21.01.2021

20 min itki ilə yaşanan məğlubiyyət və 2 783 Şəhidlə qazanılan Qələbə

Müharibə həm də itki deməkdir. Reallığı anlayan hər kəs bilirdi ki, Qarabağı müharibəsiz qaytarmaq mümkün olmayacaq. Açığı, Tovuz döyüşlərindən bir qədər əvvəl erməni mətbuatı Azərbaycanın müharibəyə hazırlaşdığını yazırdı. Ordudakı mənbələrdən aldığım məlumatda isə Ermənistanın öz müdafiə xətlərini gücləndirdiyi deyilirdi. Müharibə özünün tezliklə “gələcəyini bar-bağırırdı”.

Düzdür, cəbhədə atəşkəsin pozulma halları 20-50 arası dəyişirdi. Elə bu rəqəmlər bir çoxlarının müharibənin olmayacağını iddia etməsinə əsas verirdi. Müharibənin başlamasından bir gün əvvəl – sentyabırın 26-da atəşkəs cəmi 48 dəfə pozulmuşdu. Atəşkəsin az sayda pozulması gərginliyin olmadığına dəlalət edirdisə də, görünən o idi ki, hər iki tərəf daha genişmiqyaslı proseslərə hazırlaşır.Ermənistan, xüsusilə, Füzuli və Ağdam istiqamətlərində ciddi hazırlıq işləri görürdü. Həmin istiqamətlərdə nəinki tikililəri məhv edir, hətta böyük ağacları da kəsirdi ki, hücum olardısa, canlı qüvvənin və texnikanın gizlənməsi üçün heç bir yer qalmasın. Bundan əlavə, yay aylarından başlayaraq, erməni tərəfi dərin və enli kanallar çəkərək, içini su ilə doldururdu ki, Azərbaycan ordusu hücum edərsə, texnikanın hərəkəti çətinləşsin.

Ermənilərin müdafiə sistemlərinə baxdıqda aydın görmək olur ki, müdafiənin bütün detallarını işləyib, hazırlayıblar. Müharibədən sonra açıq şəkildə yaza bilərəm ki, erməni tərəfinin hesablamadığı tək şey “Bayraqdar” və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti olmuşdu. Bunlar başqa yazının mövzusudur… Birinci Qarabağ müharibəsində ən çox itkini qış-yaz hücumları zamanı vermişdik. Bu itkilər təkcə taktiki səhvlər yox, həm də hava şəraiti ilə də bağlı idi.

Doğrusu, üzü qışa getdikcə narahatlığım da artırdı. Əslində, yayda müharibə aparmaq çox da çətin deyildi. Əsgərin tək problemi su ilə bağlı ola bilərdi. Qış əməliyyatları zamanı isə silah-sursat, ərzaqla yanaşı, isti geyim qayğıları əsgərin yükünü bir qədər artırdı. Döyüşlərdən əvvəl ən ciddi problemlərdən biri də əsgərin yükünün 30 kiloqramdan aşağı salınması idi. Eyni zamanda, qış aylarında Qarabağın havası əsgərlə yanaşı, PUA-ların da işini çətinləşdirirdi. Dumanlı, çiskini hava PUA-ları tam fəaliyyətsiz qoyurdu.

Məhşur videolar bir gün çıxmayanda, insanlarımız sual atəşinə tuturdu, “Bayraqdar” niyə işləmir? Hər kəs işin içində başqa məsələ axtarırdı, əslində isə cavab çox sadə idi: Hava şəraiti imkan vermirdi. Təsəvvür edin, əməliyyatlar yayda başlasaydı, nələr olardı…

Təsadüfi deyil ki, Şuşa yalnız əsgərimizin bilək gücünə işğaldan azad edildi. Azərbaycan ordusu əks-hücum əməliyyatı həyata keçirirdi. Bütün mütəxəssislərin qəbul etdiyi bir məsələ var – hücum edən tərəf daha çox itki verir. Erməni tərəfinin mövqelərinin daha əlverişli olmasını, dağda onların, düzənlikdə isə Azərbaycan ordusunun yerləşdiyini nəzərə alaraq itkilərimizin çox olacağını düşünə bilərdik. Reallıq da bunu deyirdi.

Müharibə başlayandan bir neçə gün sonra relyeflə yanaşı, düşmənin tikdiyi bunkerlər də ordumuza problem yaratmağa başladı. Kimsə yalnış anlaya bilər, ancaq bunkerlərin məhz 2016-cı ildən sonra inşa edilməsi onu deməyə əsas verir ki, həmin ilin aprel döyüşləri qarşı tərəfi səhvlərinin üstündə işləməyə vadar edib. Fikrimcə, ordumuz düşmənin bunkerlər tikməsinə müxtəlif yollarla mane ola bilərdi.

Bilənlər bilir ki, biz 44 günlük müharibədə ən çox itkini döyüşlərin ilk günlərində verdik, müəyyən sayda hərbi texnikamız vuruldu və ya minaya düşdü. Lakin havada üstünlüyün əldə edilməsi, artilleriya və XTQ-nin fəaliyyəti itkilərimizi birə-beş azaltdı. Məhz russayağı “vperyod” əmri ilə yox, səbrlə, təmkinlə hərəkət edildiyi üçün 44 gün ərzində 2 783 şəhid verdik. Müharibənin ilk günündən döyüşlərin şahidi olan biri kimi hər zaman deyirdim ki, itkilərimizin sayı gözlənildiyindən xeyli azdır.

Döyüşlərin getdiyi zaman müəllimimiz Əlisafa Mehdi cəbhə bölgəsinə gəlmişdi. Söhbət zamanı sual verdi ki, itkimiz çoxdur, yoxsa az? Cavabında “yox kimi bir şeydir”, – dedim. Əlisəfa müəllim bu cavabla qane olmadı: “Axı mindən çox olduğunu deyirlər”. Bildirdim ki, Birinci Qarabağ müharibəsində torpaqlarımız işğal edildi, 11 mindən çox döyüşçü şəhid oldu. İndi isə 20 min itki verib, torpaqları işğaldan azad etsək, bu, normal qarşılanmalıdır. Elə ordaca mənə dedi, “Bunu yaz, hətta yaz ki, 100 min itki də verib, torpağı işğaldan azad etsək, uğurdur”. Təbii ki, yazmadım, əlim gəlmədi.

44 günlük müharibə zamanı əldə edilən nəticəyə baxanda, hərbi metodologiya ilə hesablama aparanda, həqiqətən, itkilərimizin gözlənildiyindən az olduğu birmənalıdır. Başa düşürəm, hər bir şəhid yarımçıq qalan, nakam qırılan bir həyat deməkdir.

Son 30 ildə iki böyük müharibə görmüş Qarabağın hər qarışında qan var, alın təri var. Təklif edirəm, Qarabağ yenidən qurulanda, şəhərlərdə, rayonlarda, qəsəbələrdə, hətta kəndlərdə o şəhidlərin hər birinin adı əbədiləşdirilsin. Ancaq bu məsələdə general Polad Həşimov şəhid olandan sonra öz rayonunda küçələrdən birinə onun adının verilməsi zamanı yaranan anlaşılmazlıq bir daha təkrarlanmamalıdır. Həm də hökm deyil ki, şəhidlərimizin adı mütləq onun doğulduğu şəhər və ya kənddə əbədiləşdirilsin. Şəhid olan hər bir soydaşımız özlüyündə Qarabağlıdır, Qarabağdır, Azərbaycandır. Qarabağda sovetdən qalma, bu xalqa düşmən kəsilənlərin adına o qədər küçə var ki…

Qarabağ yenidən qurulacaq, elə yeni adlarla – onu azad edənlərin adları ilə qurulsun!

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics