyanın vəziyyəti hər nə qədər ağır da olsa, regional münaqişələrdə söz sahibliyini qoruyub saxlayır. Bunun üzərinə İranın oyunlarını gəldikdə isə vəziyyətin son dərəcə qəliz olduğunu görə bilirik.

Ermənistan hakimiyyəti də bütün bunların fərqindədir. Ona görə də, istənilən formada oynayır. Bir gün ancaq peşəkar hərbçiləri göndərəcəyik bəyanatı da verə bilir, sabahısı gün isə Ermənistan ordusunun mənsublarının Qarabağa göndərməyəcəklərini də deyə bilirlər. Yəni buqələmum kimi dəyişkəndirlər.

Bəzən bəzi insanlar qarışdırırlar.

İkincisi, müharibə başlayan zaman Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında heç bir qüvvə yox idisə, indi faktiki olaraq var. Ona görə də, rahat şəkildə hərbi əməliyyat keçirmək mümkünsüzdür. Ölçü-biçidən əlavə bəzi ölkələri də razı salmaq lazımdır. Çünku Qarabağ iki ölkənin münaqişəsi olmaqdan çıxıb. Qarabağ nəinki regional, hətta beynəlxalq münaqişəyə çevrilib. İştirakçılara baxın – Rusiya, Türkiyə, İran, Fransa, ABŞ, Çin, İngiltərə, İsrail.

Azərbaycan yalnız Fərrux dağında keçirdiyi kimi xüsusi bir əməliyyat keçirə bilər və yaxud əlində olan PUA-lar vasitəsi ilə ruslara toxunmadan qarşı tərəfin hərbi obyektlərini sıradan çıxara bilər.

Əslində münaqişələr ölkələr üçün problem olsa da, həm də idarəetmə üçün göydəndüşmə bir haldır. Dəfələrlə olub ki, erməni cəmiyyətində böhran yarananda dərhal müharibə ab-havası yaradılıb. Azərbaycanda da bu hal az olmayıb. Hətta müharibənin, hərbi əməliyyatların imitasiyaları belə olub. Hazırda müharibə mövzusu hər iki cəmiyyət üçün yaxşı yemdir.

Müharibə xəbərləri hər zaman effektlidir. Xüsusilə iqtisadi xəbərlər çox oxunanda!

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics