12.03.2016

"Qadınlar başı açıq namaz qıla bilər" — Elşad Miri ilə MÜSAHİBƏ

"Hal-hazırda İslam və terror eyni səsləndirilir"
Əslinə qalsa İslam budurmu? Bir çox müsəlmanlar da əsl İslamın bu olmadığını deyirlər. İslam, terror, xurafat. Quranda yazılıb və müsəlmanlar deyir Qurani-Kərimə dəyişiklik edilməyib. Bu kitabı Allah özü qoruyur. Bəs Müsəlmanlar bu kitabı oxuyurmu? Quran kitabdır, yoxsa bərəkət gətirən bir bəzək əşyası? Müsəlmanlar Qurani-Kərimi oxuyaraq müsəlman olur, yoxsa hansısa din alimlərinin fikirləri ilə?

İslamda, ümumiyyətlə dində mübahisəli mövzular çoxdur. Düzdür, bunun hamısını bir müsahibəyə sığdırmaq olmaz. İlahiyyatçı alim Elşad Miri müsahibəsində bir çox qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışıb.
"Quranı açıb oxumurlar. Sanki Quran öpülüb yuxarı yerə qoyulmaq üçündür. Bina yanır, insanlar ölür, bir jurnalist yanmayan Quranı götürüb deyir ki, Allah Quranı qoruyub, bu kitab yanmayıb. Allah qoruyan idisə, orada yanan uşağı qoruyardı. Arası açılmayan kitabdır, oksigen getmir deyə yanmır. Oxunmayan kitab niyə yansın ki... "
Ölkə.Az Elşad Miri ilə geniş müsahibəni sizə təqdim edir:
- Salam. Necəsiniz Elşad bəy?
- Yaxşıyam. Siz yaxşı olasınız.
- Öncə başlayaq dünyada baş verən proseslərdən. Dünyada gedən prosesləri Qiyamətin əlamətləri kimi qiymətləndirənlər var. Bu haqda nə deyə bilərsiniz?
- Əslində peyğəmbərimizdən sonra qiyamətin əlamətləri deyilən bir anlayış yoxdur. Allah Qurani-Kərimdə deyir ki, hətta Allah özündən də gizləyəcək Qiyamətin gününü. Allah bir şeyi ki özündənbelə gizləyəcəksə, bunu bu gün insanlara necə elan etmək olar ki, artıq qiyamətlərin əlamətləri görünür? 1400 ildir insanlar bunu gözləyir. Müəyyən hadisələr ortaya çıxır və onu Qiyamətin əlamətləri kimi təqdim edirlər. Qiyamətin əlaməti kimi qiymətləndirilən hadisələr ümumiyyətlə bəşər tarixi boyu həmişə baş verib. Baş verən hadisələri Qiyamətin əlamətləri ilə əlaqələndirmək mümkün deyil. Çünki Qiyamət əlaməti deyilib, o qədər bundan sui-istifadə olunub ki, insanlara tam açıqlamaq olmur. Qiyamətin əsas əlaməti sonuncu peyğəmbərin gəlməsi və Allahın sonuncu kitabının göndərilməsi idi. Bundan sonra Qiyamət gözləmək doğru deyil. Artıq bu məsələ bitib, qurtarıb.
- Suriyadakı müharibənin dinlə nə əlaqəsi var?
- Yoxlamalar aparılıb, dünyadakı müharibələr hansı formada şərh edilə bilər. Birinci və İkinci dünya müharibəsi oldu. Bunların heç biri İslamla əlaqəli bir müharibə deyildi. Tam əksinə özlərini xristian adlandıran dövlətlərin, qruplaşmaların müharibəsi idi. Suriya məsələsindən əvvəl baş verən hadisələr var idi. Məsələn Rusiyanın Əfqanıstana girməsi. Rusların Əfqanıstana girməsi SSRİ-nin dağılmasına gətirib çıxaran səbəblərdən biri oldu. Məsələyə bu cür yanaşmaq lazımdır. Bu gün texnologiya ABŞ və İngiltərənin əlindədir. Onlar baxdı ki, ən böyük neft ehtiyatlarına Səudiyyə Ərəbistanı, İraq və Yaxın Şərq dediyimiz ölkələr sahibdir. Onlar gördü ki, ABŞ ordusu gəlib o ölkələrdə savaş aparsa çox xərc lazım olacaq. Ona görə ən yaxşı seçim xaos planı oldu. Ölkələrin içərisindəki xaosdan yararlandılar. Suriyada Bəşər Əsəd tərəfə Rusiya və Çin silah verir, müxalifətə isə Qərb ölkələri silah verir. Nəticə etibarı il burada ən çox zərbə özünü müsəlman adlandıran şəxslərə dəyir. Öldürən Allahu Əkbər deyir, ölən də kəlmeyi şəhadətini deyir. Burada itirən ancaq müsəlmanlardır. Digər müsəlman ölkələrinin susmasına səbəb də müəyyən qrupların öz mənafeyini güdməsidir. Bəziləri istəyir hakimiyyətdən getməsin, bəziləri onlarda da eyni hadisələrin baş verməməsini istəyir, bəziləri isə "Ərəb baharı" deyilən anlayışın onların ölkələrinə sıçramaması üçün izləyici qalıblar. Keçmişdə müsəlman ölklərdə problemlər məzhəb məsələlərinə görə olub. Bu şiə-sünni məsələsi də ola bilər, daha çox isə özünü sünni adlandıran müxtəlif qrupların tərkibində elələri çoxdur. Tarixdə məzhəblər arasında problemələr olub, indi bunu yenidən gündəmə gətirdilər. Qərb çalışdı ki, din məsələsini elə bir halda təqdim etsin ki, İslam sanki terrordur. Əfqanıstanda Əl-Qaidə idi. Əl-Qaidəni nə qədər İslam terror təşkilatı kimi təqdim etsələr də, adında İslam yox idi. Suriyada İŞİD məsələsinədə isə İraq var, İslam var, Şam var. Qərb dünyası bunu etməklə "İslam = terror" anlayışını ortaya atmaq istəyir. Fransanın özündə baş verənlər, Suriyadan qaçan insanların Avropaya axın etməsi. Bəzi Avropa ölkələrində islamın daha çox yayılması siyasətçiləri narahat etdi və yeni bir düşmən obrazı formalaşdırılaraq dünyada bir xaos şəraiti yaradıb öz işlərini görməyə çalışırlar.
- İslamın hansı təriqəti əsl şəriətə uyğundur?
- Heç biri. Çünki, hər bir təriqət deyir ki, mən ən doğrusuyam. Təriqət və məzhəb fərqli şeylərdir. Əslinə qalsa ərəb dilində ikisi də yol deməkdir. Məzhəb iki cür anlaşılır. Biri var əməli məzhəblər, biri də var, etiqadi məzhəblər. Təriqətlər isə XI əsrdən ortaya çıxıb. Onlar daha çox sufiliklə bağlıdır, nəqşibəndilər, xəlvətiyyə və s. təriqətlərdir. Məzhəblərin isə əsas iki qolu var, şiə və sünni. Hər iki məzhəbin də qolları var. Hər bir təriqət və məzhəb özünün ən doğru olduğunu bildirir. Ən doğru olanı Qurani-Kərimə əsaslanan İslam anlayışıdır. Lazım olsa, peyğəmbərin dövründə də məzhəblər, təriqətlər ortaya çıxardı. Məzhəblərin özləri də öz həqiqətlərini peyğəmbər, İslamla əlaqələndirməyə çalışırlar və peyğəmbər dövründən çıxdığını iddia edirlər. Ona görə də, deyə bilərəm ki, bu gün demək olmaz məzhəb anlayışlarının hansısa doğrudur, hansınınsa arxasınca getmək olar. Bu gün məzhəblərə, təriqətlərə baxdıqda görürük ki, onlar müəyyən qrupların, şəxslərin arxasınca gedir. Özlərini onların davamçıları kimi aparırlar. Bəzi insanlar bilərəkdən və bilməyərəkdən bəzi ölkələrin və şəxslərin quluna çevrilmiş olur.
- Azərbaycanda kiminsə üzündə saqqal görəndə deyirlər, vəhabidir. Əgər həmin şəxs dindardırsa deyir ki, vəhabilik yoxdur, sələfiyəm. Vəhabilik və sələfilik nədir?
- Hindistanlılara hinduizim adını qoyan ingilislərdir. Hind çayı ətrafında yaşayan insanları adlandırdıqları bir addır. Biz onlara hindu deyirik, ancaq onlar özlərini tamam fərqli adlandırırlar. Bu gün özlərinə sələf deyən insanlara kənardan vəhabi deyirlər. Onlar da deyir ki, biz vəhabi deyilik, sələfiyik. Bu adlandırmalardan çıxan məsələlərdir. Vəhabi doğru deyil, çünki onlara Abdul Vahab desək düz olar. XVIII əsrdə Əbdül Vəhab hərəkatı yaranıb, onu nəzərdə tutmaq olar. Ancaq təkcə vəhabi deyəndə səhv çıxır, ona görə ki, Vahab allahın adıdır. Allahın adını yanlış bir şəkildə təqdim etmək doğru deyil. Faktiki olaraq belə bir problem var və onu heç kim inkar edə bilməz. Sələfilik əslində Səudiyyə Ərəbistanı ilə bağlıdır. Şiəlik İranla bağlıdır. İbadilik, Xəvaricin bir qolu isə Omanla bağlıdır.
- Xəvariclər daha radikaldır?
- Peyğəmbərimizdən sonrakı dövrdə İmam Əlinin vaxtında Xəvariclər ortaya çıxdı. Onlar imam Əlini qəbul etmirlər. Ona görə ki, hakimlik anlayışna səhv fikir ortaya gətiriblər. Hətta imam Əlini kafir adlandırırlar. Xəvaric "xaric olunmuşlar, islamdan çıxmışlar" kimi qəbul olunan anlayışdır.
- Digər dinlərdə dövrə uyğun olaraq tənzimləmələr aparılır, din sadələşdirilir. Ancaq İslam yarandığı dövrdə olduğu kimi qalır. İslamda tənzimlənmə olmalıdırmı?
- Qərb və Şərq ölkələrində dinlərlə bağlı araşdırmalar aparan biri kimi deyə bilərəm ki, heç də belə deyil. İnsanları cəlb etmək üçün belə danışırlar. Bu da missionerliyin başqa bir metodudur. Onlar öz dinlərini günün tələblərinə uyğun olaraq təqdim etməyə çalışırlar. Xristian dünyası xristianlığı bazar günü kilsədə 2 saatlıq xütbə dinləmək kimi anlayır. Bir çoxu heç bunu da etmir. Bir çox xristianlar xristianlığı günah dini hesab edib, din xadiminin yanına gedərək günahını yumaq kimi başa düşür. Amsterdamda bəzi kilsələrin altında diskoteka düzəldirlər ki, gənclər diskotekaya gələndə heç olmasa kilsəni görsünlər. İngiltərədə kilsələr var ki, oraya gələn insanların sayı az olduğuna görə o kilsələri müsəlmanlara icarəyə verirlər və ora məscid kimi istifadə olunur. Bu gün Avropada, hinduizimdə dəyişən heç nə yoxdur. Hinduizimdə kişi ölərkən qadını da onunla bir yerdə basdırmağa çalışırdılar. Dövlət bunu qadağan etsə də bəzi yerlərdə bunu hələ də həyata keçirirlər. Qurandan əvvəl olan İncil İsa peyğəmbərə gələn İncilin özü deyil. İsa peyğəmbər ivrit dilində danışıb. Ancaq əlimizdə mövcud olan ən qədim ilk İncil yunan dilindədir.
Bu gün bizə təqdim olunan İslam Allahın bizə göndərdiyi İslam deyil. Biz Allahın endirdiyi dinə yox, insanların uydurduğu dinə baxırıq. Yaxınlarda Londonda oldum. Orada Əhmədiyyə deyilən bir qrup var. Onların dünyadakı mərkəzləri Londondadır. Oraya getdim. Mənə bir əsr əvvəlki liderləri ilə bağlı informasiya verməyə başladılar. Təsəvvür edirsiniz, Din qalıb bir yanda. İslam bu gün onların dediyi deyil. İslamın insanlara ilk əmri "Oxu!"dur. Allah deyir ki, başınızı qaldırın, səmaya baxın, yəni səmanı araşdır, astronomiyanı öyrən. Üzərinizə mindiyiniz dəvəyə baxın. Onlar onsuz da hər gün dəvəyə baxır. Yəni zoologiya elmini araşdırın. Ətraf mühitlə bağlı ayələr var, yəni, coğrafiya elmini araşdırın. İnsanın özü ilə bağlı ayələr var, yəni anatomiyanı araşdırın deməkdir bunlar. BMT-nin apardığı sorğuya görə, dünyada yazmağı və oxumağı bacarmayanların çoxluğu müsəlman ölkələrinin payına düşür. Bu gün müsəlman dünyası Quranın dediyini deyil, Allahın dediyini deyil, İslam adı altında insanların uydurduğu mövhümat və hurafatlara inanaraq bu günlərə qalıb. Bəzən nəyisə deyəndə cavab verirəm ki, Quranı düzgün tərcümə etməyiblər. O dəqiqə deyirlər, sən kimsən ki, belə deyəsən, onu akademik tərcümə edib.
Bəziləri ayə göstərir ki, qadını döy. Quran tərcümələrinin 99%-ni kişilər edib. Ona görə də, qadınların döyülməsinə yer veriblər. Quranı açaq baxaq. Orada qadını döy demir axı. Mən necə öz qızımın döyülməsinə razı ola bilərəm? Kiminsə qızı məndədirsə, onu nəyə görə döyməliyəm? Bunlar hamısı səhv tərcümədir. Qurani-Kərimdə daş-qalaq edilməsi barədə heç bir şey olmadığı halda deyirlər, daş-qalaq olar. Təzəlikcə bir videoçarx yayılıb ki, İslama girəndə aşağı kəsilir, çıxanda yuxarı. Aşağının kəsilməsi İslamın gətirdiyi adət deyil, yəhudilikdən gələn bir şeydir. Qurani-Kərimdə bir dənə də ayə yoxdur ki, dindən çıxanın başı kəsilsin. İŞİD bu gün elədiyi bütün cinayətlərə bir hədis gətirəcək. Ciddi deyirəm, İŞİD hər bir cinayətinin düz olduğunu sübut etmək üçün hədis gətirir. Hədis peyğəmbərin sözüdürsə, peyğəmbər heç vaxt Qurana zidd bir kəlmə danışa bilməz. Əməvilər peyğəmbərin adından istifadə edib hədislər uydurub, bizneslərini qurdular.
- Məkkədəki Qara daşın əhəmiyyəti nədir?
- Məkkədəki Qara daşın dini baxımdan heç bir əhəmiyyəti yoxdur. Qara daşın mənası odur ki, sadəcə orada biləsən ki, neçə dəfə təvaf edirsən. Adam var ki qızının paltarını qara daşa sürtür ki, qızının uşağı olsun. Bu İslam deyil axı.
Quranı açıb oxumurlar. Sanki Quran öpülüb yuxarı yerə qoyulmaq üçündür. Bina yanır, insanlar ölür, bir jurnalist yanmayan Quranı götürüb deyir ki, Allah Quranı qoruyub, bu kitab yanmayıb. Allah qoruyan idisə, orada yanan uşağı qoruyardı. Arası açılmayan kitabdır, oksigen getmir deyə yanmır. Oxunmayan kitab niyə yansın ki. Quran bərəkət kitabı kimi evlərdə saxlanılır. Bunu deyəndə də məni qınayırlar. Quranı ilk yandıran müsəlmanların özləri olub. Niyə bir-birimizi aldadırıq. Müharibələrdə bədənlərinə Quranı yapışdırıblar ki, qarşı tərəf müsəlmanlar onları vurmasın. Bunu edən də müsəlmanlar olub.
- Ərəb qadınları İslamdan öncə də çadrada olub. Sırf təbii şəraitə görə, bu bir növ İslam yox, ərəb adətidir. Niyə görə ərəb yarımadasında olmayan ölkələr də çadraya bürünməlidir?
- Baş bağlanma həmişə olub. Təkcə ərəblərdə yox, bütün dünyada olub. Bu İslamın gətirdiyi yenilik deyil.
- Ancaq bu dəqiqə baş bağlamaq İslam əlaməti kimi görsənir.
- Xeyr. Xristian rahibələrinin də hamısının başı bağlı olur.
- Söhbət Azərbaycandan, xristian olmayan ölkələrdən gedir.
- Bəli, ümumi tendensiya budur. İslamda başörtüsü ilə bağlı gələn ayə İslamdan çox-çox sonralar gündəmə gətirilib. İçkinin özü də, İslamdan 19 il sonra qadağan edilib. Bu gün içən bir adama dərhal kafir demək olmaz. Heç kim belə bir ixtiyar da verməyib. Peyğəmbərə gəlib deyirlər ki, filan sahabə içir. Peyğəmbər deyir, ona toxunmayın. O, Allah və Rəsulunu çox sevir. Gedib bu söhbəti o səhabəyə danışırlar, o da deyir, bu sözdən sonra ağzıma içki vurmayacam. Tərbiyə, media budur. İslamı bu gün o qədər cılızlaşdırmışıq ki, namaz qılmaqla, oruc tutmaqla, baş örtməklə kifayətlənirik. Elə bilirlər bu dindir. Biri var özü istəyib başını örtür, biri də var ya çevrəsinə görə, ya da məcburiyyətdən örtür. Bəzi adamlar var ki, başını örtür, namaz qılır, namazdan sonra başını açır. Deyəndə ki, başını niyə bağlayıb namaz qılırsan, sonra açırsan? Deyirlər, Allahın qarşısına çıxırıq.
- Qadınlar başı açıq namaz qıla bilərmi?
- Başını örtür, deyir Allahın qarşısındayam. Adama deyərlər, başını açanda Allahın qarşısında deyilsən? Adam var ki namaz vaxtında deyirsən, gəl namaz qılaq, deyir baş örtüm yoxdur. Qadın başı açıq namaz qıla bilər. Hətta İslamda paltarın olmasa örtünüb namaz qıla bilərsən. Namaz qılmağı niyə çıxılmaz vəziyyətə salırlar ki?
- Demokratik adamsınız. İlahiyyatçı alimsiniz. Elə bilirdim ofisinizdə işləyən xanımlar hamısı başı bağlı olar, tamamilə yanıldım.
- Ofisdə yalnız bir nəfər başıbağlıdır. O da mənimlə eyni fikirdə olmayan insandır. Burada insanların dininə, düşüncəsinə görə yox, işinə görə qiymət verilir.
- Azərbaycanda insanların əksəriyyəti deyir, 40 yaşımdan sonra namaza başlayacam. Yəni, yeyib, içib, gəzib sonra...
- Öz həyatımdan bir şey danışım. Böyük əmim həmişə mənə dinlə bağlı çox yaxşı şeylər danışırdı. Bu da məni çox maraqlandırırdı. Öz oğlu çox maraqlanmırdı. Sonradan başladım namaz qılmağa. Əmimə dedim, sən nə zaman namaz qılacaqsan? Deyirdi 40 yaşıma çatanda. Deyirdim, niyə, 40 yaş? Deyirdi, peyğəmbər də 40 yaşında namaz qılmağa başlayıb. Əmim içən adam idi, ancaq yenə dinlə maraqlanırdı. 40 yaşı oldu. Ancaq onun 40 yaşı olmadan başqa bir əmim 23 yaşında Volqaqradda təhsil alarkən Volqa çayında batdı. Düzdür, özü bir neçə nəfəri xilas etmişdi, ancaq sonra özü çayda batmışdı. Əmimin öz cavan oğlu 28 yaşında vəfat etdi. Bu söhbətdən sonra dedim əmi, nə vaxt başlayacaqsan namaz qılmağa? Dedi, ürəyim xəstədir. Bir dəfə telefonla danışanda söhbət düşdü, dedim, əmi sən kişi adam deyilsən! Bu da yeganə qorxduğum əmimdir. Uşaq vaxtı məni ayağımdan asan əmimdir. Bu sözü deyəndən sonra fikirləşdim, məni harada tutsa çırpacaq. (gülürük) Dedi, o nə sözdür? Dedim, əmi kişi olsaydın, neçə illərdir deyirsən 40 yaşımda namaz qılacam, 40 yaş 50 yaş oldu. Qardaşın vəfat etdi, oğlun vəfat etdi. Dedim bəlkə bu söz ona təsir edər. Bir gün məni çağırdı. Ürəyimdə dedim, yaşıma baxmayacaq, məni çırpacaq. Mənə demədən, qardaşım da sağ olsun, qardaşımdan namazın sözlərini götürüb əzbərləyib və namaz qılmağa başlayıb. Mənə dedi, gör düz namaz qılıram, ya yox? Yaş öz sözün deyir, müəyyən sözləri yaxşı tələffüz edə bilmir. Dedim, sağ ol, kişi kimi namazını qılırsan.
Bizdə o var ki, heç kimin toyuğuna kiş deməmişəm, ürəyim təmizdir. Adi evdə bir məsələyə görə uşaqlardan birini cəzalandırırsan, həmin vaxt uşağın yanında ən pis adam olursan. Ancaq onun könlünü alanda ən yaxşı insan olursan. Bir insanın hamıya görə yaxşı olması mümkün deyil. Deyirlər, peyğəmbər 40 yaşda namaza başlayıb. 40 yaşda peyğəmbərlik verilib. Peyğəmbərin yanında 10 yaşında da namaza başlayan olub.
Biz təklikdə qalanda düşünməliyik ki, bu dünyada niyə yaşayıram? Niyə bu dünyaya gəlmişəm? Yemək, içmək, işləməkdən başqa məqsədim nədir? Bəziləri karyera fikirləşir, karyeralarının ən yüksək həddində vəfat edirlər. Məni dinə gətirən, niyə bu dünyaya gəlmişəm? Niyə yaşayıram? sualları oldu.
- Dində reinkarnasiya var?
- Reinkarnasiya anlayışı Qurana uyğun deyil. Hinduizim, buddizm dinində reinkarnasiya anlayışının sadəcə idarəetmə metodu olduğu görünür. İnsanlar deyir ki, mən indi bu kasdadayamsa, yaxşı hərəkət etsəm yenidən dünyaya gələndə başqa kasdada doğulacam. Reinkarnasiya idarəetmə metodunun dinlə əlaqələndirilərək insanların idarə edilməsidir.
- İslamda həzrəti Mehdi deyilən bir anlayış var. Bəzi din alimləri deyir ki, bu anlayış əslinə qalsa yəhudilərdən İslama keçmədir. Xristianlıqda Məsih, İslamda Mehdi, hər ikisində "M". Mehdini gözləmək acizlik deyil?
- Əslində özün öz sualına cavab verdin. (gülürük) Əslində Mehdi inancı da var, Məsih inancı da var. Bu İslamın özünün gətirdiyi bir anlayış deyil.
- Quranda var bu?
- Quranda Məsih sözü var, Mehdi sözü yoxdur. Mehdilik nədir? Sən mənə əzab verdin, mənim gücüm çatmır, deyirəm, gözlə, Mehdi gəlib gör neyləyəcək. Bu tənbəlləşdirməkdir. Mehdi hidayət olunmuş deməkdir. Müsəlmana deyirəm, özünü hidayət olunmuş hesab edirsən? Deyir, hə. Deyirəm onda Mehdisən də sən. Yəhudilərin gözlədikləri sonuncu peyğəmbərlə bağlı idi. Ancaq bu gün onlar Mirşiyah deyə Kral Davudun nəslindən gələcək bir şəxsi gözləyirlər. O, gələcək, Davudun dövründə olan hakimiyyəti bərqərar edəcək. Süleyman məbədi təkrar tikiləcək. Bu timsalla onlar yəhudi xalqını qoruyub saxladılar. İslam dünyasında şiəlikdə belə bir anlayış var ki, 12-ci imam gələcək. Halbuki, tarixi mənbələrdə də var ki, 11-ci imamın övladı olmayıb. Onu necə Mehdi olaraq təqdim edə bilirsən? Suriyada olan vaxtı, döyüşlərdən əvvəl haa, (gülürük) orada çox böyük əməvi məscidi var idi. Deyirdilər İsa peyğəmbər bu məscidin minarəsindən gələcək. İndi həmin məscid dağıdılıb. İndi o yazıx hara gələcək, hara düşəcək? Mehdi gəlib nəyi dəyişəcək? Quranımı dəyişəcək?
Xristianlıqda deyirlər İsa Məsih gələcək və bunu Qurana istinad edirlər. Ancaq Quran bunun əksini sübut edir. Quranda İsa peyğəmbərin gəlməsi ilə bağlı heç bir ayə yoxdur. Axırıncı peyğəmbər Məhəmməd peyğəmbərdir. Quranda Əl - Əzhab surəsinin 40-cı ayəsində yazılıb ki, Məhəmməd sonuncu peyğəmbərdir. Əgər sonuncu peyğəmbər Məhəmməd peyğəmbərdirsə, İsa peyğəmbər necə gələ bilər? Deyirlər, adi insan kimi gələcək. Adi insan kimi gəlib nə edəcək deyəndə, deyirlər xaçı ləğv edəcək, donuzu öldürəcək. Bir insana peyğəmbərlik verilibsə, peyğəmbərliyi əlindən alınan olubmu? Qurani-Kərimdə belə bir şey yoxdur. Peyğəmbərin dövründə donuz olub. Peyğəmbərimiz donuzu öldürün deyib ki? Donuz niyə öldürülməlidir? Heyvanın günahı nədir? Spirt var. Baxır o spirti necə istifadə edirik. Donuz var və ən gözəl təmizləyici heyvandır. Nə gəldi yeyir. Ancaq sən onu yemə. Yəni hər nə gəldi yemə, donuzlaşma.
- Cənnət və Cəhənnəm anlayışı var. Bəziləri deyir cənnətə ancaq müsəlmanlar gedəcək. Bu nə qədər məntiqlidir?
- Birinci özün getməyə çalış. Allah Qurani-Kərimdə kafirləri belə fərqləndirir. Xristianlar belə gedə bilər. Kimin yerini dar edir ora? Buna Allah qərar verir.
- Başa düşdük, xristianlar getməsin. Bəs bu yetim Afrikadakı qəbilələrdə yaşayan insanlar niyə getməsin. Onlar ki, İslamdan xəbərsizdir?
- Razıyam. Buna hökm verən Allahdır.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics