Vətən Müharibəsində çağırışçılar, qismən səfərbərliklə ordu sıralarına cəlb edilənlərlə yanaşı, könüllülər də fəal iştirak edib.
Könüllülər daha çox Birinci Qarabağ müharibəsinin iştirakçıları, əraziləri yaxşı tanıyan şəxslərdən ibarət olub. Aralarında Birinci Qarabağ müharibəsində iştirak etməyib, səfərbərlik xətti ilə çağırılmayıb, öz istəyi ilə cəbhəyə yollananlar da az deyildi. Ağdam, Füzuli, Xocavənd, Laçın və digər rayonlardan olan könüllülər cəbhənin demək olar, bütün istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Onların müəyyən hissəsi birbaşa döyüş əməliyyatlarına qatılmasalar da, bütün hallarda ön xətdə xidmət keçiblər.
