3.03.2016

Firudin Cəlilov: “Dərin dövlətin üzvü deyiləm, ancaq ayrılıqda elə dərin dövlətəm” — MÜSAHİBƏ

 “Təhsil naziri olanda keçmişdə Moskvadan gəlmiş bir göstəriş əlimə keçdi. Bu gizli qrifli məktubun bir bölümündə yazılmışdı ki, “çalışın, tarix dərsliklərinə Xəzərlər sözü düşməsin” 

Bir çoxları “Türklər barbardır”, “Türklər köçəridir”, “Türklərin mədəniyyəti yoxdur” deyir. Əslində necədir?
Azərbaycanın qədim türk torpağı olub olmaması, türklərin dərin dövətləri, Altay nəzəriyyəsinə qarşı Urm nəzəriyyəsi, Xəzərlərin niyə yox olması və türklərlə bağlı digər sualları keçmiş təhsil nazirimiz türkoloq Firudin Cəlilov  cavablandırıb.
Firudin Cəlilovla geniş müsahibəni sizə təqdim edir:
- Bəzi alimlər iddia edir ki, türklər Azərbaycana gəlmədir. Bu nə qədər doğrudur? Azərbaycan türk torpağıdırmı?
Avropa, rus, fars alimlərinin uydurması
- Bu çox ciddi bir problemdir. Bəzi alimlər bunu indi yox, 250 ildir deyirlər. Bunu deyənlər rus, fars, hay, avropalı və bir sıra türk alimləridir. Bu, artıq 250 ildir elmdə oturuşmuş bir fikirdir. Vaxtilə “Ural-Altay dil ailəsi” adı ilə ortaya atılmış bir nəzəriyyənin nəticəsidir. Guya Ural xalqları finuqorlarla Altay xalqları olan türk, monqol və tunqus-mancurlar eyni kökdən gələn xalqlardır, sonradan parçalanıblar. Sonrakı ciddi tədqiqatlar göstərdi ki, bu nəzəriyyə özünü doğrultmur, çünki türk dili ilə finqor dilinin genetik bağı yoxdur. Sadəcə, sonrakı çağlarda olan əlaqələr nəticəsində alınmalar var, bizim dildən onların dilinə, onların dilindən bizim dilə bəzi sözlər keçib. Ona görə də, Ural-Altay nəzəriyyəsi iflasa uğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi. Bu nəzəriyyəyə görə də, türklər, monqollar, tunqus-mancurlar bir xalq olub, 2200-2300 il öncə hun çağında Monqolustanın Ordos bölgəsində türklər onlardan ayrılıb. Türklərin bir hissəsi Altayda qalıb, bir hissəsi isə Orta Asiyaya, başqa bir hissəsi Quzey Qafqaza, bir hissəsi də Azərbaycana gəlib. Min il əvvəl Səlcuqlar dönəmində də böyük bir kütlə ilə türklər Anadoluya yerləşiblər. Buradan o nəticəni çıxardırlar ki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə xalqdır, üstəlik də bu gələn türklərin hamısı köçəri xalqdır. Təbii ki, bu nəzəriyyənin altında siyasi məqsədlər durur və bugün də rəsmi elmi əsərlərdə, tarix dərsliklərində bu baxış davam edir. Hələ, ustalıqla qurulmuş bu tələyə düşən türkçüləri bir kənara qoyaq, Türkiyədə hansı tarixçini dindirirsən, elə kor tutduğunu buraxmadığı kimi, deyir ki, min il öncə 1071-dəki Malazgird savaşından sonra gəlmişik. Haradan gəlibsiniz - deyə, soruşanda da, deyirlər Orta Asiyadan. Orta Asiya deyərkən də Türkmənistanı, Özbəkistanı deyil, Mərkəzi Asiyanı - Monqolustanı nəzərdə tuturlar. Altay nəzəriyyəsinin verdiyi məhsul budur.
-Aydındır. Bəs siz bu nəzəriyyəyə qarşı hansı konsepsiyanı qoyursunuz?
-Azərbaycan alimləri son 50 ildə artıq həmin baxışın əleyhinə çxmağa başladılar. Məşhur xarici tükoloqlardan Dörfer, Klausen, Kotviç, Şerbak, Serebrennikov və başqaları da Altay nəzəriyyəsinin sübut olunmayan yanlış bir fərziyyə olduğunu yazmışlar. Fərziyyə üzərindən tarix yazmaq düz deyil, 40 il bundan öncə mən də Altay nəzəriyyəsinin özünü doğrultmadığını yazırdım. Gerçək olmayan bir baxışı sırıyıblar bizə. O vaxt bu işə başlayanda əlimizdə material, tarixi bəlgələr çox az idi, həm də türklərə aid qədim tarixi bəlgələri başqalarının adına yazırdılar. Elə biri Pazrıq xalçası. Aparıb erməni adlanan Qarabağ haylarına bağlayırlar. 2500 il öncə Qarabağda hay nə gəzirdi? O vaxt haylar heç Anadoludakı Ermən bölgəsinə də gəlməmişdi.
İynə ilə gor qaza-qaza tarixi bəlgələri topladıq, faktlar çoxaldıqca mənzərə aydınlaşırdı. İndi bu sahədə Bəxtiyar Tuncay, Elşad Əlili, Rizvan Hüseynov və başqa gənclər gərəkli bəlgələr ortaya çıxardır, bu sahədə böyük əməyi olmuş yaşlı nəsildən Ə.Dəmirçizadə, M.Seyidov, S.Əliyarlı, Q.Qeybullayev, Z.Yampolski və başqa dünyasını dəyişmiş alimlərin zəhmətini dəyərləndirmək gərəkir. İlk dəfə 1980-ci illərdə mixi yazılar üzrə uzman və dünyada dörd elamşünasdan biri olan Yusif Yusifov sovetlər dönəmində (elə indi də) Moskvada nəşr olunan ən mötəbər elmi jurnalda bir məqalə yazdı və bəlgələrlə göstərdi ki, e.ə. Mesopotamiyada türk izləri vardır. Bunu Sumer, Akad mixi yazılarında görmək olur, elam dilində də türk sözlərinə rast gəlinir. Deməli, burada türklər olub ki, o sözlər qaynaqlara düşüb, bunun əksini söyləmək olmur axı. Düzdü, o zaman Yusif Yusifovun əleyhinə çox yazdılar, tarix institutunun rəhbərliyi xüsusi canfəşanlıq edirdi. Yusif müəllim rəhmətə gedənə qədər onu bu sahədən kənarda saxladılar. Halbuki, bu gün də Rusiya universitetləri onun yazdığı kitabı dərslik kimi istifadə edir, burada birinci onu akademik seçməli idilər, ancaq onu heç akademiyanın müxbir üzvü də seçmədilər. Biz də o zaman çətinliklə işləyirdik. Son otuz ildə 9 cilddə, “Azərbaycan türklərinin islamaqədərki tarixi”ni yaza bildim. "Doqquz Bitik" adlı o kitablardan 3-ü keçən il çap olunub, sponsor olsa, digərləri də çap olunacaq. Sizin sualınıza geniş izahlar o kitablarda vardır. Altay nəzəriyyəsinin əleyhinə qoyulan, yeni Urm nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, Urmu gölü mərkəz olmaqla, Azərbaycanın güneyi və quzeyi, Anadolunun güney-doğusu ən qədim türklərin (prototürklərin) yarandığı bölgədir, yəni türk etnosu, türk dili bu ərazidə yaranıb. Prototürk ata yurdu Mərkəzi Asiya deyil, Ön Asiyadır. Bu gün bu fikrin tərəfdarları günü-gündən artır. Artıq Türkiyədə də bir neçə alim bu istiqamətdə işləməyə başlayıb. Tatarıstanda akademik Mirfatıx Zəkiyev məşhur türkoloqdur, o da bu yöndə yazır. Urmu nəzəriyyəsi yönündə qaraçay-balkar, kumuk, özbək, qazax, qırğız alimləri içində də yazan alimlər var.
- Avropalılar türklərə barbar deyir. İddia edirlər türklərin mədəniyyəti olmayıb. Yaxın zamanda Çində ağ piramidalar tapıldı. Alimlər iddia edir ki, bunlar açılarsa dünya tarixi və mədəniyyəti yenidən yazılmalıdır.
“…ona görə də, avropalıda türkə qarşı bir nifrət var”
- Çində tapılanlar piramidalar yox, uyğurların ulu babalarının qurduğu kurqanlardır. Çin hökuməti orada nəinki qazıntı aparmağa, onlara yanaşmağa qadağa qoyub. Azərbaycanda, Anadoluda nə qədər istəsəniz türk mədəniyyətini sübut edən faktlar var. Türklərə barbar deyilməsinin səbəbisə başqadır. Türklər Avropaya zaman-zaman axın ediblər. Ən güclü axın isə hunlarla olub. Ona qədər Avropada böyük dövlət yox idi. Kiçik krallıqlar, şəhər dövlətləri var idi. Hunların hücumundan sonra orada Hun imperiyası, sonra Avar imperiyası quruldu, daha sonra bulqarlar orada böyük dövlət qurdu. İndiki Bolqarıstan slav kökənli xalqın dövlətidir, ancaq ölkənin adı Bolqar, xalqın adı Bolqar. Bəs necə olub, barbar dedikləri türklərin adı Avropada qalıb. Ona görə ki, dövləti orada 7-ci əsrdə Quzey Qafqazdan gedən bulqar türkləri qurub, lakin xristianlığı qəbul edəndən bir-iki əsr sonra yerli slavların içində əridilər.
Bir neçə il əvvəl İsveçdə idim. Söhbət zamanı orada yaşayan soydaşlarımız dedilər ki, Avropada türklərə yaxşı baxmırlar, barbar deyirlər. Dedim, İsveçdə, qonşunuzda olan Norveçdə son min il davam edən kral soyunun adı nədi? Dedilər, Hakon-Hakonsons. Dedim, yaxşı, son “oğlu” deməkdir, bəs bütov adın anlamı nədir? Bir-birinin üzünə baxıb, dedilər ki, deyəsən “Hakanın oğlu Hakan” anlamındadır. Mən də gülüb dedim ki, bax, türkə barbar deyəndə sizinlə etdiyim bu sual-cavabı siz də onlarla edin və deyin ki, sizin ölkədə ən məşhur adamlar, alimlər həmin xaqanoğlu xaqan soyundandır. Türklər Avropaya dövlətçilik, mədəniyyət gətirdi. Sonralar Avropanın yarısını işğal edən Osmanlı dövləti də burada körpülər tikdi. Ancaq bütün bunlara baxmayaraq, türklər avropalıların nəzərində işğalçı kimi tanınıb, mədəniyyət gətirən xalq kimi yox. Avropa kralları az qala bir ay Attilanın qəbulunda gözləyirdi ki, Attila onları qəbul edəcək, ya yox. Avropalı uşaq məktəbə gedəndə bunu oxuyur, görür ki, bunlar yüz illərlə türkün əsarəti altında olublar. Ona görə də, avropalıda barbar dediyi türkə qarşı bir nifrət var.
- Azərbaycanda kurqanlar necə araşdırılır? Bu yaxınlarda Xocavənd rayonunda, Nərgiz təpədə olduq. Düzdür, orada artıq araşdırmaya başlayıblar. Nərgiz təpədə çoxlu sayda kurqan, qədim qəbr daşları ilə rastlaşdıq. Daşların bəzilərinin üzərində yay-ox şəkili vardı. Üzərində qədim yazılar görünürdü.
“Sovet dövründə düzlərdə olan kurqanları verdilər traktorun qabağına, şumlayıb pambıq tarlaları etdilər”
- Ümumiyyətlə, Azərbaycan və Anadolu türklərinin xristianlıq dövrü yaxşı öyrənilməyib. Halbuki, islamı qəbul etməmişdən öncə türk boyları, özəlliklə qıpçaqların çoxu xristian idi, musəvi türklər də vardı. O çağlardan qalan bəlgələr, yazılar işlənməlidir ki, biz o mərhələni başa düşə bilək. Kurqan mədəniyyəti isə daha qədim çağlara aiddir və ilk örnəkləri Azərbaycanda yaranıb. Kurqan culture Azərbaycandan Quzey Qafqaza keçib, orada Maykop culture kimi formalaşıb, Altaya da buradan aparılıb, sonralar Avrasiyaya yayılıb. Bizim alimlər indi Qazaxda, Ağstafada qazıntılar aparırlar, 6-7 min il bundan əvvəlki kurqanları aşkar ediblər. Qarabağ zonasında Xocalı, Xocavənd kurqanları çoxdan bəlli idi. Həmin kurqanların miqrasiyasını dəqiq işləmək lazımdır. Bugünə kimi yazırdılar ki, kurqan mədəniyyəti Hind-Avropalılarındır, guya oradan gəlib bu yerlərə. Ancaq faktlar göstərir ki, əksinə buradan yayılıb hər yerə. Nə yazıq ki, bizimkilər sovet dövründə düzlərdə olan kurqanları verdilər traktorun qabağına şumladılar. Pambıq tarlaları saldılar. Qədim mədəniyyət bəlgələri torpağın altında qalıb. İngiltərədə Silburi-hill kurqanını qorumaq üçün dövlət 9 milyon pul ayırdı. Biz isə kurqanlarımızı pambıq tarlası etdik.
Kurqan türkün yas gələnəyilə bağlıdır, türk hara gedibsə, yas kulturunu da özülə aparıb. Etrusklar İtaliyaya köçüblər, İtaliyada kurqanlar var. Göytürk xaqanlığı vaxtında Koreyanı işğal edəndə kurqan mədəniyyəti ora da keçib. Bugünün özündə də Koreyada məşhur adamları kurqanda basdırırlar. Onlarda o mədəniyyət qalıb. Çindəki kurqanlar isə daha böyükdür. Kurqanın altında kimlər basıdırılıb, gərək onların antropologiyası öyrənilməlidir ki, bilinsin hansı etnosdandır. Ola bilər, oradan yazı nümunələri də olsun. Çin hökuməti məhz bu üzdən o kurqanları yasaqlayıb.
- Türklərin tarixini daha çox Orxon-Yenisey abidələrilə bağlayırlar. Əslində necədir?
“Orxon-Yenisey abidələrinin öyrınilməsinin gərəkli və yanlış yönləri”
- Orxon-Yenisey abidələri türk tarixinin bir epizodudur. Türk tarixi oradan başlaya bilməz. O yazıların aşağı-yuxarı 1500 il yaşı var. O abidələrin türkologiya elminin inkişafına böyük əhəmiyyəti oldu. Bəngi daşların üzərindəki yazıları ilk dəfə Tomsen oxuya bildi, bu bir sensasiya oldu, türk tarixinə böyük şərəf gətirdi. Məlum oldu ki, türklərin də yazı mədəniyyəti var. Ancaq bu türk tarixində epizodik bir şeydir. Çünki ondan əvvəlki, e.ə. türk tarixi öyrənilməyib. Yazıların orada tapılması da Altay nəzəriyyəsinin tərəfdarlarına fürsət verdi ki, türklərin kökünü ora bağlasın. Halbuki, Orxon-Yenisey əlifbası da bugün bizim işlətdiyimiz latın əlifbası ilə eyni mənşəlidir, bu runik əlifba Aralıq dənizi hövzəsində yaranıb. Türklər buradan o əlifbanı Altaya, etrusklar da İtaliyaya aparıb. Latınlar o əlifbanı olduğu kimi qəbul edib və latın əlifbası adı ilə Avropaya yayılıb. Biz də latın əlifbasını yenidən qəbul etdik. Latın əlifbasının kökü etrusklara gedib çıxır, etruskların elit təbəqəsi isə türkdür. Bu əlifbanı parlamentdə qəbul elətdirəndə, komissiyanın sədri idim. Bəzi türkçülər irad tuturdu ki, madam əlinizdə imkan var qədim türk əlifbasını qəbul etdirərdiniz. Mən də deyirdim ki, latın əlifbası elə qədim türk əlifbasıdır, sadəcə azacıq dəyişmiş çağdaş formasıdır. Bunları “Etrusk-Türk bağı” kitabımda geniş izah etmişəm.
- Bir çox alimlər iddia edir ki, islamdan sonra türklərdə çöküş başladı.
“Türkün dövləti dağılsa, türk yenə ayaq üstə dura bilər. Ancaq türkün törəsi pozulsa, türk məhv olub gedər”
- “Tanrı elçisi İbrahim” adlı kitabımda göstərmişəm ki, yəhudilik, xristianlıq və islamın kökü İbrahim Peyğəmbərə gedib çıxır. İbrahim Peyğəmbərin də kökünü axtaranda görürük ki, onun babaları sonralar Mada (Midiya) adlanan Güney Azərbaycandan Mesopotamiyaya köçüb, İbrahim orada doğulub. İbrahim peyğəmbər türklərin tanrıçılıq dinindəki Tək Tanrı inancını Fələstinə aparıb, orada yayıb. Üç səmavi din həmin bölgədə yaranıb. İslamda bir çox şeylər qədim türk inancı ilə üst-üstə düşür. İslamın qəbulunun bəzi məqamlarda xeyri də oldu, ziyanı da. Xeyri onda oldu ki, islamı qəbul edənlər türklüyünü saxladı. Xristianlığı qəbul edən türklərin 90%-i əridi getdi. Yəhudi dininə sitayiş edən Xəzər imperiyası yoxdur. Ona görə ki, o dinlərdə onların çoxu əriyib getdilər. İslamı qəbul etmiş türklər ərimədi. İslamın bir dənə böyük üstünlüyü türklər üçün budur. Elmə, təhsilə gələndə türklər çox geri düşdülər, artıq o fanatizm ki, daşındı dövlət siyasətinə. Din siyasətin alətinə çevrildikdən sonra inkişafın ziyanına işləməyə başladı. Bu mənada, xarici alimlər Ayda tədqiqat aparırlar, müsəlmanlar da əlinə lupa alıb gedib yumurtanın üzərində Allah sözünü axtarır. Fərq budur.
Türkün yaşam tərzi çox fərqlidir. Türk təbiətlə iç-içə yaşayır. Türkə konstitusiya yazmağa ehtiyac olmayıb. Ona görə ki, türkün törələri olub. Türk doğulandan ölənə kimi törəsilə yaşayıb. Bizim evdə bir törə var, bayrağa səcdə etmək. Mən nəvəmə deməmişdim bayrağı görəndə öp. O bu münasibəti evdə görüb, ilk dəfə məktəbə gedəndə böyük bayrağı görüb, onu öpüb. Türk etnosu öz törələrilə yaşayan millət olub. Hətta, qədim yazılarda qeyd olunur ki, türkün dövləti dağılsa, türk yenə ayaq üstə dura bilər, ancaq türkün törəsi pozulsa, məhv olub gedər.
Lap qədimə gedəndə görürük ki, türklər İkiçayarasında yaşayanda sumerlər o əraziyə gəlib. Sumer dilində bizə bəlgələr gəlib çatıb. Dünya xalqları bilir ki, bütün elmlərin inkişafı oradan başlayır, sonralar Misirə, Çinə keçib. Riyaziyyat, astronomiya, tibb və sair elmlər ilk dəfə Mesopotamiyada formalaşıb. İslamlaşma çağında ortaya çıxan İbn Sina kimi çoxlu türk alimləri vardı, ancaq elmi əsərləri ərəbcə yazırdılar, Yunan-Latın filosoflarının əsərlərini ərəbcəyə çevirirdilər. Sonralar Avropa alimləri də bunları ərəbcədən tərcümə edib yararlanmışlar.
- Tək Allahlı dinlərin kitabları var. Tanrıçılıq da təkallahlı dindir. Ola bilərmi ki, Tanrıçılıq kitabı olsun?
“Türklər heç vaxt konstitusiya yazmayıblar,çünki konstitusiya ilə yaşayıblar”
- Məntiqi sualdır. Vacib deyil ki, bütün dinlərin kitabı olsun. Türklər konstitusiya yazmayıblar, konstitusiya ilə, türk törəsilə yaşayıblar. Yazmağa ehtiyac olmayıb. Türklər şifahi yöntəmə daha çox fikir veriblər. Aşıqlar 10-15 dastanı əzbər deyirlər. Manas dünyada ən böyük dastandır. Onu əzbər bilən aşıqlar var. Bütün Avropa dastanlarını yığsaq, Manas dastanının yarısı qədər ola bilməz. Fəlsəfəni götürək. Fəlsəfəyə aid qədim türk kitabı yoxdur. Yunanca var, ərəbcə var, bizdə yoxdur.
- Bizdə doğrudanmı yoxdur?
- Əslində elə deyil. Bizim etnosun fəlsəfi təfəkkürü atalar sözündədir. Hər bir atalar sözü özü bir fəlsəfi fikirdir. Atalar sözlərini kitab kimi yazmağa ehtiyac olmayıb. Ona görə ki, hər kəs əzbərdən bilib. Türklər 150-dən çox dövlər qurub, ancaq qurduğu dövlətin tarixini yazmayıb. Biz də belə xalqıq, neynəyək?
- Zülqərneynin Oğuz xaqan olduğunu iddia edənlər var.
- Bu cür fikirlər var. Bu bir varsayımdır, fərziyədir. Oğuz sözünü öküzlə izah edirlər. Öküzün də iki buynuzu olur. Amma bu yanlışdır, çünki Oğuz xaqan törədici ulu babadır. Öküz isə törədici deyil. Buğa olsa idi, haradasa razılaşmaq olardı. Zülqərneyni Makedoniyalı İsgəndərlə də əlaqələndirirlər. Ancaq İsgəndərin tarixi cavandır, cəmi 2300 il yaşı var. İsgəndərin dəbilqəsində buynuzu olub, onunla bağlayırlar. İsgəndərlə Zülqərneynin bağlılığı ola bilər ancaq Oğuz xaqanla bağlılığının olmasına inanmıram.
- Bayaq dediniz ki, türkün dövlətini əlindən alsan yaşayar, ancaq törəsini əlindən alsan məhv olar. İndi türklər hal-hazırda zəifdir. Türkün törəsi əlindən alınıb?
- Türk dövlətləri ona görə zəifdir ki, törədən uzaqlaşıb. Tarix boyu belə olubdur. Ən uzunömürlü türk dövləti Osmanlı imperiyası idi, türk törəsindən uzaqlaşdığı üçün süqut etdi. Yaxşı ki, Atatürk çıxdı, çürüyən, qarımış imperiyanın yerində sağlam bir Türkiyə Cümhuriyəti qura bildi. Bir örnək verim. Dədə Qorqud mətnlərində hər kəsin bir xanımı var. Türk törəsində belə bir məqam vardı, dövlət mənafeyi tələb edəndə xaqan başqa millətin dövlət başçısının qızı ilə evlənə bilərdi, ancaq türk xanımdan olan oğlu xaqan seçilə bilərdi. Sonradan bu gələnək dəyişdi. Başqa xalqlardan aldığı qadınlardan olan övladlar hakimiyyətə gəldi və qan dəyişdi. Törələr dəyişdikcə dövlətin daxili sinergetikası, təpəri də dəyişdi. İndi türk dövlətlərində iqtisadi inkişaf var, siyasi inkişaf yoxdur. Onlar türk törəsindən uzaqlaşan cavan dövlətlərdir. Düşmən dövlətlərin təzyiqi altında olan Azərbaycan 25 ildir bir milyon qaçqını ilə ayaqda durursa, bu böyük işdir.
- Bəzi alimlər iddia edir ki, türk dövlətlərində hələ də dərin dövlət var.
- Elə məsələlər var ki, onu demək olmur. Dərin dövlətlər olmasa dövlətlər ayaq üstə dura bilməz. Dərin dövlətin üzvü deyiləm, ancaq ayrılıqda elə dərin dövlətəm, çünki dövlətimizin ayağı daşa dəyəndə səssiz qalmıram, dövlətimizin müstəqilliyi uğrunda sinəsini qabağa verəcək yüzlərlə belə ziyalı var.
Əvvəllər dövlət başçıları həmişə milli ziyalıları yığıb məsləhət alardı. Bu görüşlər bəzən açıq, bəzən də gizli şəkildə olurdu. Bunu açıq şəkildə hal-hazırda türkmənlər edir. Türkmənlərin ağsaqqallar şurası var. O artıq qeyri-leqal yox, leqallaşmış dərin dövlətdir. Çox güman ki, digər türk dövlətlərində də var, ancaq bundan xəbərim yoxdur (gülür).
- Lap qədimlərdə türklərin dərin dövlətləri olub?
- Gəlin elə Azərbaycandan danışaq. Dədə Qorqudu çox adam oxuyur, ancaq başa düşmür. Yerli türklər var idi, iç oğuzlar, bir də skif deyilən, saqalar, bunlar da dış oğuzlar idi. Eposda deyilir ki, iç oğuz, dış oğuz birləşib, böyük Oğuz Eli (dövləti) yaratdı. Təbii ki, o dövləti yaradanlar dərin dövlət idi. Tarixçi o dastanı oxuyanda bilməlidir ki, burada dərin dövlət haradadır? Misal üçün Aruz qocanın epiteti belədir: “9 qoca başı Aruz qoca”. Yəni 9 ixtiyardan ibarət qurumun başında dayanan şəxs, bunların sırasında seçilmiş nüfuzlu cavanlar da ola bilərdi. Dövlət məsələləri həll olunanda mütləq o 9-luğu təmsil edənlərin rəyi alınmalı idi. Özbaşına kimsə gedib müharibə edə bilməzdi. Bunu sizin sualınıza bir epizodik bəlgə kimi verdim…
Keçmiş türk dövlətlərində bu cür olub. Ən qəribəsi ondadır ki, ilk türk dövləti yaranandan bu gələnək var. Güney Azərbaycanda 4200 il öncə balaca bir Qut eli yarandı, sonradan böyüyüb imperiya oldu, Akad, Elan, Sumer kimi dövlətləri özünə tabe etdi. Qut elinin hakimiyyət sisteminə baxanda adam dəhşətə gəlir. Bir əsr yaşayan Qut eli dünyada ilk demokratik dövlət olub, 21 elbəyin sumer yazısında adı var. İngiliscə “king list” (şahlar siyahısı) deyirlər. Bu elmə bəllidir, dəfələrlə çap olunub. O siyahıda qut elbəylərinin siyahısına baxanda görürük ki, onlar 5 ildən bir dəyişib. Bəzi zamanlarda bu 7 illik silsilə olub. Ətraf ölkələrdə bir hökmdar öləndə hakimiyyətə onun oğlu və yaxud qardaşı keçərdi. Ancaq Qut dövlətində hakimiyyət seçimlə olub. Sistem seçkili olub. Hökmdarı seçmək üçün qurultay çağırırmışlar, o zaman buna toy deyirdilər. Toya gələn toyqular (vəkillər) toplanıb dövlətin başçısını seçirdi. Bu 4200 il əvvəl olub. Nə ondan əvvəl, nə də ondan sonra tarixdə belə bir şeyə rast gəlinmir. Avropadakı demokratik seçki isə yaxın zamanı əhatə edir.
Biz heç erkən orta əsrlərdə 500 il davam edən Xəzər dövlətinin tarixini öyrənməmişik. Halbuki, Albaniya onun güneyə uzantısı idi. Dədə Qorqud kitabında Qam xanın oğlu Bayındır xanda olduğu kimi, orada da Xaqan qam soyundan idi. Dövlətin başçısı Xaqan ildə 4 dəfə camaatın üzünə çıxardı, həm də dini lider idi. Biri də var idi, elin hökumdarı. Dövləti o idarə edirdi. Eynən prezidentlə baş nazir kimi. Dədə Qorqudda da eyni sistem idi. Bayandır xan baş verən olaylarda görünmür, sadəcə adı hörmətlə çəkilir.
- Xəzərlər haqqında danışdıq. Tarixdə bir yerə qədər gəlirik və birdən Xəzərlər sanki yoxa çıxır…
- Nazirlikdə işləyəndə çoxdan Moskvadan gəlmiş bir göstəriş əlimə keçdi. Gizli qrifli bu məktubun bir yerində yazılmışdı ki, “çalışın, tarix dərsliklərinə Xəzər sözü düşməsin”. Xəzər dövləti haqqında orta məktəblərdə və ali məkəblərdə heç bir məlumat verilmirdi. Bunun nəticəsidir ki, siz o sualı verirsiz… Türkmənlərin Koroğlu dastanın oxuyanda görürük ki, orada Azərbaycan yox, Xəzərbaycan deyilir. Dənizimizin adı belə Xəzərdir.
Rusiya bunu ona görə edirdi ki, rus dövlətinin tarixi 1-ci Pyotrdan başlayır. Ona qədər rusların dövləti olmayıb. Olanlar da xırda şəhər knyazlıqları idi. Ruslar tarix yazanda bu ərazidə daş dövründən başlayıb bugünə qədər gəlirdi. Ancaq xəzərlərin üzərindən bir-iki cümlə ilə keçirdi. Həmin ərazidə ən böyük imperiya Xəzərlər olub və bu dövlət 500- 600 ilik tarixə malikdir. Xəzərlərin tarix kitablarında yoxa çıxması rus siyasətinin nəticəsi idi.
Tariximizi yazmasaq da, hər yerdə izi qalan tarix yazmışıq. İndi bizim borcumuz yazılan tarixdə tariximizi yazmaqdır…
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics