12.03.2016

Vüqar Bayramov: "2016-cı ildə Mərkəzi Bank yalnız bu yolla vəziyyətdən çıxa bilər..." — MÜSAHİBƏ

Azərbaycanda yenidən devalvasiya olacaqmı? 2016-c ildə bizi nələr gözləyir? Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Əsas qazancı neft olan Azərbaycan itkilərini kompensasiya etmək üçün hansı addımları atacaq?
Ölkədə və dünyada baş verən iqtisadi proseslərlə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov suallarımızı cavablandırıb.
Vüqar Bayramovla həmin müsahibəni sizə təqdim edirik:

- Salam. Necəsiniz? 2015-ci il necə keçdi?
- Yaxşıyam. 2015-ci il yekunlaşır. Əslində 2015-ci il nə region üçün, nə ölkə üçün, nə də bizlər üçün asan olmadı. Proseslər heç bir sahəyə təsirsiz ötüşmədi. 2015-ci il regionda baş verən proseslər Azərbaycana iqtisadi baxımdan təsir göstərdi. Azərbaycan iqtisadiyyatına 2015-ci ildə xarici faktorların təsiri daha çox oldu, nəinki daxili faktorların. Çünki bir tərəfdən neftin dünya bazarında qiymətində azalmalar müşahidə olundu, digər tərəfdən 2015-ci ildə Rusiya iqtisadiyyatındakı zəifləmələr və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdi. Nəzərə alaq ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, bu baxımdan da 2015-ci il gözlənildiyi kimi asan olmadı. Neftin dünya bazarındakı qiyməti proqnozlaşdırıldığı kimi azalmaqda davam etdi. 2015-ci ili ölkə, xalq, təşkilat olaraq çətinliklə başa vurmağı bacardıq.
- Neft sürətlə ucuzlaşır. Bu hal yaxın müddətdə Azərbaycan iqtisadiyyatında hansı izlər buraxacaq?
- Mərkəzi Bankın əvvəlki qiymətləndirmələri onu göstərir ki, Azərbaycan iqtisadiyyatı üçün neftin 40 dollardan aşağı olması pessimist ssenaridir. Neft satışından əldə edilən gəlirləri hesablayan zaman sadəcə xərc və gəliri müqayisə etməklə kifayətlənmək olmaz. Gəlir kəskin azalıb. 2014-cü ildə neftin dünya bazarındakı qiyməti 110 dollar idi. O zaman 110 dolların 15 dolları neftin xərci idi. Dövlət Neft Şirkətinin hesablamalarına görə, 1 barel neftin xərci 15 dollardır. BP üçün isə bu xərc nisbətən azdır. 110 dollardan 15 dollar çıxanda 95 dollar gəlir qalırdı. Xərcdən əlavə gəlir isə Azərbaycan dövləti ilə digər konsorsium iştirakçıları arasında bölüşdürülürdü. İndi isə 1 barel neftin dünya bazarında qiyməti 40 dollardır. 40 dollardan 15 dollar çıxanda isə ötən ildəki gəlirlə bu ilki gəlir arasında ciddi uçurum yaranır. İndiki halda neftin qiymətinin yarıya qədəri xərcdir. Yarıya qədəri xərc olduğuna görə, bu bir tərəfdən dəyər ifadəsində neft satışından əldə edilən vəsaitlərin həcmini azaldır, digər tərəfdən xərcin faiz etibarı ilə neftin qiymətindəki çəkisini artırır. Nəticədə hökumətlə konsorsium arasındakı hasilatın pay bölgüsünə uyğun olaraq bölgü faizlərinə də təsir göstərir. Azərbaycanın aldığı vəsaitlərdə kəskin azalmalar var. 2016-ci ilə neftin dünya bazarındakı qiyməti aspektindən çox təəssüf ki, pessimist ssenari ilə başlamalı olduq. Pessimist ssenari özünü onda göstərəcək ki, ölkəyə vəsait daxilolmalarında kəskin azalmalar müşahidə olunacaq.
- Neftin ucuzlaşması 2016-cı ildə də davam edəcək?
- Neftin dünya bazarındakı qiyməti ilə bağlı proqnoz vermək çox çətindir. Siyasi proseslər, Yaxın Şərqdə baş verənlər neftin dünya bazarındakı qiymətinə təsir göstərir. Bir müddət öncə neftin dünya bazarındakı qiymətində müəyyən artımlar baş verdi. Çünki Rusiya Yaxın Şərqdə daha fəal hərbi hərəkətlərə başladı. ABŞ neft hasilatını azaltmışdı. Bu hadisələr neft bazarına öz təsirini göstərdi. Rusiyanın hansı səviyyədə Yaxın Şərqdə qalmasına və Rusiyanın Yaxın Şərqdə olmasının hansı səviyyədə neft ixracatına təsir göstərməsi aspektinə sonradan bazar çevik reaksiya verdi. Neft ixracatlarında problemlər olmadı. Sonradan neftin qiyməti yenidən əvvəlki səviyyəsinə qayıtdı. Bir neçə gün öncə OPEK-in son yığıncağında hasilatın azaldılması ilə bağlı qərar qəbul edilmədi. Əksinə hasilatın artırılması razılaşdırıldı. Praktiki olaraq artıq İran da bazara girir. OPEK-in son yığıncağı neft bazarına birbaşa təsir göstərdi.
- Adətən neftin qiyməti ucuzlaşmağa başlayanda OPEK dərhal toplanıb neftin hasilatını azaldırdı, bundan sonra neftin qiyməti yenidən tənzimlənirdi. OPEK indi niyə belə qərar qəbul edir?
- Siyasi baxımdan neftin dünya bazarında qiymətinin aşağı olmasında maraqlı ölkələr var. ABŞ neftin dünya bazarında qiymətinin aşağı olmasında maraqlıdır. ABŞ-ın neft balansına diqqət yetirsək görərik ki, ABŞ istehlak etdiyi neftin yarısını idxal edir, yarısını isə yerli istahsal hesabına ödəyir. ABŞ 2008-ci ildən sonra gündəlik neft idxalını 7 milyon bareldən azaldıb. ABŞ eyni zamanda idxalı şaxələndirə bilib. ABŞ bu gün dünyada ən çox neft istehsal edən ölkədir. ABŞ-ın gündəlik neft hasilatı 11 milyon bareldən çoxdur. ABŞ Rusiya və Səudiyya Ərəbistanından çox neft istehsal edir. Bu imkan verir ki, ABŞ bazara təsir göstərsin. İdxalın şaxələnməsi Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələrə təsir imkanı yaradır. Suriyada baş verən proseslər neft istehsal edən ölkələri xeyli ehtiyatlandırıb. Burada iqtisadi səbəblər də var. Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən qorxur. Səudiyyə Ərəbistanı OPEK-də aparıcı dövlətdir. OPEK istehsalın azaldılması qərarını qəbul edərsə, bu Səudiyyə Ərəbistanının ABŞ bazarından sıxışdırılmasına gətirib çıxaracaq. ABŞ-ın idxalında heç bir ölkənin payı 11%-dən çox deyil. ABŞ bir neçə ölkədən oxşar həcmdə neft idxal edir. Bu, ABŞ-a imkan verir ki, hansısa ölkəni çıxarıb digərinin payını artırsın.Səudiyyə Ərəbistanı bazarı itirməkdən ciddi şəkildə qorxur. Digər iqtisadi səbəb ondan ibarətdir ki, neftin dünya bazarındakı qiyməti aşağıdır, ölkələrin gəliri azalıb. Onlar daha çox neft hasil etməklə, daha çox neft satmaqla gəlirlərini kompensasiya etməyə çalışırlar. Çünki heç kim əmin deyil ki, 2016-17-ci illərdə neftin dünya bazarındakı qiyməti indiki səviyyəsindən daha yüksək olacaq. İndiki qiymətdən belə ölkələr qazanmaq istəyirlər.
- ABŞ və Qərb Rusiyaya sanksiyalar tətbiq etdikdə Türkiyə bu sanksiyalara qoşulmadı. Ancaq Türkiyənin Rusiya təyyarəsini vurduqdan sonra Rusiya Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Co Bayden Rusiyaya qarşı sanksiyaların davam edəcəyini bildirib. Türkiyə bu dəfə fərqli addım atıb Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşula bilərmi?
- Türkiyə Rusiya münasibətlərinin soyuqlaşmasına diqqət yetirsək görərik ki, hər iki ölkə bu gərginlikdən uduzur. Rasional baxımdan hər iki ölkənin belə bir münasibətə necə getdiyini izah etmək çox çətindir. Ölkələr arasında münasibətlərin pisləşməsi iqtisadi faktorlarla bağlı deyil. Burada siyasi faktorlar daha öndədir. Rasional qiymətləndirmədə münasibətlərin pisləşməsi heç bir ölkənin xeyrinə deyil. Rusiya Türkiyənin ən çox mal ixrac etdiyi ölkədir. Türkiyə Rusiyaya 5,9 milyard dollarlıq mal ixrac edirdi. Rusiya turistləri Almaniyadan gələn turistlərdən sonra Türkiyəyə gedən ən çox turistlər idi. 2014-cü ildə Rusiyadan Türkiyəyə 4,5 milyon turist gəlib. Bunun nəticəsində də Türkiyə iqtisadiyyatına 4 milyard dollar xeyir gəlib. Bu, Türkiyənin turizm gəlirlərinin təxminən 12%-i deməkdir və kifayət qədər böyük rəqəmdir. Türkiyənin Rusiyadan enerji asılılığı var. Türkiyə Rusiyadan il ərzində 28 milyard dollarlıq mavi qaz idxal edir. Bu isə Türkiyənin mavi yanacağa olan tələbatının 55%-i deməkdir. Eyni zamanda Türkiyə neftə olan tələbatının üçdə birini Rusiyadan idxal edir. Bu da o deməkdir ki, enerji idxalında Rusiya Türkiyədə dominantdır. Bu o demək deyil ki, Rusiya uduzmur. Rusiyanın iqtisadi baxımdan ziyanları var. Rusiyanın Türkiyədə iri layihələri var. Yalız 2013-cü ildə Türkiyə ilə Rusiyanın "Rosatom" şirkəti arasından bağlanan müqavilənin dəyəri 20 milyard dollardır. Türkiyə Misirlə yanaşı Rusiya taxılını ən çox alan ölkələr siyahısındadır. Türkiyə il ərzində Rusiyadan 4 milyon ton taxıl idxal edir. Hər iki ölkə iqtisadiyyatı bir-birinə ciddi şəkildə inteqrasiya edib. Son 5 ildəki Rusiya-Türkiyə dostluğu bu ölkələrin tarixində heç zaman olmayıb. Bir faktın nəticəsində bu ölkələr düşmən ölkələrə çevrildi. Türkiyə enerji sektoruna sanksiya tətbiq edə bilməz. Ona görə ki, enerji məhsullarının idxalına görə Türkiyə Rusiyadan asılıdır. Qeyri-enerji sektoruna görə də Türkiyənin sanksiyalara qoşulması düzgün deyil. Ona görə ki, hələ də Türkiyədə düşünürlər ki, mövsüm dövründə rusiyalı turistlər Türkiyəyə gələcəklər. Rusiyada turizm şirkətləri Türkiyəyə turist paketi satmırlar. Turizm inkişafı üçün rusiyalılar Türkiyə üçün önəmlidir.
- Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyaların Azərbaycana xeyri və ziyanı...
- Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin yaxşı olmasında maraqlı ölkədir. Hər iki ölkə Azərbaycanın müttəfiqləridir. Azərbaycan Türkiyə, Azərbaycan Rusiya arasında ticarət dövriyyəsi demək olar ki, eynidir. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,9 milyard dollar, Azərbaycan Türkiyə arasında ticarət dövriyyəsi isə 1,8 milyard dollardır. Bu iki ölkə arasında ticarət dövriyyəmiz 2014-cü ildə aşağı düşüb. Buna səbəb regiondakı siyasi proseslərdir. Rublun kəskin devalvasiyası Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinə ciddi zərbə vurdu. Türkiyə ilə ticari əlaqələrimiz demək olar ki, stabildir. İki qonşu dövlətin münasibətlərinin kəskin pozulması Azərbaycanın maraqlarına uyğun deyil. Bununla yanaşı iki ölkənin münasibətlərinin gərgin olması yeni iqtisadi imkanlar yaradır. Söhbət heç də Türkiyəyə gedən rus turistlərinin Azərbaycana cəlb edilməsindən getmir. Hansısa turistlər gələ bilər. Ancaq turistlərin böyük əksəriyyətinin Azərbaycana cəlb edilməsi imkansızdır. Türkiyəyə 4 milyondan çox rus turist gedirdi. Azərbaycanda otellərin bir gecəlik maksimum tutumu 37 min yerdir. Bu o deməkdir ki, Azərbaycan bir gündə 37 min turist qəbul edə bilər. Bundan əlavə isə qiymət və keyfiyyət məsələləri var. Azərbaycana rus turistlərinin müəyyən hissəsi gələ bilər. Terror səbəbi ilə Misirə gedən rus turistlərinin sayı azalıb. Rus turistlərin seçim imkanları getdikcə azalıb. Azərbaycana Rusiyalı turistlərin cəlb edilməsi mümkündür, ancaq çoxlu sayda turistin cəlb edilməsi mümkün deyil. Türkiyə Rusiya bazarından çəkilib. Türkiyənin ixrac etdiyi kənd təsərrüfatı, aqrar məhsulların 20%-i Rusiya bazarına gedirdi. Türkiyənin ixrac etdiyi geyim məhsullarının 15%-i Rusiya bazarına gedirdi. Azərbaycan geyim məhsullarında Türkiyənin Rusiya bazarında boşalan yerini tutmaq imkanına malik deyil. Kənd təsərrüfatı və ərzaq məhsullarında Azərbaycan Rusiyaya daha çox məhsul ixrac etmək imkanları qazanacaq. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarında üstünlüyü var. Baxmayaraq ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının qiyməti bahadır, ancaq Azərbaycanda kənd təsərrüfatı məhsulları çox rahat satılır, səbəb odur ki, ruslar Azərbaycan kənd təsərüfatı məhsullarının keyfiyyətinə inanırlar. Azərbaycanın üstünlük əldə etdiyi digər şey isə beynəlxalq yük daşımalarıdır. Əlbəttə ki, liman və Bakı-Tbilisi-Qars dəmir yol xətti istifadəyə verildikdən sonra Azərbaycan beynəlxalq yük daşımalar üçün münasib olacaq. Azərbaycan beynəlxalq yük daşımalardan ciddi şəkildə gəlir əldə edə bilər. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində Azərbaycan maraqlı olmasa da, bu gərginləşmə Azərbaycan üçün qeyd etdiyimiz istiqamətlərdə imkanlar yaradır.
- Devalvasiyadan sonra manatın məzənnəsinin sabit qalması valyuta rezervimizi nə qədər azaltdı?
- Valyuta rezevlərimiz 2014-cü ilin yayında 17 milyard dolardan çox idi. Hal-hazırda 6,2 milyard dollardır. Praktiki olaraq valyuta rezervlərimizdə 11 milyard dollar azalma qeyd olunub ki, bu da kifayət qədər ciddi bir azalmadır. 2014-cü ilin yayı ilə müqayisədə valyuta rezervlərimiz 3 dəfəyə yaxın azalıb.
- Valyuta rezervlərimiz getdikcə azalır. Sonda bu devalvasiya ilə nəticələnə bilərmi?
- Mərkəzi bank devalvasiyadan əvvəl və sonra çevik siyasət həyata keçirmədi. Əvvəla biz devalvasiyadan öncə Mərkəzi Banka müraciət etmişdik. Mərkəzi bankın Qazaxıstanda olduğu kimi manatla olan əmanətləri indeksasiya edilməsinə dəvət etmişdik. Bu çox vacib idi. Bu həm rezervlərin qorunub saxlanılması baxımından, həm də manatla yığımların həcminin yığılıb qorunması baxımından vacib idi. Əgər Mərkəzi bank manatı indeksasiya etsə idi o zaman insanlar manatla olan əmanətlərini banklardan geri çəkməyəcəkdi. Əksinə insanlar evlərdə saxladığı manatı banklara yerləşdirəcəkdi. Mərkəzi Bank həm də digər vasitələrlə valyuta bazarına mesajlar verib əhali arasında yığım forması ilə bağlı qərarlarına təsir etmək imkanına malik idi. Çox təəssüf ki, Mərkəzi Bank bundan istifadə etmədi. Manat indeksasiya edilmədi, nəticədə əmanətlər banklardan çəkildi. Kommersiya bankları dollarla olan əmanətlərə kifayət qədər simvolik faiz müəyyənləşdirdilər. Bu səbəbdən də kommersiya bankları dollarla olan əmanətlərə 2-2,5 dollar divident verirlər. Nəticədə bu ona gətirib çıxardı ki, dollarla əmanət yerləşdirməyə də vətəndaş maraqlı olmadı. 2 bankda əmanətlərin götürülməsi ilə bağlı problemlər oldu. Hətta əməkhaqqı kartında olan pulu belə götürməkdə çətinliklər oldu. Mərkəzi Bank buna müdaxilə etmədi. Əgər vətəndaşın əmanət müqaviləsi başa çatırsa və əmanətçi həmin pulu götürə bilmirsə birmənalı şəkildə Mərkəzi Bank müdaxilə edib həmin bankın lisenziyasının geri alınması ilə bağlı qərar qəbul etməli idi. Ancaq çox təəssüf ki, Mərkəzi Bank bunu etmədi. Nəticədə bu, ümumi bank sektoruna inamın azalmasına gətirib çıxardı. Bu da xarici valyutaya tələbi artırdı. Mərkəzi Bank xarici valyutaya olan tələbi ödəmək üçün öz rezervlərindən istifadə etməyə başladı. Əgər gün ərzində 1 milyon dollar satılırsa və həmin 1 milyon dolların 800 mini bazardadırsa, 200 min fərq var. Artıq Mərkəzi Bank intervensiyada 200 mini qapamalıdır. Əgər 200 min qapanmasa artıq yeni kurs müəyyənləşəcək. Yeni kurs müəyyənləşə bilmir, çünki Mərkəzi Bank inzibati yolla dolların kursunu müəyyənləşdirir. O zaman artıq "qara bazar" yeni kursu müəyyənləşdirəcək. Valyutadəyişdirmə məntəqələri dollar satmayacaq. Dollar artıq daha yüksək kursla "qara bazarda" satılacaq. Bu ona gətirib çıxardır ki, Mərkəzi Bank daimi internersiya edir, nəticədə də valyuta ehtiyatları azalır.
2016-cı ildə Mərkəzi Bankın 3 yolu var:
Birincisi, üzən valyuta rejminə keçməlidir, hansı ki, qonşu ölkələr, Qazaxıstan, Gürcüstan, Rusiya bunu tətbiq edir, bununla çalışmalıdır ki, xarici valyuta ehtiyatlarını qoruyub saxlaya bilsin. Artıq bu istiqamətdə işlər gedir. Mərkəzi Bankın üzən valyuta sisteminə keçməsi bazara psixoloji təsir gösətərəcək. Mərkəzi Bank 2016-cı ildə üzən valyuta siyasətinə keçərsə, psixoloji olaraq həmin gün manatın məzənnəsində azalmalar olacaq. Ancaq sonradan stabilləşə bilər, çünki bu tənzimlənən üzən valyuta sistemi olacaq.
İkincisi devalvasiyadır. Mərkəzi Bank mövcud vəziyyəti saxlayıb devalvasiyaya gedə bilər. Bu arzu olunan deyil.
Üçüncüsü isə Mərkəzi Bank xarici borclanmaya getməklə mövcud siyasəti davam etdirib manatın məzənnəsini saxlaya bilər.
İqtisadi baxımdan ən məqbul yol üzən valyuta siyasətinin tətbiq edilməsidir. Üzən valyuta siyasəti manatın məzənnəsinin təxminən 20% aşağı düşməsinə gətirib çıxaracaq. Çünki psixoloji təzyiq olacaq.
- Son günlər hansısa bankların bağlanacağı, hansısa bankların müflis olması ilə bağlı xəbərlər yayılır. İflas olmaqda olan banklar varmı?
- 7 bankın lisenziyasının geri alınması prosesi gedirdi. Onlardan 5-i tamamlanıb, 2-si tamamlanmaq üzrədir.
- Onlar hansı banklardır?
- İki bankın lisenziyasının geri alınması ilə bağlı qərar bu ilə qəbul edilib. Onlar "Eurobank" və "Azərbaycan kredit bankı"dır. 5 bank isə əvvəlki dövrdə müflis elan olunan banklardır, Röyalbank və digərləri. Bank sektoruna inam azalıb. Problemli kreditlərin həcmi 1,4 milyard manata yaxındır Ödənişlərdə yubanmalar artıb. Aparıcı banklarda vəziyyət yaxşıdır. Ancaq digər banklarda vəziyyət yaxşı deyil. Bizim qiymətləndirmələrimizə görə hal-hazırda 3 bankın fəaliyyətində problemlər var. 2 bankın fəaliyyətində problemlər daha ciddidir.
- Onlar hansılardır?
- Onların adını çəkməyək. Banklardan danışanda adının çəkilməsi doğru deyil. Ən azı bank əmanətçiləri arasında panika yarada bilər. 3 bankın ikisində əmanətlərin verilməsində problemlər var. Mərkəzi Bank hər iki bankın lisenziyasını geri almalıdır. Digər bankın əmanətləri qaytarmaqla bağlı problemi yoxdur, ancaq tam funksiyaları yerinə yetirə bilmir. Mərkəzi Bank monitorinq etməlidir. Hansı banklar rüblük hesabatlarını internet səhifələrində yerləşdirmirsə, həmin banklara xəbərdarlıq etməlidir. Rüblük hesabatlarını internet səhifələrində yerləşdirməyən bankların sayı artır. Bu da çox neqativ tendensiyadır. Mərkəzi Bank o banklara xəbərdarlıq etməlidir, əgər buna əməl etməsələr, həmin bankların lisenziyaları əllərindən alınmalıdır. Mərkəzi Bank çalışmalıdır ki, bankların birləşməsi prosesi davam etsin. Praktiki olaraq Azərbaycanda 42 bankın olması məntiqə uyğun deyil. Düzdür, bankların sayı ilə bağlı qayda yoxdur, ancaq Azərbaycanda bankların sayı Qazaxıstanla müqayisədə daha çoxdur. Hökmən bankların birləşməsi həyata keçirilməlidir. Bank sektorunda liberallaşma olmalıdır.
- Təxminən Azərbaycan üçün neçə bank kifayət edər?
- Standart qiymət yoxdur. Ancaq bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda bankların sayının 30-dan çox olması iqtisadi baxımdan məntiqli deyil.
- Neft gəlirləri azalıb. Gündəmə kənd təsərrüfatı gəlir. Görünən odur ki, bizdə planlaşdırma yoxdur. Ona görə də, çox halda fermerlər qazanmaq əvəzinə batırır.
- İnkişaf etmiş ölkələrdə Kənd təsərrüfatı nazirliyi proseslərə müdaxilə edir. Subsidiyaların verilməsi təkmilləşməli və bu sahədə şəffaflıq artırılmalıdır. Subsidiyaların birbaşa fermerə çatması təmin edilməlidir. 2010-cu ildən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdik ki, subsidiyaların verilməsi mexanizmini dəyişdirsin. Azərbaycanda subsidiyaların verilməsi mexanizmi inkişaf etmiş ölkələrdə verilən subsidiyalar mexanizminə uyğun deyil. 2 fermer eyni məhsulu istehsal edir. Onlardan biri 1 hektarda 1 ton məhsul istehsal edir, digəri 7 ton. Ancaq onlar eyni həcmdə subsidiya alırlar. Bu stimul yaratmır. ABŞ-da subsidiyanın həcmi istehsal edilən məhsulun həcmi qədərdir. 1 hektardan fermer 7 ton istehsal edirsə o, daha çox subsidiya almalıdır. Azərbaycanda stimul yoxdur. Azərbaycanda hektara görə subsidiyalar verilir. Fermer bazarda baş verənlərə uyğun olaraq qərar qəbul edir. Əgər bu gün hansısa bir məhsulun qiyməti yüksəkdirsə gələn il həmin məhsulu istehsal etməyə çalışırlar və nəticədə həmin məhsul üzrə bolluq yaranır. Qiymət düşür. Fermerlər ixracatda az sayda ölkələrdən asılıdırlar. Azərbaycan prezidenti bazarların diversifikasiyası ilə bağlı göstəriş vermişdi. Bu çox vacibdir. 2014-cü ilin sonlarında Quba rayonunda istehsal olunan alma məhsullarını fermerlər çaya axıdırdı. Rusiyada qiymətlər düşdü, daxili bazarın həcmi isə böyük deyil. Kənd Təsərrüfatı Nazirliyinə təklif edirik ki, ixrac xəritəsi hazırlasın. İtaliyada hansı məhsul satılır, hansı məhsula ehtiyac var, fermer bunu bilməyə bilər, ancaq ixrac xəritəsi ilə fermer hansı məhsulu hara ixrac edə biləcəyini bilər. Bununla bir bazardan asılılıq aradan qalxar.
- 2016-cı illə bağlı proqnozunuz...
- 2016-cı il asan olmayacaq. Bir tərəfdən regionda baş verənlər, neftin dünya bazarında qiyməti azalır. Əsas ticarət tərəfdaşlarımızda çətinliklər var. Rusiyadan Azərbaycana göndərilən pulun həcmində azalmalar var. Deməli iqtisadiyyat xaricdən daha az vəsait cəlb edəcək. 2016-cı ildə idxal-ixracın liberallaşması üçün gömrükdəki süni maneələrin aradan qaldırılması olduqca vacibdir. 2016-cı ildə birmənalı şəkildə islahatların davam edəcəyi gözlənilir. Baxmayaraq ki, neft hasilatında kəskin azalmalar yoxdur, ancaq qiymət aşağı düşdükcə artıq Azərbaycan postneft mərhələsinə qədəm qoyur. Postneft mərhələsində gəlirlər neftdən kənar sektorlardan formalaşmalıdır və yalnız neftdən kənar sektorlar hesabına azalan fərqi kompensasiya etmək mümkün olacaq. 2016-cı ildə hökumət qənaətə gedəcək. Dövlət ehtiyatlarından az istifadə etməyə çalışacaq. Xarici və daxili borclanma artacaq. Hökumət dövlət rezervləri üçün daha uzun müddətli borclar cəlb etməyə çalışacaq. Əhali də qənaət edəcək. 2016-cı ilin birinci yarısında əmlak bazarında durğunluğun davam edəcəyi gözlənilir. İstehlak azalacaq, bu da iaşə və xidmət obyektlərində müştərilərin sayında azalmalarla davam edəcək. İl çətin olacaq, ancaq böhran olmayacaq. Böhransız il olacaq, ancaq çətin il olacaq.
- Çətinliyin maaşlara, müavinətlərə təsiri olacaq?
- Təsiri olmayacaq.
- Dövlət büdcəni doldurmaq üçün vergiləri artırmaqdan istifadə edə bilərmi?
- Artıq vergilər artıb. Kapital və infrastruktur xərcləri azalacaq, çünki qənaət ediləcək. Əsas məsələ ondan ibarətdir ki, qənaət olsun. İkinci məsələ ondan ibarətdir ki, sosial ayırmalarda çətinlik olmasın. 2016-cı ilin yanvarın 1-dən etibarən vergi dərəcələrində artımlar müşahidə ediləcək. Ev satışı ilə bağlı vergidə isə artım var, sadələşdirilmiş vergi məbləği 4%-dən, ticarətdə 6%-ə, iaşə obyektlərində 8%-ə qədər artırıldı. Qərar 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
- İnsanları daha çox kommunal xidmətlər maraqlandırır. O sahədə də vergilər arta bilərmi?
- Görünən siyasət ondan ibarətdir ki, hökumət vətəndaşların birbaşa xərcini artıra biləcək artımlara getməkdə maraqlı deyil. İndiki məqamda hökumət çalışır ki, əhalinin xərcini artıra biləcək dəyişikliklərə getməsin.
- Vaxt ayırdığınıza görə təşəkkür edirik.
- Gəldiyiniz üçün çox sağ olun.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics