15.03.2016

Qarabağ qazisi: "Bir daraq gülləni arxa tərəfə keçmiş erməninin sinəsinə boşaltdım" - Reportaj

Fərrux Əsədova həsr olunmuş "Qarabağ qazisi: "BMP-nin içində sağ qalan ermənini güllələdik..."" başlıqlı yazının sonunda anons olaraq bildirmişdik ki, gələn dəfəki reportajımız 12 iyun 1993-cü il Mərzilidə baş verən döyüşün əvvəlindən sonuna kimi "BMP-1"də olan Xəyal Məmmədova həsr olunacaq.

Xəyal Məmmədovla bağlı reportajı sizə təqdim edir:
Məmmədov Xəyal Nurəddin oğlu. 1971-ci ildə Goranboy rayonunda anadan olub. Əsgərliyini sovet ordusunda çəkib. Hərbi xidmətdən qayıdanda Qarabağ müharibəsinə könüllü olaraq Goranboy batalyonundan qoşulub. 1991-ci ilin dekabrından 1992-ci ilin fevralına qədər Goranboy batalyonunda olur. Sonradan əmisioğlu Ramizin döyüşdüyü Şuşa batalyonuna qoşulur. Qarabağ müharibəsi zamanı həm benzin daşıyan maşın sürüb, həm də pulemyotçu olub. Müharibə zamanı dəfələrlə yaralanıb. 1995-ci ilin dekabrında ordudan təxris edilib.
Ölkə.Az 12 iyun 1993-cü il Mərzilidə erməni UAZ-nın vurulması və yüksək rütbəli erməni zabitlərinin öldürülməsi ilə bağlı araşdırmanı davam etdirir.
Xəyal Məmmədovla Mingəçevirdə görüşdük. Xəyal Şakir Hacıyevlə tez-tez görüşsə də, Fərrux və Rizvanı 20 ildən çox idi ki görmürdü. Görüş ərəfəsində çox ağır döyüşləri gülə-gülə anladıb, sanki əyləncədə olmuş kimi danışırdılar. Ancaq özləri o döyüşlər haqda detallı danışmağa başlayanda üzdə gülüşü zəhrimar sifət əvəz edirdi...
- Bildiyimiz qədər siz BMP ekipajından olmamısınız. Necə oldu, o döyüşə getdiniz?
- 12 iyun 1993-cü il Mərzili döyüşündə əmrlə iştirak etməmişəm. Həm qolumdan, həm də böyrümdən yaralı idim. Hospitalda yatırdım. Hospitaldan çıxıb evə getmişdim. İyunun 12-si səhər tezdən batalyona gəlirdim. Batalyonun qabağına çatanda gördüm "BMP"lər çıxdı. Əl elədim "BMP-1" saxladı. Arxadan "BMP-1"ə mindim. O döyüşdə mülki formada olmuşam. Əvvəlcə Ağdam istiqamətində getdik, sonradan Mərzili kəndi istiqamətində gəldik. Mərziliyə kimin gedəcəyi ilə bağlı müzakirə getdi. Axırda qərara alındı ki, Mərziliyə biz gedəcəyik. Mərzili kəndinə girməmiş Rizvanla bir nəfər kəşfiyyat üçün "BMP-1"dən düşdü. Rizvan bir müddət sonra bizə əl elədi. "BMP-1"lə gəlib onların yanından ötüb keçdik. Rizvangili götürmədik. Kənddə nə erməni var idi, nə də bizimkilər. Kənddə adam olsa idi "BMP-1"in səsinə çıxardı ortaya. Gəlib kəndin Ergi tərəfdən girişində dayandıq. Bir müddət sonra Rizvanla yanındakı uşaq təngənəfəs gəlib biz dayanan yerə çatdı. Rizvanla rabitəçimiz Elfaq "BMP-1"i saxladığımız yerin yanındakı evin üstünə çıxıb, durbinlə ətrafı müşahidə edirdilər, rabitə ilə nəsə deyirdilər, ancaq eşitmək olmurdu. "BMP-1" işlək vəziyyətdə idi. Uşaqlar gördü ki, kənddə heç kim yoxdur, su içməyə, dincəlməyə başladılar, bəziləri yerə dirsəklənərək uzandı. Sürücümüz Əkə (Akif) "BMP-1"dən düşdü. Aradan bir neçə dəqiqə keçməmiş bir də gördük qarşımızda UAZ peyda oldu. "BMP-1" işlək vəziyyətdə olduğu üçün UAZ-ın gəldiyini eşitmədik. UAZ dayanan kimi içərisindən mənim saydığıma görə 6 nəfər düşdü. Əkə (Akif) BMP-in qarşısında oturmuşdu. Onlar Əkənin (Akif) üstünə avtomat çəkdi, onu vurmaq istəyəndə Fərrux "BMP-1"dən bir mərmi atdı. Əslində içəridə çoxdan qışqırırdım atsın, ancaq "BMP-1"in səsindən ağız deyəni qulaq eşitmirdi. "BMP-1"dən açılan atəş UAZ-ın aşağısından dəymədi, orta hissələrdən dəydi, o da çox ciddi ziyan vermədi UAZ-a. Mərmi UAZ-a biraz aşağıdan dəysə idi, UAZ param-parça olardı. Aradan bir neçə saniyə keçdi, Fərrux ikinci mərmini atdı, bu dəfə qarşıda dirək var idi, o aşdı, hər tərəfi toz-duman götürdü. Rizvan da avtomatdan ermənilərə atəş açırdı. "BMP-1"dən Fərrux üçüncü mərmini atdı. Bu mərminin hara dəydiyini görmədim. Bu zaman Əkə (Akif) "BMP-1"ə mindi, asta-asta hərəkətə başladı. Rabitəçimiz Elfaq döyüş zamanı bizdən uzaq düşdü. Sonradan bildik ki, Elfaqı ermənilər əsir aparıblar.
Xəyal bir qədər dayanır. Fikirləşir. Yenidən başlayır danışmağa:
- Qardaş, o anlar yadıma düşəndə başım xarab olur. Əsəbləşirəm. Xəyalın hər halından həyəcan keçirdiyi hiss olunur...
- Oradan hara getdiniz?
- Üçüncü atəşdən sonra "BMP-1"in yerini dəyişdik. Dəqiq bilmirəm, məktəb idi, ya da idarə, gəldik onun həyətinə. Orada ağaclığın arasında özümüzə mövqe seçdik. Aradan bir müddət keçdi, gördük bizim dayandığımız yerin yaxınlığı istiqamətində tank gəlir. Tank gəlib dayandı. Biz tərəfdən qoşqu (Teqaç) gəlirdi, onunla birgə də UAZ. Ancaq Tankın erməniyə, yoxsa bizə aid olduğunu bilmirdik. Qoşqu maşını elə onlara yaxınlaşanda tank onu vurdu. Maşın vurulan kimi bizim UAZ-ın qabağını kəsdilər. Biz də elə bil kinoya baxırıq. Bizim "BMP-1"in sürücüsü yenə aşağı düşüb. Əkəni (Akifi) qınamıram, təzə gəlmişdi, dərindən döyüş görməmişdi. UAZ-ın içərisindəki 3 zabitimizi güllələdilər. Mən də qışqırıram, Fərrux, at, Fərrux, at! Ancaq "BMP-1"in səsindən çətin o məni eşidərdi. Elə bu zaman Fərrux "BMP-1"dən bir mərmi atdı. Mərmi tankın böyründən dəydi. Ardınca bir mərmi da atdı. Sonra Fərrux pulemyotdan mən də avtomatdan güllə yağışına tutduq onları. Orada salamat erməni qala bilməzdi. Demək, bu alçaqlardan biri arxa ilə fırlanıb biz tərəfə gəlib, biz hərəkət etmək istəyəndə bir də gördüm arxadan "BMP-1"ə minmək istəyir, alçaq hələ əlini də uzadır mənə, bir daraq gülləni bunun sinəsinə boşaltdım. Yenidən kəndin içərisinə qayıtdıq. Bu dəfə yolla yox, kəndin içi ilə. Əkə (Akif) çəpər demir, divar demir, ev demir, hamısını vurub keçirdi. Kənd ermənilərdə yox bizdə olsa idi, o kəndə ən çox ziyanı elə Əkə (Akif) vermiş olardı. (Gülürük)
UAZ-ın yanına gəlib çıxdıq. Rizvan yaralı idi. Orada iki ayrı yaralımız da var idi onları da götürdük. Biz oradan yaralıları çıxartdıq. Əlimizlə BMP 1-ə yüklədiyimiz yaralılardan biri erməni çıxdı, onun da qarnına bir daraq güllə boşaltdıq. Əlimizə nə qədər yaralı keçdi hamısını "BMP-1"ə yüklədik. Gətirib onları bizimkilərə təhvil verib qayıtdıq. Oraya bizimkilərin gəlməyi günortadan sonra oldu. O UAZ-ı biz vurmuşuq, kim deyirsə o UAZ-ı mən vurmuşam gözünün içinə qədər yalan deyir.
Yaralıları təhvil verib geri qayıdanda "BMP" ilə qarşılaşdıq, yerdə iki nəfər erməni ölmüşdü, erməni sürücü yerində yaralı idi. Onu da Fərrux güllələdi. Ancaq o "BMP"ni biz çıxarda bilmədik. Bizdə sürücü yox idi. Onu Xətai Baxışovun əsgərləri apardı, ancaq qənimət kimi o "BMP" bizim idi. Uşaqlar mənə dedi, UAZ-ın vurulması ilə bağlı "PDM 258" adlı film çəkiblər. O film başdan-ayağa yalandır. Orada biz olmuşuq. O döyüşü biz həyata keçirmişik. Yenə deyirəm, UAZ-ı da, tankı da biz vurduq.

1 yorum:

  1. olmazmi ki xetai baxisov ve sizin komandiriniz de daxil olmaqla gorus keciresiniz ve bu hadiseleri qarsiliqli muzakire ile gun isigina cixarasiniz? bu sizin veten qarsisinda olan borcunuzdur

    YanıtlaSil

Real Time Analytics