12.03.2016

Qarabağ qazisi: "Əlimi atdım sinif yoldaşıma kömək edim, ayağı əlimdə gəldi..." — MÜSAHİBƏ

“Arxaya çönəndə bir onu gördüm ki, havada nə isə burula-burula gəlir. Ondan sonrası yadımda deyil...”
Görənlər görməyənlərə elə anladıb ki, hər kəs Şuşanın gözəlliyindən danışa bilər.
İndi gedib Şuşanın özündən oturub yazmaq var idi, amma …

Şuşa ətrafında hadisələr necə başladı? Mikayıl Gözəlov niyə öldürüldü?
Uğursuz Daşaltı əməliyyatı. Müəmmalı məzuniyyətlər…
Qarabağ müharibəsi döyüşçüləri ilə bağlı reportajlar davam edir.
Bu dəfəki müsahibimiz 1970-ci ildə Şuşa şəhərində doğulmuş, hal-hazırda Xətai rayon Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Salahov Fuad Fərman oğludur.
Fuad Salahovla görüşəndə, Şuşanı görən hər kəs kimi oranın gözəlliklərindən danışmağa başladı. Bir qədər Şuşa haqqında söhbət etdikdən sonra ağrılı-acılı mövzuya başladıq…
- Müharibəyə necə oldu ki, qoşuldunuz?
- Gəncə Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsinə 1987-ci ildə qəbul oldum, 1988-ci ildə əsgər getdim. Mən hərbi xidmətdə olan zaman SSRİ müdafiə naziri Yazov əmr verdi ki, ali təhsilli tələbələri 1 ildən sonra təxris etmək lazımdır. Mən də o zaman bir il bir ay qulluq etmişdim. Qərara uyğun olaraq məni də təxris etdilər. Gəldim təhsilimi davam etməyə. Qarabağda, Şuşada baş verən proseslər məni də narahat edirdi. Atamla razılaşdım, təhsilimi qiyabiyə çevirib gəldim Şuşaya. Həmin vaxt Şuşa polisinə xüsusi təyinatlı bölük yığırdılar. Şuşada polisdən başqa döyüşən qüvvə yox idi, olsa da silah yox idi. Dağlıq Qarabağa rus qoşunları nəzarət edirdi. Milli ordu hələ yaranmamışdı. Yarana da bilməzdi, çünki SSRİ hələ dağılmamışdı. Ona görə də, keçmiş daxili işlər naziri Əsədovun birbaşa göstərişi ilə Şuşada xüsusi təyinatlı bölük yarandı. Mən də ərizə ilə müraciət etdim, həmin xüsusi təyinatlı bölüyə qəbul oldum. Bizim bölük Dağlıq Qarabağda bütün əməliyyatlarda iştirak edib.
“Gözəlovu aradan götürmək istəyirdilər. O öldürülməsəydi Şuşa getməzdi”
- Hadisələr necə qızışdı?
- Öncə ermənilər Şuşaya plakatlar vururdular, ağ bayraqlar asırdılar. Səhər yuxudan duranda görürdük küçələrə plakatlar, ağ bayraqlar asılıb. Ermənilər Xankəndində nümayişlərə başladılar. Nümayişlərdən sonra Ağdam-Şuşa yolunda yolun kənarındakı evlərdən yolu daşlayırdılar. Bir qrup ermənilər bir yerə yığışıb maşınları daşa basırdılar, şüşələrini qırırdılar. Ağdam-Şuşa yolunda Ağa körpüsü var idi, onu partlatdılar. Bu minvalla Ağdam-Şuşa yolu çox təhlükəli olmağa başladı. İnsanlar gedib-gəlməyə çətinlik çəkirdilər. Bizim silahımız ancaq Makarov tipli tapança idi. Camaatdan da bütün silahları yığmışdılar. Ov silahları da yığılmışdı. Şuşada sənədli silah yox idi, cəmi 10-15 sənədsiz tüfəng ola bilərdi. Əvvəl postlara da tapança ilə çıxırdıq, sonradan posta çıxmaq üçün karabin gətirdilər. Karabinlər 1941-44-45-ci illərə aid idi. Rus qoşunları çıxmağa az müddət qalmış, polis şöbəsinə 3 avtomat verdilər. Daşaltı kəndində yaşayan ermənilər Laçından Daşaltına gələn insanları güllələdilər. Onversdə (Laçından o əraziyə 10 km məsafə olduğu üçün Onvers deyilirdi, sonradan həmin yerin adı Salatınkənd qoydular) Salatın Əskərovanı, rus hərbçilərini öldürdülər. Rus qoşunları Şuşadan çıxandan sonra bizdə milli ordu yaranmağa başladı. Daşaltıdan Şuşanı, Göytalanı,Krkicahanı atəşə tuturdular.
Daşaltı əməliyyatından öncə Şuşa Polis Şöbəsinin rəisi Vahid Bayramovun, komandirim Fərman Xəlilovun, Orduxan Kərimovun rəhbərliyi ilə Daşaltına girdik. O zaman rus qoşunları hələ orada idi. Danışıqlar aparıldı, bizə bir ədəd BTR verdilər. BTR-lə kəndə girdik, kəndi ermənilərdən təmizlədik. Şuşa türməsində erməni əlindən girməyə yer yox idi.
Şuşanın icra başçısı Mikayıl Gözəlovun sayəsində Şuşadan Laçına qədər olan kəndləri ermənilərdən təmizlədik. Qaladərəsi deyilən, hündürdə yerləşən kənd var idi, oranın kalxoz sədri Qrişa adlı erməni idi. Qrişanın nivasını mən götürmüşdüm, 2-3 ay o nivanı sürdüm. Bakıdan istintaq qrupu gəldi. Qrupun başçısı Məbud Hüseynov idi. Onun göstərişi ilə o niva məndən alınıb ermənilərə verildi. Şuşa türməsindən ermənilərin çoxunu Məbud Hüseynov buraxdırdı. Bütün erməni helikopterləri o kəndə düşürdü. Mikayıl Gözəlov rus hərbçiləri ilə danışdı, onlara pul verdi və biz o kəndə girəsi olduq. Komendantla razılaşdırıldı ki, ermənilər o kəndlərdən Xankəndinə köçürüləcək. Gözəlov orada siyasət işlətdi, onlarla elə danışdı, ancaq polislərə tapşırıq verdi ki, bir dənə də olsun erməni Dağlıq Qarabağa aparılmayacaq, evlərindən çıxarılan erməniləri aparıb Gorus sərhəddinə tökərsiniz. Gözəlovun tapşırığı ilə Laçına getdik, rus hərbçilər bizi buraxmadı, Mikayıl Gözəlov Şuşaya getdi. Pul götürüb gəldi və pulu komendanta verdi. Komendant post rəisinə tapşırıq verdi ki, postu boşaldıb geri çəkilsinlər. Onlar postu boşaldıb gedən kimi Qaladərəsi, Onvers (Salatınkənd), Yeksahok kəndlərindəki erməniləri çıxartdıq. Şuşadan Xankəndinə nə qədər raket atılırdısa, onun hamısını Mikayıl Gözəlov təşkil edirdi.
O zaman ən pis cəhətlərdən biri də kadr çatışmazlığı idi. Şuşada topdan cəmi 2-3 nəfərin başı çıxırdı. Qarakənd faciəsindən sonra Ayaz Mütəllibov Mikayıl Gözəlova tapşırıq vermişdi ki, Xankəndinə bir dənə də olsun güllə atılmasın. Gözəlovu aradan götürmək istəyirdilər. O öldürülməsəydi Şuşa getməzdi. Şuşadan bir naxələf Mikayıl Gözəlov kabinetində olarkən onu güllələyib öldürdü. Onu həbs etdilər, ancaq hələ də bilinmir ki, o, Gözəlovu nəyə görə öldürüb, kimin sifarişi ilə öldürüb. Öldürən şəxs təcili tibbi yardım maşınının sürücüsü idi. Sürücünün icra başçısı ilə nə işi ola bilərdi? Gözəlov maneyə idi, ona görə də onu aradan götürdülər.
Mikayıl Gözəlovun ölümündən sonra Xocalı getdi. Rəhim Qazıyev gəldi Şuşaya, dedi ki, Şuşa getsə özümü güllələyəcəm.
- Döyüşlər necə başladı?
- Ermənilər Şuşaya gələn su anbarını partlatdılar. Ermənilər 366 alayın canlı qüvvəsindən və silah-sursatından istifadə edirdilər. Ermənilər ruslara pul verirdi ki, bizi müdafiə edin. Hadisələrin qızışması Kərkicahan kəndindən başladı.
- Necə oldu ki, rus generallarını əsir götürdünüz?
- Rus generalları Şuşaya gəldi ki, münaqişəni dinc yolla həll edək. Həmin vaxt ermənilər bizdən bir neçə nəfəri girov götürmüşdü. Xavər müəllimə var idi, məktəb direkoru işləmişdi. O və Şuşa camaatı generalları bir müddətlik Şuşada saxladılar. Rus qoşunu generalların saxlanıldığını biləndə ayağa qalxdı. Nəticə olaraq generallarla girovlarımızı dəyişdik. Əgər biz generalları saxlamasaq bizim adamlarımızı verməyəcəkdilər. Ruslar Kərkicahanda 12 nəfər polisimizi girov aparmışdı. Fərman Xəlilovun bilavasitə rəhbərliyi ilə əməliyyat edib, onları geri ala bildik.
Daşaltı əməliyyatı
- Döyüşdən öncə kəşfiyyat gedib düşmənin bütün mövqelərini, texnikasını, canlı qüvvəsini öyrənməlidir. Bundan sonra əməliyyat planı qurulmalıdır. Tacəddin Mehdiyev müdafiə naziri təyin edildikdən sonra oğlu ilə birgə Şuşaya gəldi. Bildirdi ki, Daşaltı əməliyyatını həyata keçirəcəm. Kəşfiyyatı Cıdır düzü qayasından kamera ilə aparıblar. Həmin zaman biz Qaragavıda postda idik. Səhər açılanda hücum əmri verdilər, bir neçə erməni postu götürdük. Ermənilər postlara helikopterlə ərzaq və silah-sursat gətirirdi. Biz postu götürəndə erməni helikopteri gəldi, postu götürdüyümüzü bilmirdi. Helikopter yerə enəndə bizimkilərdən kimsə güllə atdı. Helikopter getdi. Düzdü onu vurduq, ancaq hara düşdüyünü bilmədik. Bizi postdan çıxartdılar, dedilər ki, şöbəyə gəlməlisiniz. Şöbədə düzülüş oldu, bizi oradan Cıdır düzündə yerləşən Pioner lagerə gətirdilər. Orada bildirdilər ki, Daşaltı əməliyyatı hazırlanıb. Oradan gəldik Yuxarı Yarmaya, oradan da Nəbilərin üstü ilə hərəkət etməli idik. Komandirim bizə bildirdi ki, sep şəklində, bir-birimizi itirmədən gedəcəyik. Bizə tapşırıq o idi ki, Daşaltı çayını keçib, meşənin içərisi ilə gedib, yolu kəsməli idik ki, ermənilərə kömək gəlməsin. Səhər 6-da top atılmalıydı, ondan sonra hücuma keçməliydik. Daşaltı kəndi Şuşaya gediş-gəlişə mane olurdu. Çayı keçəndə ayağım suya düşdü, dəhşətli şaxta var idi. Komandir bizi çağırıb dedi ki, bələtçi deyir ki, getdiyimiz yol bizi erməni postuna aparır, getməyin. Bu zaman Riyad öz dəstəsi ilə gəldi. Komandir bələdçinin dediyini Riyada dedi. Riyad razılaşmadı, bildirdi ki, göstəriş necədi elə də edək. Biz o yolu getmədik, qayıdıb fermanın yanı ilə gedəsi olduq. Fermanın yanına çatmamış plemyotlardan atəş başladı. Artıq top atılana qədər bizim uşaqları qırdılar. Saat 6 oldu, top atıldı, hücum başladı. Ancaq erməni tam hazır idi...
Tacəddin Mehdiyev indi deyir ki, Daşaltına girmişdik, Şuşalılar qarətlə məşğul idi, xalça daşıyırdı. Biz heç öz meyidlərimizi oradan götürə bilmədik, xalçanı necə daşıyacaqdıq?
Fərman Xəlilovun yanında idim. Yanımda bir əsgərə güllə dəydi. Rezin çıxardıb, ayağını sarıdım, yaxında olan birinə dedim ki, gəl kömək elə yaralını təhlükəsiz yerə aparaq. Güllə də yağış kimi yağır. Yaxındakı heç cür köməyə gələ bilmədi, özüm yaralını kənara çəkmək istəyəndə gördüm yaralı əsdi. Güllə arxadan girib, öndən çıxmışdı. Yaralının bağırsaqları yerə töküldü...
Bu zaman Şuşadan köməyə BRDM gəldi. BRDM-də Sovet, sinif yoldaşım Nurşirəvan, bir də bibim oğlu Vəkil idi. Bunlar bizə çatmamış minaya düşdülər. Yüyürdüm ora, hamısı yanmışdı. Əlimi atdım sinif yoldaşıma kömək edim, ayağı əlimdə gəldi... Qulağından qan gələn kim, ayağını itirən kim...
Yaralıları aparmaq üçün kömək gələndən sonra qayıtdım döyüş meydanına. Uşaqlar mənə dedi, yaralanmısan. Güllə topuğumdan dəyibmiş. Ayağım çaya düşəndə necə donubsa ağrını hiss etmirdim. Saat 10-11 radələrində komandir çağırdı ki, Fuad patron ver! Qayanın üstü ilə qaçırdım ki, özümü atım komandirin yanına. Arxaya çönəndə bir onu gördüm ki, havada nə isə burula-burula gəlir. Ondan sonrası yadımda deyil...
- Yaralanandan sonra döyüşə qayıtdınız?
- Hospitaldan qaçıb gəldim Ağdama. Ağdamdan Şuşaya çıxdım. Gördük atışma gedir. Dedilər Əskaranı bombalayırlar. Sonradan bildik ki, Xocalı əməliyyatı imiş...
- Şuşa necə oldu çıxdı?
- Şuşaya bir neçə batalyon gətirmişdilər. 777, Nail Kazımovun, Mamedin batalyonu Şuşada idi. Maraqlısı ondadır ki, bu batalyonlar heç biri bir-birini saymırdı. Nə də komendanta qulaq asırdılar. Elbrus Orucovu hərbi hissə komandiri qoymuşdular, heç biri onu eşitmirdi. Bir də görürdün iki komandir dalaşır. Dalaşan kimi batalyonlarını götürüb, çıxıb gedirdilər. Şuşanın milli ordusu ilə Şuşa polisini şəhərdən çıxardılar ki, siz kənar yerləri çox gözəl bilirsiniz. Şuşa polisini göndərdilər Bala Kirsə, Ana Kirsdə isə Nail Kazımovun batalyonu idi. Şuşada kənardan gələn döyüşçülər, köməyə göndərilən polislər, bir də yerli camaat qaldı. Sonradan bildik ki, Nail Kazımovun batalyonunun əsgərləri məzuniyyətə buraxılıb. Ana Kirsdə cəmi 5-10 əsgər qalıb. Biz də arxayınıq ki, Ana Kirsdəki bizim postdur. Ermənilər oranı tutub əməliyyata hazırlaşırmış. Şuşaya hücum olan gecəsi Ana Kirsdən bizə güllə atmağa başladılar. Orada 9 polis işçimiz itkin düşdü. Bir vaxt gördük ki, erməni içimizdədir. Şuşada nə qədər milli ordu batalyonları var idisə, onların çoxu məzuniyyətə buraxılmışdı. Şuşa gedəndən sonra isə, Laçını istəsək də saxlaya bilməzdik...
Sonda Fuad Salahov müharibə başlasa yenə döyüşəcəyini dedi: "Biz vətən, bayraq, millət uğrunda döyüşmüşük. Yenidən müharibə başlayarsa, oğlum da polis işçisidir, onu da götürüb gedəcəm. Bu dəqiqə icazə versələr o tərəfə keçib dversiya işləri apararıq."
Açığı burada çox müəmmalı məqamlar var. Döyüşlərin qızğın getdiyi bir məqamda məzuniyyət vermək və yaxud məzuniyyət almaq kimə və niyə lazım idi? Sifarişçi kim idi? Mikayıl Gözəlovun ölümünü kim sifariş edib? Şuşa alınmamışdan öncə şəhərə kamazlar göndərib, camaatın evlərini niyə daşıtdırırdılar? Suallar çox. Cavab verəcək şəxslərin çoxu isə susdurulub…
Danışanlar isə həmişə eyni şeyi deyir, elə şeylər var, demək olmaz...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics