22.12.2021

Elçin Quliyevin "bulandırdığı" su və ya rəsmi qurumların "helikopter süqutu" - Səxavət Məmməd yazır

Noyabrın 30-da baş verən helikopter qəzası Azərbaycan hərbi aviasiya tarixinin ən ağır itkisi idi desək, yanılmarıq.

İki ağır müharibədən keçən, 2016-cı ildəki aprel döyüşlərini görən Azərbaycan Ordusu və hərbi aviyasiyamız bu qədər ağır itki verməmişdi.

Bəlkə də, bu, maliyyə baxımından belə deyil. Çünki təkcə birinci müharibədə Azərbaycanın arsenalında olan 45 qırıcıdan 28-i və 19 hərbi helikopteri məhv edilmişdi. Həmin qırıcılar, əsasən, keçmiş Sovet hərbi təcrübəsi keçmiş, Rusiya və Ukraynadan gətirilən muzdlular tərəfindən idarə olunurdu. Yəni Azərbaycan Hərbi Hava Qüvvələri texnika itirsə də, çox az sayda pilot itirmişdi.

Aprel döyüşləri zamanı cəmi bir döyüş helikopteri vurulub. 44 günlük Vətən müharibəsi zamanı isə döyüş təyyarələri və helikopterlərinin vurulması ilə bağlı rəsmi rəqəm yoxdur.

Dünən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğradı. Nəticədə 14 hərbçi şəhid oldu. Onlardan biri həkim, digəri isə ehtiyatda olan polkovnik idi. 12 nəfər isə aktiv fəaliyyətdə olan peşəkar pilotlar (aralarında şturman və digər ixtisas sahibləri də ola bilər, rəsmi açıqlanmadığı üçün pilot kimi qeyd edirəm) idi.

Bir ölkənin yüzlərlə F-16, F-35 döyüş təyyarəsi ola bilər. Ancaq bir pilotu varsa, demək ki, yerdə qalan 99 qırıcı maketdən başqa bir şey sayılmır. Necə ki, İsrail-Ərəb müharibələri zamanı belə bir hal yaşanıb. Ərəb ölkələrinin o dövr üçün müasir döyüş təyyarələri say baxımından çox olub, ancaq İsrail tərəfinin pilotunun olması döyüşün taleyini həll edib. İtkilərə bir də bu yöndən baxmaq lazımdır. Yaxşı pilot, ümumiyyətlə, pilot yetişdirmək asan məsələ deyil. Bir pilotun yetişməsi uzun illərə və çox ciddi maliyyə hesabına başa gəlir. Ona görə də rəsmi qurumlar Azərbaycan xalqının narahatlığını anlamalı, başa düşməlidir. Hiss olunur ki, özləri anlaqsız davranırlar.

Məlum hadisənin baş verdiyi haqda məlumat əldə etdikdən sora DSX-nin mətbuat xidməti ilə əlaqə saxladım. Qurumdan mənə verilən cavab bu oldu: “Bu barədə məlumat saytımızda yerləşdirilib”.

Bundan sonra bütün mediada şəhid olmuş hərbçilərin rütbə və ad-soyadları qeyd olundu. Nəinki Azərbaycan mediası, erməni və rus mediası da bu barədə məlumat dərc etdi. Ancaq, “Rəsmi qurumlara istinad edin”, – deyən RƏSMİ QURUMLAR bu informasiyanı saatlar (!) keçdikdən sonra açıqladı.

Rəsmi qurumlar, “Yazmayın, ancaq rəsmi qurumlara istinad edin”, – xəbərdarlığı edir, özləri də heç bir məlumat yaymır. Belə olan halda, insanlar nə etməlidirlər? Bir jurnalist rəsmi qurumları nə qədər gözləməlidir? Rəsmi qurumlar bilmir ki, informasiya boşluğu olanda o boşluğu şayiələr və komplo nəzəriyyələri doldurur? Bu hadisə də Qarabağda, Kəlbəcər və Laçın istiqamətində baş verməyib ki, jurnalistlərin əraziyə gedib çıxması ciddi vaxt alsın. Rəsmi qurumların mətbuatdan düzgün istifadə edə bilməməsi informasiya məkanında xaos yaradır.

Daha sonra nə baş verdi? DSX rəisi general-polkovnik Elçin Quliyev mətbuat önünə çıxdı. Elçin Quliyev heç bir sual olmadan, heç bir ciddi iddia ortaya atılmadan bildirdi ki, qəzada kənar qüvvənin təsiri inkar edilir. Əslində, Elçin Quliyev belə deməli idi: “Helikopterin qara qutusu tapılıb, oxunandan sonra qəzanın səbəbləri barədə ictimaiyyətə rəsmi və dəqiqi məlumat veriləcək”.

Elçin Quliyevin o açıqlaması insanların beyninə qurd saldı. Hətta kənar müdaxiləni istisna edən şəxslər belə bir anlıq düşündülər ki, ortada fal yox, yumurta yox, Xidmət rəisi niyə belə bir şey desin axı?!

Rəsmi qurumlar bilməlidir ki, bu günə qədər yürütdükləri yarıtmaz informasiya siyasəti xalqda onlara qarşı inamsızlıq yaradıb. İnformasiya ilə işləyən şəxslər, qurumların mətbuat xidmətləri bir dəfəlik analamalıdırlar ki, ilk informasiya hər şeyi həll etməsə də, çox şeyi həll edir. Ona görə də gözləmək, insanların əsəbləri tarıma çəkiləndən sonra məlumat yaymaq daldan atılan daş effekti yaradır. DSX-nin mətbuat xidməti, ən azı, hər saatın tamamında açıqlama verməyə borcludur.

Bu günə qədər Müdafiə Nazirliyinin məlumatları gec yayması barədə saysız-hesabsız iradlar tutulub. Görünən odur ki, bu bütün qurumlara aid edilməlidir. Başqa günlərdə mətbuatdan qaçırlar, bunu anladıq, fövqəladə vəziyyətdə niyə qaçırlar, onu anlamaq olmur.

Baş Prokurorluğun nümayəndələri də eynilə Elçin Quliyevin ritorikasından istifadə edərək kənar müdaxilə ehtimalının inkar olunduğunu bildirdilər. Biri bu qurumlar niyə başa salmır ki, “Qara qutu oxunduqdan sonra dəqiq səbəb deyiləcək”lə, “Kənar müdaxilə inkar edilir” arasında ziddiyyət var?! Olmaz ki, “Qara qutu oxunduqdan sonra rəsmi açıqlama veriləcək”, – deyilsin? Hər halda, bu, Azərbaycan üçün ilk hal sayılsa da, Türkiyədə, Rusiyada belə hallar olanda mətbuata ilkin açıqlama necə verilir, yaxşı bilirik. Demək olar ki, bütün ölkələrdə ilk açıqlama eyni olur: “Bütün versiyalar yoxlanılır, qara qutu incələndikdən sonra hər şey bütünlüyü ilə aydın olacaq”.

Elçin Quliyev dünən açıqlamasında daha bir məsələdə suyu bulandırdı. Həm deyir ki, helikopter, demək olar, yenidir, daha sonra da deyir ki, təmirdən təzə çıxıb. Gəl bu işin içindən çıx görüm necə çıxırsan. “Bu necə olur?” sualı əvəzinə, verilən sual isə belə oldu: “Həlak olanlara şəhidlik statusu veriləcək?” Sualı verən şəxs çıxıb deyə bilər ki, camaat belə sual ünvanlayır. Nə? Gərək rəsmi ağızdan eşidəsiniz bu suala cavabı? Sual verənlərə qanunvericilikdən bir bənd deyə bilməzsiniz? Qanun heç bir rəsmi şəxsin ağzından çıxan sözdən aşağı deyil. Qanun deyir ki, bəli, o şəxslərə şəhidlik statusu veriləcək. Bunu müzakirəyə çıxarmaq belə gerizəkalılıqdır.

Bütün bu yazılanların hamısının bir tək səbəbi var. İnformasiya və mətbuatla işləməmək. Rəsmi qurumların əlindən gələn tək şey var – xəbərdarlıq, qadağa. Yaxşı, Azərbaycanda şayiə yayanları saxladınız, xaricdə olanları, azərbaycanlı ad-soyadı ilə sosial şəbəkədə olan xarici ölkə agenturalarının nümayəndələrini necə cəzalandıracaqsınız? Olmazmı ki, informasiyanı vaxtında verib mətbuatla düzgün iş görəsiniz?!

Yoxlayın, bəylər, yoxlayın. Bəlkə, sonuncu cümləm işə yaradı. Bir dəfə də belə davranın. Vallah, billah buna görə qonorar istəmirəm. “Sağ ol” da deməyin, lazım deyil. Sadəcə olaraq bir dəfə sınaqdan keçirin.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics