20.01.2021

Azərbaycan iki od arasında – Baza məngənəsi

Türkiyə hərbi bazasının Azərbaycanda yerləşməsi Rusiya ilə İranın Azərbaycana diş qıcamasına səbəb olacaq.

Türkiyə ilə Azərbaycanın birgə genişmiqyaslı hərbi təlimləri başlayar-başlamaz ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi gündəmə gəldi.

Hər sahədə olduğu kimi bunda da cəmiyyətimiz iki yerə bölündü. Bir qisim birmənalı olaraq Türkiyənin Azərbaycanda hərbi bazasının qurulmasının vacib olduğunu anladır. Hətta bununla bağlı çağırışlar edir. Bəziləri isə hislərlə davranmamağı məsləhət görür.Azərbaycan SSRİ-dən ayrılıb, müstəqilliyini elan etdikdən sonra ilk işi rus hərbi bazalarını ölkə ərazisindən çıxarmaq olmuşdu. Əslində məntiqli olanı da bu idi. Buna səbəb isə çox sadədir. Bir ölkənin ərazisində hərbi baza varsa, o ölkənin müstəqil olması sual altındadır. Necə ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisindədir və Ermənistan Rusiyanın forpostu sayılır.

Türkiyə ilə Azərbaycan rəsmiləri hər fürsətdə qardaş olduğunu dilə gətirir və bunun sübut etmək üçün addımlar atılır. Buna onlarca misal çəkmək olar. Ancaq məsələ hərbi bazaya gəldikdə, bu işin romantika ilə, hislərlə həll olması o qədər də asan məsələ deyil.

Əslində Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsi məsələsi ilk dəfə deyildi ortaya atılırdı. Bundan əvvəl də bir neçə dəfə bu fikirlər səslənib, ancaq heç vaxt bu qədər ciddi olmayıb. Hətta, Naxçıvanda Türkiyə ordusunun hərbi bazasının qurulması tələbi belə edilib. Naxçıvanda hərbi baza məsələsi bir qədər məntiqsiz tələb sayıla bilər. Bu fikri səsləndirməyimə səbəb SSRİ nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikasının 13 oktyabr 1921-ci ildə Qarsda müqavilə imzalamasıdır. Müddətsiz imzalanan müqavilə, Naxçıvana üçüncü dövlətin müdaxiləsi zamanı Türkiyə ilə həmin dövləti qarşı-qarşıya qoyur. Bu, o deməkdir ki, Naxçıvanda Türkiyə hərbi bazasının qurulmasına ehtiyac yoxdur. Türkiyə Naxçıvanın bir addımlığındadır və qısa zamanda hərəkətə keçə bilər.

Azərbaycan ərazisinə hər hansısa bir ölkənin hərbi baza yerləşdirməsi ölkədəki kimi beynəlxalq aləmdə və eləcə də regionda da birmənalı qarışlanmayacaq. Məsələyə dar çərçivədən yox, geniş baxaq. Türkiyə demək, həm də NATO deməkdir. NATO isə Qərb və ABŞ-dır. Bir qonşumuz Rusiya, digəri isə İran olduğu halda, NATO-nun Azərbaycana gəlməsi təbii ki, iki qonşunu da hərəkətə keçirəcək.

Balaca uşaqdan da soruşsaq, bilər ki, Rusiya ilə NATO, İran ilə NATO imkanları olsa bir-birini bir qaşıq suda boğacaq güclərdir. Türkiyə hərbi bazasının Azərbaycanda yerləşməsi isə hər iki qonşunun Azərbaycana diş qıcamasına səbəb olacaq.

NATO olmasa belə, Türkiyənin bölgədəki varlığı Rusiya və İranı narahat edəcək. Hər iki dövlət ölkəmizdəki cəsus şəbəkəsini və əlaltılarını hərəkətə keçirəcək.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə nəinki əməkdaşlıq, hətta çox ciddi müqavilələr var. Müqavilənin mətbuata sızan hissəsindən anladığımız odur ki, əgər hər iki dövlətdən birinin ərazisinə müdaxilə olunarsa, digəri dərhal ona yardım edəcək.

Məsələyə bir də başqa yöndən baxaq. Ermənistan o qədər təhlükəli, qorxulu, böyük hərbi gücə malik ölkədirmi ki, Azərbaycan ondan qorunmaq üçün ərazisinə Türkiyənin hərbi bazasını yerləşdirsin? Xalq arasında belə çox işlədilən bir söz var, Ermənistanın arxasında güclər çəkilsin, Azərbaycan xalqı əliyalın da torpağını işğaldan azad edər, hələ Yeravanı İravan da edər.

Son Tovuz döyüşləri və ondan sonra baş verən siyasi proseslər və ən nəhayət, Türkiyə ilə Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimləri hər kəsə, hər dövlətə, xüsusən də regionda maraqları olan ölkələrə mesaj oldu.

Bəzi şəxslər fikrini belə əsaslandırır ki, Azərbaycan ordusunun tərkibində rus qruplaşması var, o üzdən də Türkiyənin hərbi bazası lazımlıdır. Məsələ ondadır ki, Azərbaycan öz üzərindəki kiri təmizləməsə, başqası gəlib təmizləyə bilməyəcək. Burda əsas güc yenə də öz üzərimizə düşür.

Azərbaycan Silahlı Qüvvələrinin sayı və silah arsenalı, Müdafiə Nazirliyinin və Ali Baş Komandanın rezervi onu deməyə əsas verir ki, nəinki Ermənistan ordusu, hətta ona yardım edəcək qüvvələr belə birləşsələr, məğlubiyyətləri qaçılmazdır. Bəzi şəxslər Ermənistanın arxasında duranlar var dedikdə isə, bunu hərbi baxımdan anlayırlar. Əslində bu təqdim edilən kimi deyil. Məsələ təkcə hərbi baxımdan yox, siyasi baxımdan Ermənistanın arxalı olmasından gedir.

Türkiyənin Ermənistana deputatından tutmuş, prezidentinə qədər barmaq silkələməsi təkcə ermənilərə yox, həm də onun arxasındakı gücə – Rusiyaya – bir mesajdır. Rusiya da yaxşı anlayır ki, Türkiyə demək, NATO deməkdir. Türkiyə ilə baş-başa gəlmək NATO ilə də baş-başa gəlməkdir.

Türkiyə Azərbaycanın istədiyi şəraiti yaradıb. Söz Azərbaycandadır!

Gördünüz, hərbi bazaya gərək qalmır…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics