12.03.2016

Azərbaycanlı fotoqrafın Afrika gündəliyi — REPORTAJ

"Bir kadrı tutmaq üçün saatlarla gözləyərəm"
Fotoqraflıq, kimi üçün hobbi, kimi üçün əyləncə, kimi üçün isə çörəkpuludur...
Müsahibimiz fotoqraflığı özü üçün hobbi sayan, özünə peşakar deməsə də fotoları "National Geographic"də yayımlanan Arif Əli Əkbərdir.

- Necə oldu başladınız bu sənətə?
- Sənət deyəndə ki, bu mənim üçün hobbidir. Mənim sənətim, işim başqadır, fotoları özüm üçün çəkirəm. Uşaq vaxtından başlamışam foto çəkməyə. İlk dəfə sovet vaxtında ağ-qara çəkən fotoaparatım var idi. Çəkdiyim şəkilləri ancaq dost tanışa göstərirdim. Ötən ildən sosial şəbəkədə səhifə açıb yayımlamağa başlamışam.
- Afrikaya sizi nə çəkdi?
- Bizdə ailəlikcə təbiət sevgisi var. Safari həmişə məni özünə çəkirdi. Həmişə ora getməyi arzulamışdım. Sonradan imkan yarandı və getməyə qərar verdim. Afrikada bir neçə dəfə olmuşam.
- "National Geographic"də fotolarınız yayımlandı...
- "National Geographic"də şəkil çəkə bilən hər kəs özünə profil aça bilər. Orada heç bir limit yoxdur. Mənim də o şəbəkədə profilim var idi. Ora milyonlarla şəkil yüklənir, orada redaktorun seçimi var, ora baxanda gördüm ki, mənim çəkdiyim fotoları da yayımlayıblar. Bunu görəndə çox sevindim. Ora gedib-gələndən sonra adi zooparka gedib heyvanları qəfəsdə görəndə adama çox pis təsir edir…
- Azərbaycan təbiəti necə, cəzb etmir sizi?
- Azərbaycanda bir çox yerlərdə olmuşam. Azərbaycanda mənə ən xoş gələn yer Zaqataladır. Çox istəyərdim qoruqlarımızda olum. Çox soruşmuşam, maraqlanmışam ancaq dəqiq cavab verən olmayıb ki, getmək olar ya olmaz. Çox istərdim rəsmi qaydada icazə alıb təbiəti, heyvanları çəkim.
- Afrikadan başqa hara diqqətinizi çəkir?
- Daha çox Nepal, Cənubi Amerikada Peru, Yeni Zenlandiya... Avropa qəti diqqətimi çəkmir. Avropaya pulsuz belə getmərəm. Avropa süniidi, məni daha çox təbiət özünə çəkir.
- Afrikada daha çox harada olmusunuz?
- Tanzaniyada olmuşam. Oranın təbiəti möhəşəmdir. Tanzaniyada Zənzibar adasında olduq. Təbiət heyvanlar aləmi çox zəngindir. Ona görə də bir neçə dəfə Tanzaniyaya getmişəm.
- Qoruq haqqında danışardız...
- Safaridə qoruğa gedərkən müəyyən marşurut var ordan çıxmaq olmaz. Hətta maşından da düşmək olmaz. Maşının üstündən nə görə bildik onu çəkdik.
- Səbəb?
- Ona görə ki, ora çox təhlükəlidir. Təsəvvür edin maşınla gedirik. Bələdçi deyir, şir var qarşıda, biz uzağa baxırıq, ancaq sonra məlum olur ki, maşından 20 metr kənarda otun içərisində yatıb. Yalnız nahar fasilisəndə xüsusi quraşdırılmış yerlərdə maşından düşə bilərik. Nahar üçün düzəldilmiş yerlərin ətrafını da massailər qoruyur. Bir dəfə nahar fasiləsi zamanı bir qadın əlində qutu gəlirdi, baboin hasardan tullanıb qadının əlindən qutunu alıb qaçdı. Baboin bilirdi ki, bu qutunun içərisində yemək var.

Maşınla gedərkən nə görə bilirdiksə o idi, ancaq başqa bələdçi nəsə maraqlı bir şey görəndə bir-birinə xəbər verir ki, turistlər gedib ora baxsın. Elə ola bilər saatlarla gedə bilərsən, ancaq heç bir şey görməyə bilərsən.
- İstədiyiniz kadrı tutmaq üçün nə qədər gözləyərsiniz?
- Nə qədər olsa gözləyərəm. İcazə olsun saatlarla gözləyərəm. Hava sərin olanda heyvanlar daha çox olur. Axırıncı dəfə Tanzaniyada olanda səhər tezdən 5:30-da oteldən çıxdıq. Bir həftə ərzində görmədiyimiz heyvanları həmin gün gördük. Bəbirləri, begemotları gördük. Nəsə görmək, nəsə çəkmək üçün yuxumuza haram qatırdıq. Zənzibar adasına gedəndə kolobus adlı meymun növü var, onları gördük. O meymunlar yalnız Zənzibar adasında yaşayır. Qırmızı kolobuslar neçə yüz illiklərdir ki, ancaq Zənzibar adasında yaşayırlar.
Safaridə gedərkən aslanları gördük, hiss etdim ki, ova meyillidirlər. Yaxında da zebralar var idi və bir müddət gözləyəndən sonra istədiyim baş tutdu. Aslanlar zebranı ovlayıb parçaladı. Həmin anı videoya çəkdik. Bələdçimiz dedi ki, 6 ildir bu işlə məşğulam, ilk dəfədir ov səhnəsini gördüm. Bu işdə şans da lazımdır...
Qeyd: Həmin videonu saytımızda izləyə bilərsiz.
- Təhlükəli hadisə başınıza gəlib?
- Təhlükəli hadisə baş verməyib. Düzdür aslanlar istəsə hücum edə bilərdi. Bəlkə də öyrəşdiklərindəndir deyə heyvanlar "maşınlara" hücum etmir. Maşınlara yem kimi baxmırlar, bəlkə maşından aşağı düşsən hücum edərlər. Orda dedilər, hansısa bir ailə başçısı qoruqda maşından düşüb, şir hücum edib, ailəsinin gözü qarşısında ailə başçısını parçalayıb...
Filləri də qıcıqlandırmasan hücum etmirlər, ancaq qıcıqlandıranda maşınlara hücum edirlər.
- Massailərdən danışın...
- Massailərin yanına getmək üçün icazə almaq lazımdır. Çox maraqlıdır onları görmək. Hamısı fiziki cəhətdən çox güclü olurlar.
15 yaşa qədər oğlanlar qəbilədə atılmış sayılırlar
Massailərdə oğlan uşaqları 15 yaşa qədər qəbilədən sayılmırlar. Onlar qəbilədən atılmış hesab olunurlar. Ancaq heyvan otarırlar, yol kənarında durub turistlərdən pul "çırpışdırmaqla" məşğul olurlar. 15 yaşa çatanda sünnət olunub qəbiləyə qatılırlar. Əsl kişi kimi...
Evin qarşısında nizə varsa, demək arvadın yanında kişi var...
Çox qəribə adətləri var massailərin. Arvadla kişinin dostu belə cinsi əlaqədə ola bilər və bu normal qarşılanır. Hətta kişi işdən gələndə görsə ki, evin qapısının ağzında yerə nizə sancılıb, bu o deməkdir ki, arvadının yanında başqa kişi var…
- Qəbilədə təxminən nə qədər insan yaşayır?
- Qəbilədə əslinə qalsa çox insan yaşayır. Onlar bir-birindən uzaqda 7-8 evdən ibarət topa şəklində yaşayırlar. Mənim olduğum yerdə 7-8 ev var idi. Sayları da 30-40 nəfər olur. onların bağçalarında da olduq. Konfet aparmışdıq. Uşaqlar çox sevinirdi...
Köç zamanı yükü qadınlar daşıyır
Qadınları da fiziki cəhətdən çox güclü olurlar. Massailər şəhərlərə çox az gedir. Ancaq orada bir şeyi gördüm ki, barlarda, kafelərdə, banklarda mühafizəçilər daha çox massailərdən olur. Ona görə ki, massailər həm fiziki cəhətdən çox güclü olurlar, həm də çox etibarlı.
Okeanın qabarması və çəkilməsi
Zənzibar adasında olanda okeanın kənarında oteldə qalırdıq. Baxıb gördük ki, su çəkilib, gəmilər yan üstə dayanıb. Saat 4-ə işləmiş yenidən su geri qayıdır. Hər gün eyni şey təkrarlanır. Çəkilmə olanda okeanın dibində bəzi canlılar qalır, camaat gedib onları yığıb ya evinə aparır ya da bazara satmağa...
- Afrika səyyahlarının yazdıqlarını oxuyanda bir şey görsənir ki, onların hamısı Afrikaya vurğundur...
- Məsələn Nigeriyaya getmərəm. Tanzaniya, Namibiya, Ekvatorial Qvineya çox gözəldir, həm də çox sakitlikdir. Harada sakitçilik var, orada ruha oxşayan bir şeylər görəcəyik. Anqolada neft də var ancaq camaat çox pis vəziyyətdə yaşayır.
- Fotolarınızın sərgisini keçirmək istəyirsiz?
- Özümün belə bir fikrim yox idi. Ancaq dostlarım etməyimi istəyirlər. Bir neçə dostum artıq sərginin təşkilatçılığını edirlər.
- Foto sənətini sizdən öyrənmək istəyən olub?
- Yaxın günlərdə bir nəfər mənə yazıb ki, foto çəkməyi öyrənmək istəyirəm. Onu başa salıram ki, mütləq lazım deyil bahalı fotoaparat alasan. Əsas odur ki, anı tuta biləsən, hiss edəsən. Mənə deyir, mən toyda çəkmək üçün soruşurdum eee... (gülürük)
- Toya gedərsiniz?
- Mən təbiət, heyvan çəkməyi sevirəm. Toya heç vaxt getmərəm. Gedənlərə pis baxmıram, yəqin çörək pulları ordan çıxır. Amma özüm heç vaxt getmərəm.
- Kimsə xahiş edir ki, mənim fotomu çək?
- Olanda deyirəm, mən ancaq heyvan çəkirəm... (gülürük)
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics