12.03.2016

"Arvad deyilsiz, evinizin hisini yuyun daaa" - Reportaj

Kompressorla vurulmuş emulsiya, sakinlərin "belində" qalan işıqpulu və TV-lərə qarşı olan aqressiya
Bakıda, Nobel prospektində, Nargilə kafesinin yanında yanan bina təmir olunub və sakinlər artıq evlərinə köçüb. Bina sakinləri 3 ay kirayələrdə qaldıqdan sonra dünən öz evlərinə yığışmağın sevincini yaşasalar da o anlar çətin ki, unudulsun...

Binanın indiki vəziyyətini görmək, sakinlərlə söhbətləşmək üçün Ölkə.az-ın çəkiliş qrupu yollanır təhlükəli üzlüyün "qurbanı" olan həmin binaya...
Bağda ərik var idi, salamməlik var idi...
Binanın həyətinə çatırıq. Binanın üz hissəsinə emulsiya çəkilib. Qara, his-pasdan əsər-əlamət qalmayıb. Yanan binanın yanındakı penoplastla üzlənmiş digər binaların da üz qabığı sökülüb və onların da üz tərəfinə emulsiya çəkilib. Digər binalara baxanda hiss olunur ki, yanmış binanın üz hissəsini tez-tələsik və başdangetdi işləyiblər. Bunu görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.
Binanın həyətində bir neçə kişi söhbət edir. Yaxınlaşıb salamlaşırıq. Əleykim salam əvəzinə kişilərdən biri deyir ki, "telefonu söndür".
Sakinlər bizə düşmən gözü ilə baxırlar. Səbəbini isə sonra anlayacağıq...
Binada yaşayan bir qadınla pilləkənlərdə qarşılaşırıq. Adının çəkilməsini istəməyən qadın bildirir ki, binaya köçəndə tapşırıq verdilər ki, mediaya danışmayaq. TV-lər də dünən gəldi, heç kim evinə buraxmadı onları. Axşam TV-lərdə deyirlər ki, hər şey əladı, super təmir gedib. Siz baxın görün necə təmir gedib.
Bina yanandan sonra əraziyə bir neçə dəfə gəlmişik hamısında da sakinlər üzərimizə gəlib ki, danışaq, problemimizi işıqlandırın, bizə diqqət ayırsınlar. Ancaq həmin sakinlər bizi görəndə ya guya vacib işləri çıxıb qaça-qaça gedir ya da, danışmaq istəmirik deyib qapını örtürdülər.
Binanın içərisindəyik, dəhlizlər müharibə yerini xatırladır. Hər yer tör-töküntü içərisindədir. Qapıların üz tərəfi mavi rəngli emulsiya ilə rənglənib. Divara əl vuranda isə divarın hamar yox, kələ-kötür olduğunu görürürük. Sonradan bina sakinlərindən öyrənirik ki, dəhlizlərə emulsiyanı kompressorla vurublar. Kompressorla emulsiya vurmaq sovetlər zamanı dəb olub. Ondan da küçələrdə istifadə ediblər...
Binanın sağ tərəfdəki yanğın nərdivanlarına doğru gedirik. Burada isə daha bir problemlə üzləşirik. Təsəvür edin, yanğın nərdivanına gedən yolun eni yarım metrədən də azdır. Bir nəfər düz şəkildə oradan keçə bilməz. Təsəvvür edək ki, binada yenə yanğın olur, sakinlər nərdivana keçmək üçün növbə gözləməlidir. Bizdə də çox gözəl növbə mədəniyyəti olduğuna görə, orada nələrin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Daha böyük problem isə yanğın nərdivanlarının hamısının bağlı olmasıdır, yəni bir mərtəbədən digərinə keçid yoxdur.
Binanın sol tərəfindəki yanğın nərdivanları tərəfə gedirik. Bura nisbətən yaxşı vəziyyətdədir və ən əsası mərtəbələrin arası açıqıdır. Bütün mərtəbələrə çıxırıq. Mərtəbələrin hamısında dəhlizlər eyni vəziyyətdədir. Bina yanarkən dəhlizin sağındakı evlər yanıb, solundakı evlər isə yanğından his, su şəklində nəsibini alıb. His və sudan yarasız hala düşmüş mənzillərdən birinin sakini Mehrəngiz Əliyeva bizi evinə dəvət edir. Evin içərisində, xüsusi ilə tavanda hələ də hiss yerləri qalıb. Mehrəngiz xanım Abid Şərifovun dili ilə desək "yaxşı arvad" deyil. Tavanı təmizləyə bilməyib.
Xatırlatma: Bina sakinləri Abid Şərifovla görüşərkən, his məsələsin məmura deyəndə belə cavab almışdı, "Arvad deyilsiz, evinizin hisini yuyun daaa".
Mehrəngiz xanım bildirir ki, İcra hakimiyyətindən gəlib yanan evlərlə yanaşı qarşı tərəfdəki evlərə də baxıblar. Ancaq elə baxmaqla kifayətləniblər. Mehrəngiz xanımın sözlərinə görə, evi yananların hamısına 15 min manat təzminat veriblər, ancaq onlara heç bir şey verməyiblər. Təzminat almaq bir yana Mehrəngiz xanımgil təmir zamanı ziyana da düşüblər. Belə ki, qarşı tərəfdəki mənzillər təmir edilərkən onların evindən işıq çəkib istifadə edib ustalar. Əvvəlcədən bildirilsə də, işığın pulunu binanı təmir edən şirkət verəcək, ancaq təmir qurtarandan sonra 100 manatdan çox işıqpulu gəlib. Şirkətdən isə xəbər-ətər yoxdur. "Azərenerji"nin işçiləri də gəlib ki, ya borcu ödəyin, ya da işığı kəsirik. Fəhlələr isə, Mehrəngiz xanımgilə məxsuz dəhlizdəki xalça və palazları da zibil kimi zibilxanaya atıblar.
Mehrəngiz xanım deyir, düzdür mənim evim yanmayıb, ancaq yanğının hisi evimi və əşyalarımı məhv edib. Gərək mənim də evim yanaydı, ondan sonra mənə kömək edəydilər? Heç olmasa haqqım nədi onu verərdilər. Yanğından sonra oğlum dünyasını dəyişdi, özüm, gəlinim, yoldaşım və nəvəm allergiya xəstəliyinə tutulduq. Həkimlərə, dərmanlara bir elə pul getdi. Evim yanmasa da yanmış kimi bir şeydir.
Binadan çıxıb aşağı düşürük. Binanın giriş hissəsi yuxarını gördükdən sonra adamı heyrətə salır. Binanın girişi rayonlarda icra hakimiyyətlərinin binasının qarşısı kimidir. Səliqəli suvaq və emulsiya vurulub. Elə bil yuxarı mərtəbələr bu binaya məxsus deyil, rayonlarda icra hakimiyyətlərinin yerləşdiyi məhlələrdən bir-iki məhlə o tərəflər kimi...
Binanın qarşısındayıq. Bu dəfə tamam fərqli simalar yığışıb ora. Yaxınlaşırıq onlara... Əli adlı bina sakini deyir, "əvvəlcə dedilər, yanan bütün əşyalar qeydiyyata alınacaq və onun təzminatı ödəniləcək. Qeydiyyata aldılar da. Elə adam var evinə 20-30 min manat ziyan dəyib, eləsinə isə az. Hamıya 15 min manatdan təzminat ödədilər, 2 ayın da 500 manatdan kirayə pulunu. Birinci ayın kirayə pulunu elə hmin ərəfədə verdilər, ikinci ayın kirayə pulunu isə çox get-gəldən sonra ala bildik. Bina 3 aya təmir olundu, 3 ay kirayələrdə qaldıq ancaq cəmi 2 ayın kirayə pulunu verdilər".
Söhbət edərkən məlum oldu ki, digər penoplast üzlük vurulmuş binaların dam örtüyünü də vurublar, ancaq bu binanın dam örtüyü yoxdur. Sakinlər yağış mövsümündə çəkəcəkləri zülümü indidən gözlərinə alıblar.
Əlinin başına eynən Mehrəngizin başına gələn gəlib. "Azərenerji"nin işçisi qəbz gətirib ki, 63 manat borcunuz var. Əli deyir, "3 aydır mən burada yaşamıram, necə ola bilər 63 manat işıqpulu gəlsin? Təmir zamanı ustalar istifadə edib. Əvvəldən də deyildiyi kimi, işığa gələn borcu binanı təmir edəcək şirkət ödəyəcəkdi. Dərdim az idi üstünə biri də əlavə olundu..."
Qalib adlı bina sakini təmirdən narazıçılıq edir: "Binanı söndürərkən bir elə su vurulub buraya. Sulu-sulu təmir gedib. Bir müddət keçməmiş mənzilllərimizi yenidən təmin etməli olacağıq". Qalibin sözlərinə görə, artıq kağız divar üzlükləri artıq divardan qopmağa başlayıb.
Bakı meri Hacıbala Abutalıbov bina yanan ərəfədə bildirsə də ki, evləri hər şeylə təmin edəcək, ancaq təmir olunmuş quru divarlar verilib bina sakinlərinə. Evdəki avadanlığı sakinlər dövlətin verdiyi 15 min matalıq təzminatla alıblar.
Hər şeyə rəğmən bina sakinləri şükür edir. Heç özləri də bilmir nəyə, niyə? Bəlkə sağ qalmaqlarına, bəlkə də ev sahibi olmaqlarına...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics