3.03.2016

Administrasiyanın şöbə müdirinin müavini göstəriş versə ki..." — CƏMİL HƏSƏNLİ İLƏ MÜSAHİBƏ

 
Cəmil Həsənli ilə Hüseyn Cavid parkında görüşürük. Şəhər sakinlərinin sevdiyi bu bağdakı bir çayxanada əyləşib Cəmil müəllimlə söhbətə başlayırıq.
Cəmil müəllim məni qabaqlayıb deyir:

- Səxavət, bizim media çox kasıbdır. Dünyanın başqa ölkələrində yazı, müsahibə üçün qonarar verirlər, ancaq bizim media elə vəziyyətdədir ki, heç özünü saxlaya bilmir. Bəyənmədiyimiz sovet vaxtında mən maaşımdan çox qonarar alırdım (gülür).
- Cəmil müəllim, istəyirəm əvvəlcə Milli Şuradan başlayaq. Orada son durum necədir?
- Milli Şura yarandığı gündən bəri hakimiyyətin repressiyası şəraitində, açıq və ya qapalı təzyiqlər şəraitində fəaliyyət göstərir. İnsanlara təzyiq edirlər ki, Milli Şuradan çıxsınlar. Çıxmayanları da incidirlər. Bir il bundan qabaq prezident seçkiləri zamanı Oktay Gülalıyev mənim mətbuat xidmətimə rəhbərlik edirdi. O vaxt onun oğlu ilə bağlı hadisə baş vermişdi. Oktay Güləliyevin oğlunu bıçaqlamışdılar və bu uşaq o vaxt zərərçəkən kimi tanınmışdı. Üstündən bir il keçdikdən sonra onu çevirdilər təqsirləndirilən şəxsə. İndi təqsirləndirilən şəxs qismində Xətai rayon məhkəməsində mühakimə olunur. Nədir bunlara səbəb? Səbəb odur ki, Oktay Gülalıyev ona edilən təzyiqlərə tab gətrib, əzm nümayiş etdirib, ona edilən təkliflərə rədd cavabı verib. Buna görə də Oktay Gülalıyevi cəzalandırmaq lazım idi və cəza olaraq oğlundan istifadə etdilər. Ötən il bıçaqlanma hadisəsi baş verib. Ötən il baş verən hadisəni niyə elə o zaman yekunlaşdırmadılar? Adam var təzyiqlərə tab gətirir, adam da var ki, tab gətirmir. Eldəniz bəyin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi nə ilə bağlı olub? İndiyə qədər onun polis haqqında ifadələri olmayıb? Əslində rəhbərlik Eldəniz bəyə təşəkkür etməlidir ki, Daxili İşlər Nazirliyi, polis adına ləkə gətirənlər haqqında məlumat verib. Onlar nə etdi? Eldəniz bəyi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Niyə? Ona görə ki, Milli Şuranın bir neçə iclası onun ofisində keçirilib. Leyla Yunusun müdafiə komitəsinin bir neçə iclası Eldəniz bəyin ofisində keçirilib. Taleyin qəribə istezası var. Eldəniz bəy Xocalı faciəsi haqqında hələ indiyə qədər çəkilmiş ən təsirli filmin - “Haray” filminin müəllifidir və əslən Xocalıdan olan Ramil Usubov onu məhkəməyə verib. Çox qəribədir, üstündən 22 il keçməsinə baxmayaraq biz hələ Xocalı haqqında “Haray”dan yaxşı film çəkə bilməmişik. Bu film çox mükəmməl bir ekran əsəridir və bu əsərin müəllifi Eldəniz Quliyev xüsusi ittham qaydasında məhkəmə qarşısında dayanıb. Niyə? Ona görə ki, Milli Şuranın üzvüdür və Milli Şuranın bir neçə toplantısı onun ofisində keçrilib. Götürək Leyla Yunusu. Leyla Yunus 30 ilə yaxındır insan hüquqlarının qorunması ilə məşğul olur. Zaman olub ki, hakimiyyətin ünvanına bundan da sərt sözlər deyib. Niyə məhz indi həbsə salınır? Ona gör ki, Milli Şuranın rəhbərliyində təmsil olunur və Milli Şuranın Eldəniz bəydən əvvəlki toplantıları təxminən 2 ay Leyla Yunusun ofisində keçrilib. Yeni həbs olunmuş Seymur Həzi də Milli Şuranın üzvüdür. Bu gün Milli Şuranın 9 nəfər üzvü həbsdədir və bunların böyük bir hissəsi intellektual insanlardır. Onlar alimlərdir, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, oturuşmasında böyük xidmətləri olan adamlardır, mənəvi sahənin adamlarıdılar, ilahiyyatçı alimlərdirlər. Ona görə də, Milli Şura bir növ ekstrimal şəraitdə işləyir. Əsasən toplantılarımız Xalq Cəbhəsinin qərargahında olurdu. Oranı partlatdılar, nəinki partlatdılar, Xocalı binaları kimi oranı yer üzündən sildilər. Ora Azər Əsgərovun xüsusi mülküyyəti idi. Bu günə qədər mülkiyyətin dəyərini də vermirlər. Təqiblər bir-birinin ardınca davam edir. Ancaq biz bazar günü öz sessiyamızı keçirdik və çox da normal bir sessiya oldu. Bir sıra mətbuat orqanlar belə bir fikir səsləndirdilər ki, guya Milli Şuranın sesiyasında kvorum olmayıb. Görünür bu media orqanları ya özləri qeyri-ciddi orqanlarıdır, ya da bizi qeyri-ciddi adam hesab edirlər. Necə ola bilər ki, kvorum olmaya-olmaya sessiya keçiririk? Yəni bizi bu qədər qeyri-ciddi adamlar hesab edirlər həmin media qurumları? Milli Şuranın hal-hazırda 75 nəfər üzvü var. Onlardan 9-u həbsədir, 6-sı isə daimi olaraq xaricdədir. Təəssüflər olsun ki, Milli Şura yaranandan bəri həbsdə olan və daimi olaraq xaricə gedənlərinin sayı artıb. 75 nəfərdən 15 nəfəri çıxanda qalır 60 nəfər. Milli Şuranın nizamnaməsinə görə, Azərbaycanda olan üzvlərinin 50%+1 nəfəri sessiyadai iştirak edərsə, bu o deməkdir ki, yetərsay var. 50%+1 isə 31 nəfər deməkdir. Bizim sessiyamızda isə 38 nəfər iştirak etdi. Sonra daha bir nəfər üzvümüz də gəldi, ancaq gecikdiyinə görə onu kvoruma daxil etmədik. Sessiyada gördüyünüz kimi kvorumdan da artıq adam iştirak edib. Sessiyamızda mühüm qərarlar qəbul olundu. Uzun müddətdir Milli Şuraya qəbul olunmaq üçün müraciətlər var idi. Biz müraciətlərə Koordinasiya mərkəzində baxdıq və onların bir hissəsinin qəbul olunmasını sessiyaya tövsiyə etdik. Milli Şuraya yeni qəbul olunan üzvlər demək olar ki, hamısı intellektual insanlardır. Məsələn Vahid Məhərrəmli. Vahid bəy bu gün kənd təsərüfatı üzrə ən yaxşı mütəxəssisdir. Kənd təsərüffatının iqtisadiyyatı ilə bağlı çox gözəl araşdırmaların müəllifidir. Məhəmməd Talıblı - tanınmış iqtisadçıdır. Fəxrəddin Mehdiyev - fədakar bir vəkildir. Siyasi işlərdə, “Nida”çıların məhkəməsində iştirak edib və heç nədən çəkinməyən bir hüquqşünasdır. Bir müddət əvvəl “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığı təşkilatı dünyada diktatura rejimlərinə qarşı mübarizə aparan 100 jurnalistin siyahısını müəyyənləşdirib. Onlardan üçü Azərbaycandandır. Bunlar Xədicə İsmayılova, Məlahət Nəsibova və Qənimət Zahiddir. Qənimət bəy və Məlahət xanım Milli Şuranın üzvü oldular. Üç qəhrman jurnalistdən ikisi Milli Şuranın üzvüdür. İsa Sadıqovu da Milli Şuraya üzv qəbul etdik. Tanımmış yazar Araz Gündüz də Milli Şuraya üzv qəbul olundu. Ukraynada yaşayan Yalçın Qəhrəmanlı da Milli Şuraya üzv oldu. Yalçın Qəhrəmanlı Ukraynada diaspromuz üçün çox böyük işlər görmüş insandır. Hesab edirəm ki, bu cür şəxslərin Milli Şuraya üzv olması təşkilatın intellektual potensialının göstəricisidir. Biz son həbslərlə bağlı müzakirələr keçirdik, Azərbaycan xalqına müraciət qəbul etdik. Bütün hallarda Milli Şura öz fəaliyyətin davam etdirir, Azərbaycan qanunları daxilində edə biləcəyi şeyləri edir və bundan sonra da fəaliyyətini davam etdirəcək.
- Mirmahmud Mirəliğolunun Milli Şuranın son iclasına qatılmadığını bilirik. Bu məsələni özü şərh etmədi, sizcə bu gələcək qopmanın siqnalı deyilmi?
- Milli Şura demokratik təşkilatdır. Heç kəsi iclaslara məcburi gətirmək olmaz. Orada da prosedur qaydası belədir ki, mütamadi olaraq iclasalara qatılmayan üzvlər barədə koordinasiya mərkəzində nə isə müzakirə oluna bilər. Mənim bildiyim qədər Mirmahmud Mirəlioğlu ilk toplantısı idi ki qatılmamışdı, qalan bütün toplantılarda isə çox aktiv iştirak edib.
- Sizcə keçən prezident seçkiləri ümumilikdə müxalifətin elektoratına necə təsir etdi? Cəmiyyətdə müxalifətin sosial bazasının məhv olduğu düşüncələri var, bu nə qədər həqiqətə uyğundur?
- Ötən prezident seçkilərində bizim sosial bazamız yalnız müxalifətdən ibarət deyildi. Bizim sosial bazamızın dairəsi çox geniş idi. Həmin dövrdə sosial sorğular keçirilirdi. Bu sorğularda iştirak edənlərin hamısı müxalifətçi deyildi. Əslində daha çox cəmiyyətin intellektual kəsimi idi. Hansısa internet sorğusunda iştirak etmək, bu bir intellektual potensialın təzahür forması idi. Bu sosial sorğularda iştirak edənlər seçkilərdəki vəziyyətin necə olduğunun açıq göstricisi idi. Bizim əlimizdə ən böyük tutarlı istinaq nöqtəsi ATƏT-in Varşava bürosunun rəyi idi. Niyə biz buna istinad etməliyik? Çünki ATƏT-in Varşava bürosu Avropa məkanında seçkilərin monitorinqini aparmağa siyasi və hüquqi səlahiyyəti olan yeganə təşkilatdır. Qalan bütün monitorinq qurupları könüllülük əsasında təşkil olunur. Varşava birosunun rəyi ondan ibarət oldu ki, Azərbaycanda 9 oktiyab prezident seçkilərində saxtakarlığın səviyyəsi 58% olub. Halbuki, Azərbaycan qanunlarına görə, bu göstərici 25% həddində olarsa seçkilrin nəticələri ləğv olunmalıdır. Seçki demokratiyasına, respubilka üsul-idarəsinə, konstitusiyaya hörmət edən bir hakimiyyət bunu nəzərə almalı idi. Reallıq belə idi ki, ötən seçkilərdə Azərbaycan əhalisi qorxa-qorxa, hürkə-hürkə, amma öz istəyinə uyğun səs verə bilərdi. Onlar bunu etdilər, ancaq Azərbaycanda səsvermə artıq seçkinin taleyini müəyyən etmək üçün meyar funksiyasını itirib.
- Gələcək parlament seçkiləri müxalifətə nə vəd edir?
- Azərbaycanda tez-tez belə ifadələr işlədirlər ki, müxalifət zəifdir, sosial bazası yoxdur. Müxalifət zəifdirsə niyə seçki saxtakarlığını 58%-ə qaldırırsan? Ölkədə bir dəfə normal, ədalətli, demokratik seçki keçirilsin, görsünlər kimin sosial bazası nədən ibarətdir. Bu ölkə azad seçki üzünə həsrətdir. Müxalifətin gücü harada müəyyən olunsun? Bu ancaq seçkidə müəyyən oluna bilər, ancaq bu ölkədə seçki keçirilmir. Misal üçün, 2005-ci ilin parlament seçkilərində müxalifət nümayəndələri 75 dairədə açıq qələbə qazanmışdılar. Bunların açıq qələbəsini əllərindən aldılar. Avropa İnsan Haqları Məhkəməsinə 2010-cu il seçkiləri ilə bağlı 76 şikayət gedib və bu 76 şikayətdən 51-i baxılmaq üçün qəbul edilib. Bu 51 şikayətin də böyük əksəriyyətində vəkil kimi İntiqam Əliyev çıxış edir. Indi neynirlər, 51 şikayət o qədər açıqdır ki, bu şikayətlər Avropa məhkəməsi tərəfindən qəbul olunacaq. 51 şikayət qəbul olunanda nə olacaq? 125 deputatın beynəlxalq məhkəmə tərəfindən mandatının saxtalığı təsdiq olunanda onda belə çıxacaq ki, parlamentin 40%-i saxta mandatla öz yerlərində əyləşiblər. Bu beynəlxalq məhkəmə qərarı ilə Azərbaycan parlamentinin qeyri-legitim vəziyyətə düşməsi deməkdir. Bunun üçün qabaqlayıcı addımlar atırlar. Qabaqlayıcı addımlar nədən ibarətdir? Əvvəlcə bu şikayətçiləri hakimiyyət nümayəndələri çağırıb söhbət edirlər. Bildirirlər ki, biz qəbul edirik ki, sizin hüququnuz pozulub və bunun müqabilində biz sizin hər birinizə 7 min 500 avro pul veririk. Bu rəqəmi də ona görə götürürlər ki, bir qayda olaraq Avropa məhkəməsi, baxmayaraq ki, Flora xanımla bağlı böyük məbləğ kəsmişdi, Əli Kərimli ilə bağlı 30 min avrodan yuxarı məbləğ cərimə kəsmişdi, amma orda da belə bir ənənə formalaşıb ki, 7-8 min avro arası cərimə kəsilir. Hakimiyyət təklif edir ki, biz sizə 7 min 500 avro veririk, siz şikayətinizi geri götürün. Əslində bu saxtakarlaığın etirafıdır, amma əmin deyillər ki, hamı şikayətini geri götürəcək. Ona görə də, Avropa məhəməsində işləri aparmağı yubatmaqdan ötrü, işlərin böyük əksəriyyətini aparan vəkili bu işlərdən təcrid etmək qərarına gəldilər. Intiqam Əliyevi həbs etmək lazım idi ki, komminukasiya dayansın. Son həftə ərzində məlum oldu ki, Azərbaycanın hüquq mühafizə orqanlarında vəzifə dəllalları oturub. İcra başçısı yerinin satın alınması ilə bağlı məsələdən sonra ağır cinaytlərə dair işlər üzrə məhkəmənin hakimi işdən çıxarıldı. Bu gün də elan olundu ki, Nərimanov rayon prokuroru, onun müavini, köməkçisi işdən çıxarılıb. Hesab edək ki, Ramazanov ərizə verməyəcəkdi, bu xidmətə nəzarət edən başqa bir qurum yoxdur? Gərək Ramazanov ərizə verəydi ki, bunlar onun pulunu alıb vəzifə vəd edirdilər və indi vermirlər. Bundan sonra məsələ araşdırıldı? Bəs xidmətə nəzarət orqanları haradadır? Amma təəsüflər olsun ki, bu yeganə fakt deyil. Son zamanlar o qədər təsadüfi, mənəvi cəhətdən yetkin olmayan, kamil olmayan, alverçi təbiəti ilə gün keçirən, varlanmaqdan başqa ayrı bir həyat qayəsi olmayan insanlar vəzifəyə gətirildi ki, bu cür faktlar Azərbaycan reallığının adi həyat normasına çevrildi. Əgər başqaları haqda belə faktlar açılmayıbsa, kim təminat verə bilər ki, o biriləri bu işlə məşğul olmur. Bu gün icra başçılarının idarəçiliyi ilə bağlı regional satraplar var. Bunu xalq çox gözəl bilir. Deyirlər 15 icra başçısını filan nazir idarə edir, 10 icra başçısını filan nazir idarə edir. Bir nazirin nə qədər biznes strukturu olar, nə qədər şirkəti, kompaniyası, holdinqi, media qurumları olar? Axı konstitusiya ona görə qəbul olunmayıb ki, hansısa şüşənin altında saxlanılsın. Konstitusiya ona görə qəbul olunub ki, işlək mexanizmə çevrilsin. Əgər hansısa nazirin 200-dən artıq şirkəti varsa o, dövlətin işi ilə necə məşğul ola bilər? Ara-sıra mətbuatda məlumatlar gedir ki, nazirlikdə özəl şirkətlərin hesabatı dinlənilib, toplantısı keçirilib. Bütün bu hallar dəryalarca qan verib qazandığımız bu dövlətə dövlətdən çox holdinq xarakteri verir. Böyük bəla, böyük fəlakət bundadır.
- Cəmil müəllim, qarşıdan gələn parlament seçkilərinə Milli Şura olaraq qatılacaqsız?
- Şübhəsiz ki, Milli Şura seçkilərə qatılacaq. Amma hansı seçkilərə? Əgər seçki islahatı olmayacaqsa, bu seçkidə iştirakın nə mənası var? Azərbaycanda konstitusiyanın birinci maddəsi işələmir. Niyə birinci maddə? Ona görə ki, birinci maddədə hakimiyyətin xalqa məxsus olduğunu bildirir. Azərbaycan xalqı öz hakimiyyətini formalaşdırmaq haqqına malikdir. Xalq öz hakimiyyətini seçkilər yolu ilə formalaşdıra bilər. Əgər seçki saxtakarlığının səviyyəsi 58% olubsa, deməli xalqın bu hüququ əlindən alınıb. Xalq öz hakimiyətini formalaşdırmaq hüququndan məhrum edilib. Məncə bütün demokratik düşərgənin, seçkiyə marağı olan düşərgənin başlıca qayəsi ondan ibarət olmalıdır ki, xalqın seçim haqqı onun özünə qaytarılsın. Bu mexanizm işləməsə bu seçki də əvvəlki seçkilərdən biri olacaq.
- Cəmiyyətimizdə "müxalifətçiliklə" "dövlətçiliyə sədaqət" qavramları qarışdırılır, sizcə bütün təbəqələri birləşdirmək üçün toplumumuzun siyasi ideyası nə olmalıdır?
- Bu ona görə qarışdırılır ki, orta əsr Fransasında məşhur monarx XIV Lüdovikin “Dövlət mənəm” ifadəsi geniş yayılmışdı. Ona görə də bu qavramlar qarışdırılır. Səbəbi budur ki, son 5-6 ildə Azərbaycanda həyata keçirilən siyasətin nəticəsi olaraq bir çoxları üçün dövlətin prezident olmasıdır. Prezident haqqında deyilən tənqidi hər bir söz dövlətçiliyə qarşı hesab olunur. Vəzifəli şəxs dövlət ola bilməz. Dövlət bütün atributları özündə cəmləşdirir. YAP üçün dövlət prezidentdir. Sadəcə olaraq azad fikrin təbliği Azərbaycanda məhdudlaşdırılıb. Televiziyalar üzərində sərt nəzarət mexanizmi qoyulub. Siz bir jurnalist kimi televiziyaların cəmiyyətin həyatında nələr edə biləcəyini gördünüz. İctimai televiziya ondan ötrüdür ki, ictimaiyyətin bütün zümrələri ondan bir tribuna kimi istifadə edə bilsin. İctimai televiziya məhz bu zərurətdən yaranmışdır. Amma bu gün AzTV ilə İctimai kanal arasında rəqabət olarsa, bunlar qarşılaşdırılarsa, İctimai TV daha çox dövlət televiziyası funksiyasını yerinə yetrir. Azad sözün ekrandan səsləndirilmək imkanları yoxdur. Bu gün ən populyar qəzet çox yayılsa 50-60 min nüsxə yayıla bilər. Bu gün Azərbaycan hakimiyyətinin yeritdiyi siyasət nəticəsində deyə bilərik ki, vaxtı ilə Həsən bəy Zərdabinin buraxdığı “Əkinçi” qəzeti bölgələrə daha rahat çatırdı, nəinki bugünkü mətbuat. Bu Azərbaycanda hökumətin mətbuata qarşı yeritdiyi siyasətin nəticəsidir. Mətbuat bir qayda olaraq xalqı maarifləndirməkdir. Hakimiyyət isə bunda maraqlı deyil. "Azadlıq" qəzetinin vəziyyətinə baxaq. Dövlətə yaxın olan “Qasid” firması qəzetin 80 min manata yaxın halal pulunu vermir. Digər tərəfdən dövlət qurumu olan "Azərbaycan nəşriyyatı" ondan 4 dəfə az olan nəşr xərclərini tələb edir. Əminliklə demək olar ki, bütün bu məsələlər mərkəzi aparatdan tənzimlənir. Mən yüksək vəzifəli şəxs demirəm, prezident administrasiyasının şöbə müdürinin müavini səviyyəsində bir məmur o “Qasid”ə göstəriş versə ki, "qəzetin pulunu ödəyin" heç ora getmək lazım olmayacaq. Özləri gətirib qəzetin redaksiyasında o pulu verəcəklər.
- Bu yaxınlarda Siyavuş Novruzov belə bir açıqlama vermişdi ki, sosial şəbəkələrdə və saytların şərh yerlərində şəxsiyyət vəsiqəsinin seria nömrəsini yazdıqdan sonra şərh yazılmalıdır və bunun parlamentdə müzakirə ediləcəyini bildirmişdi. Sizcə bu söz azadlığına necə təsir edər?
- Mən çalışıram ki, Siyavuş Novruzovun dediyi fikirləri şərh etməyim. Çünki onun dedikləri mənim üçün hansısa bir dəyər kəsb etmir. Amma vətəndaş şəxsiyyət vəsiqəsinin surətini əlli yerə verir. Kim təminat verə bilər ki, o vətəndaş vəsiqəsini təqdim etdiyi yerlərdən biri həmin nömrəni, adı, soyadı sosial şəbəkəyə daxil edib onun adından bir şey yaza bilməz? Bu nə ilə bağlıdır? Sosial şəbəkədə hökumətin vəziyyəti elədir ki, bunlar inzibati resusları işə salmaq istəyirlər. Sosial şəbəkədə hökumətin sosial bazası yoxdur və bu müstəvidə hakimiyyət son dərəcə acınacaqlı durumdadır. Hakimiyyət sosial şəbəkədəki rəqabətə dözə bilmir.
- Bir müddət öncə Kəmalə Bənənyarlının, bu yaxınlarda da Səid Nusinin videosu çıxdı. Bunu necə şərh edərdiniz?
- Bunun hamısı xüsusi xidmət orqanlarının işidir. Əfsuslar olsun ki, ərazisi işğal olunan bir ölkənin xüsusi xidmət orqanları Səid Nurinin, Kəmalə xanımın yataq otağını güdür. Bunu sadəcə olaraq müvafiq qurumlar başa düşmürlər və anlamaq istəmirlər ki, o məsələlərə qurşanmış xüsusi xidmət, hüquq-mühafizə orqanları işğal altında olan ərazini azad edə bilməz. Bu bir az mübahisəli məsələdir, ancaq mən bütün hallarda bunu deyəcəm. Dağlıq Qarabağ erməniləri niyə Azərbaycanla birləşməlidir? Ona görə ki, Bakının otellərinə gələndə videolarını çəksinlər? Kim təminat verə bilər ki, Səid Nurinin videosun çəkən sabah Dağlı Qarabağdan Bakıya gələn bir erməninin də videosunu çəkməyəcək. Bu adamlar etdikləri əməlin fərqində deyillər. İntellektual səviyyə o qədər aşağıdır ki, onlar Azərbaycanı da öz səviyyələrinə endirmək istəyirlər. Bu böyük bəladır. İnnovasiya texnologiyaları baxımından sıçrayış etmiş ölkələr Azərbacanın hüquq mühafizə, xüsusi-xidmət orqanlarına ən yeni vasitə, ən yeni texnologiyalar verirlər. Onlar bu texnologiyaları verirlər ki, Azərbaycan öz təhlükəsizliyini təmin etsin. Bunlar isə bu texnologiyadan Səid Nurinin otağını güdmək üçün istifadə edirlər. Ziyafət Əsgərov açıqlama vermişdi ki, Sarkisiyanın otağını dinləyirik, ortalığa Səid Nurinin videosu çıxır. İnsanların yataq otağına burun soxmaq əxlaqsızlıqdır.
- Yəqin ki, xarici ölkələrdə olmusuz…
- Bəli olmuşam.
- Hansı ölkənin yollarında bu qədər kameralar var?
- Gördüyüm qədəri ilə az idi. Siz elə bilirsiz bu qədər kameralar avtomobillərin yol-hərəkəti qaydalarını pozmasını çəkmək üçündür? Özüm cavab verim, əlbəttə ki, xeyir. Bu hamısı vətəndaşları izləməkdən ötrüdür. 100-200 metrdən bir izləmə kamerası varsa bu artıq nəqliyyatın hərəkət qaydasına nəzərət üçün mexanizm deyil. Bu vətəndaşları izləmək üçün mexanizmdir və təəssüflər olsun ki, bu mexanizmi qurublar. Azərbaycan turizmi inkişaf etdirmək istəyirlər. Səid Nurinin videosunu görən hansı əcnəbi bu ölkənin otellərinə etibar edib buraya gələcək.
- Qərbdə, o cümlədən bizimlə eyni problemləri yaşayan Rusiyada cəmiyyətə dövlətçiliyi aşılayan konsepsiyalar hazırlanıb. Yeni siyasi-fəlsəfi nəzəriyyələr ortaya atılıb, Azərbaycanda bu sahədə həm müxalifət, həm iqtidar tərəfindən hansı işlər görülüb?
- Siz nümunə kimi Rusiyanı götürdünüz, şübhəsiz Rusiya böyük dövlətdir, amma Rusiyanın bədbəxtçiliyi nədədir? Rusiya Pyotr dövründən bəri normal bir dövlət qurmaq istəyir və yaxşı nəzəriyyələr də yaradır. Amma yenə də normal dövlət qura bilmir. Rusiya bir ayağına uzunboğaz çəkmə, digər ayağına da "laklı tufli" geyindiyi üçün tarixi prossesi axsaq adam kimi gedir. Pyotrun islahatları oldu, III Aleksandrın islahatları oldu, Stalinin, bolşeviklərin islahatları oldu, ancaq yenə ruslar irəli gedə bilmədilər. Həm rus xalqına, həm də bizə demokratik islahatlar lazımdır. Rusiya fundemental elmlər baxımdan böyük nailiyyətlər əldə edir amma bəhrəsini görə bilmir. Ona görə ki, praktiki baxımdan tətbiq sahəsi yoxdur. Bizim normal konstitusiyamız var, hərçənd ki, onun ayrı-ayrı maddələrini dəyişdiriblər. Hətta bu formada belə konstitusiyamızın maddələri normaldır, ancaq onu işlək mexanizmə çevirmək mümkün deyil. Konstitusiyanın tətbiqi yoxdur. Əgər bir ölkənin Ağır cinayətlərə dair məhkəməsinin hakimi bir rayonun prokuroru, müavini isə icra başçısı vəzifəsini satın almaq üçün dəllal funksiyasını yerinə yetirirsə, bu hansı qanunla tənzim oluna bilər?.
- İqtidarın və müxalifətin bir-birinə qarşı yönəltdikləri ittihamlarından formalaşan siyasi ab-hava, toplumun təfəkkürünə və siyasi düşüncəsinə hansı mənfi təsirləri göstərir və yaranacaq ideoloji boşluq gələcəkdə hansı fəsadlar törədə bilər?
- İdioloji boşluq ona görə var ki, hakimiyyət müxalifəti televiziyalara buraxmır. Buraxsın televiziyalara, 2 aydan sonra öz vəziyyətini təsəvvür eləsin. İdeoloji boşluq ona görə yaranır ki, Azərbaycan vətəndaşı doğru söz eşidə bilmir. Ölkədə yürüdülən siyasətin təhlili ilə qarşılaşa bilmir. Bu hamısı ona görə olur. Hər dəfə deyirlər ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Vətəndaşın imkanı yoxdur ki, gəlib o televiziyada soruşsun - "20 il ərazisi işğal altında qalan bir dövlətin güc meyarı nədir?" 20 il ərzində 20 kvadrat metr torpaq azad edə bilməyibsə, bu dövlətin, onun ordusunun gücünü müəyyənedici amili nədən ibarətdir? Sovetlər qapalı cəmiyyət idi. İndi istəyirlər bizdə də bənzəri, qapalı bir cəmiyyət yaratsınlar.
- Niyə müxalifətlə iqtidar vahid "Milli ideya konsepsiyası" üzərində işləmirlər? Bunun örnəyini artıq Rusiyada görürük, məsələn, Duqinin rəhbərlik etdiyi Avrasiyaçılar birliyi və Rusiyanın ən tanınmış alimlərindən, ictimai xadimlərindən, filosof, tarixçi və jurnalistlərindən ibarət "İzbor klubu" (seçilmişlır klubu). Bizdə bunun örnəyi niyə yoxdur?
- Niyə olmalıdı ki? 20 ildir Qarabağın azad olunması ilə bağlı danışıqlarda heç bir dəyişiklik yoxdur, ölkədə korrupsiya baş alıb gedir, belə şəraitdə necə konsepsiya hazırlayasan? Ərazisi işğal altında olan bir dövlətdə korrupsiya ilə məşğul olmaq vətənə ən böyük xəyanətdir. Milli kosepsiyaya maraq olmalıdır.
- Müsahibə üçün vaxt ayırdığınız üçün təşəkkür edirəm.
- Sağ olun.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics