15.03.2016

Bura Bakıdır və ya "cənnətlə cəhənnəmin bir addımlığında" — REPORTAJ + FOTOLAR

Bakı şəhər, Binqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi. Olduğumuz yerin ünvanı belədir, ancaq oranın nə Bakı, nə də Binəqədi ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə o ərazinin Azərbaycanla əlaqəsinin olmasına adam şübhə edir...

Əzəmətli Heydər Məscidi, sağ, sol və qarşı tərəflər villalar. Heydər məscidini keçib camaat arasında "qaşqınların yaşadığı yer" deyilən əraziyə gedirik. Məscidin həyəti ilə qaçqınların yaşadığı yeri bir divar ayırır. Divarın üstünə çıxıb sağa və sola baxanda cənnətlə cəhənnəmin fərqini görmək olur. Qaçqınların yaşadığı əraziyə giririk. Bir anlıq adama elə gəlir ki, Tv-də Suriyada xarabalığa döndərilmiş yerləri göstərirlər.
Qarşımızda səkkiz mərtəbəli bina var. Əslində bu yaşayış binası yox, sovet vaxtı tikintisinə başlanmış hərbi xəstəxana olacaqmış. Hətta buradakı hərbi xəstəxana ilə Respublika Kliniki Xəstəxanası arasında yeraltı yol da olub. Zibil və kanalizasiya suyu bu yeraltı yolu bağlayıb. Hərbi xəstəxanaya helikopterlərin düşməsi də nəzərdə tutlubmuş. Azərbaycan müstəqil olandan sonra binanın tikintisi yarımçıq qalır. Qarabağ müharibəsi başlayandan sonra isə torpaqlarından didərgin düşənlər yataqxanalara, bağçalara, məktəblərə girib yaşadığı kimi bir qrup məcburi köçkün də hərbi xəstəxana olacaq binaya yığışır. Binada yaşayanları bir neçə dəfə çıxarmaq istəsələr də, alınmayıb. Bir neçə il bundan əvvəl isə binada çox ağır yanğın hadisəsi baş verib. Ancaq burada yaşayanlar binanı tərk etmir. Ötən ilin ortalarında binada yaşayanlar və ərazidə özünə yerdən ev tikənlərin bir hissəsi Qaçqınkomun tikdirdiyi qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binasına köçürülür. Ərazidə qalan bir neçə ailənin də köçürüləcəyi deyilir. Ancaq ikinci köçürülmə prosesi baş tutmur.
Birinci köçürülmədən sonra orada barmaqla sayılacaq qədər ailə qalmışdı. Bu dəfə oraya gedəndə oranı yenə dolu gördük. Ev tapmayan, kirayə qalmağa pulu çatmayanlar yenidən gəlib bu xarabaxanada məskunlaşıb. Binanın köhnə sakinləri bildirdilər ki, bir müddət buraya başqalarının məskunlaşmasına icazə vermədilər. Ancaq sonradan bura yenidən doldu.
Yeni köçənlərdən və köhnədən orada yaşayanlardan əldə etdiyimiz məlumata görə, Qaçqınkoma rüşvət verib burada məskunlaşırlar. Burada məskunlaşmaq isə onlara gələcəkdə ev vəd edir. Nəysə, mövzumuz bu deyil...
Sidik, nəcis iyli gülə-gülə oynayan uşaqlar
Binanın qabağındayıq. Hər tərəf çirkli su, zibil. Binadan sidik və nəcis iyi gəlir. Binanın içərisində isə uşaqlar gülə-gülə oynaşır. Fotoqrafımız Nurlan deyir, qaqa, məni hara gətirmisən belə? Deyirəm, bu hələ jurnaldır...
Binanın içərisinə daxil oluruq. Birinci mərtəbə demək olar ki, yoxdur. Hər tərəf uçub tökülüb. Binanın ancaq sütunları qalıb. Binanın içərisində oynayan uşaqlar yanımıza gəlir.
Oruc adlı bir uşaq deyir, binanı gəzib çəkmək istəyirsiniz? Deyirik, hə. Deyir onda ardımca gəlin. Balaca Orucun ardınca gedirik. Deyir, gəlin buranı çəkin. Binanın arxası Balaxanıdakı zibilxananı xatırladır. Bura həm də kanalizasiyanın axdığı yerdir. Üfunət iyindən orada bir dəqiqə belə dura bilmirik, ancaq illərdir orada yaşayan, doğulan, böyüyən insanlar var. İnsan övladı hər şəraitə öyrəşirmiş...
Oruc qabaqda gedir, biz də arxasınca. Pilləkənlər hər an çökə bilər. Pilləkənləri qalxa-qalxa Orucla söhbət edirik.
- Oruc, haralısan?
- Bərdəliyəm, əmi.
- Burada doğulmusan?
- Onu bilmirəm.
- Qorxmursan buralara çıxıb düşməkdən?
- Yox. Öyrəşmişik. Bütün günümüz burada oynamaqla keçir.
- Ən çox nə oynayırsınız.
- Gizlənpaç.
- Burada gizlənəni tapmaq olar?
- İş orasındadır ki, gizlənəni tapmaq olmur burada.
- Bayaqdan neçə dənə siçovul qarşımıza çıxıb. Qorxmursan?
- Yox, nəyindən qorxum. O da bizim kimi burada yaşayır da...
3-cü mərtəbədə qarşımıza çıxan Sultanov Canpoladla söhbət edirik. Canpolad Xocavənd rayonundan məcburi köçkündür. 7 ildir ki, bu binada yaşayır.
Canpolad bildirir ki, əlacsızlıqdan burada yaşayırıq. Nə qaçqınkom, nə də icra hakimiyyəti bizə baxır. Ümid edirik ki, bizi yaxın zamanda köçürərlər buradan.
Canpolad deyir, özünüz də görürsünüz, bura siçovul oylağıdır. Gözümüzün qabağında siçovullar ora-bura gedir. O qədər çoxdur ki, heç adamı da saymırlar.
Canpoladdan evlərin içərisinin necə olduğunu soruşuruq. Deyir, çölü necə görürsünüz, içərisi də elədir. Gedib evə baxırıq, görürük adam haqlıdır. Divarlar nəm, binaya məxsus qoxu.
7 il bundan öncə bu binadan bır qız yıxılıb ölüb. Ona görə də, açıq yerlərə taxta qoyulub. 5-ci mərtəbəyə qalxırıq. Yerdə taxtaların sayı çoxdur. Balaca Oruc taxtaların üstündə durmamağımızı deyir. Elə bil minalanmış ərazidə gəzirik.
Mənzərəsi gözəl olan xaraba
Ağdam sakini Səkinə xanım deyir ki, 20 ildir burada yaşayırıq. Camaatı buradan köçürəndə pul vermədik deyə bizi köçürmədilər. Deyirlər, qəzalı vəziyyətdə olan binalar söküləcək, qəzalı vəziyyətə olan yer elə buradır.
Bina biabırçı gündə olsa da gözəl mənzərəsi var, sağa baxırıq villalar, sola baxırıq villalar, qarşı tərəf isə Heydər məscidi...
Binanın 8-ci mərtəbəsinə qalxırıq. Burada kiminsə yaşaya biləcəyini düşünməzdik. Bir də gördük qapı açıldı, evdən kimsə çıxdı. Ev sahibi Hüseynov İlham Bakı şəhərindəndir. 1997-ci ildən burada yaşayır. Mən də əliləm, yoldaşım da əlildir.
- Qaçqınlara ev verəcəklər, ancaq siz yerlisiniz. Bura söküləndə nə edəcəksiniz?

- Heydər məscidinin açılışında prezident İlham Əliyev bildirdi ki, burada yaşayan yerli sakinlər də evlə təmin ediləcək.
Binada qaz, su boruları, işıq xəttləri bir-birinin içərisinə girib. Hər şey təhlükəlidir. Çox kiçik bir ehtiyatsızlıq yanğına, su basmaya, qaz sızmasına gətirə bilər. Burada yaşayan sakinlərdən nə işıq, nə qaz, nə də supulu yığılır.
Binanın digər yerinə keçirik. Burada pilləkən olan tərəfi məftil torla hasarlayıblar. Qarşımıza bir nəfər ev sahibi çıxır. Həsənov İlkin Cəbrayıl rayon sakinidir. 13 ildir bu binada yaşayır. Toru göstərib deyir, uşaqların buradan düşüb ölməməsi üçün belə etmişik. İlkin deyir ki, illərdir bu zibilxanada yaşayırıq. Burada demək olar səfil-tüfeyli həyat sürürük.
- Burada təbii ki, evlənənlər olur.
- Əlbəttə. Gəlin ondan danışmayaq. Hər şeyimiz utancdır, ondan danışıb lap utanmayaq. Burada yaşayana kim qız verər? Hansı qız bura gəlin gələr?
- Kiminsə ölüsü öləndə necə olur?
- Biabırçılıq. Meyidi aşağıya düşürmək bir zülümdür ki, adamı ölməyinə də peşman edir şərait.
- Xəstə olanda təcili tibbi yardım buraya gələ bilir?
- Bir gələn həkim bir də gəlmir. Təcili tibbi yardım çağıranda özümüz gedib qabağına çıxırıq. Az qala həkimi belimizə alıb gətirək evə. Gündüz vaxtı burada qorxa-qorxa gəzirik, təsəvvür edin gecə olanda necə olur.
İlkin deyir, sizə maraqlı bir şey deyim. Bilmirəm dövlətin xəbəri var, ya yoxdur. Bura yenidən dolmağa başlayıb. Burada 950-ə yaxın ailə yaşayırdı. Köçürülmədən sonra burada 200 ailə qaldı, artıq burada yaşayan ailələrin sayı 800-ə yaxınlaşır.
Əldə etdiyimiz məlumata görə, yeni köçənlər Qaçqınkomun əli ilə buraya yerləşirlər.
- Burada yerli sakinlər də var.
- Köçürülmədən sonra 1 il buraya kimsənin yerləşməsinə icazə vermədilər. Ancaq son zamanlar bura dayanmadan dolur. Kimdən soruşursan ki, buraya necə gəlmisən, hamısı deyir, "Qaçqınkoma pul verib almışıq".
İlkinlə sağollaşıb birinci mərtəbəyə düşürük. Aşağı düşdükcə üfunət iyi daha da artır. Binanın zirzəmisi su ilə doludur. Bina sakinlərinin kanalizasiyası binanın altına axır. Qışdır deyə ağcaqanaq yoxdur. Yayda burada ağcaqanad əlindən durmaq mümkünsüzdür. Balaca Oruc da deyir ki, əmi, ağcaqanadlar eləbil bizim dostumuzdur.
Binaya girən bir nəfərlə qarşılaşırıq. Deyir, bura qonaq gəliblər, adının çəkilməsini istəmən şəxs deyir ki, buranın Bakıdan xəbəri yoxdur. Belə yerdə insan yaşayar?
Zibilliyin içərisində, kanalizasiyanın üstündə yaşayan ehtiyatda olan zabit
Ehtiyatda olan zabit, kapitan, 4 il 7 ay Qarabağ müharibəsində döyüşən Səyyadov Tanrıverdi 3 ildir ki bu binada yaşayır.
- Sual bəlkə pis çıxacaq. Niyə burada yaşayırsınız?
- Pis olmadı, lap yerinə düşdü. Mənim də imkanım olsa sağımızdakılar, solumuzdakılar kimi villada yaşayardım. Yoldaşım Xocalıdandır. İl yarım erməni əsirliyində olub. Başına avtomatın qundağı ilə vurublar. Başının yarısı silikondur. Birinci dərəcəli əlildir, 50 manat pensiya alır.
- 50 manat?

- Bəli, 50 manat. Xocalıda ailəsinin hamısını ermənilər öldürüb, bir qardaşı qalıb, bir də özü. Qardaşının da iki ayağı kəsilib. Deyirlər, pul verin pensiyasını artıraq. Heç utanırlar? 1981-ci ildən 90-cı ilə kimi Sovet ordusunda zabit kimi xidmət etmişəm, Rütbəm kapitan idi. 1990-cı ildə könüllü olaraq gəlib Qarabağda döyüşmüşəm. Ancaq çox peşmanam...
Evə daxil oluruq. Əgər ev demək olarsa... Qarabağ qazisinin yaşadığı yerin eni 2 metr, uzunluğu isə 4 metr ola, ya olmaya. Bu yerdə ailə başçılarından əlavə 3 körpə də yaşayır.
Bu gündə yaşayırıq. Uşaqlarımdan biri hepatit xəstəsidir. 18 ildir dövlət demir ki, bu uşaq necə böyüdü, nə yedi, nə içdi, ancaq 18 yaşı tamam olan kimi deyir, gəl orduya. Hansı üzlə, hansı sifətlə gəlib deyəcəklər oğlunu əsgər aparırıq?
Sumqayıtdan iki ermənini tutub apardım, 4 qadınımızı erməni əsirliyindən geri aldım, Rəhim Qazıyev insan alverçisi adı qoyub məni tutdurdu. Allah onun bəlasını versin!
Qeyd: Səyyadov Tanrıverdi ilə geniş reportajı yaxın günlərdəÖlkə.Az-da oxuya bilərsiniz.
Hava qaralır. Binadan çıxırıq. Geri qayıdanda Heydər məscidi tərəfdən yox, üst hissə il qayıdırıq. Yolumuz vergilər naziri Fazil Məmmədovun göz oxşayan villasının qarşısından düşür. Nazir və qonşuları möhtəşəm villalarda yaşayır, ancaq bir addımlığındakılar isə cəhənnəm əzabı çəkir. Bəziləri deyir, dövlətin onlardan xəbəri yoxdur. Ancaq elə dövlətin özü ilə qonşudurlar...
Yeri gəlmişkən, o ərazidə torpağın bir sotu 60 min manatdır. Ancaq 60 min manatlıq torpağın üzərində yaşayanların 60 qəpiklik nə hörməti var, nə də dəyəri...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics