17.03.2016

Çovdarovun həngamə obyekti sökülür — Buldozerlər iş başında (FOTOLAR)

"2011-də başlayıb, 2016-cı ildə bitəcək"
Söhbət Binəqədi rayonu, 9-cu mikrorayonda, Zərifə Əliyeva parkının arxasındakı zeytun bağında tikilən İdman və sağlamlıq mərkəzinin tikintisinə başlama və başa çatma tarixindən gedir.

Açığı, məlumat lövhəsinin üzərində yazıldığı kimi tikintiyə 2011-ci ildə başlayıblar, 2016-cı ildə isə yekunlaşdırılıb istifadəyə veriləcəyi bildirilir. Ancaq tikintinin bitmə tarixi elə tikintinin sözün əsl mənasında "bitmə" tarixi oldu.
Dünəndən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tikilini sökməklə məşğuldurlar. Tikintini sökmək üçün hətta 9 mkr-dan üzü Zərifə Əliyeva adına göz klinikasına tərəf gedən yolu da bağlayıblar.
4 mərtəbədən ibarət olan tikili artıq sökülür. Söküntü üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinə məxsus kran, maşınlar və digər avadanlıqlar gətirilib.
Ölkə.Az-ın reportyor qrupu həmin ərazidə olub.
Əməkdaşlarımız söküntü ərazisinə çatanda qızğın iş gedirdi. Kranlar divarı uçurur, söküntü materialları maşınlara yüklənir, Bakı şəhər İcra Hakimiyyətinin işçiləri isə əllərini belinə qoyub prosesə tamaşa edirdilər. Söküntünün hansı səbəbdən olmasını soruşmaq üçün onlara yaxınlaşanda hamısı bildirdi ki, "Yoldan keçənik, Bakı şəhər İcra Hakimiyyətinin işçisi deyilik". Ancaq ərazidə işləyən fəhlələr bizə əvvəlcədən bildirmişdi ki, rəhbər şəxslər onlardır. Ərazidə Binəqədi rayon MKİS-nin rəisini gördük. Əvvəl o da müdir olmadığını, sonra isə ərazini gəzdiyini, tikinti və söküntüdən xəbərsiz olduğunu bildirdi.
Söküntü gedən ərazidə tikintinin sahibinə yaxınlığı ilə bilinən Azər adla şəxslə danışdıq. O, bildirdi ki, tikintini biz özümüz sökürük. "Niyə məhz tikinti yekunlaşana yaxın?" sualına isə ondan heç bir cavab ala bilmədik. "Obyektin hazırda həbsdə olan MTN generalı Akif Çovdarovla əlaqəli olduğu deyilir" dedikdə isə bildirdi ki, "Çox şey deyirlər. Biz belə millətik, ölürük gedənin arxasına vedrə bağlamaq üçün". Daha sonra Azər heç bir suala cavab verməyəcəyini bildirdi.
Söküntünün getdiyi ərazidə olan Bakı şəhər İcra Hakimiyyətinin işçilərindən biri sonradan yaxınlaşıb, adının çəkilməyəcəyinə bizdən söz aldıqdan sonra danışmağa başladı.
Onun sözlərinə görə, obyekt parkın içərisində yerləşdiyi üçün sökülür. Söküntü materiallarından zibil hissəsi zibilliyə, yararlı materiallar isə sahibkarın göstərdiyi yerə aparılacaq. "Bəs parkda obyekt tikintisini, ağacların kəsintisini niyə indi gördünüz?" sualımıza isə meriya nümayəndəsi, "O zaman icra hakimiyyətinin gücü çatmırdı bu obyekti sökdürməyə", deyə cavab verdi. Onda yəqin bu obyektin Çovdarova məxsus olması xəbəri doğrudur.
İcra hakimiyyətinin nümayəndəsi bildirdi ki, bu obyekti bir neçə il əvvəl bir dəfə də sökməyə gəlmişdik, ancaq o zaman imkan verməmişdilər. Uzun müddət obyektdə tikinti dayandırılmışdı, son zamanlar iş təzə başladı, amma onda da obyektin söküləcəyi haqda qərar verildi.
Ətrafa nəzər salırıq, İdman və sağlamlıq mərkəzinin tikildiyi ərazidə onlarla iri zeytun ağacı kəsilib. O zaman buna göz yuman və ya göz yummaq məcburiyyətində qalan Bakı şəhər İcra Hakimiyyəti indi obyektin sahiblərinə gözdağı verir.
Hadisə yerində olan zaman xəbər gəldi ki, Bakı meri Hacıbala Abutalıbov da söküntüyə baxmaq üçün gələcək. Ərazidə bir neçə saat Hacıbala müəllimi gözləsək də, Bakı meri həmin yerə gəlib çıxmadı.
Mövzunu davam etdirəcəyik...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics