Dünən 30-a yaxın şəhid ailəsinin üzvləri Vətən müharibəsində canından keçmiş doğmalarının qeyri-münasib ərazilərdə deyil, Fəxri Xiyabanda dəfn olunmaları tələbilə etiraz aksiyası keçirdilər. Əslində, bu, həmin şəhid ailələrinin qeyd olunan məsələyə yönəlik ilk etirazı deyildi. Bundan əvvəl də bir neçə dəfə aksiya keçirilmişdi.
Dünən şəhid ailələrini, belə desək, bir sıra dövlət qurumlarını qapı-qapı gəzdirdilər. Onlar öncə Müdafiə Nazirliyində, ardından Nazirlər Kabinetində, daha sonra isə Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin (TTM) və Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında olublar, TTM və DTX-nın qarşısında isə yolu kəsiblər.
Bəzi iradlar var ki, şəhid ailələri yaxınlarının Şəhidlər Xiyabanında dəfn olunmasını vaxtında istəyə bilərdilər və böyük ehtimalla, bu, baş tutardı. İndi məsələnin gec olduğunu düşünənlər də var. Bu iradlarla haradasa razılaşmaq olar. Şəhid ailələri cəmiyyətimizin ən həssas təbəqəsidir. Bir çox şəhidin hələ 40-ı çıxmayıb. Yaraları təzədir. Ancaq dövlət qurumları bu həssas təbəqə ilə danışmağın yolunu bilmir və öyrənmək də istəmir.
Şəhid ailələrinin üzvlərini “Zakir Həsənovun qəbul günü deyil, qəbul edə bilməz” bəhanəsi ilə kobud da çıxsa, başlarından ediblər. Zakir Həsənovun birinci işi elə o şəhid ailələrini qəbul etməkdir. Zakir Həsənov, digər generallar və məmurlar hələ bilmir ki, bu ölkə müharibədən qalib çıxdığı üçün, öz ərazi bütövlüyünü təmin etdiyi üçün məhz o şəhidlərə borcludur.
Türkiyədə bir şəhid ailəsi hansısa quruma gedəndə, oranın rəhbəri onu qarşılayır, “bu vətən sizə borcludur”, – deyir. Bəlkə də onların problemini də həll etmirlər, ancaq borclu olduqlarını, hörmət etdiklərini göstərirlər. Dünən şəhid ailələri TTM-ə gediblər, ancaq Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev yerində olmadığı cavabını alıblar və bundan sonra onlar yolu kəsiblər.
Kərim Vəliyev yerində yoxdur, bəs orada başqa bir general yox idi ki, onları qarşılayıb, qarşılarına çay qoyub, hörmət-izzətlə dinləyib, mehribanlıqla yola salsın? Müdafiə Nazirliyində 30 stəkan yoxdur ki, şəhid ailələrinin üzvlərinə çay versinlər? Müdafiə Nazirliyində elə generallar var ki, axtarsaq, şkafından 300 “rumka” çıxar. Problemlərini həll etməsələr də, rəsmi qurumlarda şəhid ailələri ilə danışa biləcək, onlarla normal davrana biləcək bir məmur yoxdur?
Dünənki hadisə onu göstərir ki, adları çəkilən qurumların heç birində borcluluq hissi daşıyan kadr yoxdur. Birdəfəlik anlayın, heç kim şəhid olmaq üçün borclu deyildi. Elə ailələr var ki, dövlətdən bir manat belə evinə pul girmir. Zülm-zillətlə övlad böyüdüb, göndərib müharibəyə, şəhid olub. Dünyada belə xalq yoxdur.
Dövlət övladının böyüməsi üçün heç bir iş görməsin, ancaq vətəndaş dövlətin istəyinə görə gedib canından keçsin. O şəhidlərin böyüməsində heç bir əməyiniz olmayıb, heç olmasa, dövlət-vətən yolunda şəhid olmasına görə onlara hörmət qoyun, özünüzü, kreslonuzu borclu hiss edin. Bu qədər sosial-iqtisadi problemlərin fonunda Qarabağ işğaldan azad edilməsəydi, o kreslonuzda nə qədər rahat otura biləcəkdiniz?
Şəhid ailələri həssas təbəqədir. Bu dövlət var olduqca, ölkədə vəzifəli-vəzifəsiz hər kəs şəhid ailələrinə borcludur. Əgər belə davranacaqdınızsa, onlara yuxarıdan aşağı baxacaqdınızsa, onları niyə müharibəyə aparırdınız? Maddi dəstək ola bilmirsiniz, problemini həll edə bilmirsiniz, zəhmət çəkin qarşısına çıxın, hörmət göstərin, o şəhidlərin analarının əllərini öpün.
Özünüzdən vəzifəcə böyük, yaxud da varlı birini görəndə, əzilib-büzüldüyünüzü yaxşı bilirik. Bu davranışı şəhid ailələrinə də göstərməlisiniz. Narahat olmayın, ağı qaradan seçə bilirik, şəhid ailələrinə göstərəcəyiniz sayğı yalnız təqdir olunar…
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder