12.03.2016

Keçmiş batalyon komandiri: "Üç gün dalbadal Peykanlıya hücum etdilər, 600-ə yaxın şəhid verdilər..." — REPORTAJ

Qarabağ müharibəsi. Hadisələrin içində olmayan çoxları elə bilir ki, hər şey bir anın içərisində olub.Ermənilər hücum edib, bizimkilər qaçıb.
Gəlin görək əslinə qalsa hadisələr necə baş verib? Nə zamandan başlayıb?

Qarabağ müharibəsi döyüşçüləri ilə silsilə reportajları davam edir. Bu dəfəki müsahibimiz Füzuli batalyonunun komandiri Səməd Alyanlıdır.
Komandirlə müharibənin başlamasından döyüş əməliyyatlarına kimi bir çox hadisələrdən danışdıq.
- Hadisələr necə başladı?
- 1988-ci ildə Ermənistandan bizim rayona da qaçqınlar gəldi. Dost, yoldaş hamısı bilir ki, 2 zəif yerim var. Uşağı incidən valideyn görəndə kimliyindən asılı olmayaraq ona ağır söz deyirəm. Uşaq ağlamağına dözə bilmirəm. Qadının incidilməyinə dözə bilmirəm. Qaçqınlar gələndə onlarda bunları çox gördüm. O zamanlar Ağdamda oxuyurdum, Ağdama gedib-gəlirdim. Oxumaqdan əlavə həm Füzulidə, həm də Ağdamda karatedən dərs deyirdim. Karate müəllimi olmuşam. Ağdamda mexanizasiyanı oxuyurdum, mexanizasiyanının yataqxanasına Xankəndindən qaçqınlar gəldi. Orada da qadınları, uşaqları incidilmiş vəziyyətdə gördüm. Füzuliyə gedirdim, o zaman ermənilər gəlib-gedirdi avtobusla. Avtobusda onları görüb havalandım. Təsəvvür edin, yataqxanada o vəziyyətdə qızı, qadını, uşağı görəsən, gəlib avtobusa oturasan ki, Füzuliyə gedəsən və erməni də səninlə birgə avtobusla getsin. Bunu necə qəbul etmək olar?
Gözlədim, Xocavəndlə Füzulinin arasında yiyəsiz bir dərə var, orada avtobus şoferinə dedim ki, saxla. Avtobusu saxladıb, avtobusdakı erməniləri döyüb, tökdüm yerə. O zaman avtobus şoferi və digərləri dedi nə olub, niyə durduq yerə elə etdin? Dedim, sizə sonra çatacaq nə olacağı...
Füzuliyə girəndə PAZ avtobuslarda konduktor yeri olur, orada oturmuşdum. PMK-44 deyilən yer var, orada avtobus saxladı, bir erməni başını avtobusa salıb dedi, “are, avtovağzala gedirsən?” Onu da orda döyüb qovdum. Həmin gün Füzulidə erməni-türk söhbəti başladı...
Həmin gündən başladılar gecə ilə evləri daşlamağa, erməniləri qovmağa. Bu hadisənin səhərisi gün Xocavənd rayonunun Salakətin kəndində ermənilər camaatı incidirdilər. Salakətin - Füzuli avtobusu var idi, o zaman ermənilər yolu qazıb avtobusu buraxmırdılar. Ruslar hadisələr qızışan vaxt ortada dururdu. Füzulidə peşə məktəbində ruslar qalırdı, komendant da Kovalyov idi, o həm də Xocavəndin də komendantı idi. Rusların mühafizəsi ilə Füzulinin yol idarəsinin ekskovatoru getdi ki, Salakənt Füzuli yolunun qazılmış yerini doldursun. Ermənilər traktoru oğurlayıb aparıb, vermirdilər. Ermənilər həmin traktoru rusların yanından aparmışdı. Bunu gəlib şəhərdə dedilər, bizə də qəribə gəldi ki, necə olur erməni bir belə rusun yanından traktoru aparır, vermir? Uşaqlardan 6-7 nəfəri yığıb başıma dedim gedək, ermənilərin harada dəyərli bir şeyi əlimizə keçsə götürək gələk. Traktorla dəyişək.
O zaman Tuğlularda mənə bir tapança vermişdilər. Ekologiyada işləyirdim. Oradan da tabelli silahım var idi. 7 nəfər iki silahla birgə getdik. Məndə məlumat var idi ki, traktoru Böyüktağın savxozu aparıb. Gedib Azıx kəndinin bir QAZ-53-ünü erməniləri döyüb, əllərindən alıb gətirdik. 3 ay o QAZ-53-ü öz polislərimizdən gizlətdik. 3 aydan sonra QAZ-53-ü verib traktoru aldılar. Bir müddət sonra tələbələrim də qoşuldu bizə, bir qaçaq dəstəsi yaratdıq.
Haxlı kəndi var idi, 3 erməni kəndinin içərisində bizim bir kənd idi. Ən çox atışma orada olurdu. 2 il ərzində səhər tezdən gedirdik o kəndə, gecə gəlirdik. 1991-ci ilin dekabrında ordu yarandı. Füzuliyə 702 saylı briqada gəldi. Ondan əvvəl Qarabağın hər yerində olduğu kimi Füzulinin də hər yerində özünü müdafiə dəstələri var idi.
Kimsə deyə bilməz ki Qarabağda müharibəni ilk mən başlamışam. Hər kənddə qeyrətli qardaşlar əlinə ov tüfəngini götürüb kəndin müdafiəsinə gedirdi. O dəstələr yarananda heç kimin fikrində gedib ermənini qovmaq yox idi, hamı öz kəndinin rayonunun müdafiəsinə gedirdi. Biz özümüzküləri qorumaq üçün orada olmuşuq. Erməni tərəfdən isə sovet generalları gəlib planları hazırlayırdı. Biz o planlardan özümüzü müdafiə etmək üçün otururduq orada. Biz özümüzü müdafiə də etdik.
Rusiya Gürcüstanı bir günə aldı. Ukraynanı 10 günə işğal etdi. Əfqanıstanda 4 saata oturdu. Rusiya o ölkələri işğal edərkən başqa bir dövlətdən kömək istəmədi. Ermənilər Rusiya ilə yanaşı dünyanın bütün terror qruplarından istifadə etdilər, ancaq 1988-ci ildən 1993-cü ilə qədər heç nə edə bilmədilər. İndi bizim ordumuz var. İndi baxanda adam həvəsə gəlir. Hərbi hissələrə gedirik, baxırıq 2014-cü il BMP-lər durub hazır vəziyyətdə. BMP elə bil adama deyir, “Ləyağın olsun, nə durmusan orada, gəl otur, xodda gedək”. Bu gün silahlarımıza baxanda adam döyüşmək istəyir. Hərbi hissələrimizin yeməkxanasına giririk, elə bil restorandasan. Rusun ordusunda belə hal-hazırda yeməyi əsgər bişirir, bizim ordumuzda isə yeməyi analarımız bişirir. Bu orduda vuruşub ölməyə nə varki?! Bu orduda vuruşub ölmək istəməyən azərbaycanlı deyil.
O zaman Raykom səviyyəsində məsələ qaldırdım ki, Füzulidə kadravoy zabit varsa gətirib batalyon yaradaq. O zaman gəldik internata. O zaman internatın müdürü Almaz müəllimə idi, indi isə Füzuli rayon təhsil şöbəsinin müdürüdür. O qadın dövlət, millət, ordu üçün nələr edib, onu bir mən bilirəm, bir də Füzulidə könüllü döyüşçülər və ordu bilir. Əvvəl biz peşə məktəbinin binasına yığışmışdıq. Almaz müəllimə eşidəndəki o binadan çıxmışıq, məni çağırtdırdı, getdim yanına. Mənə dedi ki, internat məktəbinin tən yarısı sizindir. Yeməyinizi də verəcəm. 8 ay bizi yeməklə təmin etdi. Afiyyəddin Cəlilov bizim batalyona 2 dəfə gəlib. Döyüşə gedəndə də formanın boynuna boyunluq tikirdik. Artıq ordu kimi formalaşmışdıq. Həftədə bir dəfə hamamımız olurdu, həftədə bir dəfə yataq dəstimiz dəyişilirdi. 100-dən çox əsgər var idi.
Briqada gələndən sonra bizə briqadanın kəşfiyyat bölüyü olmağımızı istədilər, bir şərtlə qəbul etdim ki, heç kimin cızdığı planla hərəkət etməyəcəm. Razılaşdılar. Hücum əməliyyatını biz hazırlayırdıq, briqadada baxırdılar. Briqadanın kəşfiyyat bölüyünün komandiri oldum.
839 nömrəli Tuğ özünümüdafiə batalyonu var idi, oranın komandiri İbrahimov idi. 28 iyunda şəhid oldu. İbrahimov döyüşdü, şəhid oldu. O cür döyüşçülərin qarşısında baş əyməmək olmaz.4-5 nəfər döyüşə-döyüşə güllələri qurtarıb, qranatla özlərini partlatmışdılar. 28 iyun əməliyyatından sonra Füzuli bölgəsində bütün orduda bir ruh düşkünlüyü yarandı. Bir gündə ordu yoxa çıxdı. 702 bir gündə yoxa çıxdı. O hadisədən 20 gün əvvəl hərbi hissə komandiri məni çağırdı, dedi ki, 839-da qanunsuzluq var. Onlar ordu nizamına düşə bilmir. Səndə-orada çox ciddi rejim var, onlar köçsün yanına. Batalyon gəldi bizim yanımıza, bizim kimi oldular. 839-da 600 nəfərdən 30 nəfər qalmışdı. Məni tabor komandiri etdilər, ordunu yenidən yığdım.
- Neçə döyüş əməliyyatı keçirmisiniz?
- 50-yə yaxın döyüş əməliyyatı keçirmişəm. Hamısı da məğlubiyyətsiz olub. 6 böyük əməliyyatda iştirak etmişəm, həmin döyüşlərdən sonra 1000-ə yaxın erməni meyidi olub. Təkcə Peykanlı əməliyyatında döyüş meydanında 123erməni leşi qalıb, 60 milyonluq erməninin silahını götürmüşük.
- Bir az da Peykanlı əməliyyatından danışaq...
- Peykanlı əməliyyatı haqqında “Komsomolskaya pravda”da yazılıb. Bir rus zabit orada yazıb ki, azərbaycanlıların haradan çıxdığını bilmədik. Amma heç vaxt inanmaram ki, o əməliyyatı bir azərbaycanlı hazırlayıb. O əməliyyatı yüz faiz türk generalları hazırlamışdı. O əməliyyatı şəxsən özümdən başqa heç kim bilmirdi, nə də başqası hazırlamışdı. Daxili qoşunların 3 batalyonu gəlmişdi. Hərbi hissə komandiri onlara tapşırıq verdi, onların komandirləri də dedi, oranı alacağıq. 3 gün Peykanlıya hücum etdilər, 600-ə yaxın şəhid verdilər. 3 gün hər axşam iclasda dedim, icazə verin gedim oranı alım, verim bunlar saxlasın. Peykanlı Füzuli ilə Xocavəndin sərhəddində yerləşir. Peykanlını ermənilər almışdı, oranın strateji əhəmiyyəti çox yüksək idi. Artıq 3-cü gün hərbi hissə komandiri svyazla zəng etdi, dedi ki, Peykanlını ala bilərsən? Dedim, çataram deyərəm. Batalyonu qaldırıb gəldim Peykanlıya. Hərbi hissə komandiri Emil Qasımov hücum əmri verdi, dedim ki, olmaz. Komandirə dedim ki, şərtim var, əməliyyatı özüm hazırlayacam. Hərbi hissə komandiri əmri yerinə yetirmədiyim üçün məni briqadaya çağırdı və dedi ki, səni güllələyəcəm. Gəldim Hərbi hissəyə, komandirin otağına girdim, orada yaşlı bir kişi də oturmuşdu. Sonradan bilmişəm ki, Müdafiə nazirinin müşavirlərindən biri olub həmin adam. Emil Qasımov mənə dedi ki, 3 gündü deyirsən alaram oranı indi hücum əmri verəndə hücum etmirsən. Dedim hava işıqlanıb, gündüz vaxtı əməliyyat keçirə bilmərəm. Hərbi hissə komandiri dedi ki, ala biləcəksən Peykanlını? Dedim, alacam. Otaqda oturan yaşlı kişi də eyni sualı verdi. Ona dedim, sən qarışma, dedim, ağsaqqal. Həmin kişi, Hərbi hissə komandirinə baxıb məni göstərək dedi ki, bu kimdir?
Emil Qasımov dedi ki, cənab polkovnik, sizə dediyim batalyon komandiri budur. Mənə dedi, otur. Yenə soruşdu, Peykanlını ala bilərsən? Dedim, alaram, ancaq 3 gündən sonra. Dedi, bəs ala bilməsən? Dedim, gələcəm bu otağa ayaqlarıma güllə vuracam. Mən sual verdim ki, bəs alsam? Dedi, ürəyin nə istəyir. Emil Qasımova baxıb dedi, Səmədin axırıncı rütbəsi nədi? Emil dedi, bir neçə uğurlu əməliyyat edib, kapitan olması üçün raport yazıb göndərmişəm nazirliyə. Yaşlı kişi dedi, mayorunu mən yazacam, əgər Peykanlını alsa. Mən də dedim, istəmirəm. Dedi, necə istəmirsən? Bəs nə istəyirsən? Dedim, Emil Qasımov bilir. Emil Qasımov üzünü yaşlı kişiyə tutub dedi, komandir ya silah istəyəcək, ya da güllə. Dedim, qratın raketləri azalıb, dedi Peykanlını al, bir maşın raket göndəriləcək.
Hərbi hissədən çıxıb gəldim batalyonun yanına, Peykanlıya. Öz batalyonumdan və digər batalyonlardan 120 nəfər əsgər seçmişəm. Bu əsgərlərə 2-2, 3-3 hara ilə gedəcəklərini başa saldım. 6 ədəd tank və BMP var idi batalyonda. Tank və BMP-lərin ekipajlarına bir-bir hara ilə səngərə gedib çıxacağını başa saldım. Əsgərlərə hər şeyi millimetrinə qədər dedim. Ona görə ki ərazini çox yaxşı tanıyırdım. 120 əsgəri 3 qrupa böldüm. Adətən hücum ediləndə səngərə öndən hücum edirdik.Əməliyyatı iki yerə böldüm. Əsgərlər erməni səngərinə maksimim yaxınlaşmalı idi. Ancaq 90 dərəcədən yaxınlaşmalı idi ki, səngərin içi görsənsin. Səngərin içinə atılan güllə ola bilməz ki nəyəsə dəyməsin. Qruplar yerinə çatanda ratsiya ilə danışa bilməzdi. Ratsiyanın düyməsini iki dəfə vurmalı idi ki, digərləri bilsin. Hər kəs öz yerinə çatandan sonra tank və BMP xoddanacaq. Təsəvür edin, səhər saat 5:45-də hava aydınlıq olsa da hava bir anlıq qaralıb, sonra açılır. 5:45-də tank BMP xoddandı. Onlardan 5-i hücuma gedəcəkdi, bir tank isə arxadan atəş açaraq onlara dəstək verəcəkdi. Dərədə 6 texnika işə düşəndə, səngərdə ayıq adam varsa istər-istəməz çıxıb baxmalıdır ki, görəsən o nədi? Və elə də oldu. Nə qədər səngərdə oyaq erməni var idisə başını səngərdən çıxardı. Bu anda əməliyyat başladı...
Osman Vahidovun batalyonu var idi, onlar Xəzəzdə dururdu. Xəzəzdəki texnika Peykanlının arxa hisəsini görürdü. Oradan bir tank da döyüş əməliyyatına çox əla dəstək verdi. 17 dəqiqəyə səngəri aldıq. Hava işıqlanmışdı. Dedilər, çıxaq. Dedim, yox. Adətən ermənilər bu tip əməliyyatlardan 2 saat sonra əks hücum təşkil edirdilər. Onu da gözləyək sonra. Peykanlıdan hərbi hissə komandirinə ratsiya ilə zəng etdim. Dedim, komandir, daxili qoşuna xəbər verin, Peykanlını almışıq, gəlib postu təhvil götürsünlər. Dedi, hansı postu? Dedim, Peykanlını. Dedi, bəs deyirdin 3 gündən sonra alacaqsan? Dedim, sonra fikrimi dəyişdim...
Ən yaxın döyüş dostlarım belə bilmirdi ki, o vaxt hücuma keçəcəm. Hərbi hissə komandiri mənə inanmayıb, 703-ün tabor komandirini çağırıb, deyib, Alyanlı deyir, Peykanlını almışam, düzdü? O da təsdiq edib.
123 erməni cəsədi elə döyüş meydanında idi. Hər kəs elə bilirdi ki, 3 gündən sonra hücum edəcəm. Onu ermənilər də bilirdi. Onlar hazırlaşırmış ki, bizi geri oturtsun. 
O zaman raketin biri 7 min manat idi. Putur faqot raket ələ keçirdik, 10 ədəd raketi ilə birgə. Onu bizim briqadada bir nəfər zabit belə istifadə edə bilmirdi. Çoxlu sayda avtomat, pulemyot və digər silahlar götürdük. Ermənilərin əks hücumu zamanı 2 tankını məhv etdik. Həmin əməliyyat zamanı bir BMP minaya düşdü, Qubadan bir əsgərimiz şəhid oldu. Mən onlara demişdim, qaratikan kollarından aşağı düşməyin. Onlardan 4-ü qaratikan kolunun üstü ilə səngərə çıxdı, bir BMP-miz qaratikan kolunun üstündən aşağı endi, o da minaya düşdü. Döyüşdə də bir əsgərimizi snayper alnından vurdu. Bir nəfər də onların artireriyası atəş açan zaman şəhid düşdü. Bu əməliyyatdan qısa müddət sonra onlar əks hücum etdilər. O hücuma biz hazır idik. Onların məhşur döyüşüləri var idi, adı Dima, hücum zamanıo da orada öldü.
Ermənilərin Vulkan kəndi var idi, 1991-ci ildə AMON-un 25 əsgəri orada mühasirəyə düşmüşdü. 12 nəfərlə o kəndə getdik. Çox əsgər götürmədim. Çox əsgərləgetmək, çox itki vermək ehtimalıdı həmdə. Bütün kəndi yandırdıq, erməni əsir götürdük və ən əsas AMON-nun bütün döyüşçülərini çıxardıq. Biz ora çatanda artıq onların hər birində güllə qurtarmaq üzrə idi. Ən çox gülləsi olanının cəmi 3-4 gülləsi olardı. Biz oraya çatdıq, güllələri paylaşdırdıq və hücuma keçdik. Orada olan AMON komandirinin adı Mehdi idi. Karete üzrə SSRİ çempionu idi. Həmin döyüş əməliyyatından sonra ondan xəbər tuta bilmədim. Erməni kəndini tamamilə yandırdıq.
Uğurlu əməliyyatlarımız çox olub. Sadəcə torpaqlarımızı itirdik. Bu olmalı idi. Hadisələri idarə edənlər var idi. Kimlərsə kiməsə güc göstərirdi, dünya göründüyü kimi idarə olunmur...
Hər kəs yaxşı bilir ki, bu müharibə süni törədilmiş bir oyun idi...
- Müharibə yenidən olsa gedərsiniz?
- Əmr gəlsin bütün köhnə döyüşçülər yenidən döyüşə gedəcək. O vaxt mənim 630 əsgərim var idi, ancaq sayda 900-dən çox döyüşçü var idi, çünki o biri batalyonlardan tağımlar gəlirdi ki, biz sizlə döyüşəcəyik. Bəzi batalyonlarda əsgər içəndə onu qubbağa göndərirdilər, amma mən o əsgərin silahını əlindən alıb deyirdim batalyona gəlmə. O, həmin əsgərə ən böyük təhqir sayılırdı. Döyüşdə məndən qabağa keçənə isə bir həftə məzuniyyət verirdim.
630 ştatla əsgərim olub. Döyüş başlasa 600-ü ən azı ikiyə vurun. Mənim oğlumun 20 yaşı olacaq, eləcə də o vaxtkı döyüşçülərin hər birinin övladlarının da böyük uşaqları var. O əsgərlərin övladlarının da damarında axan qan həmin qandır. 600 nəfərlə döyüşürümsə ən azı indi onu 1500 nəfər hesab edin. Aslanın balası heç vaxt çaqqal ola bilməz. Ali baş komandanın əmrini səbrsizliklə gözləyirik. İndiki Müdafiə naziri əsl hərbçidir. Səfər Əbiyev rus ordusunun fərarisi idi.
702 nömrəli batalyonda intizamsızlıq baş verirdi. Hərbi hissə komandiri ilə oraya getdik. Komandir əsgərlərlə söhbət edirdi. Arada mən də söhbətə qoşulurdum. Onlardan bəziləri deyirdi, qardaş, mühafizəçisən, mühafizəçi yerində dur. Axırda onlara dedim, nə istəyirsiz? Dedilər, döyüşmək. Hərbi hissə komandirinə dedim, bunları paylayaq o biri batalyonlara. Sözümü kəsən dedi, biz orada burada döyüşmək istəmərik. Səməd Alyanlının batalyonunda döyüşmək istəyirik. 300 nəfər əsgər var idi orada təsəvvür edin onların 250 nəfəri Əfqanıstanda döyüşənlər idi. Əsl hazır döyüşçülər idi. Onlardan bir bölüyü mənim batalyonuma verdilər. Batalyondan maşın göndərdim. O əsgərləri də gətirdilər bizim batalyona. Batalyona gəldim. Qərargah rəisi mənə hərbi salam verəndə,“Səmədin batalyonunda döyüşmək istəyirik” deyən əsgərlər dedi ki, bu bayaqkı uşaq deyil? Gülürük ....
Onların bölük komandiri gəlib dedi ki, yatsam yuxuma da girməzdi ki, Səməd sənsən.
Kimin ağlına gələrdi ki, o boyda batalyona 25 yaşında bir uşaq başçılıq edər...
Bu cür insanlarla söhbətdən sonra insanın içində Qarabağı yenidən görəcəyi ümidi daha da artır...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics