13.07.2018

İnformasiya qıtlığı, yayılan şayiələr, manısların şərh etdiyi ciddi proseslər

Hər zaman olduğu kimi, son baş verən proseslərdə də cəmiyyət informasiyasızlıqdan boğuldu. İnformasiyanı gecikdirdiyi üçün ən çox tənqid edilən qurumların başında heç şübhəsiz, Müdafiə Nazirliyi gəlir. Dəfələrlə olub ki, nazirlik baş vermiş hadisə ilə bağlı cəmiyyəti informasiya ilə təmin etməyib, eyni zamanda reportyorların da hadisə baş vermiş əraziyə gedişini qadağa edib. Nəticədə ölkə əhalisi informasiya almaq üçün erməni mətbuatına üz tutub. Bunu çox gözəl bilən erməni mətbuatı isə dezinformasiyalar ötürərək cəmiyyətimizi yanlış informasiyalarla yükləyib. Nazirliyin sonradan verdiyi məlumatlar isə ya həzm edilmir, ya da inamsızlıqla qarşılanır. Bu barədə çox geniş danışmaq olardı, sadəcə mövzu bu deyil.
Mingəçevirdə “Azərbaycan İstilik Elektrik Stansiyası”nın bloklarından biri partlayır. Prezident İlham Əliyevin də dediyi kimi, bir blokun partlaması ilə bütün ölkə qaranlığa qərq olmamalı, susuz qalmamalı idi. Metrolarda yarımstansiyalar olduğu halda, vaqonlarda qalan insanlar təxliyə edilməməli idi. Bakıxanov qəsəbəsində (razin) yerləşən 2 saylı doğum evində doğuş telefon işığı ilə aparılmamalı idi və s. və ilaxır. Nə isə, mövzu heç bu da deyil.

Ölkədə ardıcıl çox ciddi üç hadisə baş verdi. Hər üç hadisə zamanı da dövlət qurumlarının verdiyi informasiya tikinti gedən ərazinin ətrafına yazılmış "müvəqqəti narahatlığa görə üzr istəyirik"dən o yana keçmirdi. İnformasiyasızlıq təbii ki, şayiələrin yayılmasına da gətirib çıxardı. “Azərbaycan İstilik Elektrik Stansiyası”nın düşmən tərəfindən partladılmasından tutmuş, hadisənin hansısa daxili və xarici güclər tərəfindən qəsdən törədilməsinə qədər cəmiyyət arasında ən müxtəlif xəbərlər dolaşmağa başladı.

Baş vermiş bu hadisənin ardınca Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yunus Səfərov tərəfindən güllələnir. İlkin informasiyada cinayətin söyüş və icra başçısının əməllərindən cana gəlmək ucbatından törədildiyi deyilir. Daha sonra cinayət əməli dini zəmindən tutmuş, terror və hansısa ölkələrin xüsusi xidmət orqanlarının işi kimi də qiymətləndirilir. Ancaq heç bir dəqiq informasiya verilmir. Jurnalistlərin işləməsi üçün heç bir şərait yaradılmır.

İcra başçısının güllələnməsindən sonra Gəncə şəhərində Elmar Vəliyev əleyhinə mitinqin keçiriləcəyi xəbəri dolaşmağa başladı. Çağırışlara görə bir neçə nəfər həbs edildi. Açığı həbslərdən, daxili qoşunun və polisin Gəncə şəhərində cəmləşdirilməsindən sonra aksiyanın keçiriləcəyi gözlənilmirdi. Ancaq elə gözlənilməyən bir anda 2 yüksək rütbəli polis zabiti öldürüldü. Azərbaycan mətbuatı və cəmiyyət orada olan şəxslərin telefonla çəkdiyi foto və videolarla kifayətlənməli oldu. Jurnalistlərin əraziyə buraxılmaması, dəqiq informasiyaların olmaması saysız-hesabsız şayiələrin və versiyaların yayılması ilə nəticələndi.

Kimsə çıxıb deyə bilər ki, rəsmi orqanlar TV kanallara, bəzi saytlara məlumatlar verirdi. O informasiyanı cəmiyyət yedimi? Qəbul etdimi? Qətiyyən! Polis, keçmiş DTX zabitləri, ciddi politoloqlar TV kanallarda xalqa informasiya vermək, olanları şərh etmək yerinə bəzi heç kəs tərəfindən qəbul edilməyən millət vəkilləri və politoloqlar dövlətçiliyimizə əl qaldıranları cəzalandırmaqla bağlı TV kanallardan hədələr yağdırdı. TV kanallarda müzakirələri siyasətçilər, nüfuzlu şəxslər yerinə manıslar apardı. Həmişəki kimi ciddi məsələ qeyri-ciddi adamların müzakirə mövzusuna çevrildi.

Müstəqil jurnalistlərin, xalqın qələminə güvəndiyi şəxslərin Mətbuat Şurasına və digər qurumlara çağırışı, Gəncəyə səfər etmək istəyi, ciddi araşdırma aparmaq tələbi cavabsız qaldı. Belə görünür ki, bu məsələ cavabsız da qalacaq. Ənənəvi olaraq hadisə yerinə gedib, Gəncədə hər şeyin yaxşı olmasını demək yox, ciddi araşdırma aparmaq lazımlı və vacibdir.

Gəncədə baş verənləri tarix və gedişat baxımından 90-cı ilin əvvəllərindəki Gəncədə yaşananlarla müqayisə edənlər də var. O dövrə nəzər saldıqda görürük ki, Gəncəyə səfər edən dövlət rəsmiləri özləri ilə bərabər jurnalistləri də aparırdı və baş verənlər cəmiyyətə çatdırılırdı. Bu hadisələr zamanı isə nəinki jurnalistlərin, heç dövlət rəsmilərinin səfərini də görmədik.

Baş verən proseslər milli təhlükəsizlik məsələlərində zəiflik və boşluqları üzə çıxarmaqla yanaşı, informasiya təhlükəsizliyi baxımından da sinifdə qaldığımızı ortaya qoydu. Prosesləri soyuq başla izlədikdə, çox məsələlərin ortada qaldığını görürük.

Ortada qalmaq isə hər zaman ətrafdakılardan sığortalanmaqla nəticələnmir. Ortada qalmaq həm də qapazaltı olmaq deməkdir. Necə deyərlər, əri döyən arvadı, it də qapar.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics