Bir qrup jurnalist, QHT əməkdaşları, İran, İordaniya və Sudan dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə Tərtər rayonuna "Sərsəng Yürüşü"nə qatılırıq.
Yolumuz Tərtərədir.
Hər bir rayonda olduğu kimi Tərtər rayonun da icra hakimiyyəinin qarşısı fəvvarəli, şəlaləli göz oxşayan bir parkdır.
İcra hakimiyyətindən çıxıb Tərtər çayına doğru yola düşürük. Yolboyu ətrafı seyr edirəm. İcra başçısı nə qədər desə də "vəziyyət əladır" ancaq əla heçnə görünmür. Bəlkə də problem həqiqətən sudadır…
Tərtər deyəndə adamın ağlına gələn ilk şey Qarabağ müharibəsi zamanı ermənilərələ sonuna qədər döyüşüb, bir qarış torpağını belə düşmənə verməyən yer gəlir. Bəlkə də ermənilər elə buna görə tərtərliləri su üzünə həsrət qoyublar? Ola bilər...Tərtər çayının üzərindəki körpüdəyik. Çay dərə yatağını xatırladır. Çayda az miqdarda su axır. Həmin az miqdarda axan su Sərsəng su anbarından gəlir. Ermənilər sözün əsl mənasında məzələnirlər. Yayda lazımlı vaxtında suyun qabağını kəsirlər, qışda isə suyu buraxırlar. Kəndlilər susuzluqdan əziyyət çəkir. Tərtər çayını həmişə bolsulu görmək istəyirlər. Ancaq... Ancaq suyun qarşısının kəsliməsi bəzi şəxslərə də sərf edir. Çay yatağına baxdıqda görünür ki, göz işlədikcə çınqıl karxanalrı var və hamısı da işləyir. Nəysə, mövzu karxana deyil. Çınqıl satanlara "bazar olsun" deyib keçək su probleminə.
Zahir adlı yaşlı kişi deyir ki, torpaqlarımız işğal olunandan Tərtər camaatı su üzünə həsrətdir. Yay aylarında çayda ümumiyyətlə bir damla da olsa su olmur, ancaq gördüyünüz çınqıllar olur, deyə Zahir kişi yenə diqqətimi çınqıllara yönəltdi. Deyəsən çınqıllara görə, Tərtərə yenə gedəsi olacam. Əldə etdiyim məlumatları öz gözümlə görüb yazmaq üçün...
Qayıdaq su probleminə. Kənd təsərrüfatı olan rayonun 30 min hektarının susuz qalmasını təsəvvür etmək o qədər də çətin deyil. Susuzluq təkcə kənt təsərüfatının deyil, meşaçiliyin də məhvinə gətirib çıxarıb. Ermənilərin Sərsəng su anbarını bağlaması Tərtər və ətraf rayonlarda olan nadir ağacların da tarixə qovuşmasına şərait yaradır.
Bir anlıq özümü axmaq kimi hiss etdim
Bir neçə jurnalist, QHT əməkdaşları və üç ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələri Tərtər çayının üzərində durub yerli əhalini sorğu-sual edirik. Əhali susuzluqdan gileylənir, biz isə başımızı bulayır, içimizdə erməniyə söyürük.
Sakinlər, "ermənilər yeziddir, su vermirlər bizə, kişi kimi müharibə aparmıralar, biz çox şey istəmirik, qışda verdkiləri suyu yayda da versinlər deyirik", mən isə başımı aşağı salıb "hmmm" edirəm. Bir anlığa sanki yuxudan sayılıram. Həqiqətən biz Qarabağı unutmuşuq, artıq o torpaqları istəmirik?!
Gör nə günə qalmışıq ki, səfirlik nümayəndələrindən xahiş edirik ki, BMT-də və digər beynəlxalq təşkilatlarda ermənilərin bizə su verməməsi məsələsini qaldırsınlar. Torpaqlarımızın geri qaytarılmasını yox haa…Torpaqlarımızı geri qaytarsaq "zatən" suyumuz gələcək...
"Ermənidən su istəməkdənsə gedib torpaqlarınızı geri qaytarın..."
İran İslam Respubilkasının Bakıdakı mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi ilə körpünün üstündə qısa ayaqüstü səmimi söhbətimiz olur.
- İbrahim İbrahimi: Bu su problemi həll olan deyil.
- Niyə, səbəb?
- İbrahim İbrahimi: Sən erməni olsan su verərsən?
- Əlbəttə vermərəm.
- İbrahim İbrahimi: Ona görə də, ermənidən su istəməkdənsə gedib torpaqlarınızı geri qaytarın...
Adam haqlıdır, nə deyəsən, bundan ağıllı məsləhət?
Meşə və səhra
Tərtər çayının üzərindən bizə təhkim edilmiş avtobusa minib gedirik İsmayılbəyli kəndinə. Kəndin içərisindən keçib gəlirik kəndə məxsus olan torpaq sahələrinə. Kənd sakinləri bildirir ki, İsmayılbəyli kəndinə məxsus 200 hektar meşə zonası var. Meşədə müxtəli ağaclar var ancaq susuzluqdan ağaclar qurumağa başlayıb.
Kəndin 60 hektar torpaq sahəsi isə artıq susuzluqdan əkilmir . Şəhla adlı bir kənd sakini bildirir ki, "kəndin təsərrüfat üçün yox, ümumiyyətlə içməli suyu belə yoxdur. Yayda 40 dərəcə istidə su daşımaqdan canımız çıxır. Artezian suyunun keyfiyyəti yoxdur. Nə içmək olur, nə də təsərüfatda istifadə etmək. Sərsəngdən gələn su ilə 1 hektara 60 sentner taxıl götürürdüksə, artezian suyu ilə 1 hektara 15 sentner taxıl götürə bilmirik. Bala, ən gülməlisi bilirsən nədir (?), gülməlisi odur ki, kənd yerində yaşayasan, həm də adi göyərtini almaq üçün rayon mərkəzinə və yaxud Bərdə rayonuna gedəsən..."
İsmayılbəylidə işimizi yekunlaşdırıb yollanırıq Evoğlu kəndinə. Evoğlu kəndinin min hektar sahəsinin 500 hektarı suya həsrət qalıb. 50 hektar meşə sahəsi isə susuzluq üzündən məhv olub, yeri isə düzəngahlığa çevrilib. Meşələr yerini səhraya verir, bağlı, bərəkətli Aran Qarabağ ölü çölə çevrilir.
Hərənin bir dərdi var, tərtərlilərin dərdi isə su dərdi, sumqayıtlıların dərdi təmiz hava, məcburi köçkünlərin dərdi dədə-baba torpaqları. Şükür ki, hələ Günəşlə bağlı heç bir dərdimiz yoxdur, heç olmasa Allah onu bizə çox görməsin...
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder