12.03.2016

Atəş altındakı Çıraqlıdan — REPORTAJ

"Ermənilər atmayanda narahat oluruq ki, görəsən yenə nə oyun çıxarmaq istəyirlər"

Qorxu hissinin məhv olduğu yer

Dedilər, cəbhəyanı ərazilər boşaldılır, camaat evlərini qoyub qaçıb. Biz də gəldik cəbhə xəttinə ən yaxın kənd olan Çıraqlıya. Gəldik və gördük ki, bütün deyilənlər şaiyədən, xalqın arasına panika salmaq cəhdindən başqa bir şey deyilmiş.

Çox kiçik kənd olan Çıraqlıda həyat həmişəki kimi davam edir. Əkin-biçini ilə məşğul olan kim, mal heyvanla məşğul olan kim. İnsanların üzündə qorxu hissi yoxdur. Artıq hər kəs silah səsinə öyrəşib. Kənddə artıq balaca uşaqlar belə atəş açılanda hansı silahdan atəş açıldığını, güllənin hansı kalibr olduğunu (5,45 və 7,62) belə bilirlər.

Kəndin ən sonuncu evlərinə gedirik. Yolda qarşımıza Ramil adlı kənd sakini çıxır. Ramil həm də kemiş döyüşçü olub. Deyir, "heç nədən qorxmuruq. Qorxu olsa heç burda 20 ildən çox yaşayardıq?" Ramildən sözü kəlbətinlə çıxardırıq: "Qardaşlar, biz köhnə döyüşçülər danışmırıq, döyüşürük".

Kənddəki evlərin həyətinə giririk. Evlərin divarları, pəncərələri, dam örtüyü köhnə və yeni güllə izləri ilə doludur.

Ələsgər adlı kənd sakini ilə rastlaşırıq. Ələsgərin evi kənddəki ən sonuncu evdir. Ələsgər nəinki bu kənddən köçmək istəyir hələ evi yeni tikib və təmir edir ki, ora köçsün. Həmsöhbətimiz deyir, "Bizdə qorxu hissi yoxdur. 20 ildən çoxdur ki, bu vəziyyətdə yaşayırıq. Hərdən başqa rayonlarda yaşayan qohumlar deyir köçün gəlin bura. Amma biz heç vaxt bu kənddən köçən deyilik. Burda doğulub burda boya başa çatmışam burdan niyə getməliyəm?"

Sual veririk:

- Son günlər ermənilər atəşkəsi çox pozur, ciddi döyüşlər gedir, bu, kənd camaatına necə təsir edir, qorxu hissi yaratmırki kəndə?"

Cavabında Ələsgər deyir: 

- Açığın bilmək istəyirsizsə, ermənilər atəşksi pozmayanda şəxsən mən özümü birtəhər hiss edirəm ki, görəsən dığalar nə planlaşdırır. Heç nədən qorxmuruq. Müharibə başlasa silaha sarılıb irəli gedəcəyik.

Ələsgər tikdirdiyi evi bizə göstərir və deyir:

- Bu evə zülm çəkmişəm ki, heç burda qoyub gedərəm?

Ələsgərgilin ata həyətinə giririk. Darvaza bütün evlərdə olduğu kimi aşsüzəni xatırladır. Güllədən dəlmə-deşikdir.

Qoza güllə atan əfqanlar

Raisə xanımla rastlaşırıq. Coğrafiya müəlliməsi olan Raisə xanımın oğlu zabitdir. Evdə tək yaşayır. Bu qadın tək yaşamasına baxmayaraq qorxmadan, ürkmədən öz evində yaşamaqda davam edir.

Raisə xanım deyir:

- Bala, gül kimi bağçam, bağım bağatım var. Hələ güllərimə bir baxın. Buranı qoyub heç getmək olar? Bu həyətin, evin hər qarışına zəhmətimiz, tərimiz qarışıb. Vətəni itirməyən bilməz vətən həsrəti nə olan şeydir. Kəndi tez-tez atəşə tuturlar. Ancaq çox vaxt güllələr kəndi tutmur. Məsafə yaxın olduğu üçün güllə kəndin üstündən ötüb keçir yada evin damına dəyir. Blindaj çəkilməsə, barı hörülməsə ermənilərin atdığı bütün güllələr evimizin içində olardı.

Raisə xanım gülləbaran olmuş evinin divarlarını göstərir. Divarlar deşik-deşikdir. Divarda və darvazada elə yerlər var ki, güllə çöldən yox içəridən girib. Qəribə gəlir və səbəbin soruşuruq. Ev sahibəsi deyir ki, müharibə vaxtı bura əfqanlar da gəlmişdi. Onlar qoz ağacındakı qozları güllə ilə vurub salırmışlar, onların əməlidir.

Kəndi gəzirik. Heç kimin buraları tərk etmək fikri yoxdur.

Kəndin cəbhəyə ən yaxın evi, sonuncu evi olan Siyavuşun evinə gəlirik. Siyavuş salam verməzdən öncə bildirdi ki, qaraş, neçə gündü dayanmadan atırlar. Mənim evim də düz bunların gözünün qabağındadı. Çardağın üstün vurdurdum indi deşik deşikdir.

Siyavuş deyir:

- Açığı bezmişik bu siçan-pişik oyunundan. Nə qədər olar, nə qədər davam edəcək? Bir dəfəlik müharibəni başlasınlar, ya oyanlıq olsun, ya da bu yanlıq. Indi 90-cı illərdəki vaxtda deyil. Nizami ordumuz var. Müharibə başlasa İrəvanı da alarıq.

Səxavət Məmməd, Ağdam, Çıraqlı

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics