20.01.2021

Tovuz döyüşləri: Çıxarmalı olduğumuz dərslər

Azərbaycan tərəfinin cəmiyyəti informasiya ilə təmin etməkdə yaşanan çatışmazlıqlar...

İyulun 12-də başlayaraq bir neçə gün davam edən Tovuz döyüşləri öz miqyasına görə lokal toqquşma olsa da, əslində çox mətləblərin üstünü açdı və müəyyən dərslər çıxarmalı olduğumuzu göstərdi.

Müasir dövrdə müharibələrin şiddətinə baxsaq, informasiya savaşının daha intensiv və güzəştsiz olduğunu görə bilərik. Tovuz döyüşləri zamanı Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin gündəlik atəşkəsin pozulmasını əks etdirən ziddiyyətli statistikalarına baxanda, həmin döyüşlərin təsəvvür olunduğu qədər şiddətli keçmədiyi qənaətini yaradır.

Döyüşlər vaxtı atəşkəs ən çox 70-80 dəfə pozulub. Ancaq informasiya məkanına nəzər saldıqda, adama elə gəlir ki, cəbhə zonasında genişmiqyaslı əməliyyatlar keçirilir, canlı qüvvə və texnika sarıdan itkilər verilir. İnformasiya savaşı həm də ona görə şiddətli olur ki, cəbhədə ancaq bəlli sayda əsgərlər üz-üzə gəlirsə, informasiya məkanında “cəbhə” müqayisəyəgəlməz dərəcədə genişlənir.

Buna səbəb həm də sosial şəbəkələrin son dərəcə yayğın olmasıdır. Azərbaycanda xüsusilə, hərb sahəsi ilə bağlı “rəsmi xəbərlərə inanın”, “rəsmi xəbərlərə istinad edin” məzmunlu təlimatlar verilir və bununla da rəsmilər öz işlərini bitmiş hesab edirlər. Fakt budur ki, təkcə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə cəmiyyəti zəruri informasiya ilə təmin etmək mümkün deyil.

Hər dəfə cəbhədə bir insident baş verəndə, Müdafiə Nazirliyinin o məlumatı operativ qaydada açıqlamaması dezinformasiyaların yayılmasına yol açır. Hazırda elə bir dövrdə yaşayırıq ki, əlində smatfon olan hər bir maraqlı şəxs gördüyü istənilən hadisəni cəmiyyətlə paylaşmaq imkanına malikdir. Düzdür, bununla bağlı Müdafiə Nazirliyi xəbərdarlıqlar edir. Ancaq iş sadəcə, xəbərdarlqla bitmir. Bu mövzuya növbəti yazılarda qayıdacam.

Gələk informasiya müharibəsində qarşı tərəfin və Azərbaycanın görüb-görmədiyi işlərə. Tovuzda sərhəd döyüşləri başlayandan dərhal sonra Ermənistan rəsmi olaraq bəyan etdi ki, həmin istiqamətdə Media Mərkəzi qurub və informasiyaların hazırlanması və ötürülməsi oradan tənzimlənəcək. Hər saatın tamamında həmin Media Mərkəzi məlumatlar yayırdı.

Bəziləri elə düşünür ki, həmin Mərkəz təkcə informasiya istehsalı ilə məşğul olub. Ancaq belə deyildi. Çünki o Mərkəz həm də məqsədli şəkildə xəbər dövriyyəsinə dezinformasiya ötürürdü.

Azərbaycanda Rusiyalı bloqerin yaydığı məlum videoya çoxları baxdı, müzakirə etdi, ancaq bir nəfər soruşmadı o rus bloqer həmin əraziyə haradan və necə gedib?  Sizcə, rus bloqer döyüşlərin səngimədiyi bir vaxtda oraya gizli  şəkildə keçə bilərdi? Təbii ki, yox!

Erməni tərəfi də çox gözəl başa düşür və bilir ki, həmin ərazidən bir erməni jurnalistin, bloqerin yayacağı videoya, məlumata Azərbaycanda heç kəs inanmayacaq. Ancaq vəziyyəti çox düzgün qiymətləndirərək, həmin əraziyə rus bloqer göndərdilər və məqsədlərinə nail oldular.

Üstündən zaman keçib, bir çoxları deyə bilər ki, yalan idi, bu cür saxtakarlıq ermənilərin xislətindədir. Məsələ ondadır ki, o bir saxtakarlıq Azərbaycan mətbuatını Qaraqaydan bir neçə dəfə reportaj hazırlamağa vadar etdi, Müdafiə Nazirliyi adekvat suallara cavab verməli oldu.

Vaxt qızıldan qiymətlidir, deyirlər. İnformasiya müharibəsində isə bu vaxt nəinki qızıldan, hər şeydən dəyərlidir. Erməni tərəfinin dezinformasiyası bizə başqa zərər verməsə də, informasiya məkanında vaxt itirməyimizlə nəticələndi.

Bu fikri 2016-cı ilin aprel döyüşləri zamanı da səsləndirmişdim: Azərbaycan Müdafiə Nazirliyi cəbhə zonasına yaxın bir ərazidə iki Media Mərkəzi qurmalıdır. Ərazidə işləyən jurnalitlər həmin Mərkəzdə informasiyaları dəqiqləşdirib, sonra yayımlamalıdırlar. Bununla həm informasiyalara nəzarət etmək mümkün olacaq, həm də yalan məlumatların yayılmasının qarşısı alınacaq. Eyni zamanda, qarşı tərəfdə  çaşqınlıq və panika yaradacaq məlumatların hazırlanaraq yayılması da o Mərkəzin funksiyasına daxil edilməlidir.

Tovuz döyüşləri bizə onu da göstərdi ki, insanlarımız cəbhədə baş verənlərə çox həssasdırlar. Cəbhədən ən adi bir xəbər də cəmiyyətdə qarışıqlıq yarada bilər. Belə haların yaranmaması üçün Müdafiə Nazirliyinin mətbuatla işini səmərəli qurmasında və və ixtisaslı QHT-lər vasitəsilə insanları maarifləndirməsində fayda var.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics