12.03.2016

Vüqar Bayramov: "İnzibati yolla sahibkarı mənfəətsiz işləməyə məcbur etmək doğru deyil" — MÜSAHİBƏ

"Ticarət liberallaşmalıdır, bazara çıxış zamanı süni baryerlər aradan qaldırılmalıdır. Sahibkarlıq azad olmalıdır."
Son aylar dünya iqtisadiyyatında və eləcə də Azərbaycan iqtisadiyyatında gedən anlaşılmaz proseslərə aydınlıq gətirmək üçün iqtisadçı ekspert Vüqar Bayramovdan geniş müsahibə almışıq..

Müsahibədə ölkə iqtisadiyyatında gedən proseslərə aydınlıq gətirməyə və vətəndaşlarımızı düşündürən suallara cavab tapmağa çalışdıq.
- Salam Vüqar bəy, xoş gördük.
- Xoş gördük
- Mümkünsə Azərbaycanın son iqtisadi vəziyyətini, neft gəlirlərinin düşməsi və manatın devalvasiyaya uğraması prosesini şərh edərdiniz...
- Azərbaycanın son iqtisadi durumunu qiymətləndirən zaman birmənalı şəkildə diqqət yetirmək lazımdır ki, Azərbaycanın ümumi ixracatının 95%-ni strateji məhsullar təşkil edir. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 95 dolları neft və neft məhsullarının payına düşür. Bu aspektən neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərib. Neftin ümumi ixrac həcmi sabit qalsa belə, qiymət aşağı düşdüyü üçün həmin neftən əldə edilən gəlir də aşağı düşüb. Güman ki, Azərbaycan 2015-ci ildə təxminən 42 milyon ton neft ixrac edəcək, amma buna rəğmən Azərbaycanın neft gəlirləri 2015-ci ildə 2014-cü ilə nisbətən təxminən 40%-ə yaxın aşağı düşəcək. Neft gəlirlərinin azalması ölkəyə gələn vəsaitlərin azalmasına gətirib çıxaracaq. Neft gəlirlərinin azlması eyni zamanda dolların manata təzyiqini də artıdı. Çünki əvvəllər ölkədə dollar bolluğu var idi, amma indi dollar bolluğu yoxdur. Əksinə dollara tələbat yüksəkdir. Neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycan iqtisadiyyatının idxalı ilə ixracı arasındakı fərq azalıb. Əgər bir il öncə Azərbaycan ixracatı Azərbaycan idxalından 3 dəfə çox idisə, ancaq indi bu fərq 2 dəfəyə qədər azalıb. İndi ölkəyə daxil olan dollar yenə də çoxdur, amma fərq azaldığı üçün dolların manata təzyiqinin artması müşahidə edilir. Dollara təlabat artdığı üçün Mərkəzi bank manatın yumuşaldılması ilə bağlı qərar qəbul etdi. Çünki, Mərkəzi bankın təxminən 12 milyard dollarlıq rezervi var. Dollara olan təlabatı ödəmək üçün Mərkəzi bank rezervindən istifadə edir, öz rezervini bazara çıxarır. Əslində aylıq olaraq 1,5 milyard doların xərclənməsi əgər manat devalvasiya olmasa idi o zaman 2015-ci ildə Mərkəzi bankın bütün rezervinin praktiki olaraq xərclənməsinə gətirib çıxaracaqdı. Daxil olmalarada, neft bazarındakı mövcud çətinliklərə baxmayaraq dövlət büdcəsinin gəlirlərinin formalaşması ilə bağlı ciddi çətinliklər yoxdur. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,6 milyard manat olacaq. Budcə gəlirlərinin 10,3 milyard manatı və ya 53,4%-i Dövlət neft fondundan transferlər hesabına formalaşacaq. Dövlət neft fondunun 33 milyard dollarlıq rezervi var. Dövlət neft fondu həmin vəsaiti (10,3 milyard) dövlət büdcəsinə transfer edə biləcək. Büdcə gəlirlərinin 35%-i qeyri-neft sektorunun payına düşür. Bütövlükdə 2015-ci ildə büdcə gəlirlərinin 11,6%-i neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. Bu təxminən 2,2 milyard vəsait edir. Büdcə gəlirlərinin ümumi 65%-i neft sektorunun payına düşür.
- 2008-ci ildə dünyada iqtisadi böhran olan zaman Azərbaycan manatın devalvasiyasının uğramasının qarşısını ala bilmişdi. Nə baş verdi ki, bu dəfə bunun qarşısını almaq mümkün olmadı?
- 2008-ci ildə qlobal maliyə böhranında neftin dünya bazarında qiyməti uzun müddət aşağı olmadı. Neftin dünya bazaranda qiyməti 50 dollardan da aşağı düşdü amma bu bir neçə ayı əhatə etdi. 2014 və 2015-ci illərdə baş verənlərin 2008-2009-cu illərdə baş verənlərdən fərqi ondadır ki, əgər qlobal maliyə böhranı dövründə yalnız bir neçə ay ərzində neftin dünya bazarında qiymətində azlmalar müşahidələr olundusa, 2014-cü ilin sentyabrından neftin dünya bazarnda qiyməti azalmaqdadır və bu proses davam edir. Faktiki olaraq uzun müddətdir ki, neftin qiyməti dünya bazarında aşağı düşüb. Eyni zamanda həmin dövrdə bir yaxşı proqnoz, nikbinlik var idisə, indi heç o da yoxdur.
- Hətta deyirlər ki, neftin qiyməti 20 dollara qədər düşə bilər...
- Bəli, praqnozlar belə bədbindir. Praqnozların belə bədbin olması yalnız iqtisadi təzyiq deyil, eyni zamanda psixoloji təzyiqi də artırır. Əgər qlobal maliyə böhranı dövründə Azərbaycanın tərəfdaşlarının valyutasında devalvasiya baş vermədisə, ancaq indi baş verdi. Azərbaycanın qeyri-neft sektorunda əsas tərəfdaşı Rusiyadır. Rusiyada son bir ildə rus rublu 2 dəfəyə yaxın dəyər itirdi. Azərbaycanın bütövlükdə xarici ticarət dövrüyəsinin 60%-i Avropa birliyinin payına düşür, Avropa birliyinin vahid valyutası Avro 25% dəyər itirdi. Gürcüstan larisi son bir ildə 41% dəyər itirdi, Türkiyədə son bir ildə lirə 30%-ə yaxın dəyər itirdi. Ticarət tərəfdaşlarında valyutaların dəyər itirməsi praktiki olaraq manata psixoloji təzyiq etdi. Həm psixoloji təzyiq etdi, həm də Azərbaycan məhsullarını bahalaşdırdı.
- Manatın devalvasiyasından sonra hökümət malların qiymətini sabit saxlamaq üçün reydlərə başladı. Malların qiymətini köhnə qiymətlə saxladı. Heç şübhəsiz bu sahibkarların gəlirini azlatdı. Sahibkarlar bu vəziyyətə nə qədər dözəcək? Yaranan halı necə tənzimləmək olar?
- Qiymətlərin yüksəlməməsi ilə bağlı biz təkliflərimizi vermişik ki, hər bir idxal olunan məhsul üzrə xərc strukturu hazırlansın. Çünki elə məhsullar var ki, o məhsullar üzrə mənfəət norması yüksək idi. Türkiyədən və yaxud Gürcüstandan mal gətirilir. Gürcüstanda lari son bir ildə 41% dəyər itirib. Amma Gürcüstandan gətirilən həmin malın qiyməti hal-hazırda dəyişməyib. Demək son iki ildə həmin malları ölkəyə gətiriənlər böyük mənfəət əldə edib. Azərbaycan iqtisadiyyatının mənfəət norması 50% ətrafındadır. 50%-dən 34% devalvasiya xərcini çıxanda yenə mənfəət qalır 16%. Amma bunu bütün məhsullara tətbiq etmək mümkün deyil. Elə məhsullar var ki, onlarda mənfəət norması 20%-dir. 20%-dən 34% çıxanda mənfi -14% qalır. Ona görə də istehlak bazarında qiymətlərin tənzimlənməsi üçün hər bir idxal olunan məhsula ayrılıqda baxmaq lazımdır. Manat 34% dəyər itirdikdən sonra bəzi sahibkarlar malın qiymətini 34% artırdılar.
İnzibati yolla sahibkarı mənfəətsiz işlətmək doğru deyil. Sahibkar mənfəətsiz işləyə bilməz. Əgər sahibkar mənfəət əldə etmiyəcəksə, o zaman malı gətimiyəcək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olmayacaq. Bir tərəfdən inzibati yolla sahibkarı işləməyə məcbur etmək doğru deyil, digər tərəfdən isə yüksək mənfəət əldə edənlərin süni şəkildə qiymət artırması da doğru deyil.
İdxal olan mallara ümumi baxılması düzgün deyil, hər bir mala ayrı-ayrı xüsusi baxılması lazımdır. İnzibati yolla bütün malların qiymətinin artırılmasının qarşısının almaq olmaz. Hökmən ayrı-ayrı malların xərcinə baxmaq lazımdır.
- Proqnozlar verilir ki, neftin qiyməti yenə düşəcək. Bu manatın yenidən devalvasiyasına gətirib çıxara bilər?
- Ümumiyətlə manatın devalvasiyası ilə bağlı praqnoz vermək çətindir. Çünki manatın məzənnəsini birmənalı şəkildə bazar müəyyənləşdirmir. Avronun məzənnəsi ilə bağlı praqnoz vermək mümkündür. 2014-cü ilin sonlarından mart ayına kimi avronun məzənnəsinin düşəcəyini və mart ayının sonuna doğru avronun məzənnəsinin artacağını praqnozlaşdırmışdım. Avronun məzənnəsini praqnozlaşdırmaq mümkündür. Çünki bu valyutanın məzənnəsini bazar müəyyənləşdirir. Manatın məzənnəsini müəyənləşdirmək isə bazardan yox, birbaşa Mərkəzi Bankdan asılıdır. Mərkəzi Bank istəyirsə, manatın məzənnəsini aşağı salır, sonra isə yüksəldir.
Burda iki məqam çox önəmlidir. Birincisi, manatın məzənnəsinin kəskin düşəcəyi ilə bağlı baxıcılıq edib praqnozlar vermək doğru deyil. Bu tip praqnozlar manata olan təzyiqi artırır. Fevral ayında manat devalvasiyaya uğradıqda bir sıra iqtisadçılar aprel ayında 1 dolların 2 manat olacağını praqnozlaşdırırdı. Belə praqnozların verilməsi və bunun ictimayətə təqdim edilməsi olduqca yalnışdır. Çünki bu dollara təlabatı, manata təzyiqi artırır. Dollara təlabatı artırdığı üçün Mərkəzi Bankın intervensiya xərci artır. Mərkəzi Bankın intervensiya xərci artdığı üçün manatın yenidən dəyərdən düşməsi riski yüksəlir. Ona görə də panika xarakterli məlumatların verilməsi doğru deyil. Ancaq insanları arxayınlaşdırmaq da lazım deyil.
Manatın məzənnəsi ilə bağlı ssenarilərə baxmağa ehtiyac var. Bir ssenari belədir ki, neftin dünya bazarında qiyməti yüksələcəksə, 2015-ci ilin ikinci yarısında manatın məzənnəsi möhkəmlənəcək. İkinci ssenari, neftin qiymətinin 55-60 dolarda qalmasıdır. Bu o deməkdir ki, bu halda Mərkəzi Bank çalışacaq dəhliz daxilində məzənnəni dəyişsin. Bu 8%-lik dəhlizdir. Bu o deməkdir ki, 1 dollar 1 manat 4-8 qəpik intervalında dəyişəcək. Bədbin ssenari ondan ibarətdir ki, neftin dünya bazarındakı qiyməti 40 dollardan aşağı düşsün. Mərkəzi Bank da elan edib ki, 40 dollar bir növ limit həddidir. Neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşürsə, bu zaman ölkədən daha çox valyuta gedəcək. Belə olan halda manatın yenidən devalvasiyası qaçılmaz olur. Əgər neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşərsə və bu uzun müddət davam edərsə, o halda manat yenidən dəyərsizləşdiriləcək.
- Rusiyada çox ciddi böhran oldu, rubl kəskin devalvasiyya uğradı. Ancaq hal-hazırda rublun dəyəri qalxmağa başlayıb və Rusiyanın iqtisadi göstəricilərində irəlliləyiş baş verir. Bunun Azərbaycana hansı təsiri ola bilər?
- Rus rublunun möhkəmlənməsi Azərbaycan üçün əlverişlidir. Birincisi Rusiyada yaşayan vətəndaşlarımızın qazancına müsbət təsir göstərəcək. Bu eyni zamanda Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana göndərdikləri pulların həcminin artmasına da gətirib çıxaracaq. İkincisi Azərbaycanın Rusiyaya ixrac imkanlarıdır. Azərbaycanın qeyri-neft sektorunun ixracatında birinci yerdə Rusiya bazarıdır. Rublun məzənnəsinin aşağı düşməsi 2014-cü ildə Azərbaycanın Rusiyaya ixracatına mənfi təsir göstərdi. Rublun məzənnəsinin Azərbaycana təsiri qeyri-neft sektorunu məhsullarının ixracının artırılmasıdır.
- Manatın devalvasiyasından sonra dollarla kredit götürən vətəndaşlarımız ciddi ziyana düşdülər. Dövlət bunun qarşısını almaq üçün hansı tədbirləri görməli idi? Vətəndaşların ziyanı necə kompensasiya edilməlidir?
- Manatın devalvasiyasından sonra Mərkəzi banka təklif etmişdim ki, Qazaxıstan modelini tətbiq etsin. Qazaxıstanda devalvasiyadan öncə banklarda olan pul indeksasiya olundu. Bu o demkdir ki, manatın məzənnəsinin dollara nisbətən hansı səviyyədə olmasından aslı olmayaraq manatla olan əmanətlər həmin devalvasiyadan sığortalanır. Biz təklif edirdik ki, devalvasiya zamanı yaranan fərq dövlət tərəfindən qarşılansın. Bu ona şərait yaradacaqdı ki, həm vətəndaş itirməsin, ikincisi bu şəraiti yaradacaqdı ki, vətəndaşlar manatla olan depozitlərini banklardan götürməsin. Bu həm də stimul yaradacaqdı ki, vətəndaşlar pulları evdə deyil banklarda saxlasınlar. Çox təəssüf ki, Mərkəzi bank həmin təklifi qəbul etmədi. Bu da ona gətirib çıxardı ki, vətəndaşlar manatla olan əmanətlərini banklardan çəkdilər. Kommersiya banklararının dollarla verdikləri kreditləri yeni məzənnə ilə tələb etməsi başa düşüləndir, çünki banklar da pulu digər xarici kredit təşkilatlarından dollar və avro ilə alıblar və dollar və avro ilə qaytarmalıdırlar. Biz Mərkəzi banka 3 variant təklif edirik, onlaran biri orta məzənnənin təklif edilməsidir. Əvvələr dolların məzənnəsi 0,78 idi, indi isə 1,05-di. Biz təklif edirdik ki, Mərkəzi bank orta məzənnə tətbiq etsin, 0,92. İkinci təklifimiz faiz dərəcəlrinin endirilməsi ilə bağlı idi və Mərkəzi bank bu təklifi qəbul etdi. Mərkəzi Bankın sədri kommersiya banklarına müraciət və tövsiyə etdi ki, faiz dərəcələrini aşağı salsınlar. Kommersiya bankları cüzi faiz endirimləri etdilər, bəziləri 2%, ən yaxşı halda isə 3% endirim etdilər, amma elə banklar oldu ki, heç bir endirim etmədi. Biz təklif edirik ki, faiz endirimləri ilə bağlı tövsiyə yazılı olsun, ikincisi faiz endirimləri intervallarla müəyyənləşdirilsin. Üçüncü təklifimiz Mərkəzi bankın kommersiya banklarını kompensasiya etməsidir.
- Dövlət büdcəsində neftin 1 bareli 90 dollardan nəzərdə tutulub, ancaq neftin dünya bazarında qiyməti 55-60 dollar araında dəyişir. Dövlət büdcəsində kəsir qalmaması üçün hansı addımlar atıla bilər?
- Dövlət büdcəsi ilə bağlı hökümət iki addım ata bilər. Onlardan biri may ayında parlamentdə dövlət büdcəsinə yenidən baxılması və büdcənin gəlirlərinin azaldılması ilə bağlı qərarın qəbul edilməsidir. O cümlədən büdcədə neftin qiymətini 90 dollardan 60 dollara endirməkdir. Əgər hökümət bunu edərsə, büdcə gəlirləri praqnozlaşdırıldığından az olacaq və buna görə də büdcə xərclərinə də yenidən baxılacaq. İkinci yol bundan ibarətir ki, parlament büdcəyə baxmır, maliyə nazirliyi büdcənin xərclərini azaldır. Büdcə haqqında qanun Maliyə nazirliyinə imkan verir ki, nazirlik müdafiə olunan xərclər istisna olmaqla digər xərcləri azaltsın. Müdafiə olunan xərclər, əmək haqqı, pensiya, sosial xərclərdir. Büdcə gəlirinin hansı vəziyyətdə olmasından aslı olmayaraq əmək haqqı, pensiya və sosial xərclər azaldıla bilməz. Bu o deməkdir ki, 2015-ci ildə heç bir halda əmək haqqı pensiya azaldılmayacaq. Dövlət bücəsindən əmək haqqı və pensiyalar üçün 6 milyard manat vəsait ayrılıb. Büdcədə lazımsız xərclər var, həmin lazımsız xərclərin ixtisar edilməsi, ləğv edilməsi lazımdır.
- Belə xəbərlər var ki, bir neçə bank bağlanıb və bir neçə bank isə müflis olmaq üzrədir...
- Mərkəzi bank sədri özü açıqlama vermişdi ki, 5 bank müflis olmaq təhlükəsi ilə üz-üzədir. Mərkəzi bank sədrinin belə bir açıqlama verməsinə qarşıyıq. Çünki heç bir ölkənin Mərkəzi bankı hansısa bankların müflis olacağı ilə bağlı açıqlama vermir. Bizdə olan məlumata görə, 3 bank faktiki olaraq fəaliyyətini dayandırıb.
- Hansı banklardı onlar?
- Onların adını demək olmaz (gülürük). Ancaq o banklar manatın devalvasiyasına görə deyil, bu banklar Mərkəzi Bankın məcmu kapitalının artırılması ilə bağlı yeni tələbləinə uyğunlaşa bilməməsi ilə bağlıdır. Mərkəzi bank məcmu kapitalı ilə bağlı öhdəlikləri 10 milyon manatdan 50 milyon manata artırdı. Manatın devalvasiyası 6 bankın maliyə vəziyyətinə çox pis təsir edib. Düzdür onlar müflis olmayıblar, ancaq onların maliyə vəziyyəti xeyli pisləşib. Manatın məzənnəsinin aşağı düşməsindən sonra Mərkəzi bank çalışmalıdır ki, bankların sağlamlaşdırmasını həyata keçirsin. Mərkəzləşmiş kreditlər hesabına manatın devalvasiyasından ziyan görən banklara aşağı faizli kreditlər verilməlidir.
- Bu vəziyyətdən çıxış üçün hökümət nə etməldir?
- Neftin qiymətinin düşməsi həm də bizim üçün bir mesaj kimi də qiymətləndirilə bilər. Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir. Əsas məsələ ixracda qeyri-neft sektorunun payının artırılmasına nail olmaqdır. Ticarət liberallaşmalıdır, bazara çıxış zamanı süni baryerlər aradan qaldırılmalıdır. Sahibkarlıq azad olmalıdır. Mərkəzi bank izləyici olmamalıdır, Mərkəzi bank proseslərin içərisində olmalıdır. 
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics