15.03.2016

Deputat: "Azərbaycanda kredit faizləri çox yüksəkdir" — MÜSAHİBƏ

İqtisadi proseslər, kənd təsərrüfatı, bank sektoru və lombardlar
Bu məsələlərlə bağlı suallarımızı millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə cavablandırıb.
Mahir Abbaszadənin uzun müddət bank sektorunda çalışması, son günlər banklar və lombardlarla bağlı vətəndaşları narahat edən sualların cavablandırılmasında bizə yaxından kömək oldu.

Ölkə.Az Mahir Abbaszadə ilə geniş müsahibəni sizə təqdim edir:
- Salam Mahir müəllim. Necəsiniz?
- Salam. Yaxşılıqdır. Xoş gəlmisiniz.
- İlk dəfədir deputat seçildiniz. Seçkidən öncə namizədlər seçicilərinə bəzi vədlər verirlər. Ancaq seçiləndən sonra demək olar ki, seçiciləri yadlarına düşmür. 5 il tamam olanda gəlirlər ki, məni yenə deputat seçin. Seçkidən sonra seçicilərlə görüşürsünüzmü?
- Laçın rayonunda anadan olmuşam, orada böyüyüb, boya-başa çatmışam. Sonra Sumqayıt və Bakı şəhərlərində yaşamışam. Şüurlu həyatım həmişə insanların içərisində keçib. Parlament seçkilərində də insanlarla görüşmüşük. Görüşlərimizdə də, insanlara elə bir vədlər verməmişəm ki, sonra onun öhdəsindən gələ bilməyim. Seçki prosesindən sonra millət vəkilinin fəaliyyəti iki istiqamətdədir. Fəaliyyətlərdən biri qanunverici orqanın işində, dəyişkən qanunların qanunverici bazasının hazırlanmasında yaxından iştirak etməlisən. Digər bir fəaliyyət isə, səni seçmiş insanların yanına getmək, onlarla təmasda olmaq, onlarla fikir mübadiləsi etməkdir. Bu nöqteyi-nəzərdən də deputat mandatı aldıqdan sonra da insanlarla görüşlərimiz davam etməkdədir. Bir məsələni bildirmək istəyirəm ki, digər rayondan olan millət vəkillərindən fərqli olaraq bizim rayon işğal olunduqdan sonra laçınlılar Azərbaycanın 58 rayon və şəhərlərinə səpələnib. Respublikada ən çox seçki məntəqəsi olan rayon Laçın rayonu idi. Seçicilərin hamısı ilə eyni vaxtda təmasda olmaq çətindir. Bunun üçün bir dəfə bu rayona gedəndə, gələn dəfə başqa rayona getməli oluruq. Laçın rayonunun əhalisi 75 min nəfərdir. 45-47 min seçicimiz var. Bu seçki prosesində də çətinlik yaradırdı. Seçkidə təbliğat-təşviqata 20 gün vaxt ayrılır. 20 günə 58 rayon və şəhərdə seçicilərlə görüşməli idim. Təxminən 37 min laçınlı seçici ilə görüşə bildik. Seçki prosesindən sonra da o insanlarla görüşmək çox böyük fəxrdir. Yaxın günlərdə Laçın rayonundan olan gənclərlə görüşəcəyik, onları düşündürən məsələlərlə yaxından tanış olmaq istəyirik.
- Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvüsünüz. 21 dekabr 2015-ci ildə ölkəmizdə ikinci devalvasiya baş verdi. Bəziləri iddia edir ki, mart ayının axırlarında üçüncü devalvasiya ola bilər. Bununla bağlı sizin də fikrinizi bilmək istərdik.
- Son 20 ildə Azərbaycan iqtisadiyyatı açıq bazar iqtisadiyyatı deyilən bir modeldə inkişaf edir. Açıq bazar modelində inkişaf edən iqtisadiyyatın üstünlükləri ilə yanaşı çatışmazlıqları da var. Bazar iqtisadiyyatına keçid modelinin üstünlükləri ondan ibarətdir ki, ölkə iqtisadiyyatı bütün sahələrdə açıq şəkildə inkişaf edir. Bu modelin çatışmazlığı ondan ibarətdir ki, dünya iqtisadiyyatında baş verən hadisələr milli iqtisadiyyata da təsirsiz ötüşmür. Ona görə də, bu gün dünyamızda baş verən iqtisadi tənəzzülün Azərbaycan iqtisadiyyatına təsir göstərməsi labüddür. Neftin qiymətinin birdən-birə, gözlənilmədən 4 dəfədən çox aşağı düşməsi dünyada neft ixrac edən dövlətlərin vəziyyətini olduqca çətinləşdirib, o cümlədən də Azərbaycanın. Baxmayaraq ki, bu neftin qiymətinin aşağı düşməsi 2008-ci ildə bir dəfə də baş vermişdi, o zaman bu, ölkəmizdən yan keçdi. Bunun səbəbi də prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün aparılan iqtisadi siyasət oldu. Ancaq birdən-birə neftin dünya bazarında qiymətinin heç kəsin proqnozlaşdırmadığı kimi 4 dəfədən çox aşağı düşməsi büdcə gəlirlərinin azalmasına gətirib çıxardı. Eyni zamanda iqtisadiyyatda ləngimələrə gətirib çıxardı. Bunun nəticəsində də Azərbaycanın milli manatı 1 ildə 2 dəfə devalvasiyaya uğradı. Manat dollar qarşısında alıcılıq qabiliyyətini itirdi. Bundan sonra ölkədə manata qarşı inamsızlıq formalaşdı. Təbii ki, bu da insanların bəzən narazılıqlarına səbəb oldu. Ancaq dekabrın 21-dən sonra prezident İlham Əliyev tərəfindən qəbul edilmiş qərarlar, verilmiş tapşırıqlar və eyni zamanda parlamentə cənab prezident tərəfindən olunmuş müraciətlərə əsasən qanunlara edilən dəyişikliklər məndə belə bir inamın formalaşmasına gətirib çıxarır ki, iqtisadiyyat nəzarət altındadır. Qəbul edimiş qanunlar reallığı əks etdirir. Hələ 2008-ci ildən prezident İlham Əliyevin çağırışları var idi ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirilməlidir.
Düşünürəm ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlıq mühitinin formalaşması üçün yaranan şərait manatın alıcılıq qabiliyyətini artıracaq. Yeni yaranmış qurumlar, xüsusilə maliyyə bazarlarına nəzarət palatası, banklarda aparılan islahatlar bizə əsas verir inanaq ki, manatın məzənnəsi nəzarət altındadır. Gözləyirik ki, manatın alıcılıq qabiliyyəti daha da yüksələcək.
Bu vaxta qədər Mərkəzi Bank tərəfindən tənzimlənən məzənnə həyata keçirilirdi. Artıq üzən məzənnəyə keçilib. Üzən məzənnənin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Eyni zamanda ABŞ-da dolların nominal dəyərinin artırılması dünya bazarında dollara olan təlabatın artmasına səbəb olmuşdur. Manatın alıcılıq qabiliyyətinin enməsi ölkədə aparılan işlərlə əlaqədar deyil. Xarici təsirlər bu məsələdə özünü qabarıq şəkildə göstərdi.
Devalvasiya prosesində iqtisadiyyat nə qədər ağır bir vəziyyətə düşürsə, aztəminatlı ailələrin vəziyyəti də bir o qədər ağırlaşır. Bu hadisələrin qarşısını almaq üçün prezident İlham Əliyev fərman və sərəncamları ilə büdcə təşkilatlarında çalışanların əməkhaqlarını 10% artırıb. Məcburi köçkünlərə verilən çörəkpulunun miqdarını 10% artırıb. Devalvasiyanın pik bir həddində çörəyin qiyməti bahalaşmağa başladı. Bu zaman prezident İlham Əliyev fərman imzaladı, taxıl və taxıl məhsullarını 18% əlavə dəyər vergisindən azad etdi. Nəzərə alanda ki, 2015-ci ildə Azərbaycana 300 milyon dollarlıq taxıl məhsulları idxal olunub və heç də bundan az olmayan taxıl və taxıl məhsulları daxildə istehsal olunub. 2016-cı ildə isə Azərbaycan Respublikasının dövlət büdcəsinə 2015-ci ilə nisbətən 230 milyon manat az vəsait daxil olacaq. Düşünəndə ki, məhz bu tədbirlər sayəsində çörəyin qiyməti stabil olaraq qaldı, hətta hiss olunacaq dərəcədə aşağı da düşdü, bu onu göstərir ki, büdcəmizin vəziyyəti nə qədər gərgin olsa da, dövlətin qarşısına qoyduğu əsas məsələlərdən başlıcası əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır.
2015-ci ildən əhalinin banklarda olan depozit gəlirlərinə 10% vergi tətbiq olunmuşdur. Ancaq prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi qərara əsasən, biz artıq o qərarı qəbul etmişik, artıq 2016-cı il fevral ayının 1-dən əhalinin banklarda olan depozit gəlirlərindən tutulan 10% vergi ləğv edilib. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin banklarda 9-10 milyard manata yaxın əmanətləri var, onda belə nəticə çıxarmaq olar ki, bu əmanətlər nəticəsində əhali ildə 10%, təxminən 660 milyon manat vəsait depozit əldə edirdi. Təsəvvür edin büdcəmiz bu qədər gərgin bir vəziyyətdədir, ancaq buna baxmayaraq ölkə başçısı taxıl və taxıl məhsullarını 18% əlavə dəyər vergisindən (ƏDV) azad etdi, depozitlərə qoyulmuş 10%-lik vergini ləğv etdi. Bu ilki qərara əsasən, artıq banklara borcu olan vətəndaşlar da ünvanlı sosial yardımdan yararlana biləcəklər. Bundan sonra da alınacaq qərarlar əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq.
- Neftin qiyməti düşəndən sonra artıq hər kəs anladı ki, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni nələr təkliflər olunacaq?
- Milli Məclisdə yanvar ayında kənd təsərrüfatı ilə bağlı "kooperasiyalar haqqında qanun"un müzakirəsini keçirmişik. Bu kooperasiyalar Azərbaycanın bir neçə bölgəsində yaradılıb. Artıq inkişaf əhəmiyyətli dərəcədə hiss olunmaqdadır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu il multikulturalizm ilidir, ancaq qeyd etdi ki, ilimiz multikulturalizm ili olsa da hər il kənd təsərrüfatı ilidir. Kənd təsərrüfatı ilinin olması təbii ki, dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin çoxalması ilə müşahidə edilməkdədir. Kənd təsərrüfatı təkcə istehsalla bağlı deyil. Son bir neçə ildə Azərbaycanın regionlarındakı bütün rayon və kənd yolları təmir olunub. Demək olar ki, infrastruktur layihələri tam şəkildə dövlət tərəfindən həyata keçirilib.
Ölkə əhalisinin kənd təsərrüfatı ilə bağlı çox böyük təcrübələri var. Eyni zamanda, Azərbaycanda iqlim şəraitinin çox yaxşı olması kənd təsərüffatının inkişafı üçün münbit şərait yaradır. Bundan sonra yaranacaq kooperasiyalar bunu deməyə əsas verir ki, kənd təsərrüfatı sürətlə inkişaf edəcək.
Rusiya bazarı bizim üçün çox böyük bazardır. Nəzərə alsaq ki, Avropa ilə Rusiya münasibətlərinin gərginləşməsi fonunda bizim üçün çox böyük bazar açılıb, onda ümid etmək olar ki, qarşıdakı illər kənd təsərrüfatının sürətlə inkişaf etməsi və kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında xüsusi çəkisinin artmasına gətirib çıxaracaqdır.
- Devalvasiyadan sonra dollarla kredit götürən vətəndaşlar çox əziyyət çəkməyə başladılar. Şikayətlər başladı. Banklarla vətəndaşlar arasında çox ciddi problemlər yaranmağa başladı...
- Hər şeydən öncə bildirim ki, respublikada fəaliyyət göstərən banklar Azərbaycanın iqtisadi həyatında çox mühüm rol oynayır. Nəzərə alsaq ki, əhalimizin bir hissəsi banklarda işləyir, deməli, Azərbaycanda iqtisadi aktivliyin artırılmasında bankların çox böyük rolu var. İnsanların banklara qoyduğu əmanətlər nəticəsində insanlar çox böyük gəlir əldə edirlər. Bütün dünyada olduğu kimi Azərbaycanda da heç kəs bankın iqtisadi həyatda oynadığı rolun əhəmiyyətini azalda bilməz. Bank da sahibkarlığın bir formasıdır. Düşünəndə ki, o bankları quranlar da azərbaycanlıdır, ona görə də, banklara ögey münasibətin göstərilməsi düzgün deyil.
Bəziləri insanları banklara qarşı qaldırır, çağırış edir ki, kreditləri ödəməyin. Bunlar yaranmış atmosferdən istifadə edən insanlardır. Mənim fikrimcə bütün məsələlərin sonu dialoqdur. Banklar onlara yaradılan şərait nəticəsində çox böyük gəlir əldə ediblər. O nöqteyi-nəzərdən, biz təklif edirik ki, 5-10 min dollara qədər götürülmüş kredit sahibləri ilə banklar danışığa getsin, həmin kreditlər 21 dekabr devalvasiyasına qədər olan qiymətlə ödənilsin. Bu istiqamətdə işlər gedir. Bu yaxınlarda "Nikoilbank" öz müştərilərinə müraciət edib ki, kimlər götürülmüş kreditlərini həmin an gətirib bağlamaq istəyirsə, həmin kreditlər 1 dollar 1.30 AZN hesablanacaq. Hansı ki, bu gün bazarda 1 dollar 1.58 manatdır. Artıq banklar da müştərilərə qarşı jestlər etməyə başlayıb. Bütün hallarda kreditlərin tamamilə ödənilməməsinin əleyhinəyəm.
Banklar əhalini başa düşməlidir. İnsanlar dollarla kredit götürərkən öz xahişləri ilə o kreditləri götürməyiblər. Banklar tərəfindən o təklif müştərilərə verilib ki, krediti sizə dollarla verək. Dollarla olan kreditlərin tarixinə baxdıqda görərik ki, kreditlərin böyük əksəriyyəti fevral devalvasiyasından sonra olub. Bizim də təkliflərimiz ondan ibarətdir ki, fevral devalvasiyasından sonra götürülmüş, xüsusilə istehlak kreditləri ilə bağlı bank rəhbərləri ilə müştərilər arasında müəyyən bir razılığa gəlinsin. Biz bu məsələni Milli Məclisin iqtisadi siyasət komissiyasında dəfələrlə müzakirə etmişik və hökumətin də nəzərinə çatdırmışıq. Hökumət də qərarlıdır ki, bu addımlar atılsın. İndi danışıqlar gedir. Kəskin bir söz demək mümkün deyil. Sonda elə olmalıdır ki, həm vətəndaşlarımız, həm də bank sektorunda çalışan şəxslər bu məsələdən razı qalmalıdırlar. Banklarla müştərilər arasında bağlanan müqavilələrə yenidən baxılmalıdır. İqtisadi siyasət komissiyasında bununla bağlı müzakirəmiz olub, ancaq yekun qərar yoxdur. Təkliflərimizdən biri ondan ibarətdir ki, banklarla müştərilər arasında müqaviləyə təzədən baxılsın. Hansısa bir bankla müştəri arasında müqavilə 1 illik bağlanmışdırsa, o müqavilənin vaxtı 2 dəfə artırılsın. Banklar istehlak kreditlərini müştərilərə çox yüksək faizlə verir. Faizlər 25-36% arasında dəyişir. Bunlar çox yüksək faizlərdir. Düzdür, burada bizim vətəndaşların da maarifləndirilməsinə ehtiyac var, ancaq əsas məsələlərdən biri də odur ki, bankların müştərilərə bundan başqa təklif etdiyi məhsul da olmayıb. Təklif edirəm ki, faizlərə də yenidən baxılsın. Maksimum kredit faizi 20% olsun. Kreditin minumum qaytarılma müddəti 3 ildən aşağı olmasın. Bu imkan verəcək ki, vətəndaş qazancı ilə həm ailəsini dolandırsın, həm də banka olan borcunu qaytara bilsin. Bundan da ən çox banklar yararlanacaq. Bankların kredit portfelləri çox sağlamlaşacaq.
- Bəzi iqtisadçı ekspertlər bildirir ki, Azərbaycan üçün 43 bank çoxdur. Bankların sayının 20-30 arası olması daha məqsədəuyğundur. Sizcə necə olmalıdır?
- Mərkəzi Bankın bankların sağlamlaşdırılması ilə bağlı apardığı siyasət nəticəsində o banklardan 6-7-sinin lisenziyası geri alınıb. Onların artıq iflası elan olunub. Bankların Azərbaycanda az fəaliyyət göstərməsi bank bazarının bir az geniş olmasına gətirib çıxaracaq. Biri var müştərilər 25-30 bank arasında bölünsün, biri də var ki, 43 bank arasında. Ən çox mənfəət əldə edəcək banklar bu banklar olacaq. Mərkəzi Bankın bankların sağlamlaşdırılması ilə bağlı atdığı addımlar onu göstərir ki, kapitalını düzəldə bilməyən, aktivlərinə nəzarət edə bilməyən, aktivləri yerində olmayan, kreditlərin idarə olunmasında kobud səhvlərə yol vermiş banklar artıq bank bazarından ixrac olunur. Yekunda banklar üçün açıq bir bazar yaranacaq. Düşünürəm ki, bankın sayının neçə olması önəmli deyil. Önəmlisi bankın sağlam fəaliyyət göstərməsidir.
- Bəzi iqtisadçılar Azərbaycan bazarına xarici bankların gəlməli olduğunu, bəziləri isə tam əksini deyirlər...
- Azərbaycanda xarici banklar fəaliyyət göstərirlər. Xarici bankların Azərbaycan bazarına gəlməsi bank çeşidlərini artıracaq. Bank bazarını bir qədər sağlamlaşdıracaq. Açıq rəqabət mühitində bankların fəaliyyəti daha da inkişaf edə bilər. Yenə də yekunda bizim insanlar qazana bilər.
- Banklarla yanaşı lombardlar da var. Lombardlarla bağlı çox ciddi problemlər var, redaksiyamıza da bununla bağlı şikayətlər daxil olur...
- Lombardlarla bağlı bildirmək istəyirəm ki, lombardlar Mərkəzi Bankın verdiyi lisenziyalar əsasında fəaliyyət göstərir. Bunların da fəaliyyəti bank sektoru haqqında qanunla müəyyənləşir. Sadəcə olaraq lombardlarla bağlı məsələdə vətəndaşlarımızın maarifləndirilməsinə daha çox ehtiyac olduğunu hesab edirəm. Biz bu gün bazara çıxırıq, bazarda insanlara çox şey təklif olunur. Biz borcun mahiyyətinə varmadan gedib lombardlardan borc götürən insanların başqa bir borcun qarşısında ağır vəziyyətdə olduğunu görürük. Onlar hesab edir ki, guya pulu götürməklə gedib hansısa problemi həll edəcəklər və bu problem tamamilə bitəcək. Əksinə, elə deyil. Siz lombarddan götürdüyünüz vəsaitlə iki böyük problemin qarşısına düşürsünüz. Əvvəl faiz olmayan borc var idi, indi çox böyük faizi olan borc var. Sizin əvvəlki borcunuzun arxasında heç nə dayanmırdı, ancaq indiki borcun arxasında konkret olaraq vətəndaşa məxsus çox qiymətli əşyalar dayanır. Lombardlardan götürülmüş kreditlərin təyinatına fikir versək, görərik ki, onların arxasında heç bir real iş durmur. Lombardlardan götürülən kreditlər real biznesə qoyulmur. Lombarddan götürülən kreditlər ya gündəlik problemlərin həll olması üçün, ya da borc öhdəçiliyi olub kənarda o borcu aradan qaldırmaq üçün istifadə olunur. Lombardlarda tətbiq olunan faiz dərəcəsi çox yuxarıdır. Bu faizlər heç bir ailənin gəlirini özündə əks etdirməyən faizlərdir.
- Siz də mənim kimi məcburi köçkünsünüz. Bəzi yerlərdə məcburi köçkünlər hələ də çox acınacaqlı şəkildə yaşayır. Bu haqda nə deyə bilərsiniz?
- 2003-cü ildə prezident seçkilərində İlham Əliyev söz vermişdi ki, bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayıb. Son 10 ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 5,1 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına Azərbaycanda 93 yeni qəsəbə salınıb. O yeni qəsəbələrdə 260 min məcburi köçkün, yəni 46 min məcburi köçkün ailəsi yeni evlərlə təmin olunub. Bütün bunların hamısı Azərbaycan dövlətinin gücü və daxili imkanları hesabına edilib. Dövlətin büdcəsi imkan verdikcə bu proses davam edəcək. Məndə olan məlumata görə, bu il Fizulidə bir qəsəbənin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bundan sonra Sumqayıt yaxınlağında bir qəsəbənin tikintisi planlaşdırılır. Məcburi köçkünlər üçün nə qədər əla şərait yaradılsa da bizim hamımızda vətən, torpaq niskili var. Bu torpaqlara qayıdacağımız gün heç də uzaqda deyil. Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımız inkişaf etdikcə, ordumuz gücləndikcə torpağa qayıdış inamımız da günbə-gün artır və inanırıq ki, cənab prezidentimizin dediyi kimi, nəyin bahasına olursa olsun, bütün işğal altındakı torpaqlarımız geri alınacaq, o cümlədən Laçın rayonu da.
- Övladlarınız laçınlıyam deyirlər, yoxsa?
- Bizim ən böyük borcumuz bizi əhatə edən gənclər və xüsusilə də ailəmizdə böyüyən uşaqları vətən ruhunda böyütmək, Laçın ruhunda böyütməkdir. O torpaqlara qayıdacağıq...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics