Müharibə başlayandan bir gün əvvəl də, dayandıralandan bir neçə gün sonra da cəbhə bölgəsində oldum. Açığı Azərbaycan mətbuatının necə qəfəsdəki 4 meymuna döndüyünü açıq-aşkar gördüm.
Düzdür, cəbhənin hər iki istiqamətində – Beyləqan və Bərdədə mətbuat üçün qərargah yardılmışdı. Bu əraziyə ezam olunan jurnalistlərin fəaliyyəti üçün vacib məsələ idi. Yönləndirmə və pərakəndəlik olmasın deyə bunu müsbət qiymətləndirmək olar.
Açığı müharibə başlayandan sonra mətbuatda bir panika, qarışıqlıq hökm sürürdü. Bunu təkcə cəbhə bölgəsində işləyənlərdə hiss etmirdim. Onların redaksiyaları ilə əlaqələrində də eyni gərginliyi görmək olurdu. Düşünün müharibə gedir, döyüşlərin qızğın mərhələsidir, ancaq kimsə bilmir nəyi necə yazacaq, necə davranacaq. Əmrə tabe işləmək, kiminsə əlinə baxımlıq, kimdənsə asılılıq öz sözünü deyirdi.Bəli, insanlarımız haqlı olaraq türkiyəli jurnalistlərin yaxşı işlədiyini deyirlər. Ancaq həm də Azərbaycan mətbuatına haqsızlıq edirdilər. İlk belə söhbət Gəncəyə raket düşməsi ilə yaşandı. Xarici jurnalistlərin böyük əksəriyyəti Gəncədə qalırdı. Azərbaycanlı jurnalistlər üçün vəziyyət fərqli idi. Redaksiyadan gecələyəcək yer ilə bağlı maddi dəstək alanlar Bərdədə, almayanların bəziləri qohum evində, bəziləri də dost evində qalmağa məcbur idi. Bölgə müxbirləri isə təbii olaraq, öz evlərində gecələyirdi. Belə olan halda Gəncədə terror olan gecə təbii ki, ilk reaksiyanı Türkiyə mediası işıqlandırdı.
Müharibədə xarici jurnalist olmaq “3:0” öndə başlamaq demək idi.
Döyüşlər başlayandan hər kəsə, hətta mətbuatla əlaqəsi olmayan şəxslərə də dəbilqə və zirehli gödəkcə verildi. Sıra mənə çatanda isə, qeyri-məlum səbəblərdən qeyb oldu. Deyəcəksiniz ki, “sənin özünün olmalı idi, özün təmin etməli idin”. Razıyam, digər vəziyyətdə mümkünsüz olduğu halda özüm əldə etməli idim. Ancaq məni buna görə tənqid edənlərə demək istəyərdim ki, siz də maraqlanın, əgər gömrükdən keçirə bilsəniz, birini də mənə keçirin. Sağ olsun bəzi dostlar, onlara ehtiyac olmayanda alıb istifadə edirdim. Ancaq niyə mətbuatla əlaqəsi olmayan şəxslərə də verildiyi halda, mənə çatmaması hələ də beynimi müəyyən suallarla məşğul edir.
Bəziləri elə bilir ki, icazə verilibsə, hara lazımdır ora da gedə bilərsən. Kaş siz düşündüyünüz kimi olaydı.
İlk vaxtlar “canlı yayım açmayın, foto, video paylaşmayın” sözlərini yuxarı dairələr o qədər təhdidlə dedi ki, bir müddət sonra xəbərdarlıq etməyə ehtiyac qalmadı. Qəfəsdəki 4 meymun təcrübəsi öz işini görürdü. Telefonla video çəkəni elə birinci jurnalistlər linc edirdi. Heç soruşmurdular ki, nə çəkirsən?! Elə hey niyə canlı yayım açmısan deyirdilər. Sanki canlı yayım etmək üçün internet vardı…
Azərbaycan mediası, xüsusən TV-ləri ancaq və ancaq dağılmış ev çəkmək üzrə ixtisaslaşdılar. Azərbaycan TV-lərində və saytlarında dağılmış evlərdən başqa hansısa kadr görmüsünüz? Görmüsünüzsə, deyin, göndərin, mən də baxım.
Bir gün valideyinlərimin yaşadığı qəsəbədən Quzanlıya gələrkən yolda polis saxladı. Şəxsiyyət vəsiqəmə baxırdı. Gördü ki, Ağdam sakini yazılıb. Baxıb dedi ki, jurnalist olduğunu bilirik. Dedim, bəli. Qarşılığında siyahıda adımın olmaması səbəbiylə buraxa bilməyəcəyini bildirdi. Siyahıya baxmaq istəyirəm. Göstərir. Məlum olur ki, siyahıda ancaq xarici jurnalistlərin adı var. Təbii ki, həmin polis verəcəyim suallara cavab verəcək şəxs deyildi. Bir yolla keçdim. Ancaq o suallar məni dəli edir. Niyə, nə səbəbə xarici jurnalistlərə olar, bizə yox? Ərazidə başıma bir şey gəlsə, yəqin mülki itki kimi qeyd edəcəkdilər!
İşğaldan azad edilən yerlərdə də yenə xaricilər, yenə TV-lər gedə bilir! Bu ayrıseçkiliyin mənası nədir, səbəbi nədir, hələ də mənə qaranlıq qalır.
Azərbaycan TV-lərinin efirlərini dağılmış evlərlə yanaşı Müdafiə nazirliyinin yayımladığı videolar bəzəyir. Hamısı da PUA-ların fəaliyyəti əsas planda yer alır. Kənardan baxan da elə bilər ki, bütün fəaliyyəti ancaq PUA-lar görüb. Bəs artileriya, aviasiya, səngərdə duran, irəli gedən əsgərlər? İki gün hava pis olan kimi nə Müdafiə nazirliyi, nə də efirlərimizdə döyüşlərlə bağlı bir görüntü var idi. Məgər hava pis olanda əsgərlərimiz yatırdı?
Dünən gecə oturub, əsəbləşib, xeyli foto, video silmişəm. O fotolar, videolar kimə lazımdır? Nəyə lazımdır axı? Anlayıram, müharibə vaxtı senzura tətbiq edilir. O senzura niyə məhz Azərbaycan jurnalistlərinə edilir?
Xarici bir televiziyasının Füzulidə çəkdiyi kadrlar ciddi problem yaradır, ancaq cəzasını Azərbaycan mediası çəkir. Azərbaycanda xoşqədəmlər, elgizlər populyar olduğundan, Türkiyənin bölgəyə gələn məşhur savaş müxbirləri yerinə oranın xoşqədəmi sayılacaq CNN Türk müxbiri Fulya burada məşhurlaş(dırıl)ır, o da əsgərə mikrafon uzadır, əsgər Şuşanın işğaldan azad edildiyini deyir, efirə verilir. Mən Şuşa ətrafında gedən döyüşü, alınmasını Böyük Kirs kimi yazıram. Səbəb?
Deyirlər, jurnalistlərin təhlükəsizliyi üçün bəzi addımlar atılıb. Birdən ölüm-itim olar. Ölüm-itim gözə almayanın orda nə işi vardı? Jurnalistin əsgərdən nə fərqi var ki? Əsgərə ölüm-itim olar, jurnalistə yox? Türkiyədə “Savaş muhabirliyi” oxuyarkən ilk deyilən sözlərdən biri bu olmuşdu: “Şavaş muhabirləri də əsgərlər kimidir, gedişi bəllidir, dönüşü yox!”
Müharibə həm də ağla-qaranı seçən bir şeydir! Necə ki, seçildi də! Müharibə həm də, xüsusi keyfiyyətləri də üzə çıxarır. Çıxdığını da gördük! Əgər jurnalistlərə tam şərait yaradılsa idi, cəmiyyətə yeni simalar, ciddi imzalar və söz sahibləri qazandıracaqdı. Düşünürəm, bunu da kimlərsə nəzərə almışdı!
Əlimdən gələni etdim. Pis-yaxşı nə qədər cəmiyyət üçün faydalı oldu, bilmirəm. Ancaq daha yaxşısını da edə bilərdim.
Bildiyim bir şey var, əsgərlərin müharibəsi bitdi, bizim müharibəmizsə hələ indi başlayır!
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder