12.03.2016

"Qul bazarı"ndan REPORTAJ

Kim deyir ki, qullar, qul bazarı, quldarlar quldarlıq dövründə qaldı? Tarix dəyişib, zaman dəyişib, ancaq necə o dövrdə də qul qul idi, quldar quldar, bu dövrdə də heç nə dəyişməyib.
Pul əl çirkidir deyirlər. Burdakı əllər zibilə batır ki, pul qazansın, aliləsinə çörək apara bilsin. Zibildən qazandığı pulla ailəsinin qabağında üzü ağ olsun. Zülümlə qazanılan pul necə əl çirki ola bilər?

Bu körpülər tikilməsə nəyin altında yatardım?
Hər gün eyni yolla işə gəlirəm. 3-cü mkr dairəsində marşrut gözləyirdim. Gördüm bir nəfər körpünün dirəyinə sığınıb, büzüşüb. Üzündən kiməsə oxşatdım. Yaxınlaşdım. Türk Çadır şəhərciyində bizdən 2 məhəllə o tərəfdə yaşayan həmyaşıdım idi. Çiyninə vurub oyatdım. Gözün açan kimi dedi, "iş var?". Dedim, yox. Gözlərini yumur və gözübağlı deyir, "bəs niyə oyadırsan məni? Pul verirsənsə, mən dilənçi deyiləm..."
- Bilirəm dilənçi deyilsən, çadırdan Sadiqsən?
- Hə, hardan bildin. Sən kimsən?
Hiss olunur ki, utanır, gözləri açıq olsa da, yorğun, yuxusuz gözlərini gizlədir. Tanışlıq verirəm, tanıyır. Dururur ayağa salamlaşıb görüşürük.
- Niyə burdasan, yoxsa burda yatmısan?
- Qaqa, bir elə işləmişəm, ancaq pulumu vermirlər. Kirəni gecikdirdim deyə ev sahibi evdən qovdu. Elə burada, körpünün dirəyinə söykənib yatmışam. Yaxşı ki bu körpünü tikiblər yoxsa nəyin altında qalardım? Bu gün pulumdan bir az alıb qayıdacam rayona...
İşə tələsirəm deyə sağollaşırıq. İşə gələndən sonra isə içimdəki sızıltı məni yenidən ora qayıtmağa məcbur etdi...Qul bazarına, qullarla reportaja...
Ay eşşək kənarda dur, maşını cızırsan!!!
Ölkə.Az-ın çəkiliş qrupu 3-cü mkr dairəsinə çatır. İlk müşahidə etdiyim səhnə bu olur. Yolun kənarında maşın dayanır, fəhlələr hücum çəkir maşına. Hamısı özünü təklif edir. Maşından bir nəfər çıxır, deyir, işçi lazım deyil, ancaq fəhlələr əhəmiyyət vermir buna, maşından əl çəkmirlər. Maşın sahibi əsəbiləşir, Ay eşşək kənarda dur, maşını cızırsan!!!
Bundan sonra fəhlələr kor-peşman gəlirlər körpü dirəyinin yanına.
Diqqətimi çəkən daha bir şey oldu. Buradakı insanlar təhqirə belə cavab vermədilər. İş, pul, çörək olsun, hər şeyə razıdılar. Hətta söyülməyə də...
Ali Təhsilli qul(lar)
Yaxınlaşırıq fəhlələrdən birinə. Öncə elə bilir ki, iş danışmaq istəyirik. Biləndə ki jurnalistik, deyir, danışaq, nə qorxuram, nə də utanıram...
Malik ali təhsillidir, əvvəllər metropoliten idarəsində işləyib. Ailədə 5 nəfərdilər. Evdə tək işləyən Malikdir. Malik deyir, metropoliten idarəsində işləyirdim, bir neçə il olar işdən çıxardılar. İş tapa bilmədim, ailəmi saxlamalıyam, uşaqlarım var, onlara baxmalıyam, ona görə məcbur olub bura çıxmışam. 50 yaşım var, saçım başım ağarıb, gəlib bura çıxmışam - Qul bazarına.
- Evə sizdən başqa qazanc aparan var? Buranın hesabına ailənizi saxlaya bilirsiz?
- Ehhh, hardan?! 10 gündən çoxdur ki, bir dənə də iş olmayıb. Ciblərini çevirib bizə göstərir. Deyir özün gör, siçanlar oynayır. Evə getməyə yol pulum belə yoxdu.
- Bəs necə gedəcəksiniz? Bəs evin ehtiyacları?
- Kiməsə deyəcəm yol pulu versin. Evin ehtiyacları isə... Bilmirəm. Nə tapdıq onu yeyəcəyik.
Malik oğlundan danışır, deyir, 24 yaşlı oğlum var. Əsgərliyini bitirib, ancaq iş tapa bilmirəm. Ustalıq öyrənir. Hərdən yaxşı iş düşəndə oğlmu da aparıram özümlə. Belə getsə, onun gələcəyi də bura çıxmaq olacaq...
Malik bizdən uzaqlaşır, yenidən geri qayıdır, - qardaş, oğurluq edən deyiləm, adam başı kəsən deyiləm. Bu yaşdan sonra kimdi mənə iş verən? - deyir
- Hansı işlərə gedirsiz?
- Əlimdən hər şey gəlir, bəy deyiləm ki, nə iş olsa gedirəm. Əsas odur pul olsun.
4 aydı kirənin pulun verə bilmirəm, ümidim ev sahibinin insafına qalıb
Maliklə sağollaşırıq. Kənarda iş gözləyənlərə yaxınlaşırıq. Söhbətə başlayırıq, ətrafımıza 15-20 nəfər fəhlə yığışır.
İşin olub-olmamağını soruşuruq. Cabir deyir, əslinə qalsa "sezonu" gözləyirdik, ancaq 1 aydan çoxdur ki, iş yoxdur, səhər alaqaranlıqdan çıxırıq bura, gecə düşəndə də gedirik. Təsəvvür edin 4 aydır kirəni verə bilmirəm, ümid ev sahibinin insafına qalıb. Haqqı da var bizi qovmağa, əgər qovsa 2 uşağım və yoldaşım çöldə qalacağıq...
Qumar kimi bir şey...
Akif adlı yaşlı bir kişi deyir, "bala, fəhlə bazarı qumar kimi bir şeydir. Gələn oldu qazanırıq, gələn olmadı batırırıq".
- İşlədib pulunuzu kəsənlər olur?
Hamısı bir səslə deyir, "o qədəəəər".
Eləsi olur aparır villasında işlədir, hər şeyə pulu çatır, bizim pulumuzu verməyə gələndə isə pulu qurtarır. 5 manatımızı kəsməklə sanki varlı olacaqlar...
Akif kişi sual verir:
- "O olmasın bu olsun" filminə baxmısız?
- Bəli baxmışam, deyə cavab verirəm.
- Axıra kimi baxmısan?
- Bəli, axıra kimi baxmışam.
- Görürsüzmü, o kinodakı bəy, hər şeyə pul tapır. Ancaq kinonun əvvəlindən axırına kimi hambala verməyə 1 abbası tapmır. Bax bizim vəziyyət də elədir.
Nisyə yemək, nisyə çay
- Hamınızdan soruşuram, bu gün işə çıxan olub?
- Hamısının cavabı da eyni olur, "yox!"
- Bütün günü burda olursuz. Bəs nə yeyib, nə içirsiz?
İslam adlı fəhlə deyir, qardaş, o çayxanaları görürsüz? Bax günümüz orda keçir. Pul olanda nəğd, olmadı nisyə yeyib, içirik. Məsələn o çayxanaların hamısına içi mən qarşıq çoxumuzun borcu var.
Zakir adlı fəhlədən soruşuruq, sizin sənətiniz nədir? Cavabı isə çox marqlı olur.
- Desəm öldürərlər, deməsəm ölləm, ölləm, öllləm. (Ətrafdakı hər kəs gülür).
Zakir Qarabağ döyüşlərinin iştirakçısıdır. 2-ci qrup əlildir. Ailəsini saxlamaq üçün qul bazarına çıxdığını deyir.
Söhbətimizin maraqlı yerində iki post-patrul maşını dayandı və bizi bölməyə dəvət etdilər. Səbəbini soruşuruq, polis dedi, "bölmədə bilərsiniz".
Bölməyə gəlirik, polis rəisə məruzə edir: "bunlar fəhlələri başına yığıb mitinq edirdilər"
Rəis soruşur ki, "neynirdiniz orada?"Jurnalist vəsiqəmii və diktafonu təqdim edirəm. Səs yazısına qulaq asıb gülür. Bizi gətirən polisə üzünü tutub deyir, "buna görə gəirmisiz bunları?"
- Bəli, rəis.
- Hardan gətirmisiz aparın orda da düşürün, deyə rəis acıqlı halda bizi gətirən polis nəfərinə göstəriş verir.
Rəislə sağollaşıb bölmədən çıxırıq. Yolda bizi gətirən polis deyir, bir dəfə də polislərin yaxşılarından da yazın. Polislərin yaxşılarından yazacağıma söz veririəm və üzümü tutub o çavuşa deyirəm: Bəli, rütbə təkcə vəzifə yox, həm də savad, məntiq və səviyyə fərqidir...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics