Geriyə baxanda yalnız adların və tarixlərin dəyişdiyini görə bilirik. Plan, proqram, strategiya hamısı eynidir. Rusiya varlığını davam etdirmək üçün heç nədən çəkinən bir dövlət deyil. Erməniləri məhz bu niyyətləri üçün əraziyə köçürüblər, daha sonra onlara dövlət də yaratdılar. Ərazidə varlıqlarını qorumaq üçün münaqişə yaradıb, uzun illərdir ki, bundan iki dövlətə təsir vasitəsi kimi istifadə etdilər.
Gəlin başqa rakursdan baxaq.
Qarabağda rus sülhməramlıları olmasa, Rusiya bir ayağı Qərbə qaçaq duran bu iki ölkəyə necə təsir edə bilər? Ermənistanın ciddi təbii ehtiyatları olmasa da, Azərbaycanın təkcə karbohidrat yataqları inkişafına bəs edərdi. Qarabağ problemi olmasa, Azərbaycanda balanslaşdırılmış siyasətin adını tutan olardı? Qətiyyən! Rusiya təkcə Azərbaycanla Ermənistanı yox, SSRİ-dən ayrılan bir çox ölkələri məhz münqişələr yolu ilə əldə saxlaya bilir.
Rusiya təkcə münaqişə yaradıb geri çəkilmir, həmin münaqişəni idarə edən bir güc olur.
Uşaq da bilir ki, Qarabağ problemi Rusiyanın başının altından çıxıb. Hətta sabiq Almaniya kansleri Angela Merkel belə Qarabağın açarının Rusiyada olduğunu demişdi. Münaqişəni yaradan ölkə daha sonra hər iki ölkənin qazanclarına şərik də çıxdı. Azərbaycan nə qədər Türkiyə, İsrail və digər ölkələrdən silah-sursat aldığını desə də, ümumilikdə, Azərbaycan ordusunun arsenalındakı silah-sursatın çox böyük hissəsi məhz Rusiya istehsalıdır. Ermənistandan danışmağa belə dəyməz.
Uzun illər idi ki, Türkiyə əraziyə daxil olmaq istəyirdi. Bunun üçün çox ciddi işlər gördü və ən nəhayətində buna nail oldu. Türkiyə dolayısı ilə Rusiyaya ortaq oldu, tam sıxışdırıb çıxardı desək, ağ yalan olar. Müharibə Rusiyanın razılığı ilə başlasa da, başlamasa da, Rusiya özlərinin qırmızı xəttinə yaxın gedilənə qədər dözdü, səbr etdi. O zaman ki, Şuşa işğaldan azad edildi, fikrimcə, Şuşadan daha çox Qırmızı Bazarın başını buludlar alanda Rusiya hərəkətə keçdi. Qırmızı Bazar işğaldan azad edilsə, Rusiya, ümumiyyətlə, hər hansısa bir sülhməramlı harada dayanacaqdı? Laçın dəhlizinin əhəmiyyəti nədirsə, Qırmızı Bazarın da əhəmiyyəti məhz odur. Necə oldusa, əsas qovşaqlar işğaldan azad edilmək ərəfəsində Rusiyanın helikopteri vuruldu. Özü də harada? Türkiyə ordusu ilə daha çox sıx əlaqəsi olan Naxçıvanda. Bu həm də Rusiyanın ordudakı təsir gücünü göstərir. Bir növ deyir ki, baxın, ən çox arxayın olduğunuz yerdən hərəkət edə bilərəm. Etdi də. Nəticədə nə baş verdi? Rusiya müharibəyə qarışdı. Bu o zaman baş verdi ki, Xankəndi istiqamətində işlər görülür, Qırmızı Bazarda erməni ordusu çox ciddi itki verirdi. Gecə ilə üçtərəfli bəyanat imzalanır.
Ancaq Rusiya işini şansa buraxmır, nə Azərbaycana, nə də Ermənistana güvənir.
Rusiya bilir ki, münaqişə bitəndən dərhal sonra bu iki ölkə yönünü Avropaya tutacaq. Türkiyənin Azərbaycanda olmasından onsuz da narahatdır. Çünki Türkiyə həm də NATO deməkdir. Ona görə də, bu iki ölkədə təsir gücünü saxlamaq üçün ərazidə, nəyin bahasına olursa-olsun, qalmaq istəyəcək. Düşünmürəm ki, Rusiyanın Qarabağda qalma müddətini Azərbaycan və Ermənistan həll etsin. Bölgədə baş verəcək istənilən atəşkəsin pozulma halı, təxribat Rusiyanın işinə yarayacaq. Bu təxribatı Azərbaycan və yaxud erməni əsgərinin etməsinə gərək qalmayacaq. Bunu edə biləcək nə çox qüvvə. Rusiya sülhməramlıları, əslində, iki ölkənin, iki xalqın arasında dayanıb ki, bir-birilərinə qarşı hansısa sərt addım atmasınlar. Əslində, Rusiya həm də bu iki xalqın arasına girib ki, bir-birilərini görməsinlər, əlaqə olmasın, Azərbaycan öz erməni vətəndaşları ilə münasibət qura bilməsin. Parçala və hökm et məhz budur.
Rusiya Azərbaycan və Ermənistandan daha çox psixoloji müharibə aparır.
Əsgərinə heykəl, öz dahilərinə abidə qoyur, kilsə tikir. Bunu durmadan tirajlayır. Bunun arxasında yatan məqsəd “alışın və barışın”dır. Bayramlardan sonra Rusiyanın bu əməlləri nəticəsində insanların əsəbləri tarıma çəkilib. Əsəbin çıxma yolu Azərbaycanda sosial şəbəkələrdə qan qusmaq, Ermənistanda isə meqafon alıb Rusiyaya söyüb-dağılmaqdır. Beləcə insanların “qazı” alınır, çarəsizlikdən vəziyyətlə barışmağa başlayır. Ən təhlükəlisi də bax budur. Bunun üçün dövlət hərəkətə keçməlidir. Gücünün çatacağı qədər dirəniş göstərməlidir. Əgər Rusiyanın bu əməllərinə qarşı Xarici İşlər Nazirliyi bir bəyanat verə bilmirsə, dövlət rəsmiləri ağzına su alıb oturursa, insanların bir qismi yazıb oturacaq, bir qismi isə ölkədən qaçmağın planlarını cızacaq.
Hazırda Azərbaycan dövləti, daha çox isə xalqı psixoloji müharibə ilə üz-üzədir. Bu müharibəni aparan isə məhz Rusiyadır.
Bəzi misallar üçün tarixi eşələməyə gərək yoxdur. Azərbaycan hərbçiləri ən son Türkiyə kontingetinin tərkibində Əfqanıstanda fəaliyyət göstərib. Yeri gəlmişkən, Əfqanıstanı ən son tərk edənlər də məhz Türkiyə və Azərbaycan sülhməramlıları olub. Əfqanıstanda haradasa bir abidə, haradasa bir heykəl ucaldı? Ümumiyyətlə, sülhməramlılar niyə görə heykəl ucaltmalı, abidə qoymalıdır? Azərbaycan tərəfi işğaldan azad edilmiş yerlərin bir çoxunda məscidləri bərpa edir, yenilərini inşa edir, ruslar da buna kilsə ilə cavab verir. O tikilən kilsə Allah evinə qarşı Allah evi ilə verilən cavab deyil, sadəcə olaraq Azərbaycanın hər atdığı addıma verilən qarşılıqdır. Qarabağdakı bütün ruslara hansı sualı istəyirsiniz verin, ən dindarı belə kilsə deməz, ilk sıraya, yəqin ki, bar yazılar.
Dövlət Rusiyaya qarşı real savaş apara bilməsə də, psixoloji savaşı düzgün aparmalıdır. Bu elə bir savaşdır ki, sual ünvanlansa, “Sənə demirdi ki, özünə niyə götürürsən?” – cavabının alınacağı bir oyundur.
Hiç yorum yok:
Yorum Gönder