7.08.2018

Azərbaycan turizm şirkətləri İrəvana və Şuşaya tur paket satır - ŞOK ARAŞDIRMA

Bir neçə ildir ki, Azərbaycan xüsusən ərəb turistlərin ən çox gəldiyi ölkələrdən birinə çevrilib.

Turizm sahəsində vəziyyət necədir?

Turizm sahəsində baş verənlərə aydınlıq gətirməyə çalışdıq.

Çoxlarımız elə bilirik ki, Azərbaycana gələn ərəb turistlər, Avropa və digər yerlərə gedə bilməyən, gücü yalnız Azərbaycanı gəzməyə çatanlardır. Turizm sahəsi ilə məşğul olan şirkətlərin nümayəndələri ilə söhbət zamanı məlum olur ki, bu fikir tamamilə yanlışdır. Azərbaycana gələn turistlərin böyük əksəriyyəti dünyanın bir çox ölkələrini gəzənlərdir.

Bir neçə il öncə ərəb ölkələrinə açılan turizm şirkətləri ərəblərin Azərbaycana marağını çəkə biliblər. Ancaq turistlər gəldikdən sonra bazarda şirkətlər arasında rəqabət artır və bu sahədəki pulları digərlərinə vermək istəməyən bəzi şirkətlər bazarı monopoliyaya alırlar. Pullu şirkətlər Azərbaycandakı otelləri aylar öncədən sifariş edərək, digər şirkətlərə ilk zərbəni vurmuş olurlar.

Azərbaycanda turizm sahəsinə nəzarət öncədən Mədəniyyət və Turizm Nazirliyinə aid idi. Nazirlik otellərə sertifikatlar verirdi. Otellərin sertifikatlaşdırılması ləğv edildikdən sonra isə bazara girmək istəyən sahibkarlar otellərinə kefinə gələcək ulduzları verirlər. Beləcə, standartlara uyğun olmayan otellərə də 4, 5 ulduz verilir. Öncədən 5 ulduzlu otellərdə qalmalı olan, əla tur paketlərdən yararlanmaq üçün qeydiyyatdan keçən turistlər belə desək, xəyal qırıqlığı ilə qarşılaşırlar.

Turizm şirkətlərinin rəhbərləri ilə söhbət zamanı məlum olur ki, ölkəyə turist gətirmək asandır, ancaq onu yerləşdirmək və turlar təşkil etmək çətindir. Böyük şirkətlər otellərdəki yerləri öncədən almış olurlar. Beləcə məcburən turistləri önlərinə çıxan otellərdə yerləşdirirlər. Otellərdəki vəziyyətdən isə daim şikayətlər gəlir. Turist 5 ulduza aldanıb gəldiyi yerdə şəraitsizliklə qarşılaşmış olur. Ümumiyyətlə, bölgələrdəki otellərin bir çoxunda qeydiyyat bölməsində əyləşənlər ingilis dilini bilmirlər. Bu isə turistlərin narazı qaldığı sahələrdən biridir.

Yeni yaradılan Dövlət Turizm Agentliyindən isə qısa müddətdə bu işlərə tamamilə nəzarət etməsini gözləmək ədalətsizlik olardı. Çünki qurum hələ formalaşma dövrünü yaşayır.

Əldə etdiyimiz məlumata görə, ölkəyə gələn turistlərin böyük əksəriyyəti turizm sistemindən şikayətlənərək gedir. Bunu fürsət bilən ermənilər isə turizm sahəsində də Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Beləcə, Azərbaycanla Ermənistan arasındakı müharibə turizm sahəsində də davam edir.

Araşdırmamız nəticəsində o da məlum olur ki, ərəb turistlər təkcə Azərbaycanı yox, gəldikləri halda Gürcüstan və Ermənistanı da gəzmək istəyirlər və ona görə də, tur paketləri daha çox alırlar. Bu səbəbdən də Azərbaycanın turizm şirkətləri vəziyyətdən çıxış yolu kimi məcburən Gürcüstan turizm şirkətləri ilə tərəfdaşlığa gedirlər və yaxud bir qədər əziyyət çəkərək başqa bir ölkədə, xarici vətəndaşların adına turizm şirkətləri açaraq müştərilərə xidmət göstərirlər.

Bu sahə ilə məşğul olan şəxslərlə söhbət zamanı isə daha bir məsələnin üstü açılır. Turistlər Azərbaycan-Gürcüstan-Ermənistanı gəzdikdən sonra qondarma “Dağlıq Qarabağ Respublikası”na da səfər edirlər. Qondarma rejimin şirkətlərlə anlaşması isə belədir: Turistlər Dağlıq Qarabağa giriş-çıxış zamanı pasport nəzarətindən keçməyəcək, pasportlara möhür vurulmayacaq.

Gələk Qafqaz turu satan şirkətlərə. Həmin şirkətlərdən biri “Azerbaijan24” turizm şirkətidir.

Şirkətin adı “Azerbaijan24” olsa da, şirkət internet üzərindən hər bir vəclə çalışır ki, Azərbaycana aid olmasını gizlətsin. Belə ki, “Azerbaijan24” şirkətinə aid olan sayt “http://azerbaijan24.com” domeni ilə fəaliyyət göstərir.



Saytın kimə məxsus olması isə tamamilə gizlədilib. Saytın giriş hissəsində Azərbaycanın qədim tarixə məxsus olmasına dair məlumatlara rast gəlsək, Azərbaycanı öyməsini görsək də, sayt internet üzərindən Azərbaycana aid olmasını tamamilə ört-basdır edir. Niyə? Bir bilsək. Saytın domeni haqqında informasiya gizlədilsə də, “Azerbaijan24”ün “google+”dakı səhifəsində “Baku, Q-Qarayev avenue 83 (AZ 370118)” ünvanında yerləşdiyini tapa bildik. “Azerbaijan24.com” saytının serverləri də müxtəlif ölkələrdədir. Azərbaycanla bağlı məsələ isə yenə gizlədilib. Saytın əlaqə bölməsindəki nömrələr (+44 207 1837 191, + 44 2033 227751) isə İngiltərəyə məxsusdur.


Saytda 2 həftəlik Qafqaz turu satılır. Turun yanvar, dekabr aylarındakı qiyməti 1275 dollar olub.

Qafqaz turunu əldə edən turist 1-ci gün Bakıda qarşılanır, Şəhidlər xiyabanına, İçəri şəhərə aparılır, Qız qalasında gəzdirilir. 2-ci gün Qobustan səfəri, 3-cü gün Bakı-Şəki, 4-cü gün Şəki – Gürcüstan, 5-ci gün Tiflis – Mtsxeta, 6-cı gün Tiflis-Kutaisi, 7-ci gün Kutaisi – Qori – Tiflis, 8-ci gün Tiflis, 9-cu gün Tiflis-Sadaxo – Hafpat – Sanahin – İrəvan, 10-cu gün İrəvan – İçməidzin – Zvartnots – İrəvan, 11-ci gün İrəvan – Qarni – Gefard – Lake Sevan – Sevanvak – İravan, 12-ci gün İrəvan – Xor Virap – Areni – Nirvank – İrəvan, 13-cü gün İrəvan səfərilə turu başa vurur.






Qafqaz turunu satan Azərbaycan şirkəti təbii ki, tura daxil olan hər bir öhdəliyi yerinə yetirir. Hər halda Qafqaz tur paketini əldə etmiş turist İrəvanda küçədə gecələmir. Yəni, Azərbaycan şirkəti Ermənistandakı otellərlə əməkdaşlıq edir.

“Azerbaijan24” şirkətindən başqa Qafqaz turu təşkil edən şirkətlərdən biri də “Silk Road Explore”dir. Şirkətin rəhbərliyi Qırğızıstan vətəndaşıdır. “Silk Road Explore” şirkətinin rəsmi saytında erməni turizm şirkəti azərbaycanlı tərəfdaşının adını açıqlamadan Azərbaycana turistlər üçün turlar təşkil edə biləcəyinin elanını verib.

Bununla bağlı daha geniş araşdırmanı sizə təqdim edəcəyik.

Səxavət Məmməd
Yenicag.az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics